Məsihin əsil davamçısı ol
«Hər yaxşı ağac xeyirli meyvə verər; pis ağac isə çürük meyvə verər» (MAT. 7:17).
1, 2. Xüsusilə son günlərdə Məsihin həqiqi davamçıları yalançı məsihçilərdən nə ilə fərqlənir?
İSA demişdir ki, ona xidmət etdiklərini yalandan iddia edənlər onun həqiqi davamçılarından gətirdikləri bəhrələrlə — təlim və davranışları ilə fərqlənəcəklər (Mat. 7:15—17, 20). Həqiqətən də, mümkün deyil ki, insanların öz ağıl və ürəklərini qidalandırdıqları şeylər onlara təsir etməsin (Mat. 15:18, 19). Yalanla qidalananlar «çürük meyvə», ruhani həqiqəti mənimsəyənlər isə ‘xeyirli meyvə verirlər’.
2 Yaşadığımız axır zamanda iki cür meyvənin olduğunu aydın görürük. (Daniel 12:3, 10 ayələrini oxu.) Yalançı məsihçilər Allah haqqında yanlış təsəvvürə malikdirlər və çox vaxt onlar riyakar dindarlıq göstərirlər, ruhani anlayışları olanlar isə Allaha «ruhən və həqiqətən» ibadət edirlər (Yəh. 4:24; 2 Tim. 3:1—5). Onlar Məsihə xas olan xüsusiyyətləri təzahür etdirməyə çalışırlar. Bəs şəxsən bizim haqqımızda nə demək olar? Həqiqi məsihçiliyin beş səciyyəvi xüsusiyyətini nəzərdən keçirərkən özündən soruş: «Davranış tərzimin və öyrətdiklərimin Allahın Kəlamı ilə uyğunluq təşkil etdiyi aydın görünürmü? Həqiqəti onu axtaranların gözündə daha cəlbedici etməyə çalışırammı?»
Allahın Kəlamına əsasən yaşayırlar
3. Yehovaya nə məqbuldur və bu, həqiqi məsihçilər üçün hansı mənanı kəsb edir?
3 İsa demişdir: «Mənə: “Ya Rəbb, ya Rəbb”,— deyən hər kəs Səmavi Səltənətə girməyəcəkdir; ancaq göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcəkdir» (Mat. 7:21). Bəli, özünü məsihçi adlandıranlar yox, məsihçilərdən tələb olunanları yerinə yetirənlər Yehovaya məqbuldur. Bu, Məsihin əsil davamçılarının pula, işə, əyləncələrə, adət-ənənələrə, bayramlara, nikaha, o cümlədən başqa insanlarla münasibətlərinə, bir sözlə, onların bütün həyatına təsir edir. Onlardan fərqli olaraq, yalançı məsihçilər bu son günlərdə getdikcə daha da korlanan dünyanın düşüncə və davranış tərzini mənimsəyirlər (Məz. 92:7).
4, 5. Yehovanın Malaki 3:18 ayəsindəki sözlərini öz həyatımızda necə tətbiq edə bilərik?
4 Malaki peyğəmbər yazmışdır: «O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz» (Mal. 3:18). Bu sözlərin üzərində düşünərək özündən soruş: «Mən bu dünyaya qaynayıb-qarışıram, yoxsa ondan fərqlənirəm? Daim məktəb və ya iş yoldaşlarımla ayaqlaşmağa çalışıram, yoxsa cəsarətlə danışmaq lazım gələndə belə Müqəddəs Kitab prinsiplərinə sadiq qalıram?» (1 Peter 3:16 ayəsini oxu.) Düzdür, biz özümüzdən razı görünmək istəmirik, amma Yehovanı sevməyən və Ona xidmət etməyən insanlardan seçilməliyik.
5 Əgər sən hansısa sahədə dəyişməli olduğunu görürsənsə, nəyə görə bu barədə dua etməyəsən və müntəzəm olaraq Müqəddəs Kitabı araşdırmaqla, dua etməklə və yığıncaq görüşlərində iştirak etməklə ruhaniliyini möhkəmləndirməyəsən? Allahın Kəlamına nə qədər çox riayət etməyə çalışsan, bir o qədər də, Allahın ‘adını iqrar edən dodaqların bəhrəsi’ də daxil olmaqla, «xeyirli meyvə» gətirəcəksən (İbr. 13:15).
