FƏSİL 5
Dünyadan ayrı durmaq nə deməkdir?
«Dünyaya məxsus deyilsiniz» (YƏHYA 15:19).
1. Yerdəki həyatının son gecəsi İsa nəyin vacibliyini vurğulamışdı?
YERDƏKİ həyatının son gecəsi İsa Məsih davamçılarının gələcək rifahı üçün çox narahat olduğunu bildirmişdi. O, Atasına duada demişdi: «Mən onları dünyadan götürməyi xahiş etmirəm. Xahiş edirəm ki, onları Şərirdən qoruyasan. Onlar da mənim kimi dünyaya məxsus deyillər» (Yəhya 17:15, 16). Bu səmimi dua ilə İsa öz davamçılarını ürəkdən sevdiyini və bir az əvvəl onlara dediyi «dünyaya məxsus deyilsiniz» sözlərinin vacibliyini aydın göstərdi (Yəhya 15:19). Bəli, davamçılarının dünyadan ayrı qalması İsa üçün çox vacib idi.
2. İsanın işlətdiyi «dünya» sözü nəyi bildirir?
2 İsa «dünya» deyərkən Allahdan uzaqlaşmış, Şeytanın idarə etdiyi insan cəmiyyətini nəzərdə tuturdu. Bu cəmiyyət Şeytandan gələn təkəbbür və xudbinlik ruhunun əsarəti altındadır (Yəhya 14:30; Efeslilərə 2:2; 1 Yəhya 5:19). Doğrudan da, bu «dünya ilə dostluq Allahla düşmənçilik deməkdir» (Yaqub 4:4). Bəs onda Allahın məhəbbətini qorumaq istəyən adam bu dünyada yaşaya-yaşaya ondan necə ayrı qala bilər? Bunun beş yolunu nəzərdən keçirəcəyik: siyasi işlərdə bitərəf qalıb Məsihin rəhbərlik etdiyi Allahın Padşahlığına sədaqətli olmaqla; dünyanın ruhuna qarşı müqavimət göstərməklə; ədəbli geyim və xarici görkəmlə; gözünü tox saxlamaqla və ruhani yaraqların hamısını geyməklə.
SƏDAQƏT VƏ BİTƏRƏFLİK
3. a) İsanın siyasətə münasibəti necə idi? b) İsanın məsh edilmiş davamçılarını nəyə görə səfir adlandırmaq olar? (Haşiyədəki məlumatı daxil et.)
3 İsa öz dövrünün siyasi işlərinə qarışmırdı, əksinə bütün diqqətini gələcəkdə rəhbərlik edəcəyi səmavi hakimiyyət, yəni Allahın Padşahlığı haqqında təbliğə cəmləmişdi (Dənyal 7:13, 14; Luka 4:43; 17:20, 21). Ona görə də o, Roma valisi Ponti Pilatın önündə demişdi: «Mənim Padşahlığım bu dünyadan deyil» (Yəhya 18:36). İsanın sadiq davamçıları da belə mövqe tutur, Məsihə və onun Padşahlığına sadiq qalıb bu Padşahlıq haqqında xəbəri bütün dünyada bəyan edirlər (Mətta 24:14). Həvari Bulus yazırdı: «Biz Məsihin adından xidmət edən səfirlərik... Məsihin adından yalvarırıq: “Allahla barışın”»a (2 Korinflilərə 5:20).
4. Həqiqi məsihilər Allahın Padşahlığına sadiq qaldıqlarını necə göstərirlər? («İlk məsihilərin bitərəflik mövqeyi» adlı çərçivəyə bax.)
