Yehovanın nikah ənamını, həqiqətənmi, qiymətləndirirsən?
«Qoy Yehova sizə ər evində rahatlıq bəxş etsin» (RUT 1:9, YD).
BU SUALLARIN CAVABINI TAP
Nəyə əsasən deyə bilərik ki, keçmişdə yaşayan Allahın xidmətçiləri Onun nikah ənamını qiymətləndirirdilər?
Haradan bilirik ki, bizim kiminlə ailə qurmağımız Yehova üçün əhəmiyyətsiz deyil?
Sən nikahla bağlı hansı məsləhəti tətbiq etməyi planlaşdırırsan?
1. Allah Adəm üçün Həvvanı yaradanda o, hansı hissləri keçirmişdi?
«BAX, nəhayət, bunun sümüyü mənim sümüyümdən, bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, çünki o, kişidən götürülüb» (Yar. 2:23). Allah ilk insan olan Adəmə həyat yoldaşı bəxş edəndə o necə də xoşbəxt idi! Təəccüblü deyil ki, o, öz xoşbəxtliyini poetik dillə ifadə etdi! Yehova Adəmi dərin yuxuya verdikdən sonra qabırğasından gözəl bir qadın yaratmışdı. Adəm onun adını Həvva qoydu. Allah onları birləşdirdi və onlar xoşbəxt ər-arvad oldular. Bugünkü ər-arvadlarla müqayisədə Adəmlə Həvva bir-birlərinə daha yaxın idilər, çünki Həvva Adəmin qabırğasından yaradılmışdı.
2. Kişi və qadını bir-birinə cəlb edən nədir?
2 Misilsiz hikmət sahibi olan Yehova kişi və qadını onları bir-birinə cəlb edən romantik məhəbbət bəsləmək bacarığı ilə yaradıb. Bir ensiklopediyada deyilir: «Kişi və qadın evlənərkən bir-birləri ilə cinsi əlaqədə olacaqlarına və həmişə bir-birlərinə romantik məhəbbət bəsləyəcəklərinə ümid edirlər» («The World Book Encyclopedia»).
NİKAH ƏNAMINI QİYMƏTLƏNDİRƏNLƏR
3. İbrahim oğlu İshaqa necə arvad tapdı?
3 Allahın sadiq xidmətçisi olan İbrahim nikahı yüksək qiymətləndirirdi. Buna görə də o, oğlu İshaqa arvad tapmaq üçün qulbaşını Mesopotamiyaya göndərdi. Bu qulbaşının duası onun işini avand etdi. Allahdan qorxan Rebeka (Rivqa) İshaqın sevimli həyat yoldaşı oldu və Yehovanın İbrahimə nəslinin davam edəcəyinə dair verdiyi vədin yerinə yetməsində müəyyən rol oynadı (Yar. 22:18; 24:12—14, 67). Bundan belə bir nəticə çıxartmamalıyıq ki, insan — niyyətinin nə qədər yaxşı olmasından asılı olmayaraq — ondan xahiş etməyəndə ara düzəltməklə məşğul olmalıdır. Müasir dövrdə çoxları həyat yoldaşını özləri seçir. Düzdür, Allah evlənənlərin kəbinini qabaqcadan göydə kəsmir, lakin məsihçilər Allahdan duada rəhbərlik diləsələr və müqəddəs ruhun rəhbərliyinə tabe olsalar, Allah onlara həyatın bu və digər sahələrində yardımçı olacaq (Qalat. 5:18, 25).
4, 5. Şulam qızı ilə çoban arasında əsil məhəbbətin olduğuna səni nə əmin edir?
4 Qədim İsraildə yaşayan gözəl Şulam qızı rəfiqələrinin onu padşah Süleymanın çoxsaylı arvadlarından biri olmağa məcbur etmələrini istəmirdi. O dedi: «Ey Yerusəlim qızları, mənə and için ki, içimdən gəlməyincə məndə sevgi oyatmağa çalışmayacaqsınız» (Nəğmə. n. 8:4, YD). Şulam qızı ilə çoban bir-birlərinə xüsusi münasibət bəsləyirdilər. Qız təvazökarcasına dedi: «Mən Şaron nərgiziyəm, dərələrdə bitən zanbağam». Oğlan isə cavab verdi: «Mənim yarım qızlar arasındadır, elə bil bir zanbaq tikanlar arasındadır» (Nəğmə. n. 2:1, 2). Onlar, həqiqətən də, bir-birlərini sevirdilər.
