«Qurtuluşunuz yaxındır!»
«Qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır» (LUKA 21:28).
1. Eramızın 66-cı ilində hansı hadisələr baş vermişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)
TƏSƏVVÜR ET Kİ, sən eramızın 66-cı ilində Yerusəlimdə yaşayan məsihilərdən birisən. Ətrafında çoxlu hadisələr cərəyan edir. Roma prokuratoru Floris məbədin xəzinəsindən 17 talant götürür. Bundan dərhal sonra yəhudilər qiyam qaldırır və Yerusəlimdə olan Roma qoşunlarını qırıb özlərini müstəqil elan edirlər. Amma Roma dərhal hərəkətə keçir. Üç ay ərzində Suriya valisi Sestiy Qallın rəhbərliyi altında 30 000 nəfərlik qoşun Yerusəlimi mühasirəyə alır. Qiyamçı yəhudilər məbədə tərəf geri çəkilirlər. Roma əsgərləri məbədin bayır divarının altını qazmağa başlayırlar. Şəhər vahimə içindədir. Belə mühitdə sən özünü necə hiss edərdin?
2. Məsihilər eramızın 66-cı ilində nə etməli idilər və bu, necə mümkün oldu?
2 Sözsüz ki, sən İsa Məsihin sözlərini xatırlayardın. O, şagirdlərinə xəbərdarlıq etmişdi: «Qoşunların Yerusəlimi mühasirəyə aldığını görəndə bilin ki, o, tezliklə viran olacaq» (Luka 21:20). Ancaq səndə sual yaranır: «Bəs mən bu xəbərdarlıqla yanaşı verilən məsləhətə necə əməl edim?» Belə ki, İsa demişdi: «Onda qoy Yəhudiyyədə olanlar dağlara qaçsın, şəhərdəkilər oradan çıxsın, ətraf kəndlərdə olanlar şəhərə girməsin» (Luka 21:21). Bu qədər qoşunun mühasirəyə aldığı Yerusəlimdən necə çıxmaq olar? Sonra qəribə bir hadisə baş verir. Düz gözünün qabağında Roma qoşunu geri çəkilməyə başlayır! Peyğəmbərlik edildiyi kimi, onların hücumu qısaldılır (Mət. 24:22). İndi İsanın məsləhətinə əməl etmək üçün fürsətdir. Sən Yerusəlimdə və onun ətrafında yaşayan digər sadiq məsihilərlə birgə dərhal İordan çayının o biri tayındakı dağlara qaçırsana. Sonra eramızın 70-ci ilində romalılar yeni bir qoşunla gələrək Yerusəlimi yerlə yeksan edir. Ancaq İsanın məsləhətinə qulaq asdığın üçün sən xilas olursan.
3. Tezliklə məsihilər hansı vəziyyətlə üzləşəcəklər və bu məqalədə nəyi nəzərdən keçirəcəyik?
3 Tezliklə, çox tezliklə, hər birimiz oxşar vəziyyətlə üzləşəcəyik. İsa bir tərəfdən məsihilərə Yerusəlimin məhv olacağı barədə xəbərdarlıq etmişdi. Digər tərəfdən isə o, birinci əsrdəki hadisələrlə gələcəkdə qəflətən başlayacaq «böyük müsibət» zamanı hansı hadisələrin baş verəcəyini göstərmişdi (Mət. 24:3, 21, 29). Ancaq şad xəbər də var! Böyük bir izdiham bütün dünyanı cənginə alacaq bu müsibətdən sağ-salamat çıxacaq. (Vəhy 7:9, 13, 14 ayələrini oxuyun.) Müqəddəs Kitab baş verəcək hadisələrlə bağlı nə deyir? Bu sualın cavabı bizi maraqlandırmalıdır, çünki söhbət bizim xilasımızdan gedir. İndi gəlin bu hadisələrin şəxsən bizə necə təsir edəcəyini nəzərdən keçirək.
