FəsilL 9
Dirilməyə ümidin gücü
1. Dirilməyə ümid olmasaydı, ölüləri nə gözləyərdi?
ƏZİZLƏRİNDƏN kimsə vəfat edibmi? Dirilmə olmasaydı onları bir daha görməyə ümidin olmazdı. Onlar Müqəddəs Kitabın təsvir etdiyi vəziyyətdə qalacaqdılar: «Ölülər heç nə bilmir... gedəcəyin ölülər diyarında [ibranicə şeol] nə iş, nə fikir, nə bilik, nə də hikmət var» (Vaiz 9:5, 10).
2. Dirilmə hansı ecazkar ümidi verir?
2 Yehova mərhəmət göstərərək, dirilmə vasitəsilə saysız-hesabsız ölmüş insana misilsiz bir imkan — ölülərdən dirilib əbədi yaşamaq imkanı verir. Beləliklə, indi qəbirdə uyuyan əzizlərinə Allahın yeni dünyasında qovuşmaq ümidi sənə təsəlli verə bilər (Mark 5:35, 41, 42; Həvarilərin işləri 9:36-41).
3. a) Dirilmənin Yehovanın niyyətində mühüm yer tutduğunu nəyin əsasında demək olar? b) Dirilmə xüsusən hansı vəziyyətlərdə bizim üçün güc mənbəyidir?
3 Dirilmə bizi ölüm qarşısındakı sarsıdıcı qorxudan azad edir. Şeytan iddia edir ki, «insan canına görə hər şeyini verər». Bu iddiasını sübut etsin deyə Yehova ona əlindən gələni etməsinə izin verə bilər. Lakin Yehova heç vaxt yol verməz ki, Şeytan Onun sadiq xidmətçilərinə çarəsi tapılmaz bir zərər vursun (Əyyub 2:4). İsa ölənədək Allaha sadiq qaldı və Allah onu göydə yaşamaq üçün diriltdi. İsa fidiyə qurbanı kimi verilmiş kamil insan həyatının dəyərini Atasının göydəki taxtı qarşısında təqdim etdi. Beləliklə bəşəriyyət üçün həyata yol açıldı. İsanın hakimiyyət şəriki — «kiçik sürü» dirilmə vasitəsilə onunla Səmavi Padşahlıqda birləşməyə ümid edir (Luka 12:32). Digərlərinin yer üzü Cənnətdə əbədi yaşamağa dirilmək ümidi var (Məzmur 37:11, 29, KM). Həyat üçün təhlükəli sınaqlarla qarşılaşanda dirilməyə ümid bütün məsihçilər üçün «ən üstün» güc mənbəyinə çevrilir (2 Korinflilərə 4:7).
Dirilmə imanımızın təməlidir
4. a) Nə üçün dirilmə ‘ibtidai təlimlərə’ aiddir? b) Dünyada dirilməyə aid hansı təsəvvürlər var?
4 İbranilərə 6:1, 2 (İ–93) ayələrinə əsasən dirilmə ‘ibtidai təlim’ sayılır. Dirilmə iman təməlinin bir hissəsidir, ona inanmadan yetkin məsihçi olmaq qeyri-mümkündür (1 Korinflilərə 15:16-19). Qeyd etmək lazımdır ki, Müqəddəs Kitabın dirilmə təlimi dünyadakı təsəvvürlərdən büsbütün fərqlənir. Sayı getdikcə çoxalan ruhani cəhətdən yoxsul adamlar «hər nə varsa, bu dünyada var» fikri ilə yaşayırlar. Buna görə də onlar daima eyş-işrət sorağındadırlar. Xristian dünyasına aid olan və olmayan ənənəvi dinlərin nümayəndələri insanda ölməz ruhun olduğuna inanırlar. Lakin bu, Müqəddəs Kitabın dirilmə haqqındakı təliminə ziddir, çünki ölməz ruh olsaydı dirilməyə ehtiyac qalmazdı. Bu təsəvvürləri bir-birinə uyğunlaşdırmaq cəhdi ümid əvəzinə çaşbaşlıq yaradır. Həqiqəti öyrənmək istəyən səmimi insanlara necə kömək edə bilərik?