5 Şulam qızı və çoban, ən əsası, Allahı sevdikləri üçün onların ailəsi möhkəm olacaqdı. Şulam qızı sevdiyi oğlana demişdi: «Məni qəlbinin başında, qolunun üstündə bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, qısqanclıq ölülər diyarı kimi möhkəmdir, onun odu alovlanır, o, atəşdir [«Yahın atəşidir», YD, (yəni məhəbbət Allahdandır)] tamamilə yandırıb-yaxır. Sevgini ümman sular söndürə bilməz, onu çağlayan çaylar batıra bilməz. Bir insan sevgisi uğrunda var-yoxunu versə belə, hamı ona xor baxar» (Nəğmə. n. 8:6, 7). Axı nəyə görə ailə qurmaq niyyətində olan məsihçi bundan azına qane olsun?
SEÇİMİN ALLAH ÜÇÜN ÖNƏMLİDİR
6, 7. Haradan bilirik ki, kiminlə ailə quracağımız Yehova üçün önəmlidir?
6 Sənin kiminlə evlənəcəyin Yehova üçün önəmlidir. Kənan xalqları ilə əlaqədar Yehova israillilərə tapşırmışdı: «Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın. Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq və tezliklə sizi yox edəcək» (Qanun. t. 7:3, 4). Bundan xeyli müddət sonra yaşayan kahin Ezra demişdi: «Siz xəyanət etmisiniz. İsrailin günahını daha da artıraraq yadelli arvadlar almısınız» (Ezra 10:10). Həvari Pavel isə həmimanlılarına yazmışdı: «Ər sağ ikən arvad ona bağlıdır. Əgər əri ölüm yuxusuna getsə, qadın azaddır və istədiyi adama ərə gedə bilər, bu şərtlə ki, o adam Ağamızın xidmətçisi olsun» (1 Kor. 7:39).
7 Yehovanın həsr olunmuş xidmətçisi imanına şərik olmayan insanla ailə qurursa, onda o, Allaha qarşı itaətsizlik edir. Ezranın günlərindəki israillilər özlərinə «yadelli arvadlar» almaqla Allaha xəyanət etmişdilər. Müqəddəs Yazılardakı aydın göstərişləri pozmaq üçün bəhanə axtarmaq böyük səhvdir (Ezra 10:10; 2 Kor. 6:14, 15). İmansızla ailə quran məsihçi nümunəvi deyil və Allahın nikah ənamını, əslində, qiymətləndirmir. Vəftiz olmuş məsihçi bu addımı atarsa, Allahın xalqı arasındakı bəzi məsuliyyətlərindən məhrum ola bilər. Belə olan halda: «Yehova, mən bilərəkdən sözündən çıxmışam, amma, nə olar, xeyir-duanı məndən əsirgəmə», — deyə dua etmək məntiqsiz olardı.
SƏMAVİ ATAMIZ HAMIDAN YAXŞI BİLİR
8. Nəyə görə Allahın nikahla əlaqədar rəhbərliyini izləməliyik? Nümunə əsasında izah et.
8 Maşın istehsalçısı onun necə işlədiyini dəqiq bilir. Başqa birisi maşını yığmaq istəsə, o hətta ona lazımi təlimat verə bilər. Bəs əgər həmin adam bu təlimatlara məhəl qoymadan maşının hissələrini özü bildiyi kimi yığarsa, onda nə baş verər? Ən yaxşı halda maşın işləməyəcək, lakin bu, fəlakətlə də nəticələnə bilər. Eynilə, əgər quracağımız ailənin xoşbəxt olmasını istəyiriksə, nikahın Banisi olan Yehovanın məsləhətlərini qulaqardına vurmamalıyıq.
9. Nəyə görə demək olar ki, Yehova tənhalıq hissini başa düşür və nikahın insana xoşbəxtlik bəxş etdiyini bilir?
9 Yehova bəşəriyyət və nikahla bağlı hər şeyi bilir. O, Özü insanları cinsi əlaqədə olmaq tələbatı ilə yaradıb ki, onlar törəyib çoxalsınlar (Yar. 1:28). Allah tənhalıq hissini çox yaxşı başa düşür, çünki ilk qadını yaratmazdan öncə demişdi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam» (Yar. 2:18). Üstəlik, Yehova nikahın insana nə qədər böyük sevinc verdiyindən də bixəbər deyil. (Süleymanın məsəlləri 5:15—18 ayələrini oxu.)
