«Biz də səninlə gedirik»
«Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir» (ZƏK. 8:23).
1, 2. a) Yehova bizim günlər haqda nə demişdi? b) Bu məqalədə hansı sualları araşdıracağıq? (Məqalənin əvvəlindəki şəklə baxın.)
YAŞADIĞIMIZ günlər barədə danışaraq Yehova belə demişdi: «O günlərdə bütün xalqlardan olan, müxtəlif dillərdə danışan on adam bir yəhudinin ətəyindən yapışıb deyəcək: “Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir”» (Zək. 8:23). On adamla təsvir olunan, yer üzündə yaşamağa ümid edən insanlar «bir yəhudinin ətəyindən yapışıb». Onlar Allahın İsraili ilə, məsh olunmuşlarla əməkdaşlıq etməkdən qürur duyurlar. Çünki Yehovanın məsh olunmuşlara yar olduğunu bilirlər (Qal. 6:16).
2 Zəkəriyyə peyğəmbər kimi, İsa Məsih də Allahın xalqı arasında hökm sürən birlikdən bəhs etmişdi. O, göydə yaşamağa ümid edən davamçılarını «kiçik sürü», yerdə yaşamağa ümid edənləri isə «başqa qoyunlar» adlandırmışdı. Lakin o demişdi ki, onlar bir sürüdə birləşəcək və onların bir çobanı olacaq (Luka 12:32; Yəh. 10:16). Ancaq ortaya bəzi suallar çıxır: 1) Başqa qoyunlar bu gün yer üzündə yaşayan məsh olunmuşların hamısının adını bilməlidir? 2) Məsh olunmuşlar özləri haqda hansı fikirdə olmalıdırlar? 3) Əgər yığıncaqda kimsə Məsihin ölümünü anma mərasimində simvollardan qəbul etməyə başlasa, onunla necə davranmalısınız? 4) Simvollardan qəbul edənlərin sayının artmasına görə narahat olmağa dəyərmi? Gəlin bu sualları bir-bir araşdıraq.
BÜTÜN MƏSH OLUNMUŞLARIN ADINI BİLMƏYƏ GƏRƏK VAR?
3. Nəyə görə kimin 144 000 nəfərə daxil olacağını dəqiq bilmək qeyri-mümkündür?
3 Başqa qoyunlar bu gün yer üzündə yaşayan məsh olunmuşların hamısının adını bilməlidir? Xeyr. Hətta kimsə göylər dəvəti alsa belə, bu, sadəcə dəvətdir, onun mükafatı alacağını göstərən son möhür deyil. Şeytan da bunu bildiyi üçün yalançı peyğəmbərlərdən istifadə edir ki, mümkünsə, seçilmişləri də yoldan çıxartsın (Mət. 24:24). Yehova məsh olunmuş məsihinin səmavi mükafata layiq olduğuna qərar verməyincə heç kəs onun bu mükafatı alıb-almayacağını bilə bilməz. Buna Yehova qərar verir. O, böyük müsibətə qədər ölən məsh olunmuşları sonuncu dəfə onların ölümündən əvvəl möhürləyir, digərlərini isə «böyük müsibət» başlamazdan bir az əvvəl möhürləyəcək (Vəhy 2:10; 7:3, 14). Buna görə də Allahın xidmətçilərindən kimin 144 000 nəfərə daxil olacağını müəyyən etməyə çalışmaq mənasızdır.[1]
4. Bu gün yerdəki məsh olunmuşların hamısının adını bilməsək də, onlarla necə gedə bilərik?
4 Əgər bu gün yerdə olan ruhani israillilərin hamısının adını bilmək mümkün deyilsə, onda başqa qoyunlar onlarla necə gedə bilər? Görün Zəkəriyyənin peyğəmbərliyində «on adam» barədə nə deyilir. Onlar «bir yəhudinin ətəyindən yapışıb deyəcək: “Biz də səninlə gedirik, çünki eşitmişik, Allah sizinlədir”». Ayədə bir yəhudi deyilsə də, «siz» əvəzliyi çoxluğu bildirir. Deməli, bu ruhani yəhudi bir nəfəri yox, bir qrup məsh olunmuşu təmsil edir. Buna görə də hər ruhani yəhudini tanımağa və onunla getməyə ehtiyac yoxdur. Əksinə, biz onları qrup şəklində müəyyən etməli və dəstəkləməliyik. Müqəddəs Kitab bizi hansısa adamın ardınca getməyə səsləmir, bizim Rəhbərimiz İsadır (Mət. 23:10).
MƏSH OLUNMUŞLAR ÖZLƏRİ HAQDA HANSI FİKİRDƏ OLMALIDIRLAR?