5. a) Dirilmənin məğzini anlamaq üçün nəyi bilmək lazımdır? b) Səncə ölülərin vəziyyəti və ruh barədə həqiqəti hansı Müqəddəs Kitab ayələri vasitəsilə izah etmək olar? c) Maraqlanan adamın istifadə etdiyi Müqəddəs Kitab tərcüməsi həqiqəti təhrif edirsə, ona necə kömək etmək olar?
5 Dirilmənin ecazkar bir tədbir olduğunu başa düşmək üçün əvvəlcə adamların ruh və ölülərin vəziyyəti haqqında düzgün anlayışı olmalıdır. Çox vaxt Müqəddəs Kitab həqiqətini axtaran adama Allahın Kəlamından bir neçə ayə oxumaq kifayət edir (Vaiz 9:5,10; Yeşaya 38:18,19; Məzmur 146:3, 4, KM; Yaqub 2:26). Lakin bəzi müasir Müqəddəs Kitab tərcümələri və hekayə formasında yazılmış nəşrləri ölülərin vəziyyəti ilə bağlı həqiqəti təhrif edirlər. Buna görə də maraqlanan adamla Müqəddəs Kitabın yazıldığı dillərdə işlənən sözləri müzakirə etmək lazım gələ bilər.
6. Ruhun nə olduğunu anlamaqda başqalarına necə kömək edə bilərik?
6 İbrani sözü ruah və ona müvafiq yunan sözü pnevma Müqəddəs Kitabda «ruh» sözü ilə tərcümə edilib. Allahın Kəlamını dərindən tədqiq etdikdə görmək olar ki, orijinal dillərdən «ruh» kimi tərcümə edilmiş məfhum insanları və heyvanları canlandıran həyat qüvvəsinə aid edilir. Bu məfhum əsla ölüm zamanı bədəndən ayrılıb başqa yerdə şüurlu surətdə mövcud olmağa davam edən gözəgörünməz və duyulmaz varlıq mənasını daşımır.
7. Şeolda, hadesdə və gehennada olan ölülərin vəziyyətini Müqəddəs Kitab vasitəsilə necə izah edərdiniz?
7 Bundan əlavə bəzi tərcümələrdə ibrani sözü «şeol» və yunan sözü «hades» «ölülər diyarı» və «ölülər aləmi», yunan sözü gehenna «cəhənnəm» kimi tərcümə olunur. Bu sözlər orijinal dillərdəki sözlərin mənasını təhrif edir. «Şeol» və «hades» sözləri eyni mənalı sözlərdir (Məzmur 16:10; Həvarilərin işləri 2:27). Müqəddəs Kitabdan aydın olur ki, həm şeol, həm hades bəşəriyyətin ümumi məzarını bildirir və həyata yox, ölümə aiddir (Məzmur 89:48; Vəhy 20:13). Müqəddəs Yazılar həmçinin ümumi məzardan dirilmə vasitəsilə qayıtmağın mümkünlüyünü də izah edir (Əyyub 14:13; Həvarilərin işləri 2:31). Gehenna isə ümumi məzar deyil. Əksinə, o tam məhvin simvoludur. Şeolda və ya hadesdə olanlardan fərqli olaraq, gehennaya düşənlərin nə vaxtsa yenidən yaşayacaqlarına heç bir ümid yoxdur. Heç yerdə yazılmayıb ki, onların ruhu gehennada şüurlu qalıb yaşamağa davam edir (Matta 10:28).
