Yehovanın Kəlamı canlıdır
«Vəhy» kitabından diqqətəlayiq fikirlər — II hissə
YEHOVA ALLAHA ibadət edənləri və etməyənləri gələcəkdə nə gözləyir? Şeytanın və onun cinlərinin aqibəti necə olacaq? İtaətkar bəşəriyyət Məsihin Minillik Hökmranlığı zamanı hansı xeyir-duaları alacaq? Bu və digər vacib sualların cavablarını «Vəhy» kitabının 13–dən 22-dək fəsillərindən tapmaq olara. Bu parçada həvari Yəhyanın eramızın birinci əsrinin sonuna yaxın aldığı 16 görüntüdən axırıncı 9-u yazılıb.
Yəhya yazır: «Bu peyğəmbərlik sözlərini oxuyan və dinləyənlər və onda yazılanlara əməl edənlər bəxtiyardırlar» (Vəhy 1:3; 22:7). «Vəhy» kitabını oxumaq və öyrəndiklərimizi tətbiq etmək ürəyimizə təsir edə, Allaha və Onun Oğlu İsa Məsihə imanımızı möhkəmləndirə və gələcəyə gözəl ümid verə bilərb (İbr. 4:12).
ALLAHIN QƏZƏBİNİN YEDDİ CAMI BOŞALDILIR
Vəhy 11:18 ayəsində deyilir: «Xalqlar qəzəbləndilər və Sənin [Allahın] qəzəbin gəldi... və yeri tələf edənləri tələf etmək vaxtı gəldi». Allahın qəzəb vaxtının nəyə görə gəldiyini göstərmək üçün səkkizinci görüntüdə ‘yeddi başlı, on buynuzlu canavarın’ fəaliyyəti təsvir edilir (Vəhy 13:1).
Yəhya doqquzuncu görüntüdə ‘Sion dağında duran Quzunu’ və onun yanında duran ‘yüz qırx dörd min adamı’ görür. Onlar «insanlar arasından satın alındılar» (Vəhy 14:1, 4). Sonra mələklərin bəyan etdiyi xəbərlər səslənir. Növbəti görüntüdə Yəhya ‘yeddi bəlanı gətirən yeddi mələyi’ görür. Görünür, bu mələklərə «Allahın qəzəbinin yeddi camını» Şeytan dünyasının müxtəlif sahələrinə boşaltmağı əmr edən Yehovanın Özüdür. Bu camlarda Allahın icra edəcəyi hökmləri barədə bəyanatlar və xəbərdarlıqlar var (Vəhy 15:1; 16:1). Bu iki görüntüdə üçüncü müsibətlə və yeddinci şeypurun çalınması ilə bağlı Padşahlığın icra edəcəyi hökmlərin digər təfərrüatları verilir (Vəhy 11:14, 15).
Müqəddəs Kitab suallarına cavablar:
13:8 — ‘Quzunun həyat kitabı’ nədir? Bu, məcazi kitabdır və orada ancaq İsa Məsihlə səmavi Padşahlıqda idarə edənlərin adları yazılıb. Bu kitaba səmavi aləmdə yaşamağa ümid edən və hələ yer üzündə olan məsh edilmiş məsihçilərin də adları daxildir.
13:11-13 — İki buynuzu olan canavar əjdaha kimi necə davranır və göydən yerə necə od yağdırır? İkibuynuzlu canavarın — İngilis-Amerikan dünya imperiyasının əjdaha kimi danışması göstərir ki, o öz idarə formasını başqalarına güclə qəbul etdirmək üçün hədə-qorxulara, təzyiqlərə və zorakılığa əl atır. Onun yerə od yağdırması o deməkdir ki, o, XX əsrin iki dünya müharibəsində şər qüvvələr və kommunizm üzərində qələbə çaldığını iddia etməklə özünü peyğəmbər kimi aparır.
16:17 — Üzərinə yeddinci camın boşaldıldığı «hava» nədir? «Hava» şeytani düşüncə tərzinin — «indi itaətsiz insanlarda fəal olan ruhun [əhval-ruhiyyənin]» simvoludur. Şeytanın bütün pis sistemi bu zəhərli hava ilə nəfəs alır (Efes. 2:2).
Bizim üçün ibrət dərsləri:
13:1-4, 18. İnsan hökumətlərini təmsil edən «canavar» «dənizdən» — narahat bəşər kütləsindən çıxır (Yeşaya 17:12, 13; Dan. 7:2-8, 17). Şeytanın meydana gətirdiyi və hakimiyyət verdiyi bu canavarın adı onun nə qədər qeyri-kamil olduğunu göstərən 666 rəqəmidir. Bu canavarın kim olduğunu bilməyimiz bütün bəşəriyyət kimi heyrətlə onun ardınca getməməyə və ona ibadət etməməyə bizə kömək edəcək (Yəh. 12:31; 15:19).