5. Məsh olunmuşlar hansı xəbərdarlığa ciddi yanaşmalıdırlar və nə üçün?
5 Anma mərasimində simvollardan qəbul edənlər 1 Korinflilərə 11:27—29 ayələrindəki xəbərdarlığa ciddi yanaşmalıdırlar. (Ayələri oxuyun.) Həvari Bulusun sözünün məğzi nədir? Məsh olunmuş məsihi Yehova ilə yaxşı münasibətləri qorumursa, onda o, simvollardan nalayiq tərzdə qəbul edir (İbr. 6:4—6; 10:26—29). Bu xəbərdarlıq məsh olunmuş məsihilərə hələ mükafatı almadıqlarını yadda saxlamağa kömək edir. Onlar «hədəfə doğru, Allahın Məsih İsa vasitəsilə verdiyi göylər dəvəti mükafatına doğru» qaçmalıdırlar (Filip. 3:13—16).
6. Məsh olunmuş məsihilər özləri haqda hansı fikirdə olmalıdırlar?
6 Həvari Bulus Allahdan ilham alaraq məsh olunmuş məsihilərə yalvarırdı ki, aldıqları dəvətə layiq yaşasınlar. Bunun üçün nə etmək lazımdır? Həvari Bulus sözünə davam edərək demişdi: «Tam təvazökarlıq, mülayimlik, səbir və məhəbbətlə bir-birinizə qarşı dözümlü olub sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi qorumağa ürəkdən çalışın» (Efes. 4:1—3). Yehovanın ruhu qürur yox, təvazökarlıq hasil edir (Kol. 3:12). Məsh olunmuşlar təvazökarlıqla qəbul edirlər ki, sadəcə məsh olunublar deyə yer üzündə yaşamağa ümid edənlərdən daha çox müqəddəs ruh almırlar. Onlar xüsusi biliyə sahib olduqlarını, yaxud vəhy aldıqlarını iddia etmirlər, başqalarından üstün olduqlarını sübut etməyə çalışmırlar. Həmçinin onlar başqalarını simvollardan qəbul etməyə təhrik etmir, onları məsh olunduqlarına inandırmağa çalışmırlar, çünki başa düşürlər ki, insana göylər dəvətini verən Yehovadır.
7, 8. Məsh olunmuşlar özlərinə qarşı hansı münasibəti gözləmirlər və nə üçün?
7 Səmavi dəvətə malik olmaq böyük bir şərəf olsa da, məsh olunmuş məsihilər özlərinə qarşı xüsusi münasibət gözləmirlər (Efes. 1:18, 19; Filippililərə 2:2, 3 ayələrini oxuyun). Yehovanın ruhu məsh olunduqlarını şəxsən onlara təlqin edir. Bunu bütün dünyaya car çəkmir. Buna görə də onların həqiqətən də müqəddəs ruhla məsh olunduğuna kiminsə inanmağı gəlməyəndə onlar bunu normal qarşılayırlar. Onlar başa düşürlər ki, Müqəddəs Yazılar məsihiləri Allahdan xüsusi təyinat aldığını söyləyən kəslərə kor-koranə inanmaqdan çəkindirir (Vəhy 2:2). Odur ki, onlar kiminləsə tanış olarkən tez özlərini məsh olunmuş kimi təqdim etməməlidirlər. Əslində, bunu ümumiyyətlə dilə gətirməməlidirlər ki, diqqət mərkəzində olmasınlar. Həmçinin onlar gələcək mükafatlarına görə lovğalanmamalıdırlar (1 Kor. 1:28, 29; 1 Korinflilərə 4:6—8 ayələrini oxuyun).
8 Bundan başqa, məsh olunmuşlar özlərini elit təbəqənin üzvü hesab etmirlər. Onlar eyni dəvəti aldığını söyləyən məsihiləri tapmağa, onlarla əlaqə saxlamağa və ya Müqəddəs Kitabı araşdırmaq üçün dərnək yaratmağa çalışmırlar (Qal. 1:15—17). Bu kimi şeylər sülh və birlik yaradan müqəddəs ruhun fəaliyyətinə qarşıdır və yığıncaqda parçalanma yarada bilər. (Romalılara 16:17, 18 ayələrini oxuyun.)
SİZ NECƏ DAVRANMALISINIZ?