8. Dirilmənin mahiyyətini anlamaq adamın düşüncə və davranışına necə təsir göstərə bilər?
8 Maraqlanan adamla bu məsələləri araşdırdıqdan sonra, dirilmənin onun üçün nə məna kəsb etdiyini anlamasına kömək etmək olar. O, Yehovanın məhəbbətlə təqdim etdiyi gözəl ənama görə yəqin ki, çox minnətdar olacaq. Əzizlərinin ölümündən xiffət çəkənlər, Allahın yeni dünyasında onlarla yenidən görüşəcəklərinə sevinə bilərlər. Bunlar aydın olanda, Məsihin ölümünün mənasını anlamaq da asanlaşır. Birinci əsrdə yaşamış məsihçilər başa düşürdülər ki, İsa Məsihin dirilməsi məsihçi imanının təməlidir və bu dirilmə başqalarının dirilməsinə yol açır. Onlar İsanın dirilməsini və bu dirilmənin verdiyi ümidi səylə təbliğ edirdilər. Bu gün də dirilmənin mahiyyətini dərk edənlər, bu dəyərli həqiqəti başqaları ilə bölüşməyə can atırlar (Həvarilərin işləri 5:30-32; 10:42, 43).
‘Hadesin açarının’ tətbiqi
9. İsa «ölümün və ölülər aləminin [hadesin] açarları»nı ilk növbədə necə tətbiq edir?
9 İsa ilə bərabər onun səmavi Padşahlığında hakimiyyət sürməyə seçilənlər bir gün ölməlidirlər. Amma onlar İsanın verdiyi bu zəmanəti yaxşı bilirlər: «Ölü idim və budur, əbədi olaraq diriyəm... Ölümün və ölülər aləminin [hadesin] açarları məndədir» (Vəhy 1:18). O nəyi nəzərdə tuturdu? Bu sözlərlə İsa diqqəti özü ilə baş verən hadisələrə yönəldirdi. O da ölmüşdü. Lakin Allah onu hadesdə qoymadı. Ölümünün üçüncü günü Yehova onu ruhani şəxsiyyət kimi diriltdi və ona ölməzlik bəxş etdi (Həvarilərin işləri 2:32, 33; 10:40). Bundan əlavə, Allah başqalarını bəşəriyyətin ümumi məzarından və Adəmin günahının nəticələrindən xilas etmək üçün İsaya «ölümün və ölülər aləminin [hadesin] açarları»nı verdi. Bu açarların vasitəsilə İsa öz sadiq davamçılarını həyata qaytara bilər. İlk növbədə o, öz yığıncağının məsh olunmuş üzvlərini dirildir və Atasının ona bəxş etdiyi kimi, onlara çox qiymətli bir ənam, göylərdə ölməz həyatı bəxş edir (Romalılara 6:5; Filipililərə 3:20, 21).
10. Sadiq məsh olunmuş məsihçilərin dirilməsi nə vaxt baş verir?
10 Sadiq məsh olunmuş məsihçilər göydə yaşamaq üçün nə vaxt diriləcəklər? Müqəddəs Kitaba əsasən onların dirilməsi artıq başlayıb. Həvari Pavel izah etmişdi ki, bu dirilmə Məsihin 1914-cü ildə başlamış gözəgörünməz iştirakı zamanı baş verəcək (1 Korinflilərə 15:23). İndi onun iştirakı dövrü olduğundan sadiq məsh olunmuşlar yerdəki həyatlarını başa vuranda, ölüm yuxusunda qalmırlar, çünki Ağaları artıq qayıdıb. Onlar öləndə dərhal, «bir an içində, bir göz qırpımında» dəyişərək ruhani şəxsiyyət kimi dirilirlər. Onlar xoşbəxtdirlər, çünki yaxşı əməlləri «onlarla gedir» (1 Korinflilərə 15:51, 52; Vəhy 14:13).
11. Ümumilikdə insanlar üçün hansı dirilmə olacaq və bu dirilmə nə vaxt başlayacaq?
11 Lakin Padşahlıq varislərinin göylər həyatına dirildilməsi yeganə dirilmə deyildir. Vəhy 20:6 ayəsində buna ‘ilk dirilmə’ deyilir. Deməli, başqa bir dirilmə də olacaq. Sonrakı dirilmədə dirilənlərin yerüzü Cənnətdə əbədi xoşbəxt yaşamağa ümidləri olacaq. Bu dirilmə nə vaxt başlayacaq? «Vəhy» kitabı bunun, «yer və göy», yəni müasir pis sistem, öz hakim dairələri ilə birgə yox ediləndən sonra baş verəcəyini göstərir. Köhnə sistem çox tezliklə sona yetəcək. Bundan sonra, Allahın təyin etdiyi vaxtda yer üzündə dirilmə başlanacaq (Vəhy 20:11, 12).
