Məsihin nümunəsinə riayət edin
«Mənim sizə etdiyim kimi siz də edəsiniz deyə, sizə bir nümunə göstərdim” (YƏHYA 13:15).
1. İsa nəyə görə davamçıları üçün təqlid edilməli nümunədir?
BÜTÜN bəşər tarixi ərzində yalnız bir insan heç bir günah etmədən həyat sürmüşdür. Bu şəxs İsa Məsihdir. Ondan başqa «günah etməyən insan yoxdur” (1 Padşahlar 8:46; Romalılara 3:23). Bu səbəbdən, həqiqi davamçıları İsaya təqlid edə biləcəkləri ən yaxşı nümunə kimi baxırlar. B. e. 33-cü ilinin 14 nisan günü, ölümündən bir az əvvəl, İsa özü davamçılarını onu təqlid etməyə çağırmışdı. O demişdi: «Mənim sizə etdiyim kimi siz də edəsiniz deyə, sizə bir nümunə göstərdim” (Yəhya 13:15). İsa həmin o gecə məsihçilərin onu təqlid etməyə çalışmalı olduqları bir neçə sahəni xatırlatmışdı. Bu məqalədə onlardan bə’zilərini nəzərdən keçirəcəyik.
Təvazökar olmağın vacibliyi
2, 3. Nəyə görə demək olar ki, İsa təvazökarlığın ən gözəl nümunəsidir?
2 İsa şagirdlərini onun nümunəsini izləməyə təşviq edərkən, təvazökarlığın vacibliyini nəzərdə tuturdu. İsa bu keyfiyyətin vacibliyi haqqında davamçıları ilə dəfələrlə danışmışdı. Və həmin 14 nisan gecəsi o, həvarilərinin ayaqlarını yumaqla təvazökarlıq göstərdi. Sonra İsa dedi: «Madam ki, Mən Rəbb və Müəllim olduğum halda ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumağa borclusunuz» (Yəhya 13:14). Sonra o, həvarilərinə onun nümunəsinə riayət etməyi buyurdu. İsa təvazökarlığa dair necə də gözəl nümunə idi!
3 Həvari Pavel Məsihin yerə gəlməzdən əvvəl «Allahın surətində” (İ–93) olduğu haqqında yazmışdı. Bununla belə, İsa özünü hər şeydən məhrum edib, sadə bir insan oldu. Bundan əlavə, «O Öz təvazökarlığını göstərdi və ölümədək, hətta çarmıxa çəkilməklə ölümədək itaətkarlıq etdi» (Filipililərə 2:6-8). Gəlin bir anlıq bu haqda düşünək. Kainatda Yehovadan sonra ikinci şəxsiyyət olan İsa, mələklərdən aşağı səviyyəyə düşməyə, köməksiz körpə kimi doğulmağa, qeyri-kamil valideynlərin himayəsində böyüməyə, axırda isə mənfur cinayətkar kimi ölməyə razı oldu (Koloslulara 1:15, 16; İbranilərə 2:6, 7). Təvazökarlığa bir bax! Onun təvazökarlığını təqlid etmək və onun düşüncə tərzinə bənzər düşüncə tərzini inkişaf etdirmək mümkündürmü? (Filipililərə 2:3-5). Bəli, bu mümkündür, amma asan deyil.
4. İnsanların lovğalanmasına nələr səbəb olur və lovğalıq nəyə görə təhlükəlidir?
4 Məğrurluq isə təvazökarlığa əks olan keyfiyyətdir (Süleymanın məsəlləri 6:16-19). Məğrurluq Şeytanın yıxılmasına səbəb oldu (1 Timoteyə 3:6). Bu xüsusiyyət insanların ürəyində asanlıqla kök atır, ondan yaxa qurtarmaq isə asan olmur. İnsanlar ölkələri, irqləri, var-dövlətləri, təhsilləri, cəmiyyətdəki mövqeləri, zahiri görünüşləri, işdəki və idmandakı nailiyyətləri və digər şeylərlə öyünürlər. Lakin bütün bunlar Yehova üçün vacib deyil (1 Korinflilərə 4:7). Əgər bunlar ürəyimizdə lovğalıq hissinin yaranmasına səbəb olursa, Allahla münasibətimiz korlana bilər. «Rəbb ucalarda olsa da, yazıqlara [«təvazökarlara», KM] nəzər salar, amma lovğaları uzaqdan tanıyar» (Məzmur 138:6; Süleymanın məsəlləri 8:13).
