FƏSİL 17
«Allahın məhəbbətindən ayrılmayın»
«Özünüzü son dərəcə müqəddəs imanınızın təməli üzərində möhkəmləndirməklə... Allahın məhəbbətindən ayrılmayın» (YƏHUDA 20, 21).
1, 2. Allahın məhəbbətindən ayrılmamaq üçün nə edə bilərik?
HAMIMIZ istəyirik ki, sağlam və güclü olaq. Buna görə də çalışırıq, faydalı qidalarla qidalanaq, idman edək və canımızın qeydinə qalaq. Bu, zəhmət tələb etsə də, bəhrəsi yaxşı olur. Buna görə də biz bu sahədə əzmliyik. Lakin başqa sahədə də sağlam və güclü olmalıyıq.
2 Yehova haqqında öyrənməyə başlamaqla yaxşı iş tutmuşuq, amma gərək Onunla münasibətimizi möhkəmləndirməyə davam edək. Yəhuda yazdığı məktubda məsihiləri Allahın məhəbbətindən ayrılmamağa səsləmişdi və demişdi ki, məsihi özünü son dərəcə müqəddəs imanının təməli üzərində möhkəmləndirməklə buna nail ola bilər (Yəhuda 20, 21). Bəs imanı necə möhkəmləndirmək olar?
İMANINI DAİMA MÖHKƏMLƏNDİR
3—5. a) Şeytan Yehovanın qanunlarına necə yanaşmağını istəyir? b) Bəs sən Yehovanın qanun və prinsiplərinə necə yanaşırsan?
3 Yehovanın yollarının ən yaxşı həyat yolu olduğuna şəxsən əmin olmağın çox vacibdir. Şeytan istəyir, sən düşünəsən ki, Allahın qanunlarına uyğun yaşamaq çətindir və nəyin yaxşı, nəyin pis olduğuna özün qərar versən, daha xoşbəxt olarsan. Ədən bağından bəri Şeytan insanları buna inandırmağa çalışır (Yaradılış 3:1—6). O, indi də bunun üçün əlindən gələni edir.
4 Bəs Şeytan haqlıdır? Yehovanın qanunları azadlığımızı əlimizdən alır? Xeyr. Tutaq ki, gözəl bir parkda gəzirsən. Birdən görürsən ki, onun bir hissəsinə hündür hasar çəkilib. Ola bilər, fikirləşirsən ki, axı bu hasarın burada nə yeri var?! Amma elə bu dəm hasarın o biri tərəfindən şirin nəriltisini eşidirsən. Bəs indi hasar barədə nə fikirləşərsən? Yəqin sevinərsən ki, nə yaxşı hasar var, yoxsa indi şirə yem olmuşdun. Yehovanın prinsipləri də belə bir hasara, Şeytan da həmin şirə bənzəyir. Allahın Kəlamı bizi xəbərdar edir: «Ayıq durun, sərvaxt olun. Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 Butrus 5:8).
5 Yehova bizim xoşbəxt olmağımızı istəyir. İstəmir ki, Şeytana aldanaq. Buna görə də bizi qoruyan, xoşbəxt edən qanunlar, prinsiplər verib (Efeslilərə 6:11). Müqəddəs Kitabda yazılıb: «Kamil azadlıq qanununa diqqətlə baxan və ona bağlı qalan adam... öz işində xoşbəxt olacaq» (Yaqub 1:25).
6. Yehovanın yollarının ən yaxşı həyat yolu olduğuna necə əmin ola bilərik?
6 Biz Yehovanın buyurduğu kimi yaşayanda həyatımız yaxşılaşır, Onunla dostluğumuz möhkəmlənir. Məsələn, Yehova bizi tez-tez dua etməyə dəvət edir. Biz bu dəvəti qəbul edəndə onun faydasını görürük (Mətta 6:5—8; 1 Salonikililərə 5:17). Həmçinin Yehova ibadət etmək, bir-birimizi ruhlandırmaq üçün bir yerə yığışmağı buyurub. Biz bu əmrə tabe olanda, eləcə də təbliğ və təlim işində tam iştirak edəndə böyük sevinc duyuruq (Mətta 28:19, 20; Qalatiyalılara 6:2; İbranilərə 10:24, 25). Bütün bunların imanımızı möhkəm saxlamağa kömək etdiyi barədə düşünəndə Yehovanın yollarının ən yaxşı həyat yolu olduğuna əmin oluruq.
7, 8. Gələcək sınaqlara görə narahat olmamağa nə kömək edə bilər?
7 Ola bilər, narahat oluruq ki, birdən gələcəkdə çox çətin iman sınağı ilə üzləşərik. Amma Yehovanın sözlərini yadına sal: «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram. Kaş əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın çay kimi, salehliyin dəniz dalğaları kimi olardı» (Əşiya 48:17, 18).