13:16, 17. Alış-veriş kimi gündəlik işlərlə məşğul olarkən çətinliklərlə qarşılaşsaq da, canavarın həyatımızı idarə etməsinə yol verməməliyik. ‘Əlimizə, yaxud alnımıza damğanın vurulmasına’ razı olmaq onun bizi idarə etməsinə və ya düşüncə tərzimizə təsir göstərməsinə yol verməyə bərabər olardı.
14:6, 7. Mələyin müjdəni bəyan etməsindən Allahın Padşahlığının göylərdə qurulduğu haqda xoş xəbəri təxirə salmadan təbliğ etməli olduğumuzu öyrənirik. Müqəddəs Kitabı öyrənən insanlara Allahdan qorxmağı və izzəti Yehovaya verməyi öyrətməliyik.
14:14-20. «Yer üzünün biçini», yəni xilas olunacaq insanların yığımı sona çatanda mələk ‘yerin meynəsindən üzüm toplayıb Allahın qəzəbinin böyük üzümsıxanına atacaq’. Şeytanın bəşəriyyəti öz əlində saxlamaq üçün yaratdığı satqın idarə sistemini təmsil edən meynə və onun çürük bəhrəsi olan ‘salxımlar’ əbədiyyən məhv ediləcək. Biz yerin meynəsinin bizə təsir göstərməsinə yol verməməyə qəti qərarlı olmalıyıq.
16:13-16. Şeytani propaqandanı təmsil edən «murdar ruh» Allahın qəzəbinin yeddi camının tökülməsinin yerin hökmdarlarına təsirinin qarşısını almağa və onları Allaha qarşı çıxmağa təhrik etməyə yönəldilmişdir (Mat. 24:42, 44).
16:21. Bu dünyanın sonu yaxınlaşdıqca Şeytanın pis sisteminə qarşı səslənən Yehovanın hökm xəbərlərinə dolu dənələrinə bənzədilən olduqca ağır hökmlər daxil ola bilər. Buna baxmayaraq, insanların əksəriyyəti Allaha küfr etməyə davam edəcək.
ZƏFƏR ÇALMIŞ PADŞAH HÖKMRANLIQ EDİR
Yalan dinin dünya imperiyası olan «Böyük Babil» Şeytanın pis dünyasının mənfur bir hissəsidir. 11-ci görüntüdə o, «böyük fahişə», yəni ‘qırmızı canavarın belində oturan’ əxlaqsız qadın kimi təsvir olunur. Məhz belində oturduğu canavarın ‘on buynuzu’ onu tamamilə məhv edəcək (Vəhy 17:1, 3, 5, 16). Fahişənin «böyük şəhər»ə bənzədildiyi növbəti görüntüdə onun sonu haqda elan edilir və Allahın xalqı ləngimədən bu şəhərdən ‘çıxmağa’ çağırılır. Bu böyük şəhərin dağılmasına görə çoxları yas tutur. Göylərdə isə sevinc yaşanır, çünki ‘Quzunun toyudur’ (Vəhy 18:4, 9, 10, 15-19; 19:7). 13-cü görüntüdə ‘ağ atın’ belində oturan kəs xalqlara qarşı müharibəyə çıxır. O, Şeytanın pis sistemini tamamilə məhv edir (Vəhy 19:11-16).
Bəs ‘iblis və şeytan olan köhnə ilan’ haqqında nə demək olar? O nə zaman ‘odlu gölə atılacaq’? Bu, 14-cü görüntünün mövzularından biridir (Vəhy 20:2, 10). Son iki görüntü İsanın Minillik Hökmranlığı zamanı olacaq həyat haqda müəyyən təsəvvür yaradır. ‘Vəhy’ sona çatanda Yəhya şəhərin baş küçəsinin ortasında həyat suyu axan çayı görür və ‘susayanlar’ üçün gözəl dəvət səslənir (Vəhy 1:1; 22:1, 2, 17).
Müqəddəs Kitab suallarına cavablar:
17:16; 18:9, 10 — Nəyə görə yerin hökmdarları özlərinin darmadağın etdikləri ‘fahişəyə’ görə göz yaşları axıdacaq? Buna yeganə səbəb onların xudbinliyidir. Böyük Babilin məhvindən sonra yerin hökmdarları ona olan ehtiyaclarını dərk edəcəklər. Böyük Babil onların çirkin əməllərinə dini don geyindirirdi. Həmçinin gəncləri cəbhəyə cəlb etməkdə onlara köməklik göstərirdi. Bundan əlavə, o, əhalini hökmdarların tabeçiliyində saxlamaqda vacib rol oynayırdı.