4 Səfir öz ölkəsini təmsil etdiyi üçün ərazisində qulluq etdiyi dövlətin daxili işlərinə qarışmayıb bitərəf qalır. Bununla belə, o, təmsil etdiyi dövlətin maraqlarını müdafiə edir. Eyni şeyi Məsihin məsh edilmiş davamçıları barəsində də demək olar. Onlar göylərin vətəndaşlarıdır (Filippililərə 3:20). Padşahlıq haqqında səylə təbliğ etmələri sayəsində onlar Məsihin milyonlarla «başqa qoyunlarına» Allahla barışmağa kömək etmişlər (Yəhya 10:16; Mətta 25:31—40). Başqa qoyunlar İsanın məsh edilmiş qardaşlarına dayaq olub Məsihin nümayəndələri qismində xidmət edirlər. Bir sürüdə toplanmış bu iki qrup Məsihin Padşahlığının maraqlarını müdafiə edir və dünyanın siyasi işlərində tam bitərəfdir. (Əşiya 2:2—4 ayələrini oxu.)
5. Məsihi yığıncağı qədim İsrail xalqından nə ilə fərqlənir və bu, özünü nədə büruzə verir?
5 Məsihilər yalnız Məsihə sadiq olduqları üçün bitərəf deyillər. Keçmişdə Allahın xalqı bir ölkədə yaşayırdı, biz isə Yer kürəsinin hər bir nöqtəsində yaşayan beynəlxalq qardaşlığı təşkil edirik (Mətta 28:19; 1 Butrus 2:9). Əgər biz hər hansı bir siyasi partiyanın tərəfini tutsaydıq, təmiz vicdanla Padşahlıq haqqındakı xəbəri bəyan edə bilməzdik. Onda bizim məsihi birliyimiz də təhlükə altına düşərdi (1 Korinflilərə 1:10). Üstəlik, müharibə vaxtı həmimanlılarımıza qarşı vuruşmalı olardıq. Halbuki, bizə bir-birimizi sevmək əmr olunub (Yəhya 13:34, 35; 1 Yəhya 3:10—12). Bu səbəbdən İsa şagirdlərinə əllərinə qılınc almağı qadağan etmişdi. O, hətta düşmənləri də sevməyi əmr etmişdi (Mətta 5:44; 26:52; «Bitərəf qalıram?» adlı çərçivəyə bax).
6. Sənin Allaha həsr olunmağın «padşaha» münasibətinə necə təsir göstərir?
6 Biz həqiqi məsihilər özümüzü hər hansı bir insana, təşkilata və ya xalqa yox, Allaha həsr etmişik. 1 Korinflilərə 6:19, 20 ayələrində yazılıb: «Siz özünüzə məxsus deyilsiniz, çünki baha qiymətə alınmısınız». Ona görə də məsihilər «padşaha məxsus şeyləri padşaha» versələr də, yəni dövlətə hörmət etsələr də, vergini ödəsələr də və Allahın izin verdiyi həddə qədər itaətkarlıq göstərsələr də, «Allaha məxsus şeyləri Allaha» verirlər (Mark 12:17; Romalılara 13:1—7). Başqa sözlə, Ona sidqi-ürəkdən ibadət edir, tam sədaqətlə itaət edir və Onu bütün qəlbi ilə sevirlər. Lazım gəlsə, onlar həyatlarını da Allah yolunda qurban verməyə hazırdırlar (Luka 4:8; 10:27; Həvarilərin işləri 5:29; Romalılara 14:8 ayələrini oxu).
DÜNYANIN RUHUNA MÜQAVİMƏT GÖSTƏRİRİK
7, 8. Dünyanın ruhu nədir və bu ruh itaətsiz adamlarda necə fəaliyyət göstərir?
7 Məsihilər həmçinin dünyadan ayrı durmaq üçün onun şər ruhuna müqavimət göstərirlər. Korinflilərə birinci məktubunda Bulus yazmışdı: «Biz dünyanın ruhunu yox, Allahdan gələn ruhu aldıq» (1 Korinflilərə 2:12). Efeslilərə belə demişdi: «Bir zamanlar... bu zəmanəyə uyğun yaşayırdınız, hal-hazırda itaətsiz adamlarda fəaliyyət göstərən havanın, ruhun hakimiyyətinin hökmdarına uymuşdunuz» (Efeslilərə 2:2, 3).