Allahın Padşahlığını təbliğ et
6, 7. Allahın Padşahlığı haqqında xoş xəbərə gəldikdə, həqiqi və yalançı məsihçilər arasında hansı fərq müşahidə olunur?
6 İsa demişdir: «Allah Səltənətinin müjdəsini Mən digər şəhərlərə də yaymalıyam; çünki Mən bunun üçün göndərilmişəm» (Luka 4:43). Nəyə görə Allahın Padşahlığı İsanın təbliğinin əsas mövzusu idi? Çünki o bilirdi ki, həmin Padşahlığın Padşahı kimi, ruhdan doğulan dirildilmiş qardaşları ilə birgə bəşəriyyətin iztirablarının səbəbini — günah və İblisi aradan qaldıracaq (Rom. 5:12; Vəhy 20:10). Buna görə də o, davamçılarına bu sistemin sonunadək Padşahlığını bəyan etməyi əmr etdi (Mat. 24:14). Özlərini sadəcə Məsihin davamçısı adlandıran insanlar bu işdə iştirak etmirlər, əslində, edə də bilməzlər. Nəyə görə? Ən azı üç səbəbə görə. Birincisi, onlar başa düşmədikləri şeyi necə təbliğ edə bilərlər? İkincisi, onların əksəriyyətinin lazımi təvazökarlığı və cəsarəti yoxdur ki, yaxınlarına Padşahlıq barədə danışarkən qarşılaşacaqları rişxənd və təqiblərin öhdəsindən gələ bilsinlər (Mat. 24:9; 1 Pet. 2:23). Və üçüncüsü, yalançı məsihçilərdə Allahın ruhu yoxdur (Yəh. 14:16, 17).
7 Məsihin həqiqi davamçıları isə Allahın Padşahlığının nə olduğunu və onun hansı işləri görəcəyini bilirlər. Üstəlik, onlar Yehovanın ruhunun köməyi sayəsində Padşahlığı bütün dünyada təbliğ etməklə onu həyatlarında birinci yerə qoyurlar (Zək. 4:6). Sən bu işdə müntəzəm iştirak edirsən? Padşahlığın bir təbliğçisi kimi, daha çox xidmət etməyə və ya xidmətdə daha müvəffəqiyyətli olmağa səy göstərməklə püxtələşməyə çalışırsanmı? Bəziləri Müqəddəs Kitabdan məharətlə istifadə etməyi öyrənməklə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmışlar. Müqəddəs Yazılar əsasında mülahizələr yürütməyi vərdiş edən həvari Pavel ‘Allahın kəlamının canlı və təsirli’ olduğunu qeyd etmişdir (İbr. 4:12; Həv. iş. 17:2, 3).
8, 9. a) Müqəddəs Kitabdan xidmətdə istifadə etməyin vacibliyini hansı hadisələr göstərir? b) Allahın Kəlamını istifadə etməkdə necə püxtələşə bilərik?
8 Bir qardaş evdən-evə təbliğ edərkən katolik kişiyə Daniel 2:44 ayəsini oxudu və Allahın Padşahlığının əsil sülh və əmin-amanlığı necə bərqərar edəcəyini izah etdi. Kişi dedi: «Çox minnətdaram ki, siz mənə öz sözlərinizlə cavab vermək əvəzinə, Müqəddəs Kitabı açıb orada yazılanları göstərdiniz». Digər qardaş isə Yunan pravoslav kilsəsinə mənsub olan qadına ayə açıb oxuyanda o, xeyli suallar verdi. Bu halda da qardaş həyat yoldaşı ilə birgə birbaşa Müqəddəs Kitabdan cavab verirdi. Bir qədər sonra həmin qadın demişdi: «Bilirsiniz, nəyə görə sizinlə danışmaq mənim üçün maraqlı idi? Sizin əlinizdə Müqəddəs Kitab vardı və siz oradan oxuyurdunuz».