12. Allaha sadiq adamlardan kimlər yer üzündə həyata dirildiləcək və nəyə görə bu ürəyimizi riqqətə gətirir?
12 Yer üzündə yaşamağa kimlər dirildiləcək? Onların arasında qədimdən bəri Yehovaya sədaqətlə xidmət etmiş kişilər və qadınlar olacaq. Bu adamlar dirilməyə bəslədikləri güclü iman sayəsində başqa bir fidiyə ilə ‘azadlığı qəbul etməmişlər’. Başqa sözlə, onlar işgəncə ilə qətlə yetirilmək təhlükəsi altında belə, Allahın qarşısında nöqsansızlıqlarını axıra qədər qoruyub saxlamışlar. Onlarla şəxsən tanış olmaq və Müqəddəs Kitabda qısaca nəql edilən hadisələr haqqında bilavasitə bu hadisələrin şahidlərindən ətraflı məlumat almaq necə də sevindirici olacaq! Yer üzündə yaşamağa həmçinin Yehovanın ilk sadiq şahidi Habil; daşqından öncə Allahın xəbərdarlığını cəsarətlə təbliğ etmiş Hanok və Nuh; mələklərə qonaqpərvərlik göstərmiş İbrahim və Sara; Sina dağında Qanun almış Musa; b.e.ə. 607-ci ildə Yerusəlimin dağılmasının şahidi olmuş Yeremya və onun kimi digər cəsarətli peyğəmbərlər; və Allahın İsanı Öz Oğlu adlandırdığını eşitmiş vəftizçi Yəhya da dirildiləcək. Bu pis dünyanın axır günlərində vəfat etmiş çoxlu sadiq kişi və qadın da həyata qaytarılacaq (İbranilərə 11:4-38; Matta 11:11).
13, 14. a) Hadeslə və orada olanlarla nə baş verəcək? b) Daha kimlər dirildiləcək və nə üçün?
13 Müəyyən vaxtdan sonra Yehovanın sadiq xidmətçilərindən əlavə digər adamlar da diriləcək və bəşəriyyətin ümumi məzarında heç kim qalmayacaq. İsa hadesin açarını işə salıb oradan bütün insanları azad etdiyindən, bu məzar boşalacaq. Həvari Yəhya ona verilən görüntüdə hadesin ‘odlu gölə atıldığını’ görmüşdü (Vəhy 20:14). Bu nə deməkdir? Bu o deməkdir ki, bəşəriyyətin ümumi məzarı — hades tamamilə məhv ediləcək. Hades yox olacaq, orada artıq ölü qalmayacaq. İsa Yehovanın bütün sadiq xidmətçiləri ilə yanaşı, mərhəmətindən irəli gələrək qeyri-salehləri də həyata qaytaracaq. Allahın Kəlamı bizi əmin edir: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15).
14 Qeyri-saleh insanlar təzədən ölümə məhkum edilmək üçün dirildilməyəcəklər. Allahın Padşahlığı altında bütün yer üzündə salehlik hökm sürəcək və həyatlarını Yehovanın normalarına uyğunlaşdıra bilsinlər deyə, onlara kömək ediləcək. Görüntüdə «həyat kitabı» açılır. Bu onu bildirir ki, dirilənlərə adlarını ora yazdırmaq imkanı veriləcək. Onların hər biri diriləndən sonrakı «əməllərinə görə hökm» olunacaq (Vəhy 20:12, 13). Beləliklə onların dirilib nəticədə «[ittihamedici] hökmə düçar» olmaq deyil, ‘həyata qovuşmaq’ imkanı olacaq (Yəhya 5:28, 29).
15. a) Kimlər dirildilməyəcək? b) Dirilmə haqqında həqiqəti bilmək bizə necə təsir göstərməlidir?