BÖYÜK MÜSİBƏTİN BAŞLANMASI
4. Böyük müsibət hansı hadisə ilə başlayacaq və bu, necə baş verəcək?
4 Böyük müsibət necə başlayacaq? «Vəhy» kitabına əsasən, «Böyük Babilin» məhvi ilə (Vəhy 17:5—7). Bütün yalan dinlərin fahişəyə bənzədilməsi lap yerinə düşür. Din xadimləri bu şər dünyanın rəhbərləri ilə əxlaqsızlıq edir. Onlar İsa Məsihi və onun Padşahlığını sədaqətlə dəstəkləmək əvəzinə, bu dünyanın rəhbərlərini dəstəkləyir və siyasi nüfuza sahib olmaq üçün Müqəddəs Kitab təlimlərini pozurlar. Onlar təmiz, bakirəyəbənzər məsh olunmuşlardan tam fərqli mövqe tutublar (2 Kor. 11:2; Yaq. 1:27; Vəhy 14:4). Bəs fahişəyəbənzər bu təşkilatı kim məhv edəcək? Yehova Allah bu fikri «al-qırmızı rəngli» vəhşi heyvanın on buynuzunun ürəyinə qoyacaq. «Al-qırmızı rəngli» vəhşi heyvan Birləşmiş Millətlər Təşkilatını, on buynuz isə bu təşkilatı dəstəkləyən bütün müasir dövlətləri təmsil edir. (Vəhy 17:3, 16—18 ayələrini oxuyun.)
5, 6.Nəyə görə biz belə bir nəticəyə gəlirik ki, Böyük Babil məhv olunanda bütün dindar insanlar məhv olunmayacaq?
5 Bəs bu, o deməkdirmi ki, Böyük Babilə daxil olan dinlər məhv olanda onların bütün üzvləri də məhv olacaq? Görünür, yox. Zəkəriyyə peyğəmbər Allahdan ilham alaraq həmin dövr haqda yazmışdı. Orada əvvəllər yalan dinin üzvü olan adamlar haqda bu sözlər yazılıb: «Onlar deyəcək: “Mən peyğəmbər deyiləm. Mən əkinçiyəm, çünki cavanlığımda bir adam məni özünə qul alıb”. Ondan soruşanda: “Bədənindəki yaralar nədir?” O: “Bunlar əzizlərimin evində yediyim kötəklərin yeridir”, — deyəcək» (Zək. 13:4—6). Görünür, hətta bəzi din xadimləri də dindarlıqdan əl çəkəcək və bir vaxtlar həmin yalan dinlərin üzvü olduqlarını inkar edəcəklər.
6 Bəs həmin vaxt Allahın xalqı ilə nə olacaq? İsa demişdi: «O günlər qısaldılmasaydı, heç kəs xilas ola bilməzdi. Ancaq seçilmişlərə görə o günlər qısaldılacaq» (Mət. 24:22). Artıq nəzərdən keçirdik ki, eramızın 66-cı ilində müsibət qısaldılmışdı. Bunun sayəsində «seçilmişlər», yəni məsh olunmuş məsihilər üçün şəhərdən və onun ətraf ərazilərindən qaçmağa fürsət yaranmışdı. Eynilə, gələcəkdə baş verəcək böyük müsibətin ilkin mərhələsi də «seçilmişlərə» görə qısaldılacaq. «On buynuza» Allahın xalqını qırmağa icazə verilməyəcək. Əksinə, qısa müddət sakitlik dövrü olacaq.
SINAQ VƏ HÖKM VAXTI
7, 8. Yalan dinlərin məhvindən sonra hansı fürsət yaranacaq və həmin vaxt Allahın sadiq xidmətçiləri hamıdan nə ilə fərqlənəcək?
7 Yalan dini təşkilatlar məhv olandan sonra nə baş verəcək? Bu vaxt bizim ürəyimizdəkilər üzə çıxacaq. İnsanların böyük əksəriyyəti «dağların qayalarına» bənzədilən insan təşkilatlarına sığınacaqlar (Vəhy 6:15—17). Lakin Yehova Allahın xalqı, məcazi dillə desək, Onun təşkil etdiyi sığınacağa qaçacaq. Birinci əsrdə yaranan fasilə yəhudilərin kütləvi şəkildə məsihiliyi qəbul etməsi üçün deyildi. Bu vaxt məsihi olanların hərəkətə keçməsi və itaətkarlıq göstərməsi lazım idi. Eynilə, böyük müsibət vaxtı yaranacaq fasilədə də insanların həqiqi dinə axışacağını gözləməməliyik. Əksinə, bu zaman həqiqi dində olan hər kəs üçün Yehova Allaha məhəbbətini sübut etməyə və Məsihin qardaşlarını dəstəkləməyə fürsət yaranacaq (Mət. 25:34—40).