Qardaşlarla münasibətdə təvazökarlıq
5. Ağsaqqalların təvazökar olmaları nə üçün vacibdir?
5 Hətta Yehovanın işi üçün göstərdiyimiz sə’y və ya teokratik nailiyyətlər, o cümlədən yığıncaqdakı vəzifələr öyünməyə heç bir əsas vermir (1 Salnamələr 29:14; 1 Timoteyə 6:17, 18). Əksinə, məs’uliyyətimiz artdıqca, təvazökarlığı da bir o qədər çox təzahür etdirməliyik. Həvari Peter ağsaqqalları Allahın sürüsünə «qarşı zülmkar yox, sürüyə nümunə» olmağa çağırırdı (1 Peter 5:3). Ağsaqqallar hökmranlıq və əmr etmək üçün deyil, xidmət edib, nümunə göstərmək üçün tə’yin olunurlar (Luka 22:24-26; 2 Korinflilərə 1:24).
6. Həyatın hansı sahələrində məsihçilərə təvazökarlıq tələb olunur?
6 Təvazökarlıq göstərmək yalnız ağsaqqallar üçün vacib deyil. Yaşlılarla müqayisədə daha iti zəkaları və güclü bədənləri ilə lovğalana bilən gənclər haqqında Peter yazmışdı: «Bir-birinizə tabe olaraq təvazökarlıq paltarı geyinin. Çünki Allah məğrurlara qarşı durur, təvazökarlara isə lütf verir» (1 Peter 5:5). Beləliklə, Məsihin təvazökarlığını təqlid etmək hamı üçün vacibdir. Xüsusən də e’tinasızlıq və ədavətlə qarşılaşdığımız zaman xoş xəbəri təbliğ etmək üçün təvazökarlıq tələb olunur. Məsləhəti qəbul etmək və ya xidməti genişləndirmək məqsədilə həyatımızı sadələşdirmək üçün də təvazökarlıq tələb olunur. Və nəhayət, kütləvi informasiya vasitələrilə haqqımızda böhtanlar yayılan zaman və ya hüquqi hücumlar, yaxud şiddətli tə’qiblər zamanı cəsarət və imanla bərabər yenə də təvazökarlıq tələb olunur (1 Peter 5:6).
7, 8. Təvazökarlığı inkişaf etdirməkdə bizə nə kömək edə bilər?
7 İnsan məğrurluğun öhdəsindən gəlib, təvazökarlıqla başqalarını özündən necə üstün saya bilər? (Filipililərə 2:3). O insan özünə Yehovanın gözləri ilə baxmalıdır. İnsanın özünə olan düzgün münasibətini İsa belə izah etmişdi: «Sizə əmr olunan hər şeyi yerinə yetirdikdən sonra deyin: “Biz heç bir qiyməti olmayan qullarıq, çünki icra etməli olduğumuzu etdik”» (Luka 17:10). Yadda saxlamalıyıq ki, nail olduğumuz heç bir şey İsanın etdikləri ilə müqayisə oluna bilməz. Amma İsa təvazökar idi.
8 Həmçinin biz Yehovadan xahiş edə bilərik ki, özümüzə dair düzgün nöqteyi-nəzər inkişaf etdirə bilək. Məzmurçu kimi dua edə bilərik: «Mənə ağıl, bilik öyrət, çünki əmrlərinə inanıram» (Məzmur 119:66). Yehova özümüzə münasibətdə ağıllı, tarazlı nöqteyi-nəzər inkişaf etdirməkdə bizə kömək edəcək və təvazökarlığımıza görə bizə xeyir-dua verəcəkdir (Süleymanın məsəlləri 18:12). İsa demişdir: «Kim özünü yüksəldirsə, alçaldılacaq və kim özünü alçaldırsa, yüksəldiləcəkdir» (Matta 23:12).
Yaxşılığa və pisliyə dair düzgün nöqteyi-nəzər
9. İsa yaxşılığa və pisliyə necə yanaşırdı?
9 İsa 33 il qeyri-kamil insanların arasında yaşasa da, «günahdan xaric» qalmışdı (İbranilərə 4:15). Üstəlik, Məsih haqqındakı peyğəmbərlikdə deyilir: «Salehliyi sevib pisliyə nifrət edirsən» (Məzmur 45:7; İbranilərə 1:9). Məsihçilər bu sahədə də Məsihdən nümunə götürməyə çalışırlar. Onlar pisliklə yaxşılığın nə olduğunu bilməkdən əlavə, həm də pisliyə nifrət edir, yaxşılığı isə sevirlər (Amos 5:15). Bu onlara anadangəlmə günaha olan meyl ilə mübarizə aparmağa kömək edir (Yaradılış 8:21; Romalılara 7:21-25).