8 Biz Yehovaya tabe olanda əmin-amanlığımız heç vaxt qurumayan çay, salehliyimiz daima sahilə vuran dəniz dalğalar kimi olacaq. Həyatımızda nə baş verirsə versin, sadiq qala biləcəyik. Müqəddəs Kitabda vəd olunur: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz» (Zəbur 55:22).
«YETKİNLİYƏ DOĞRU İRƏLİLƏYƏK»
9, 10. Yetkin olmaq nə deməkdir?
9 Yehova ilə münasibətlərini möhkəmləndirdikcə yetkinləşəcəksən (İbranilərə 6:1). Bəs yetkin olmaq nə deməkdir?
10 Yetkin məsihi olmaq yaşın artmasından asılı deyil. Yetkin insan o insandır ki, onun ən yaxın dostu Yehovadır və o, hər şeyə Yehovanın gözü ilə baxmağa çalışır (Yəhya 4:23). Bulus yazmışdı: «Cismani istəklərin dalınca düşənlərin fikri-zikri cismani şeylərdədir, ancaq ruha uyğun yaşayanlar daima ruhani şeylər barəsində düşünürlər» (Romalılara 8:5). Yetkin insan həyatını əyləncə, maddi şeylər ətrafında qurmur. Əksinə, diqqətini Yehovaya xidmət etməyə cəmləyir və həyatda düzgün qərarlar verir (Məsəllər 27:11; Yaqub 1:2, 3 ayələrini oxu). Yetkin insan təsir altına düşüb, yanlış hərəkətə yol vermir. O nəyin düzgün olduğunu bilir və əzmlə belə davranır.
11, 12. a) Bulus ağlı işlətməklə bağlı nə demişdi? b) Məsihinin yetkinləşməsi gimnast olmağa necə bənzəyir?
11 Yetkin olmaq üçün çalışmaq lazımdır. Həvari Bulus yazmışdı: «Bərk qida isə yetkin adam üçündür. Belə adam ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14). «Öyrəşdirmək» sözünü gimnastın məşq etməsi ilə müqayisə etmək olar.
12 Məharətli gimnastın hərəkətlərini görəndə insan başa düşür ki, gimnast vaxt sərf edib məşq etməyin sayəsində bu bacarığa yiyələnib. O, anadan gimnast doğulmayıb. Yeni doğulmuş körpə əl-ayağını yaxşı idarə edə bilmir. Ancaq vaxt keçdikcə əlində nəsə tutmağı, yeriməyi öyrənir. O, məşq edə-edə gimnast olur. Bunun kimi, yetkin məsihi olmaq üçün də bizə vaxt və məşq lazımdır.
13. Yehova kimi düşünməyi öyrənməyə bizə nə kömək edəcək?
13 Bu nəşrdə öyrəndik ki, biz Yehovanın düşündüyü kimi necə düşənə bilərik, hər şeyə Onun gözü ilə necə baxa bilərik. Biz Yehovanın qanunlarını qiymətləndirməyi və sevməyi öyrənmişik. Qərar verəndə özümüzdən soruşuruq: «Müqəddəs Kitabdakı hansı qanun və prinsiplər bu vəziyyətə uyğundur? Onları necə tətbiq edə bilərəm? Yehova mənim necə davranmağımı istəyir?» (Məsəllər 3:5, 6; Yaqub 1:5 ayələrini oxu.)
14. İmanımızı möhkəmləndirmək üçün nə etməliyik?
14 Biz Yehovaya imanımızı daima möhkəmləndirməliyik. Faydalı yemək orqanizmi gücləndirdiyi kimi, Yehova haqqında öyrənmək də bizə imanımızı möhkəmləndirməyə kömək edir. Müqəddəs Kitabı təzə-təzə öyrənəndə Yehova və Onun yolları haqqında əsas həqiqətləri öyrənirdik. Lakin vaxt keçdikcə gərək daha dərin həqiqətləri başa düşək. Həvari Bulus da bunu nəzərdə tutaraq demişdi: «Bərk qida isə yetkin adam üçündür». Öyrəndiklərimizə əməl etməklə hikmət qazanacağıq. Müqəddəs Kitabda deyilir ki, «ən əsası hikmətdir» (Məsəllər 4:5—7; 1 Butrus 2:2).
15. Yehovanı və bacı-qardaşları sevmək nə dərəcədə vacibdir?
15 Ola bilər, insan sağlamdır və canı möhkəmdir. Amma belə qalmaq üçün o gərək həmişə özünə yaxşı baxsın. Yetkin insan da bilir ki, Yehova ilə münasibətlərini möhkəm saxlamaq üçün o həmişə səy göstərməlidir. Bulus yazmışdı: «İman yolunda olub-olmadığınızı daima yoxlayın, özünüzü sınayın» (2 Korinflilərə 13:5). Bizə möhkəm imandan savayı bir şey də lazımdır. Bizim Yehovaya və bacı-qardaşlara məhəbbətimiz günü-gündən güclənməlidir. Bulus demişdi ki, əgər «biliklərə yiyələnmişəmsə, dağları yerindən tərpədəcək dərəcədə güclü iman sahibiyəmsə, lakin məhəbbətim yoxdursa, mən heç nəyəm» (1 Korinflilərə 13:1—3).