8 Dünyanın havası və ya ruhu gözəgörünməzdir. Bu, insanları Allaha qarşı itaətsizliyə sürükləyən və onlarda cismin istəyini, gözlərin istəyini alovlandıran qüvvədir (1 Yəhya 2:16; 1 Timutiyə 6:9, 10). Bu ruh günahlı cismimizə təsir göstərməklə, durmadan, xəlvətcə fəaliyyətdə olmaqla və hava kimi hər yerə yayılmaqla bu dünyada hakimiyyət sürür. Bundan əlavə bu ruh itaətsiz adamlarda fəaliyyət göstərir, yəni onlarda tədricən eqoistlik, təkəbbür, şöhrətpərəstlik, əxlaq məsələlərində sərbəstlik və üsyankarlıq kimi Allahın sevmədiyi keyfiyyətləri yetişdirirb. Başqa sözlə desək, dünyanın ruhu insanların ürəyində tədricən Şeytana xas keyfiyyətlərin kök atmasına səbəb olur (Yəhya 8:44; Həvarilərin işləri 13:10; 1 Yəhya 3:8, 10).
9. Dünyanın ruhu hansı vasitələrlə insanın zehninə və ürəyinə təsir edə bilər?
9 Bəs dünyanın ruhu sənin zehnində və ürəyində kök sala bilər? Bəli, sayıqlığı əldən versən, sala bilər. (Məsəllər 4:23 ayəsini oxu.) Adətən, bu ruh insana hiss edilmədən təsir göstərir. O, bizə yaxşı insan hesab etdiyimiz, əslində isə Yehovanı sevməyən adamlar vasitəsilə təsir edə bilər (Məsəllər 13:20; 1 Korinflilərə 15:33). Həmçinin insan bu ruha ədəbsiz ədəbiyyat, pornoqrafiya, dönüklərin İnternet səhifələri, ləyaqətsiz əyləncə, kəskin rəqabətli idman növləri — Şeytanın və onun sisteminin düşüncəsini əks etdirən hər hansı bir şey və ya adam vasitəsilə yoluxa bilər.
10. Dünyanın ruhuna qarşı necə müqavimət göstərmək olar?
10 Dünyanın məkrli ruhuna qarşı müqavimət göstərmək və Allahın məhəbbətindən ayrılmamaq üçün nə edə bilərik? Bunun üçün Yehovanın təşkil etdiyi ruhani tədbirlərdən tam bəhrələnmək və daima dua edib Allahdan müqəddəs ruh istəmək lazımdır. Yehova Allah İblisdən və onun idarə etdiyi pis dünyadan qat-qat güclüdür (1 Yəhya 4:4). Buna görə də Yehovaya dua vasitəsilə yaxınlaşmaq son dərəcə vacibdir!
ƏDƏBLİ GEYİM VƏ XARİCİ GÖRKƏM
11. Dünyanın ruhu geyimə necə təsir göstərir?
11 İnsanın geyimi, xarici görkəmi və təmizliyə münasibəti onun hansı ruhun təsiri altında olduğunu aydın büruzə verir. Bir çox ölkələrdə geyimdə abır-həya qalmayıb. Bir tele-aparıcının sözlərinə görə bir az da belə getsə, adi qadını fahişədən seçmək mümkün olmayacaq. Həyadan əsər-əlamət qalmayıb. Hətta balaca qız uşaqları da açıq-saçıq geyinməyə başlayıblar. Axır vaxtlar səliqəsiz, yöndəmsiz geyim dəbə minib. Bu cür geyinənlər özünə hörmət qoymur, cəmiyyətdə qəbul edilmiş normalara qarşı çıxırlar.
12, 13. Geyimdə və xarici görkəmdə hansı prinsiplərə əsaslanmalıyıq?