15 Bununla belə bütün ölülər dirildilməyəcək. Bəziləri bağışlanılmaz günahlar işlətmişlər. Onlar hadesdə deyil, əbədi məhv yeri olan gehennadadırlar. Artıq yaxınlaşan «böyük məşəqqət»də məhv ediləcək adamlar da ora düşəcəklər (Matta 12:31, 32; 23:33; 24:21, 22; 25:41, 46; 2 Saloniklilərə 1:6-9). Hərçənd Yehova böyük rəhmindən irəli gələrək ölüləri hadesdən azad edir, ancaq dirilməyə ümid bizə həyatımızı necə gəldi yaşamağa əsas vermir. Bilə-bilə Yehovanın hakimiyyətinə qarşı çıxanlar heç vaxt dirildilməyəcəklər. Bunu öyrəndikdən sonra Onun iradəsinə uyğun həyat sürməklə Allahın mərhəməti üçün dərindən minnətdar olduğumuzu göstərəcəyik.
Dirilməyə ümid güc mənbəyidir
16. Dirilməyə ümid bizi necə gücləndirə bilər?
16 Dirilməyə ümid bəsləyənlər bundan qüvvə alırlar. Adam qocalanda hətta təbabət onun ömrünü çox uzada bilmir (Vaiz 8:8). Amma Yehovaya Onun təşkilatı ilə birgə sədaqətlə xidmət ediriksə, gələcəyə inamla baxırıq. Biz bilirik ki, Allahın təyin etdiyi vaxtda dirilmə sayəsində yenidən yaşayacağıq. Həyat necə də gözəl olacaq! Həvari Pavel onu «həqiqi həyat» adlandırır (1 Timoteyə 6:19, haşiyə; İbranilərə 6:10-12).
17. Yehovanın qarşısında nöqsansızlığımızı qorumaqda bizə nə kömək edir?
17 Dirilmənin olacağını və bu tədbirin Allah tərəfindən görüldüyünü bildikdə imanımız möhkəmlənir. Amansız təqibçilər bizi ölümlə hədələyəndə belə, bu bilik Allaha sadiq qalmağımıza güc verir. Şeytan uzun müddətdir ki, ölüm qorxusu vasitəsilə adamları əsarətdə saxlayır. Lakin İsa bu qorxuya tabe olmadı. O son nəfəsinə kimi Yehovaya sadiq qaldı. İsa öz fidiyə qurbanlığı sayəsində başqalarının da bu qorxudan azad olmalarına imkan yaratdı (İbranilərə 2:14, 15).
18. Yehovanın xidmətçilərinə nöqsansız qalmaqda həmişə nə kömək etmişdir?
18 Tarix boyu Yehovanın xidmətçiləri, Məsihin fidiyə qurbanlığına və dirilməyə imanları sayəsində nöqsansızlıqlarını qoruyub saxlaya bilmişlər. Onlar ən çətin sınaqlarda belə, Yehovanı öz canlarından çox sevdiklərini göstərmişlər (Vəhy 12:11). Allahın xidmətçiləri hikmətlə davranaraq, indiki həyatlarını xilas etmək məqsədilə Müqəddəs Kitab prinsiplərindən imtina etmirlər (Luka 9:24, 25). Onlar bilirlər ki, Yehovanın hakimiyyətini sədaqətlə dəstəklədikləri üçün indi həyatlarını itirsələr belə, Allah onları dirildib mükafatlandıracaq. Sənin də imanın bu cür möhkəmdirmi? Əgər Yehovanı ürəkdən sevib dirilmənin həqiqi mənasını tam dərk etsən, sənin də imanın bu cür möhkəm olacaq.
Təkrar üçün suallar
• Dirilmənin məğzini anlamaq üçün nəyə görə ölülərin vəziyyətini aydınlaşdırmaq lazımdır?
• Həyata kimlər qaytarılacaq və bu bilik bizə necə təsir göstərməlidir?
• Dirilməyə ümid bizi necə möhkəmləndirir?
[84, 85-ci səhifələrdəki şəkil]
Yehova vəd edir ki, salehlərin və qeyri-salehlərin dirilməsi olacaq