8 Düzdür, biz həmin sınaq vaxtı nələr baş verəcəyini tamlığı ilə bilmirik. Amma bir şeyi bilirik ki, bəzi şeyləri qurban verməli olacağıq. Birinci əsrdə məsihilər xilas olmaq üçün öz mal-mülklərini qoyub getməli və çətinliklərə dözməli idilər (Mark 13:15—18). Bəs biz sadiq qalmaq üçün maddi itki verməyə hazır olacağıq? Yehova Allaha sadiq olduğumuzu sübut etmək üçün tələb olunan hər şeyi edəcəyik? Təsəvvür et! Həmin vaxt biz heç nəyə baxmayaraq, Allahımıza ibadət etməyə davam edəcəyik. Bununla da biz qədimdə yaşamış Dənyal peyğəmbərin nümunəsini izləyən yeganə insanlar olacağıq (Dən. 6:10, 11).
9, 10. a) Allahın xalqı böyük müsibət vaxtı hansı xəbəri bəyan edəcək? b) Allahın xalqının düşmənləri buna necə münasibət göstərəcək?
9 Böyük müsibət Padşahlıq haqqında müjdəni təbliğ etməyin vaxtı olmayacaq. Müjdəni təbliğ etməyin vaxtı artıq geridə qalacaq! Həmin vaxt «son»un gəlmək vaxtı olacaq (Mət. 24:14). Şübhəsiz, Allahın xalqı sarsıdıcı hökm xəbərini bəyan edəcək. Ola bilsin, bu, Şeytan dünyasının məhv olmaq üzrə olduğu xəbəri olacaq. Müqəddəs Kitab bu xəbəri doluya bənzədir: «İnsanların üzərinə göydən hər dənəsi bir talant ağırlığında olan iri dolu yağdı. İnsanlar bu bəlaya, bu doluya görə Allaha küfr etdilər, çünki bu, misli görünməmiş böyük bəla idi» (Vəhy 16:21).
10 Bu, düşmənlərimizin diqqətini cəlb edəcək. Hizqiyal peyğəmbər Allahdan ilham alaraq Məcuc ölkəsindən olan Yəcucun, yəni millətlər birliyinin nə edəcəyini yazmışdı: «Külli-İxtiyar Yehova belə deyir: “O gün sənin ağlına bəzi fikirlər gələcək, pis niyyətə düşəcəksən. Deyəcəksən: “Müdafiəsiz kəndləri olan ölkəyə həmlə edəcəyəm. Dinc yaşayan, qorxu-hürkü bilməyən, divarları, darvazaları, cəftələri olmayan kəndlərdə yaşayanların üstünə gələcəyəm”. Sən çoxlu qənimət, talan malı qazanmaq eşqinə düşəcəksən. Bir zamanlar viran qalmış, sonradan məskunlaşmış yerlərə hücum edəcəksən, xalqların içindən toplanmış, indi var-dövlət, mal-mülk yığan, dünyanın mərkəzində yaşayan xalqın üstünə qoşun çəkəcəksən”» (Hizq. 38:10—12). Allahın xalqı, sanki, «dünyanın mərkəzində» yaşayacaq, yəni ruhani mənada hamıdan fərqlənəcək. Artıq xalqlar buna dözməyəcək. Onlar Yehovanın məsh olunmuşlarına, eləcə də onların əməkdaşlarına hücum çəkmək istəyəcək.
11. a) Böyük müsibətdə hadisələrin ardıcıllığı ilə bağlı nəyi yadda saxlamalıyıq? b) Göydəki əlamətlər insanlarda hansı hissləri doğuracaq?
11 İndi isə gəlin növbəti hadisələri nəzərdən keçirək. Amma bunu da yaddan çıxartmayaq ki, Allahın Kəlamında hadisələrin dəqiq ardıcıllığı açıqlanmır. Ehtimal ki, onların bəzisi eyni vaxtda baş verəcək. İsa dövrün yekunu ilə bağlı peyğəmbərliyində demişdi: «Günəşdə, ayda, ulduzlarda əlamətlər olacaq. Yerdə dənizin nəriltisindən və çalxalanmasından çıxış yolu tapmayan xalqlar əzab çəkəcək. İnsanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcək, çünki göylərin qüvvələri sarsılacaq. Sonra insan Oğlunun qüdrətlə, calal içində buludda gəldiyini görəcəklər» (Luka 21:25—27; Mark 13:24—26 ayələrini oxuyun). Bu peyğəmbərlik yerinə yetərkən hərfi mənada da göydə qorxulu əlamətlər və hadisələr olacaq? Yaşayarıq görərik. Amma nə olursa-olsun, əlamətlər Allahın düşmənlərini dəhşətə və vahiməyə salacaq.