19:12 — Hansı mənada İsanın açıqlanmayan adını ondan başqa heç kəs bilmir? Görünür, bu ad İsanın Rəbbin günündə malik olduğu vəzifə və səlahiyyətlərə işarə edir və onlardan bəziləri Yeşaya 9:6 ayəsində sadalanır. İsanın oynadığı rol xüsusi olduğundan bu ad ondan başqa heç kimə məlum deyil və belə yüksək vəzifə sahibi olmağın nə demək olduğunu yalnız o bilir. Bununla belə, İsa öz ‘adını [gəlin sinfinə mənsub olanların] üzərində yazır’, başqa sözlərlə desək, nadir səlahiyyətlərinin bəzilərini onlarla bölüşür (Vəhy 3:12).
19:14 — Har-Megidonda İsanın ardınca gedən atlılar kimlərdir? İsa ilə birgə Allahın müharibəsində iştirak edəcək ‘göydə olan ordulara’ mələklər və artıq səmavi mükafatlarını almış məsh olunmuş qaliblər daxildir (Mat. 25:31, 32; Vəhy 2:26, 27).
20:11-15 — ‘Həyat kitabında [və ya tumarında]’ kimlərin adları yazılıb? Bu tumarda əbədi həyatı alacaq bütün insanların — məsh olunmuşların, böyük izdihamın üzvlərinin və ‘salehlərin dirilməsi’ zamanı həyata qaytarılacaq insanların adları qeydə alınıb (Həv. iş. 24:15; Vəhy 2:10; 7:9). ‘Saleh olmayanların dirilməsi’ zamanı dirilənlərin adları Minillik dövründə açılacaq ‘kitablarda yazılan’ göstərişlərə uyğun yaşayacaqları təqdirdə bu siyahıya salınacaq. Ancaq bu adlar silinməyən mürəkkəb ilə yazılmayıb. Məsh olunmuşlar ölənədək sadiq qaldıqları təqdirdə adları əbədiyyən bu siyahıya düşür (Vəhy 3:5). Yer üzündə əbədi həyatı alacaq insanların adları minilliyin sonunda axırıncı imtahandan keçəndə siyahıda həmişəlik qalacaq (Vəhy 20:7, 8).
Bizim üçün ibrət dərsləri:
17:3, 5, 7, 16. «Yuxarıdan nazil olan hikmət» «qadının və onu daşıyan yeddi başlı və on buynuzlu [qırmızı] canavarın sirrini» başa düşməyə kömək edir (Yaq. 3:17). Bu simvolik canavar öz mövcudluğuna Millətlər Cəmiyyəti kimi başladı, sonralar isə Birləşmiş Millətlər Təşkilatı kimi yenidən dirçəldi. Bu sirrin açıqlanması bizi Allahın Padşahlığı haqqında xoş xəbəri səylə təbliğ etməyə və Yehovanın hökm gününü bəyan etməyə təşviq etməli deyilmi?
21:1-6. Biz tam əmin ola bilərik ki, Padşahlığın hakimiyyəti zamanı olacaq xeyir-dualar gerçəkləşəcək. Nəyə görə? Çünki onlar haqda: «Tamam oldu!» — deyə yazılmışdır.
22:1, 17. ‘Həyat suyu axan çay’ Yehovanın itaətkar insanları günah və ölümdən azad etmək üçün gördüyü tədbirləri təmsil edir. Bu suyun müəyyən qismi bizim günlərdə də əlçatandır. Gəlin: ‘Həyat suyunu müftə götürün’ çağırışına həm özümüz minnətdarlıqla hay verək, həm də bu haqda başqalarına səylə çatdıraq.
[Haşiyələr]
a «Vəhy» kitabının 1-dən 12-dək fəsillərinin müzakirəsi üçün «Gözətçi Qülləsi»nin 2009-cu il 15 yanvar sayındakı «Yehovanın Kəlamı canlıdır. “Vəhy” kitabından diqqətəlayiq fikirlər — I hissə» adlı məqaləyə baxın.
b «Vəhy» kitabının ayəbəayə müzakirə olunduğu «Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!» (rus.) kitabına baxın.
[5-ci səhifədəki şəkil]
İtaətkar insanlar Padşahlığın hökmranlığı zamanı necə də gözəl xeyir-dualar alacaq!