10. Pislik edən insan əslində Məsihə necə yanaşır?
10 İsa fərisey Nakdimona dedi: «Hər pislik edən, nura nifrət edər və əməlləri aşkara çıxmasın deyə nura doğru getməz. Çünki əməlləri pisdir. Həqiqətə əsasən hərəkət edən isə, öz əməllərinin Allaha əsasən işlənmiş olduğu bəlli olsun deyə nura gəlir» (Yəhya 3:20, 21). Xatırlayaq ki, Yəhya İsanı «hər insanı nurlandıran həqiqi Nur» adlandırmışdır (Yəhya 1:9, 10). İsa isə demişdir ki, əgər biz pislik ediriksə, yə’ni düzgün olmayan və Allaha məqbul olmayan işi görürüksə, onda işığa nifrət edirik. Necə də ayıldıcı fikirdir, deməli, tövbə etmədən günah işlədənlər İsaya və onun nümunəsinə nifrət bəsləyirlər! Bəlkə də onlar belə düşünmürlər, amma Məsih belə hesab edir.
Yaxşılığa və pisliyə necə yanaşmaqda Məsihdən nümunə götürün
11. Yaxşılığa və pisliyə Məsih kimi yanaşmaq üçün nə etmək lazımdır?
11 Bizə Yehovanın nöqteyi-nəzərində nəyin yaxşılıq, nəyin isə pislik olduğunu anlamaq gərəkdir. Belə bir anlayışa sahib olmağın yeganə üsulu — Allahın Kəlamı olan Müqəddəs Kitabı öyrənməkdir. Müqəddəs Kitabı öyrənərkən, biz də məzmurçu kimi dua etməliyik: «Ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət» (Məzmur 25:4). Lakin Şeytanın məkrli olduğunu unutmaq olmaz (2 Korinflilərə 11:14). O, pisliyi elə şəkilə sala bilər ki, ehtiyatsız məsihçi üçün məqbul bir şey kimi görünsün. Buna görə də, Müqəddəs Kitabdan öyrəndiklərimizin üzərində dərindən düşünmək və «sadiq və ağıllı qulun» məsləhətlərinə daim riayət etmək lazımdır (Matta 24:45-47). Öyrənmə, dua və öyrəndiklərimiz üzərində dərindən düşünmə yetkin olmağımıza və «hissləri alışdırılaraq, xeyirlə şəri ayırd etmək üçün tərbiyə edilmiş» kəslər arasında olmağımıza kömək edəcəkdir (İbranilərə 5:14). O zaman ürəyimiz pisliyə nifrət edib, yaxşılığı sevməyə meylli olacaqdır.
12. Müqəddəs Kitabın hansı məsləhəti bizi qanunsuz davranışdan saxlayır?
12 Əgər pisliyə nifrət ediriksə, pis istəklərin ürəyimizdə kök salmasına yol verməyəcəyik. Məsihin ölümündən çox illər ötdükdən sonra həvari Yəhya yazmışdır: «Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur. Çünki dünyada olan hər şey, yə’ni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır» (1 Yəhya 2:15, 16).
13, 14. a) Dünyada olan şeylərə qarşı məhəbbət nəyə görə məsihçi üçün təhlükəlidir? b) Dünyada olan şeylərə qarşı məhəbbətin yaranmasından necə qaçına bilərik?
13 Kimsə e’tiraz edə bilər ki, dünyada olan şeylərin hamısı pis deyil. Bəlkə də bu belədir, lakin dünya və onun şirnikdirici şeyləri bizi Yehovaya xidmətdən asanlıqla yayındıra bilər. Dünyanın təklif etdiyi heç bir şey bizi Yehovaya yaxınlaşdırmaq məqsədini güdmür. Buna görə də, dünyada olan şeyləri, hətta öz-özlüyündə pis olmayan işləri də sevməyə başlayarıqsa, onda təhlükəli yoldayıq (1 Timoteyə 6:9, 10). Bundan əlavə, dünyada həqiqətən də insanı pozmağa qadir olan çox pisliklər var. Əgər biz zorakılığı, var-dövlətə hərisliyi və cinsi əxlaqsızlığı vurğulayan kinofilmlərə və ya televiziya verilişlərinə baxırıqsa, onda pislik bizim üçün məqbul, sonra isə, hətta şirnikdirici ola bilər. Əgər maddi tə’minatlı həyat sürməyi və ya biznesdə müvəffəqiyyətə nail olmağı həyatlarında əsas yerə qoyan insanlarla ünsiyyətdə oluruqsa, bu cür şeylər bizim üçün də vacib məsələyə çevrilə bilər (Matta 6:24; 1 Korinflilərə 15:33).