9 Düzdür, bizim nəşrlərimiz çox dəyərlidir və xidmətdə onlardan istifadə etmək vacibdir. Lakin əsas vəsaitimiz Müqəddəs Kitabdır. Əgər xidmətdə ondan müntəzəm istifadə etmək vərdişin yoxdursa, nəyə görə qarşına bu məqsədi qoymayasan? Allahın Padşahlığının nə olduğunu izah edən və onun sahəndəki insanları narahat edən konkret problemləri necə həll edəcəyini göstərən bir neçə ayə seçmək və evdən-evə təbliğ edərkən oxumaq olar.
Allahın adını daşımağımızla fəxr edirik
10, 11. Allahın adından istifadəyə gəldikdə, İsa və onun davamçısı olduqlarını iddia edən bir çoxları arasında hansı fərq var?
10 «Sizsiniz şahidlərim... Allah Mənəm»,— deyə Yehova bəyan edir (Yeşaya 43:12). Yehovanın ən görkəmli Şahidi İsa Məsih Allahın adını daşımağı və onu insanlara bəyan etməyi özünə şərəf bilirdi. (Çıxış 3:15; Yəhya 17:6; İbranilərə 2:12 ayələrini oxu.) İsa Atasının adını təbliğ etdiyi üçün «sadiq Şahid» adlandırılmışdır (Vəhy 1:5; Mat. 6:9).
11 Allahı və Onun Oğlunu təmsil etdiklərini iddia edənlərin çoxları isə Onun müqəddəs adına qarşı hörmətsizlik göstərmiş, hətta öz Müqəddəs Kitab tərcümələrindən Onun adını çıxarmışlar. Bu yaxınlarda katolik yepiskoplarına göndərilən göstəriş məktubunda isə deyilirdi ki, ibadət zamanı «Allahın adının tetraqrammaton forması — YHVH nə istifadə olunmalı, nə də ki dilə gətirilməlidir»a. Bu necə də yanlış düşüncə tərzidir!
12. Yehovanın xidmətçilərinin Onun təmsilçisi olduqları 1931-ci ildən etibarən necə aydın görünməyə başladı?
12 Məsih və ondan öncəki ‘böyük şahidlər buludu’ kimi, həqiqi məsihçilər Allahın adını istifadə etdikləri üçün qürur duyurlar (İbr. 12:1). Allahın xidmətçiləri 1931-ci ildə Yehovanın Şahidləri adını qəbul etdikdən sonra onların Yehovanın təmsilçisi olduqları daha aydın görünməyə başlandı. (Yeşaya 43:10—12 ayələrini oxu.) Beləliklə, Məsihin həqiqi davamçıları sözün əsil mənasında Allahın ‘ismini daşıyan’ bir xalq oldu (Həv. iş. 15:14, 17, İ—93).
13. Allahın bizə verdiyi ada uyğun necə yaşaya bilərik?
13 Bəs şəxsən biz daşıdığımız bu gözəl ada uyğun necə yaşaya bilərik? İlk öncə, sadiqliklə Allah haqqında şahidlik etməklə. Pavel yazmışdır: «“Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır”. Bəs iman etmədikləri o Kimsəni necə çağıracaqlar? Eşitmədikləri Kimsəyə necə iman edəcəklər? Vəz edən yoxdursa, necə eşidəcəklər? Və əgər göndərilməzlərsə, necə vəz edəcəklər?» (Rom. 10:13—15). Bundan əlavə, biz Yaradanımızın adına ləkə gətirən və məhəbbət Allahı olan Yehovaya İblisin qəddar xüsusiyyətlərini aid edən odlu cəhənnəm kimi yalan dini təlimləri nəzakətlə ifşa etməliyik. (Yer. 7:31; 1 Yəh. 4:8; müqayisə et: Mark 9:17—27.)