12 Biz, Yehovanın xidmətçiləri yaxşı görünmək istəyirik. Bu, o deməkdir ki, geyimimiz səliqəli, təmiz, zövqlü və şəraitə müvafiq olmalıdır. Bizim xarici görkəmimizdən həmişə abır-həyalı, ağıl-kamallı olduğumuz görünməlidir. Bu cür görünüş, eləcə də yaxşı işlər mömin olduğunu iddia edən hər kəsə, həm kişiyə, həm də qadına yaraşır. Bizim əsas məqsədimiz diqqəti özümüzə cəlb etmək yox, Allahın məhəbbətindən ayrılmamaqdır (1 Timutiyə 2:9, 10; Yəhuda 21). Biz istəyirik ki, ən gözəl bəzəyimiz Allahın gözündə çox qiymətli olan daxili varlığımız olsun (1 Butrus 3:3, 4).
13 Unutma ki, geyimimiz və xarici görkəmimiz insanların həqiqi ibadətə olan münasibətinə də təsir göstərə bilər. «Abır-həya» kimi tərcümə olunmuş yunan sözü başqalarının fikir və hisslərinə dərin ehtiramı bildirir. Ona görə də biz başqalarının vicdanını nəzərə almalı, «mənim buna haqqım var» deyib durmamalıyıq. Bundan əlavə, biz Yehovaya və Onun xalqına şərəf gətirmək və özümüzü Allahın xidmətçiləri kimi göstərmək istəyirik. Biz hər şeyi elə etməliyik ki, Allah şərəflənsin (1 Korinflilərə 4:9; 10:31; 2 Korinflilərə 6:3, 4; 7:1).
14. Görkəmimiz və gigiyena qaydaları ilə bağlı nəyin üzərində düşünməliyik?
14 Təbliğə və yığıncaq görüşlərinə gedərkən geyimimizə, xarici görkəmimizə və səliqəmizə fikir vermək xüsusilə vacibdir. Özündən soruş: «Görkəmim yerli-yersiz diqqət cəlb edir? Gigiyena qaydalarına nə dərəcədə fikir verirəm? Başqalarını utandırmıram ki? Mənim üçün hansı vacibdir: bu məsələlərdə sərbəst olmaq, yoxsa yığıncaqda imtiyazlara can atmaq?» (Zəbur 68:6; Filippililərə 4:5; 1 Butrus 5:6).
15. Nəyə görə Allahın Kəlamı geyim-kecim və şəxsi gigiyena üzrə qaydalar kitabı deyil?
15 Müqəddəs Kitab geyim-kecim və şəxsi gigiyena üzrə qaydalar kitabı deyil. Yehova seçim və fikir azadlığımızı əlimizdən almaq istəmir. Əksinə, O istəyir ki, biz ağlımızı daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirən və Müqəddəs Kitab prinsipləri üzərində götür-qoy etməyi bacaran yetkin insanlar olaq (İbranilərə 5:14). Ən əsası isə Yehova istəyir ki, biz Ona və insanlara məhəbbətimizi əməldə göstərək. (Mark 12:30, 31 ayələrini oxu.) Bizə bu çərçivə daxilində geyim və görkəmimizlə bağlı sərbəstlik verilib. Yer üzünün müxtəlif guşələrində Allahın şən xalqının al-əlvan geyinməsi buna aydın sübutdur!
GÖZÜMÜZÜ «TOX» SAXLAYAQ
16. Dünyanın ruhu İsanın təlimlərinə necə zidd gedir və özümüzdən nələri soruşmalıyıq?
16 Dünyanın ruhu milyonlarla insanı aldadaraq xoşbəxtliyi var-dövlətdə axtarmağa sövq edir. Lakin İsa demişdi: «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15). İsa heç də tərki-dünyalığı, məhrumiyyəti təbliğ etmirdi. O öyrədirdi ki, əsil xoşbəxtliyi «Allaha ehtiyacı olduğunu dərk edənlər» və gözlərini «tox» saxlayanlar, başqa sözlə, gözlərini ruhani şeylərə cəmləyənlər tapırlar (Mətta 5:3; 6:22, haşiyə). Özündən soruş: «Mən İsanın təlimlərinə ürəkdən inanıram, yoxsa yalanın atası mənə də öz təsirini göstərir? (Yəhya 8:44). Sözlərim, məqsədlərim, prioritetlərim və həyat tərzim məni necə insan kimi tanıtdırır?» (Luka 6:45; 21: 34—36; 2 Yəhya 6).