12, 13. a) İsa «qüdrətlə, calal içində» gələndə nə baş verəcək? b) Həmin vaxt Allahın xidmətçiləri hansı hissləri keçirəcəklər?
12 İsa «qüdrətlə, calal içində» gələndə nə baş verəcək? Onda sadiqləri mükafatlandırmağın, sadiq olmayanları isə cəzalandırmağın vaxtı çatacaq (Mət. 24:46, 47, 50, 51; 25:19, 28—30). «Mətta»nın müjdəsində İsa sonun əlamətinə qoyun keçi məsəli ilə yekun vuraraq deyir: «İnsan Oğlu bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək. Bütün xalqlar onun önündə yığışacaq və o, insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq. Qoyunları sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq» (Mət. 25:31—33). Qoyunlara və keçilərə hansı hökm çıxarılacaq? Məsəlin sonunda deyilir: «Bunlar [keçilər] əbədilik məhv ediləcəklər, salehlər isə əbədi həyata qovuşacaqlar» (Mət. 25:46).
13 Keçilərlə müqayisə olunan insanlar «əbədilik məhv» ediləcəklərini biləndə nə edəcəklər? Onlar «kədər içində sinə döyəcək» (Mət. 24:30). Bəs həmin vaxt Məsihin qardaşları və onların sadiq əməkdaşları hansı hissləri keçirəcəklər? Onlar Yehova Allaha və Oğlu İsa Məsihə tam inandıqları üçün İsanın bu əmrinə əməl edəcəklər: «Bunlar yerinə yetməyə başlayanda qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır» (Luka 21:28). Bəli, biz qurtulacağımıza əmin olaraq xoş əhval-ruhiyyədə olacağıq.
PADŞAHLIQDA PARLAYACAQLAR
14, 15. a) Məcuc ölkəsindən olan Yəcuc hücum etməyə başlayandan sonra nə baş verəcək? b) Məsh olunmuşların yığılması nəyə aiddir?
14 Bəs Məcuc ölkəsindən olan Yəcuc Allahın xalqına hücuma başlayandan sonra nə baş verəcək? Həm Mətta, həm də Mark eyni hadisəni qələmə almışdı: «[İnsan Oğlu] mələkləri göndərəcək və onlar dünyanın dörd tərəfindən, yerin ucundan göyün ucunadək Onun seçdiklərini yığacaq» (Mark 13:27; Mət. 24:31). Burada söhbət məsh olunmuş məsihilərin nə ilk dəfə yığılmasından, nə də yerdə qalan məsh olunmuşların sonuncu dəfə möhürlənməsindən getmir (Mət. 13:37, 38). Belə ki, yerdə qalan məsh olunmuşlar böyük müsibət başlamazdan qabaq sonuncu dəfə möhürlənəcəklər (Vəhy 7:1—4). Burada İsa 144 000 məsh olunmuşun yerdə qalanlarının səmavi mükafatı almasından danışır (1 Salon. 4:15—17; Vəhy 14:1). Bu hadisə Məcuc ölkəsindən olan Yəcuc hücuma başlayandan sonra müəyyən bir vaxtda baş verəcək (Hizq. 38:11). Onda İsanın peyğəmbərlik sözləri yerinə yetəcək: «Salehlər isə o vaxt Atalarının Padşahlığında günəş kimi parlayacaqlar» (Mət. 13:43)b.
15 Xristian dünyasında əksər insanlar məsihilərin cismani bədəndə göyə qaldırılacağına inanır. Onlar həmçinin düşünürlər ki, İsanın yeri idarə etmək üçün geri qayıtmasını gözlə görəcəklər. Ancaq Müqəddəs Kitabda deyilir ki, «göydə insan Oğlunun rəmzi peyda olacaq» və İsa «buludların üzərində» gələcək. Bununla da Müqəddəs Kitab aydın şəkildə göstərir ki, İsanın dönüşü gözəgörünməz olacaq (Mət. 24:30). Müqəddəs Kitabda həmçinin deyilir ki, «cismani bədən Allahın Padşahlığına girə bilməz». Beləliklə, göyə aparılanlar əvvəlcə «bir an içində, bir göz qırpımında, axırıncı kərənay çalınanda» dəyişməlidirlərc. (1 Korinflilərə 15:50—53 ayələrini oxuyun.) Deməli, yerdə olan sadiq məsh olunmuşlar bir an içində yığılacaqlar.