14. Bəziləri Allahın adını öyrənəndə hansı hissləri keçirmişlər?
14 Səmavi Atamızın adını daşıdığına görə qürur duyursanmı? Bu müqəddəs ad barədə başqalarına öyrənməyə kömək edirsənmi? Fransanın paytaxtı Parisdə yaşayan bir qadın eşitmişdi ki, Yehovanın Şahidləri Allahın adını bilirlər. Buna görə də o, bir bacımızla qarşılaşanda ondan xahiş etdi ki, bu adı onun öz Müqəddəs Kitabında göstərsin. Bacımız Məzmur 83:18 (YD) ayəsini oxuyanda bu, qadına böyük təsir bağışladı və o, Müqəddəs Kitabı öyrənməyə başladı. Hal-hazırda həmin qadın sadiq bacımızdır və xarici ölkədə xidmət edir. Avstraliyada yaşayan bir katolik qadın Allahın adını ilk dəfə Müqəddəs Kitabda görəndə sevinc göz yaşlarını saxlaya bilmədi. Artıq uzun illərdir ki, o, daimi pionerdir. Bu yaxınlarda isə Yamaykada həmimanlımız bir qadına onun öz Müqəddəs Kitabında Allahın adını göstərəndə o da sevincindən ağladı. Buna görə də Allahın adını daşıdığın və İsa kimi, bu uca adı bəyan etdiyin üçün qürur duymalısan.
«Dünyanı... sevməyin»
15, 16. Həqiqi məsihçilər dünyaya necə baxırlar və özümüzə hansı sualları verməliyik?
15 «Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur» (1 Yəh. 2:15). Dünya və onun cismani əhval-ruhiyyəsi Yehovaya və Onun müqəddəs ruhuna qarşı çıxır. Məsihin həqiqi davamçıları sadəcə dünyadan kənar gəzməyə çalışmırlar. Onlar şagird Yaqubun: «Dünya ilə dostluq Allaha qarşı düşmənçilikdir» sözlərini yadda saxlayaraq dünyanı sevməkdən imtina edirlər (Yaq. 4:4).
16 Çoxsaylı şirnikdirici təkliflər verən bu dünyada Yaqubun sözlərinə əməl etmək bəzən çox çətin ola bilər (2 Tim. 4:10). Buna görə də İsa davamçıları üçün dua edərək demişdi: «Mən xahiş etmirəm ki, Sən onları dünyadan götürəsən. Xahiş edirəm ki, onları şərdən qoruyasan. Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər» (Yəh. 17:15, 16). Özündən soruş: «Mən bu dünyadan olmamağa çalışırammı? Başqaları Müqəddəs Kitaba zidd olan, eləcə də, ola bilsin, kökü bütpərəstliyə gedib çıxmayan, amma dünyanın ruhunu əks etdirən bayram və adət-ənənələrə qarşı münasibətimi bilirlərmi?» (2 Kor. 6:17; 1 Pet. 4:3, 4).
17. Səmimi insanları Yehovanın tərəfini tutmağa nə təşviq edə bilər?
17 Müqəddəs Kitaba əsaslanan etiqadlarımızla dünyanın rəğbətini qazanmasaq da, bu, səmimi insanlarda maraq oyada bilər. Həqiqətən də, imanımızın Müqəddəs Kitaba əsaslandığını və bunun həyatımızın bütün sahələrini əhatə etdiyini görən belə insanlar məsh olunmuş məsihçilərə deyə bilərlər: «Qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik» (Zək. 8:23).
Həqiqi məsihçi məhəbbəti təzahür etdir
18. Yehovaya və qonşularımıza məhəbbət göstərmək özünə nəyi daxil edir?
18 İsa demişdir: «Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev» və «Qonşunu özün kimi sev» (Mat. 22:37, 39). Bu məhəbbət (yunanca aqápi) düzgün olan şeylərə əsaslanır, öhdəçilikləri və prinsipləri nəzərə alır və münasib normaları və tələbləri əldə rəhbər tutur. Amma çox vaxt o, güclü hisslərlə bağlı olur. Bu hiss səmimi və güclü ola bilər (1 Pet. 1:22). Bu, xudbinliyin tamamilə əksidir, çünki o, səmimi sözlərdə və təmənnasız əməllərdə özünü büruzə verir. (1 Korinflilərə 13:4—7 ayələrini oxu.)