10. Ailəli məsihçilərin cinsi münasibətlərini hansı amillər tənzimləməlidir?
10 Adəmin övladlarına ötürdüyü günah ucbatından bu gün heç bir nikahı mükəmməl adlandırmaq olmaz. Lakin əgər Yehovanın xidmətçiləri Onun Kəlamındakı göstərişlərə əməl edərlərsə, nikah onlara əsil xoşbəxtlik gətirə bilər. Nümunə üçün həvari Pavelin nikahda intim münasibətlərə dair verdiyi aydın məsləhətlərə diqqət yetirək. (1 Korinflilərə 7:1—5 ayələrini oxu.) Müqəddəs Yazılarda tələb olunmur ki, ərlə arvad yalnız dünyaya övlad gətirmək məqsədilə bir-biri ilə cinsi əlaqədə olsunlar. Yaxınlıq onların həm emosional, həm də fiziki tələbatlarını ödəyə bilər. Lakin nikah daxilində pozğun hərəkətlərə yol vermək Allaha məqbul deyil. Şübhə yoxdur ki, məsihçi ər-arvadlar ailə həyatının bu vacib sahəsində nəvazişlə davranmalı və bir-birinə səmimi məhəbbət göstərməlidirlər. Və əlbəttə ki, onlar Yehovaya xoş getməyən hər bir hərəkətdən özlərini gözləməlidirlər.
11. Rut Yehovanın iradəsinə uyğun davrandığı üçün hansı mükafatı aldı?
11 Nikah bədbəxtçilik və ağır yük olmamalıdır, əksinə, insana sevinc gətirməlidir. Xüsusilə də məsihçinin evi dinclik və əmin-amanlığın hökm sürdüyü yer olmalıdır. Təxminən 3000 il bundan əvvəl baş vermiş bir hadisəyə nəzər salaq. Yaşlı dul qadın Naomi ərlərini itirmiş iki gəlini — Orpa və Rutla birgə Moavdan Yəhudaya gedirdi. Bu zaman Naomi hələ ömürlərinin gənclik çağını yaşayan gəlinlərini öz xalqlarının yanına qayıtmaları üçün dilə tutmağa başladı. Moavlı Rut Naomi ilə qaldı, o, həqiqi Allaha sadiq idi. Allahın əsil xidmətçisi olan yaşlı Boaz Rutu əmin etdi ki, «qanadı altına sığınmaq» üçün gəldiyi İsrailin Allahı Yehovadan bol mükafat alacaq (Rut 1:9; 2:12). Allahın nikah ənamına yüksək qiymət verən Rut onun arvadı oldu. O, Allahın yeni dünyasında dirilən zaman İsa Məsihin ulu nənəsi olduğunu biləndə sevinəcək (Mat. 1:1, 5, 6; Luka 3:23, 32). Yehovanın iradəsinə uyğun şəkildə davranan Rutun mükafatı necə də böyük oldu!
NİKAHIN UĞURLU OLMASI ÜÇÜN ETİBARLI MƏSLƏHƏTLƏR
12. Nikahla əlaqədar etibarlı məsləhətləri haradan tapa bilərik?
12 Nikahın Banisi Yehova ailə həyatının uğurlu olması üçün nəyi bilməli olduğumuzu bizə açıqlayır. Heç bir insanın bu sahədə olan biliyi Onunku qədər ola bilməz. Yalnız Müqəddəs Kitab nikahla əlaqədar etibarlı və düzgün məsləhətlər mənbəyidir. Buna görə də kimsə bununla bağlı məsləhət vermək istəyirsə, onun məsləhəti məhz bu kitaba əsaslanmalıdır. Məsələn, həvari Pavel Allahdan ilham alaraq yazmışdı: «Qoy hər biriniz arvadını özünü sevdiyi kimi sevsin; arvad da ərinə dərin hörmət bəsləsin» (Efes. 5:33). Yetkin məsihçilər üçün burada qaranlıq qalan heç nə yoxdur. Məsələ onların həmin məsləhətləri tətbiq edib-etməmələrindədir. Əgər onlar, həqiqətən də, nikaha ənam kimi baxırlarsa, onda o məsləhətlərə riayət edəcəkləra.
13. Əgər ər 1 Peter 3:7 ayəsindəki məsləhətə əməl etmirsə, nə baş verə bilər?
13 Məsihçi ər arvadı ilə məhəbbətlə davranmalıdır. Həvari Peter yazmışdı: «Ey ərlər, hər biriniz həyat yoldaşınızla biliyə əsasən davranın. Qadın daha zəif olub zərif bir qaba bənzədiyi üçün onu qiymətləndirin ki, dualarınızın qarşısını heç nə kəsməsin. Axı siz də onlarla birlikdə Allahın lütfü ilə verilən həyat ənamının varisisiniz» (1 Pet. 3:7). Əgər ər Yehovanın bu məsləhətini tətbiq etmirsə, bu, onun dualarına maneçilik törədəcək. Belə olan halda onların hər ikisinin də ruhani vəziyyətinə zərər dəyə bilər, məsələn, bu, münasibətlərinin daha da gərginləşməsinə, mübahisələrə və kobud rəftara gətirib çıxara bilər.