17. Gözlərini «tox» saxlayanlar hansı faydaları alırlar?
17 İsa demişdi: «Hikmət əməlləri sayəsində haqlı çıxır» (Mətta 11:19). Gözlərini «tox» saxlayanların hansı faydaları aldıqları barədə bir düşün. Padşahlıq işi ilə məşğul olmaq onlara həqiqi təravət gətirir (Mətta 11:29, 30). Onlar boş yerə başlarına iş açmırlar. Bunun sayəsində, özlərini əqli və emosional sarsıntılardan qoruyurlar. (1 Timutiyə 6:9, 10 ayələrini oxu.) Bu adamlar ən zəruri şeylərlə kifayətlənirlər. Bu, onlara ailələrinə və məsihi dostlarına daha çox vaxt ayırmağa imkan yaradır. Gecələr də şirin-şirin yatırlar (Vaiz 5:12). Bacardıqlarını etdikləri üçün bu adamlar böyük sevinc duyurlar (Həvarilərin işləri 20:35). Onların ümidi dolub-daşır, özləri də qəlb rahatlığı və məmnunluq duyurlar (Romalılara 15:13; Mətta 6:31, 32). Bütün bunlar tayı–bərabəri olmayan nemətdir!
ALLAHIN VERDİYİ BÜTÜN YARAQLARI GÖTÜR
18. Müqəddəs Kitabda düşmənimiz, onun metodları və apardığımız mübarizə necə təsvir edilir?
18 Şeytan məsihilərin sevincini oğurlamaq və ən başlıcası, onları əbədi həyatdan məhrum etmək istəyir, lakin Allahın məhəbbətini qorumaq istəyənlər ruhani cəhətdən müdafiə olunurlar (1 Butrus 5:8). Bulus yazırdı: «Çünki biz ətə və qana qarşı yox, hökumətlərə, hakimiyyətlərə, bu zülməti idarə edən dünya hökmdarlarına, səmavi aləmdəki şər ruhi qüvvələrə qarşı mübarizə aparırıq» (Efeslilərə 6:12). «Mübarizə» kimi tərcümə olunmuş yunan sözü altında uzaq məsafədən, səngərdən aparılan döyüş yox, əlbəyaxa dava nəzərdə tutulur. Bundan əlavə, «hökumətlər», «hakimiyyətlər», «dünya hökmdarları» sözləri göstərir ki, ruhani aləmdən edilən hücumlar hərtərəfli təşkil olunub və məqsədyönlüdür.
19. Məsihinin ruhani yaraqlarını təsvir et.
19 Zəif olmağımıza baxmayaraq, biz qələbə qazana bilərik. Bu, necə mümkündür? «Allahın bütün yaraqlarını» götürməklə (Efeslilərə 6:13). Efeslilərə 6:14—18 ayələrində bu yaraqlar belə təsvir olunur: «Beləliklə, həqiqət qurşağını belinizə bağlayıb, salehlik zirehini döşünüzə taxıb, sülh müjdəsini təbliğ etmək hazırlığını ayağınıza geyinib dəyanətlə dayanın. Bunlardan başqa böyük iman qalxanını götürün, onunla siz Şəririn bütün alovlu oxlarını söndürəcəksiniz. Həmçinin xilas dəbilqəsini və ruhun qılıncını, yəni Allahın sözünü götürün. Eyni zamanda hər an ruhun təsirilə, hər cür dilək və yalvarışla dua edin».