9. Simvollardan qəbul edənlərlə necə davranmaq lazımdır və nə üçün? («Məhəbbət nalayiq davranmır» adlı çərçivəyə baxın.)
9 Simvollardan qəbul edən insanla siz necə davranmalısınız? İsa Məsih şagirdlərinə demişdi: «Siz... bir-birinizə qardaşsınız». Ardınca isə söyləmişdi: «Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan yüksəldiləcək» (Mət. 23:8—12). Buna görə də hətta Məsihin məsh olunmuş qardaşı olsa belə, hansısa insanı ucaltmaq yanlış hərəkətdir. Məsihi ağsaqqallardan danışılan ayələrdə məsləhət görülür ki, başçılıq edənlərin imanını örnək götürək. Müqəddəs Kitabın heç bir yerində hansısa bir insanı rəhbərimiz kimi ucaltmaq buyrulmur (İbr. 13:7). Düzdür, bəzi adamlar haqqında deyilir ki, onlar «ikiqat hörmətə layiq görülməlidir». Ancaq onlar məsh olunduqlarına görə yox, yığıncağı yaxşı idarə etdiklərinə və Allahın sözünü cidd-cəhdlə danışıb öyrətdiklərinə görə hörmətə layiqdirlər (1 Tim. 5:17). Ona görə də səmavi dəvət alanlara həddindən artıq diqqət göstərsək, həddindən artıq tərifləsək, onları pis vəziyyətdə qoyarıq. Daha betəri isə odur ki, belə münasibətlə qarşılaşan məsh olunmuş məsihiyə təvazökar qalmaq çətin ola bilər (Rom. 12:3). Heç birimiz Məsihin qardaşlarından kimisə büdrətmək istəmərik (Luka 17:2).
10. Məsh olunmuş məsihilərə hörmət etdiyimizi necə göstərə bilərik?
10 Yehovanın məsh etdiyi insanlara hörmət etdiyimizi necə göstərə bilərik? Biz onlara məsh olunmaları ilə bağlı suallar verməməliyik. Bu, şəxsi məsələdir. Biz isə bizə aid olmayan işlərə qarışmaq istəməzdik (1 Salon. 4:11; 2 Salon. 3:11). Biz həmçinin düşünməməliyik ki, məsh olunmuşun valideynləri, həyat yoldaşı və ya digər qohumları da məsh olunmuş olmalıdır. Bu məsələdə genetika və ya nikah heç bir rol oynamır (1 Salon. 2:12). Həmçinin məsh olunmuşların həyat yoldaşlarına yersiz suallar verməməliyik. Məsələn, gələcək Cənnətdə həyat yoldaşlarının yanlarında olmayacağını düşünəndə hansı hissləri keçirirlər. Bu kimi suallar insanı yaralayır. Biz əmin ola bilərik ki, cənnətdə Yehova əlini açıb hər məxluqu istəyinə çatdıracaq (Zəb. 145:16).
11. Şəxsiyyətə pərəstiş etməmək bizi necə qoruyur?
11 Məsh olunmuşlara düzgün münasibət bəsləyən məsihilər özlərini gizli bir təhlükədən qoruyurlar. Müqəddəs Yazılarda deyilir ki, yığıncağa «yalançı qardaşlar» soxula bilər (Qal. 2:4, 5; 1 Yəh. 2:19). Bu fırıldaqçılar özlərini məsh olunmuş kimi qələmə verə bilər. Üstəlik, bəzi məsh olunmuşlar həqiqətdən dönə bilər (Mət. 25:10—12; 2 But. 2:20, 21). Əgər biz şəxsiyyətə pərəstiş etməsək, onda belələri bizi həqiqətdən uzaqlaşdıra bilməyəcək, həmçinin tanınmış, çoxdanın məsihisi həqiqətdən dönərsə, bizim imanımız sarsılmayacaq.
SİMVOLLARDAN QƏBUL EDƏNLƏRİN SAYI BARƏDƏ NƏ DEMƏK OLAR?
12, 13. Simvollardan qəbul edənlərin sayının artması bizi nəyə görə narahat etməməlidir?
12 Son illərdə Məsihin ölümünü anma mərasimində simvollardan qəbul edənlərin sayında artım müşahidə olunur. Maraqlıdır ki, əvvəlki onilliklərdə bunun əksi, yəni azalma müşahidə olunurdu. Lakin bu, bizi narahat etməməlidir. Gəlin bir neçə əsas məqamı nəzərdən keçirək.
13 «Yehova Ona məxsus olanları tanıyır» (2 Tim. 2:19). Anma mərasimində simvollardan qəbul edənləri sayan qardaşlar kimin həqiqətən də səmavi ümidə malik olduğunu bilmirlər. Bu simvollardan qəbul edənlərin bəziləri sadəcə olaraq yanılırlar. Bir müddətdən sonra artıq simvollardan qəbul etmirlər. Digərləri əqli və emosional problemlər ucbatından göydə Məsihlə hökmranlıq edəcəklərini düşünürlər. Beləliklə, simvollardan qəbul edənlərin sayı yer üzündə qalan məsh olunmuşların sayını dəqiqliklə əks etdirmir.