19, 20. Məsihçi məhəbbətinin böyük qüvvəyə malik olduğunu göstərən bir neçə nümunə danışın.
19 Məhəbbət Allahın müqəddəs ruhunun səmərəsinin bir hissəsi olduğu üçün bu, həqiqi məsihçilərə başqalarının öhdəsindən gələ bilmədiyi irqi, mədəni və siyasi ayrı-seçkiliyi aradan qaldırmağa kömək edir. (Yəhya 13:34, 35 ayələrini oxu; Qalat. 5:22.) Həlim insanlar belə məhəbbətin qarşısında laqeyd qala bilmirlər. Məsələn, İsraildə bir gənc yəhudi birinci dəfə məsihçi görüşünə gələndə yəhudi və ərəb məsihçilərinin yan-yana Yehovaya ibadət etməsi onu heyran etmişdi. Nəticədə, o, müntəzəm olaraq yığıncaq görüşlərinə gəlməyə və Müqəddəs Kitabı öyrənməyə başladı. Sən də qardaşlarına belə səmimi məhəbbət göstərirsənmi? Və millətinə, dərisinin rənginə və sosial vəziyyətinə baxmayaraq, Padşahlıq Zalına yeni gələnləri ürəkdən salamlamağa çalışırsanmı?
20 Həqiqi məsihçilər kimi, biz hamıya məhəbbət göstərməyə çalışırıq. Salvadorda gənc bacımız öz kilsəsinə sadiq olan 87 yaşlı katolik qadınla Müqəddəs Kitabı öyrənirdi. Bir gün qadın bərk xəstələnib xəstəxanaya düşdü. Qadın xəstəxanadan evə qayıdanda bacılar ona baş çəkib yemək gətirdilər. Bu, təxminən bir ay çəkdi. Həmin müddət ərzində onun kilsəsindən yanına gələn olmadı. Bütün bunlar qadına necə təsir etdi? O, yalan dinlə bağlı bütün şəkilləri və əşyalarını tulladı, kilsəni tərk etdi və Müqəddəs Kitabı öyrənməyə davam etdi. Həqiqətən də, məsihçi məhəbbəti böyük qüvvədir! O, ürəyə sözlərdən də güclü təsir edir.
21. Gələcəyimizi necə təmin edə bilərik?
21 Tezliklə İsa ona xidmət etdiklərini iddia edən kəslərə deyəcək: «Mən sizi heç vaxt tanımamışam, yanımdan çəkilin, haqsızlıq edənlər!» (Mat. 7:23). Buna görə də gəlin həm Atanı, həm də Oğulu şərəfləndirən bəhrələr gətirək. İsa demişdir: «Mənim sözlərimi eşidib onlara əməl edən evini daş üzərində tikmiş ağıllı adama bənzəyir» (Mat. 7:24). Bəli, əgər Məsihin əsil davamçılarıyıqsa, onda Allahın rəğbətini qazanacağıq və bizim möhkəm təməli olan sabit gələcəyimiz olacaq!
[Haşiyə]
a Müqəddəs Yazıların bəzi müasir katolik tərcümələrində, məsələn, ingiliscə «Yerusəlim Müqəddəs Kitabı»nda tetraqrammaton «Yəhva» kimi verilir.
Yadınızdadırmı?
• Həqiqi məsihçilər yalançı məsihçilərdən nə ilə fərqlənirlər?
• Həqiqi məsihçiləri müəyyən etməyə kömək edən «meyvə»lərdən bəziləri hansılardır?
• Bir məsihçi kimi bəhrə gətirmək üçün qarşına hansı məqsədləri qoya bilərsən?
[13-cü səhifədəki şəkil]
Müqəddəs Kitabı müntəzəm olaraq xidmətdə istifadə edirsənmi?
[15-ci səhifədəki şəkil]
Sənin Müqəddəs Kitaba zidd adət-ənənələrə dair mövqeyindən başqalarının xəbəri varmı?