16, 17. Quzunun toyundan əvvəl nə baş verəcək?
16 144 000 məsh olunmuşun hamısı göydə olanda Quzunun toyu üçün sonuncu hazırlıqlara başlamaq olar (Vəhy 19:9). Ancaq həmin şadlıqdan əvvəl bir hadisə baş verməlidir. Yadındadırsa, yerdəki məsh olunmuşlar göyə qalxmazdan bir az əvvəl Yəcuc Allahın xalqına hücum edəcək (Hizq. 38:16). Bu, hansı reaksiyanı doğuracaq? Yer üzündə Allahın xalqı müdafiəsiz görünəcək. Onlar Yəhuşafat padşahın günlərində verilən göstərişə uyğun davranacaqlar: «Bu dəfə siz döyüşməyəcəksiniz. Səf qurun, durub gözləyin, görün Yehova sizi necə xilas edir. Ey Yəhuda və Yerusəlim, qorxmayın, dəhşətə gəlməyin!» (2 Saln. 20:17). Göydə isə tamamilə başqa reaksiya olacaq. Bütün məsh olunmuşların göydə olacağı vaxta istinad edərək Vəhy 17:14 ayəsində Allahın xalqının düşmənləri ilə bağlı bu sözlər deyilir: «Onlar Quzu ilə vuruşacaqlar, lakin Quzu ağalar Ağası və padşahlar Padşahı olduğu üçün onları məğlub edəcək. Çağırılmışlar, seçilmişlər və sadiqlər də Quzu ilə birlikdə qələbə çalacaqlar». İsa Məsih göydə olan 144 000 hakimiyyət şəriki ilə birlikdə Allahın yerdə olan xalqını xilas etmək üçün gələcək.
17 Bu, Armageddon müharibəsi ilə nəticələnəcək. Bu müharibə Yehovanın müqəddəs adını ucaldacaq (Vəhy 16:16). Həmin vaxt keçiyəbənzər insanlar «əbədilik məhv ediləcəklər». Axır ki, yer üzü bütün pisliklərdən təmizlənəcək və böyük izdiham böyük müsibətin sonuncu mərhələsini sağ keçəcək. Bütün hazırlıqlar başa çatanda «Vəhy» kitabının kulminasiya nöqtəsi — Quzunun toyu baş tutacaq (Vəhy 21:1—4)d. Allah yer üzündə sağ qalanlara Öz lütfünü və məhəbbətini yağdıracaq. Möhtəşəm bir toy olacaq! Biz böyük səbirsizliklə həmin günü gözləyirik. (2 Butrus 3:13 ayəsini oxuyun.)
18. Bizi gözləyən möhtəşəm hadisələri nəzərə alaraq indi nəyə əzmli olmalıyıq?
18 Qarşıda bizi belə möhtəşəm hadisələr gözləyir. Bəs biz indi nə etməliyik? Həvari Butrus yazmışdı: «Bütün bunlar belə məhv olacaqsa, görün siz müqəddəs yaşayış və möminlik baxımından necə insan olmalısınız, Yehovanın gününü bərk-bərk yadda saxlayıb gözləməlisiniz... Buna görə də əzizlərim, bütün bunları gözləyərkən var gücünüzlə çalışın ki, Allah sizi axırda ləkəsiz, qüsursuz və sülh içində yaşayan tapsın» (2 But. 3:11, 12, 14). Buna görə də gəlin hər birimiz ruhani cəhətdən təmiz qalmağa və Sülh Padşahını dəstəkləməyə əzmli olaq.
a «Gözətçi qülləsi»nin 2012-ci il 15 aprel sayının 25 və 26-cı səhifəsinə baxın.
b «Gözətçi qülləsi»nin 2013-cü il 15 iyul sayının 13 və 14-cü səhifəsinə baxın.
c Həmin vaxt yerdə olan məsh olunmuşların cismani bədəni göyə qaldırılmayacaq (1 Kor. 15:48, 49). İsanın bədəni yox olduğu kimi, ehtimal ki, onların da bədəni yox olacaq.
d 45-ci məzmurda da hadisələrin ardıcıllığına işarə edilir. Əvvəlcə Padşah döyüşür, sonra isə toy baş tutur.