14. Müqəddəs Kitabda böyük müsibət başlayanda yer üzündəki məsh olunmuşların sayı barədə nə deyilir?
14 İsa məsh olunmuşları göyə aparmağa gələndə dünyanın çox yerində məsh olunmuş olacaq. Həmin vaxtdan danışarkən Müqəddəs Kitabda deyilir: «O, [İsa] güclü kərənay səsi ilə öz mələklərini göndərəcək və onlar dünyanın dörd tərəfindən, göyün bir ucundan o biri ucunadək Onun seçdiklərini yığacaqlar» (Mət. 24:31). Axırzamanda yer üzündə az sayda məsh olunmuşun qalacağı Müqəddəs Kitabda yazılır (Vəhy 12:17). Lakin böyük müsibət başlayan vaxt nə qədər məsh olunmuşun yer üzündə olacağı barədə orada heç nə deyilmir.
15, 16. Yehovanın seçdiyi 144 000 nəfərlə bağlı nəyi başa düşməliyik?
15 Yehova tarix boyunca nə vaxt məsh olunmuş seçməyi Özü qərarlaşdırır (Rom. 8:28—30). Yehova İsa diriləndən sonra məsh olunmuş seçməyə başladı. Görünür, birinci əsrdəki məsihi yığıncağında hamı məsh olunmuş idi. Birinci əsrdən ta axırzamanın başladığı vaxtadək məsihi adlananların böyük əksəriyyəti əslində, Məsihin ardınca getmirdi. İsa onları «alaq otları»na bənzətmişdi. Bununla belə, Yehova o dövrdə də bəzi sadiq insanları məsh edirdi. İsa onları «buğdaya» bənzətmişdi (Mət. 13:24—30). Axırzamanda da Yehova bəzi məsihiləri məsh edir ki, gələcəkdə 144 000 nəfərə daxil olsunlar.[2] Əgər Yehova bəzi məsihiləri bu vaxt məsh etmək qərarına gəlibsə, biz kimik ki, bu qərarın düzgün olduğuna şübhə edək? (Əşy. 45:9; Dən. 4:35; Romalılara 9:11, 16 ayələrini oxuyun).[3] İsanın bir məsəlində bəzi işçilər torpaq sahibinin axşam saat beşdə tutduğu işçilərə verdiyi əmək haqqına görə narazılıq etmişdilər. Biz ehtiyatlı olmalıyıq ki, həmin işçilər kimi deyinməyək. (Mətta 20:8—15 ayələrini oxuyun.)
16 Səmavi ümidə malik olanların hamısı «sadiq və ağıllı nökər»ə daxil deyil (Mət. 24:45—47). Birinci əsrdə olduğu kimi, bu gün də Yehova və İsa məsihiləri kiçik bir qrupun vasitəsilə qidalandırır. Birinci əsrdə cəmi bir neçə məsh olunmuş məsihi «İncil»in yazılmasında iştirak etmişdi. Eynilə, bu gün də cəmi bir neçə məsh olunmuş məsihi «vaxtlı-vaxtında yemək vermək üçün» təyin olunub.
17. Bu məqalədən nə öyrəndik?
17 Bu məqalədən nə öyrəndik? Yehova ruhani yəhudilərə göylər həyatını, on adamla təmsil olunan kəslərə isə yer üzündəki həyatı mükafat olaraq verməyi qərara alıb. Lakin O, həm səmavi dəvəti alanlardan, həm də yerdə əbədi yaşamağa ümid edənlərdən eyni qanunlara riayət etməyi və sadiq qalmağı tələb edir. Hər iki qrupun üzvləri təvazökar qalmalı, vəhdətdə olmalı və yığıncaqda sülh yaratmalıdırlar. Axırzaman öz sonuna yetdikcə, gəlin hər birimiz Məsihin başçılığı altında bir sürüdə xidmət etməyə əzmli olaq.
^ [1] (3-cü abzas) Zəbur 87:5, 6 ayələrinə əsasən, İsa ilə Padşahlıq etmək üçün dirilən kəslərin hamısının adı, ehtimal ki, gələcəkdə məlum olacaq (Rom. 8:19).
^ [2] (15-ci abzas) Həvarilərin işləri 2:33 ayəsinə əsasən, müqəddəs ruhu İsa tökür, lakin kimin müqəddəs ruhla məsh olunmasına qərarı Yehova verir.
^ [3] (15-ci abzas) Ətraflı məlumat üçün «Gözətçi qülləsi» jurnalının 2007-ci il 1 may sayının 30 və 31-ci səhifəsində yerləşən «Oxucuların sualları» rubrikasına (rus.) baxın.