20. Bizim vəziyyətimiz əsgərlərin vəziyyətindən nə ilə fərqlənir?
20 Allahın verdiyi ruhani yaraqları əynimizdən çıxartmasaq, onlar bizi hər cür təhlükədən qoruyacaq. Əsgərin xidməti uzun müddət sülh şəraitində keçə bilər. Məsihilər isə daima ölüm-dirim mübarizəsi aparırlar və bu mübarizə Allah indiki Şeytan dünyasını məhv edib bütün şər qüvvələri dibsiz quyuya atanadək davam edəcək (Vəhy 12:17; 20:1—3). Ona görə də sən zəifliklərinlə və ya pis istəklərlə mübarizə aparırsansa, təslim olma, çünki Yehovaya sadiq qalmaq üçün hamımız bədənimizə cəfa verməliyik (1 Korinflilərə 9:27). Vay o gündən ki, biz mübarizəni dayandıraq!
21. Yalnız hansı təqdirdə ruhani müharibədən qalib çıxacağıq?
21 Bundan əlavə, biz düşünməməliyik ki, bu mübarizədə yalnız öz gücümüzə qalib gələ bilərik. Ona görə də Bulus bizə «hər an ruhun təsirilə» dua etməyin zəruri olduğunu xatırladır. Bununla yanaşı, biz Allahın Kəlamını tədqiq etməklə Yehovaya qulaq asmalı, hər fürsətdən istifadə edib ruhani silahdaşlarımızla ünsiyyət etməliyik, çünki bu mübarizədə tək deyilik! (Filimona 2; İbranilərə 10:24, 25). Bütün bu sahələrdə sadiq qalanlar bu mübarizədə qalib gələcəklər və çətin vaxtlarda imanlarını müdafiə edə biləcəklər.
İMANINI MÜDAFİƏ ETMƏYƏ HAZIR OL
22, 23. a) İmanımızı hər vaxt müdafiə etməyə nəyə görə hazır olmalıyıq və özümüzə hansı sualları verməliyik? b) Növbəti fəsildə söhbət nədən gedəcək?
22 İsa demişdi: «Siz dünyaya məxsus deyilsiniz. Buna görə də dünya sizə nifrət edir» (Yəhya 15:19). Bu səbəbdən hər bir məsihi imanını müdafiə etməyə hazır olmalı və bunu hörmətlə, həlimliklə etməlidir. (1 Butrus 3:15 ayəsini oxu.) Özündən soruş: «Yehovanın Şahidlərinin nəyə görə bəzən cəmiyyətə əks mövqe tutduqlarını başa düşürəm? Mən də belə mövqe tutanda Müqəddəs Kitabın və sadiq nökərin dediklərinin doğruluğuna tam inanıram? (Mətta 24:45; Yəhya 17:17) Yehovanın düzgün hesab etdiyi işi görmək üçün nəinki başqalarından fərqlənməyə, hətta bununla fəxr etməyə hazıram?» (Zəbur 34:2; Mətta 10:32, 33).
23 Lakin elə vaxt olur ki, dünyadan ayrı qalmaq istəyimizi Şeytan hiyləgərliklə sınayır. Misal üçün, yuxarıda qeyd edildiyi kimi, İblis Yehovanın xidmətçilərini dünyanın ruhunu əks etdirən əyləncələr vasitəsilə dünyaya cəlb etmək istəyir. Xoş və vicdanımızı ləkələməyən əyləncəni necə seçmək olar? Bu mövzu növbəti fəsildə araşdırılacaq.
a Eramızın 33-cü ilinin Əllinci gün bayramında Məsih yerdə yaşayan məsh edilmiş davamçılarından ibarət yığıncağın üzərində padşahlıq etməyə başladı (Koloslulara 1:13). 1914-cü ildən isə bütün «dünya üzərində padşahlıq» Məsihə verildi. Bu səbəbdən, məsh olunmuşlar indi də Allahın Padşahlığının səfirləri kimi xidmət edirlər (Vəhy 11:15).
b Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Yazıların əsasında mülahizə» kitabının 389—393 səhifələrinə (rus.) bax.
c «Əlavələr» bölməsində «Bayrağa təzim, seçkilərdə iştirak və alternativ xidmət» adlı mövzuya bax.