14 Amma əgər zövqü Yehovanın Kəlamından alırıqsa, «cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü» bizim üçün öz cazibədarlığını itirəcəkdir. Və əgər biz Padşahlığın maraqlarını həyatlarında əsas yerə qoyan insanlarla ünsiyyətdə oluruqsa, onlar kimi olacağıq: onların sevdiklərini biz də sevəcək, onların nifrət etdikləri şeylərə biz də nifrət edəcəyik (Məzmur 15:4; Süleymanın məsəlləri 13:20).
15. Salehliyə məhəbbət, qanunsuzluğa isə nifrət İsaya necə kömək etmişdi və bizə necə kömək edə bilər?
15 Qanunsuzluğa nifrət, salehliyə isə məhəbbət «qarşısına qoyulan sevinci» həmişə yadda saxlamaqda İsaya kömək edirdi (İbranilərə 12:2). Bu bizə də kömək edə bilər. Bilirik ki, «dünya və onun ehtirası keçib gedir». Bu dünyada əldə olunan hər cür ləzzət müvəqqətidir. Lakin «Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:17). İsa, Allahın iradəsini yerinə yetirməklə insanlar üçün əbədi həyata yol açdı (1 Yəhya 5:13). Gəlin onu təqlid edək və göstərdiyi sədaqətdən faydalanaq.
Tə’qiblər zamanı
16. Nəyə görə İsa davamçılarını bir-birlərini sevməyə təşviq etmişdi?
16 İsa şagirdlərinin onu təqlid edə biləcəyi daha bir sahəyə işarə etmişdi: «Mənim əmrim budur: Bir-birinizi Mən sizi sevdiyim kimi sevin» (Yəhya 15:12, 13, 17). Məsihçilərin öz qardaşlarını sevmək üçün səbəbləri çoxdur. Lakin bu hadisədə İsa başlıca olaraq dünyanın onlara qarşı olan nifrətini nəzərdə tuturdu: «Əgər dünya sizə nifrət edərsə, bilin ki, sizdən əvvəl Mənə nifrət etmişdir.... Qul ağasından üstün deyildir. Əgər Məni tə’qib etdilərsə, sizi də tə’qib edəcəklər» (Yəhya 15:18, 20). Bəli, Məsihlə olduğu kimi, məsihçiləri də tə’qib edirlər. Belə bir nifrətə tab gətirmək üçün, onları bir-birlərinə sıx məhəbbət telləri bağlamalıdır.
17. Nəyə görə dünya məsihçilərə nifrət edir?
17 Bəs nəyə görə dünya məsihçilərə nifrət edir? Çünki onlar da İsa kimi «dünyadan deyillər» (Yəhya 17:14, 16). Onlar müharibələrə və siyasətə müdaxilə etmir, həyatın müqəddəsliyini e’tiraf edərək və yüksək əxlaq normalarına tabe olaraq Müqəddəs Kitab prinsiplərinə riayət edirlər (Həvarilərin işləri 15:28, 29; 1 Korinflilərə 6:9-11). Onlar maddi deyil, ruhani məqsədlər güdürlər. Onlar bu dünyada yaşasalar da, Pavelin yazdığı kimi, ondan ‘tam istifadə etmirlər’ (1 Korinflilərə 7:31). Həqiqətən də, bə’zi insanlar Yehovanın Şahidlərinin yüksək əxlaqlı həyat tərzinə heyran qalırlar. Lakin Allahın xidmətçiləri başqalarını heyran etmək və ya onların nüfuzunu qazanmaq naminə şəxsi prinsiplərində güzəştə getmirlər. Nəticə e’tibarı ilə, bu dünyada çox insanlar onları başa düşmür və onlara nifrət bəsləyirlər.
18, 19. Müqavimətlər və tə’qiblərlə qarşılaşan zaman məsihçilər Məsihi necə təqlid edirlər?