14. Sevən qadın ailəsinə necə təsir edə bilər?
14 Yehovanın Kəlamını əldə rəhbər tutan və Onun müqəddəs ruhuna əsasən davranan qadın evinin sakit və xoşbəxt guşə olması üçün çox şey edə bilər. Öz arvadını sevmək, onu fiziki və ruhani zərərdən qorumaq Allahdan qorxan ər üçün təbiidir. Qadın ərinin onu sevməsinə ehtiyac duyur, buna görə də o, elə xüsusiyyətlər təzahür etdirir ki, əri onu daha çox sevsin. Süleymanın məsəlləri 14:1 ayəsində deyilir: «Hikmətli qadın evini qurar, səfeh qadın onu əli ilə uçurar». Müdrik və sevən qadın ailəsinin xoşbəxt və müvəffəqiyyətli olması üçün əlindən gələni əsirgəmir. Üstəlik, bununla o, Allahın nikah ənamını, doğrudan da, qiymətləndirdiyini göstərir.
15. Efeslilərə 5:22—25 ayələrində hansı məsləhət verilir?
15 Ərlə arvad İsanın yığıncaqla necə rəftar etməsindən nümunə götürəndə Allahın nikah ənamını qiymətləndirdiklərini, eləcə də bir-birlərini sevdiklərini və bir-birlərinə hörmət etdiklərini göstərirlər. (Efeslilərə 5:22—25 ayələrini oxu.) Yehova bir-birlərini ürəkdən sevən və heç vaxt dikbaşlığın, uşaq kimi bir-birlərindən küsməyin və məsihçilərə xas olmayan bu kimi digər xüsusiyyətlərin nikahlarına xələl dəyməsinə yol verməyən məsihçi ər-arvadları bol-bol mükafatlandırır!
QOY HEÇ KƏS ONLARI AYIRMASIN
16. Nəyə görə bəzi məsihçilər subay qalırlar?
16 İnsanların əksəriyyəti həyatlarının müəyyən mərhələsində evlənməyi planlaşdırırlar. Lakin Yehovanın bəzi xidmətçiləri ürəklərinə yatan və Yehovaya məqbul olan həyat yoldaşı tapa bilmədikləri üçün hələ də subaydırlar. Bəzilərində isə Allahın bəxş etdiyi subaylıq ənamı var və bu ənam onlara başları nikahın yaratdığı çətinliklərə qarışmadan özlərini Yehovaya xidmətə həsr etməyə imkan verir. Əlbəttə, subaylıq illərindən Yehovanın təsis etdiyi çərçivə daxilində istifadə etmək lazımdır (Mat. 19:10—12; 1 Kor. 7:1, 6, 7, 17).
17. a) İsanın nikahla əlaqədar dediyi hansı sözləri yaddaşımıza həkk etməliyik? b) Əgər məsihçi başqasının həyat yoldaşına tamah salmağa başlayıbsa, o, dərhal nə etməlidir?
17 Subay və ya evli olmağımızdan asılı olmayaraq, hər birimiz İsanın bu sözlərini yaddaşımıza həkk etməliyik: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb və belə deyib: “Buna görə də insan öz ata-anasından ayrılıb arvadına bağlanacaq və ikisi bir bədən olacaq”? Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mat. 19:4—6). Başqasının həyat yoldaşına tamah salmaq günahdır (Qanun. t. 5:21). Əgər məsihçinin ürəyində bu cür arzu baş qaldırıbsa, bu, ona böyük emosional ağrı versə belə, (çünki xudbin arzunun onda inkişaf etməsinə yol verib) onu ürəyindən silib atmaq üçün dərhal hərəkətə keçməlidir (Mat. 5:27—30). Yanlış düşüncə tərzimizi düzəltmək və hiyləgər ürəyimizin günahlı arzularını dəf etmək olduqca vacibdir (Yer. 17:9).
18. Nikahı Allahın ənamı hesab etməli olduğumuz barədə nə fikirləşirsən?
18 Yehova Allah və Onun gözəl nikah ənamından az və ya ümumiyyətlə heç nə bilməyən insanların bir çoxu belə nikahı müəyyən mənada qiymətləndirir. Məgər «xoşbəxt Allah» olan Yehovaya xidmət edən bizlər, nikah ənamı da daxil olmaqla, Onun bizə bəxş etdiyi hər şeyi daha çox qiymətləndirməli və onlardan sevinc duymalı deyilik? (1 Tim. 1:11).
[Haşiyə]
a Nikah mövzusunun daha ətraflı müzakirəsi üçün «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 10 və 11-ci fəsillərinə bax.
[6–cı səhifədəki yazı]
Uğurlu nikah Yehovaya şərəf, ailənin bütün üzvlərinə isə böyük xoşbəxtlik gətirir
[5–ci səhifədəki şəkil]
Rut Allahın nikah ənamını qiymətləndirirdi
[7–ci səhifədəki şəkil]
Sən Yehovanın nikah ənamını, həqiqətənmi, qiymətləndirirsən?