FİKRİNİ ÜMİDİNƏ CƏMLƏ
16. Şeytan bizim necə düşünməyimizi istəyir?
16 Şeytan istəyir, biz düşünək ki, biz heç vaxt yaxşı insan olub Yehovanı razı sala bilmərik. O istəyir ki, biz ruhdan düşək və vəziyyətimizin çıxılmaz olduğunu düşünək. Şeytan dindaşlarımıza etibar etməyimizi, xoşbəxt olmağımızı istəmir (Efeslilərə 2:2). Şeytana yaxşı məlumdur ki, mənfi düşüncə həm özümüzə, həm də Allahla münasibətimizə zərər yetirə bilər. Lakin Yehova mənfi fikirlərə qalib gəlmək üçün bizə ümid bəxş edib.
17. Ümid nə dərəcədə vacibdir?
17 Bizim ümidimiz 1 Salonikililərə 5:8 ayəsində döyüş vaxtı əsgərin başını qoruyan dəbilqəyə bənzədilir. Həmin dəbilqə «xilas ümidi» adlanır. Yehovanın vədlərinə ümid etmək bizim zehnimizi qoruyacaq və bizə mənfi fikirlərə müqavimət göstərməyə kömək edəcək.
18, 19. İsanın ümidi onu necə möhkəmləndirdi?
18 İsa ümidinin sayəsində möhkəm qalmışdı. Yer üzündəki həyatının son gecəsi o, ard-arda bir neçə çətinliklə üzləşdi. Yaxın dostu ona xəyanət etdi. Bir başqa dostu onu tanıdığını dandı. O biriləri isə onu atıb qaçdı. Öz soydaşları ona qarşı qalxıb işgəncə ilə öldürülməsini tələb etdi. Bu acılara dözməyə İsaya nə kömək etdi? «O, qarşıda onu gözləyən sevincə görə rüsvayçılığa məhəl qoymayıb işgəncə dirəyində çəkdiyi əzablara dözdü və Allahın taxtının sağında əyləşdi» (İbranilərə 12:2).
19 İsa bilirdi ki, sədaqəti ilə Atasını şərəfləndirəcək, Şeytanın isə yalançı olduğunu sübut edəcək. Bu ümid ona böyük sevinc bəxş edirdi. İsa həmçinin bilirdi ki, tezliklə göydə Atasına qovuşacaq. Bu ümid isə ona dözməyə kömək edirdi. İsa Məsih kimi, biz də diqqətimizi ümidimizə cəmləməliyik. Bu bizə nə olursa olsun, dözməyə kömək edəcək.
20. Müsbət düşünməyə sizə nə kömək edə bilər?
20 Yehova sənin imanını və dözümünü görür (Əşiya 30:18; Məlaki 3:10 ayəsini oxu). O vəd edir ki, «qəlbinin muradını çin edər» (Zəbur 37:4). Buna görə də diqqətini ümidinə cəmlə. Şeytan istəyir ki, sən ümidini itirəsən və Yehovanın vədlərinin həyata keçməyəcəyini düşünəsən. Amma qətiyyən mənfi fikirlərə yenilmə! Görsən ki, ümidin sənin üçün qeyri-real olmağa başlayır, Yehovadan kömək istə. Filippililərə 4:6, 7 ayələrindəki sözləri unutma: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi Məsih İsa vasitəsilə qoruyacaq».
21, 22. a) Yehovanın Yer kürəsi ilə bağlı niyyəti nədir? b) Sən nə etmək əzmindəsən?
21 Daima gözəl gələcək barədə düşün. Tezliklə yer üzündə hər kəs Yehovaya ibadət edəcək (Vəhy 7:9, 14). Yeni dünyadakı həyatı bir təsəvvür et. O bizim düşündüyümüzdən qat-qat möhtəşəm olacaq! Şeytan, onun cinləri və pislik olmayacaq. Sən xəstələnməyəcəksən, ölüm qorxusu ilə yaşamayacaqsan. Əksinə, hər gün səhər yuxudan gümrah və xoşbəxt oyanacaqsan. Yer üzünü cənnətə çevirmək üçün hamı çiyin-çiyinə çalışacaq. Hamı sağlam qidayla bəslənəcək və təhlükəsiz şəraitdə yaşayacaq. İnsanlar amansız, qəddar olmayacaq. Əksinə, bir-birinə xeyirxahlıq edəcəklər. Vaxtı çatanda isə yer üzündəki bütün insanlar «Allahın övladlarının şanlı azadlığına» qovuşacaq (Romalılara 8:21).
22 Yehova istəyir ki, sən Onu özünə ən yaxın Dost biləsən. Buna görə də hər gün var gücünlə Yehovaya itaət etməyə və Ona yaxınlaşmağa çalış. Qoy heç birimiz Allahın məhəbbətindən heç vaxt ayrılmayaq (Yəhuda 21).