18 Məsihin həvariləri onların Rəbbini həbs edib e’dam edən zaman dünyanın kəskin nifrətinin şahidi olmuşlar. Onlar eyni zamanda İsanın da özünü necə apardığını görmüşlər. İsanın din düşmənləri onu həbs etmək üçün Getsamani bağına gəldilər. Peter qılıncı ilə İsanı müdafiə etməyə cəhd göstərdi, lakin İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc tutanların hamısı qılıncdan həlak olacaqdır» (Matta 26:52; Luka 22:50, 51). Qədim zamanlarda israillilər düşmənlərinə qarşı qılıncla döyüşürdülər. Amma artıq hər şey dəyişmişdir. Allahın Padşahlığı «bu dünyadan deyildir» və onun müdafiəyə ehtiyacı olan sərhədləri yox idi (Yəhya 18:36). Bir azdan Peter ruhani xalqın üzvü olmalı və göylərdə vətəndaşlıq almalı idi (Qalatiyalılara 6:16; Filipililərə 3:20, 21). O vaxtdan bəri Məsihin davamçıları nifrət və tə’qiblərlə qarşılaşdıqları zaman özlərini İsanın buyurduğu kimi — qorxmaz, amma sülhsevər insanlar kimi aparmalı idilər. Onlar hər şeyin Yehovanın nəzarəti altında olduğuna inanmalı və Onun köməyinə ümid bağlamalı idilər (Luka 22:42).
19 İllər ötdükdən sonra Peter yazmışdır: «Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək. [...] Söyülərkən, cavabında söymədi; əzab çəkərkən, təhdid etmədi, əksinə ədalətlə mühakimə Edənə Özünü təslim etdi» (1 Peter 2:21-23). İsanın xəbərdarlıq etdiyi kimi, vaxt keçdikcə məsihçilər sərt tə’qiblərlə qarşılaşmağa başladılar. Həm birinci əsrdə, həm də bizim günlərdə onlar İsanın nümunəsinə riayət edirlər və bunun sayəsində sülhsevər, lakin öz imanlarını qətiyyətlə müdafiə edən insanlar kimi tanınırlar (Vəhy 2:9, 10). Əgər vəziyyət tələb edərsə, gəlin biz də belə davranaq (2 Timoteyə 3:12).
«Rəbbimiz İsa Məsihi geyinin»
20-22. Məsihçilər hansı mə’nada ‘Rəbb İsa Məsihi geyinirlər’?
20 Pavel Romadakı yığıncağa yazmışdır: «Rəbbimiz İsa Məsihi geyinin və cismani təbiətin ehtiraslarını məmnun etməyi düşünməyin» (Romalılara 13:14, İ–93). Məsihçilər İsanı paltar kimi «geyinirlər». Onlar İsanın xüsusiyyətlərini və davranışını o qədər təqlid etməyə çalışırlar ki, qeyri-kamil olsalar da, onun şəxsiyyətini əks etdirirlər (1 Saloniklilərə 1:6).
21 Əgər İsanın həyatı ilə yaxından tanış olur və onun yaşadığı kimi yaşamağa çalışırıqsa, onda «Rəbbimiz İsa Məsihi geyinin» məsləhətinə riayət edə biləcəyik. Biz onu təvazökarlıqda, salehliyə məhəbbət, qanunsuzluğa isə nifrətdə, qardaşlara sevgidə, dünyanın əməllərinə münasibətdə və əziyyətlər zamanı göstərdiyi səbirdə təqlid edirik. Biz «cismani təbiətin ehtiraslarını məmnun etməyi» düşünmürük, yə’ni dünyəvi işlərdə yüksəkliklərə çatmağa və ya cismani ehtirasları tə’min etməyə çalışmırıq. Əksinə, qərar qəbul edərkən və ya çətin vəziyyətdən çıxış yolu axtararkən özümüzdən soruşuruq: «Bu vəziyyətdə İsa necə davranardı? O məndən nə gözləyərdi?»
22 Və nəhayət, biz Rəbbimiz kimi xoş xəbəri fəal surətdə təbliğ edirik (Matta 4:23; 1 Korinflilərə 15:58). Məsihçilər təbliğdə də İsadan nümunə götürürlər və növbəti məqalədə onların bunu necə etdikləri haqda öyrənəcəyik.
İzah edə bilərsinizmi?
• Nəyə görə məsihçinin təvazökar olması olduqca vacibdir?
• Yaxşılığa və pisliyə düzgün münasibəti necə inkişaf etdirmək olar?
• Müqavimətlərlə və tə’qiblərlə qarşılaşarkən məsihçilər İsanı necə təqlid edirlər?
• ‘Rəbb İsa Məsihi geyinmək’ nə deməkdir?
[7-ci səhifədəki şəkil]
İsa təvazökarlığa dair mükəmməl nümunə verdi.
[8-ci səhifədəki şəkil]
Təvazökarlıq həyatın bütün sahələrində, o cümlədən təbliğdə də lazımdır.
[9-cu səhifədəki şəkil]
Şeytan məsihçilərə elə təzyiq göstərməyə qadirdir ki, yaramaz əyləncələr onlara məqbul görünsün.
[10-cu səhifədəki şəkil]
Qardaşlarımızın məhəbbəti müqavimətlərə tab gətirməkdə bizə kömək edər.