TƏLİM MƏQALƏSİ 19
Məhəbbət və ədalət pis əməlləri dəf edir III hissə
«Çünki Sən şərdən xoşlanan Allah deyilsən, Sənin yanında pis adama əsla yer yoxdur» (ZƏB. 5:4).
NƏĞMƏ 142 Ümidimizdən bərk yapışaq
İCMALa
1—3. a) Zəbur 5:4—6 ayələrinə əsasən, Yehovanın pisliyə münasibəti necədir? b) Nəyin əsasında deyə bilərik ki, uşaqlara qarşı zorakılıq «Məsihin qanunu»na ziddir?
YEHOVA ALLAH hər cür pisliyə nifrət edir. (Zəbur 5:4—6 ayələrini oxuyun.) Təsəvvür etmək olar, O, ən murdar əməldən — uşaqlara qarşı cinsi zorakılıqdan nə dərəcədə ikrah edir! Yehovadan örnək alan bizlər də uşaqlara qarşı zorakılığa nifrət edirik. Biz məsihi yığıncağında belə bir şeyə göz yummuruq və dərhal onun qarşısını alırıq (Rom. 12:9; İbr. 12:15, 16).
2 Uşaqlara qarşı edilən hər cür zorakılıq «Məsihin qanunu»na ziddir! (Qal. 6:2). Bunu nəyin əsasında demək olar? Ötən məqalədən öyrəndiyimiz kimi, «Məsihin qanunu» — yəni İsa Məsihin sözləri və əməlləri ilə öyrətdiyi bütün təlimlər məhəbbət üzərində qurulub və insanı ədalətə səsləyir. Məsihilər bu qanuna itaət edərək çalışırlar ki, uşaqlar müdafiə olunduqlarını və həqiqətən sevildiklərini hiss etsinlər. Lakin uşağa qarşı zorakılıq xudbin və ədalətsiz davranışdır, buna məruz qalan uşaq özünü müdafiəsiz və sevgidən məhrum hiss edir.
3 Əfsuslar olsun ki, uşaqlara qarşı cinsi zorakılıq qlobal bir bəladır və hətta məsihilər arasında da zorakılığa məruz qalanlar var. Bəs səbəb nədir? «Pis adamlar» dünyanı bürüyüb və ola bilsin, onlardan bəzisi öz məkrli niyyətləri ilə yığıncağa daxil olmağa çalışır (2 Tim. 3:13). Digər səbəb isə odur ki, yığıncaqdakılardan bəziləri pozğun cismani istəklərə uyaraq uşaqlara cinsi təcavüz etmişlər. Gəlin uşağa qarşı cinsi zorakılığın nə üçün olduqca ağır günah olduğunu araşdıraq. Həmçinin uşaq zorakılığı da daxil, ciddi günah işlənən zaman ağsaqqalların məsələni necə həll etdiklərini və valideynlərin uşaqlarını necə qoruya biləcəyini öyrənək.b
DƏHŞƏTLİ GÜNAH
4, 5. Nə üçün uşaq zorakılığı dəhşətli günahdır?
4 Uşaqlara qarşı zorakılığın vurduğu zərbə uzun müddət öz təsirini göstərir. Bu, həm zərərçəkənə, həm də onun qeydinə qalanlara — ailə üzvlərinə və yığıncaqdakı bacı-qardaşlara dərin yara vurur. Uşaq zorakılığı dəhşətli günahdır.
5 Qurbana qarşı günahc. Başqasına yara vurmaq, əzab çəkdirmək günahdır. Növbəti məqalədən görəcəyik ki, təcavüzkar məhz belə bir hərəkəti edir, o, uşağa olmazın yaralar vurur. Təcavüz edən şəxs uşağın etibarından sui-istifadə edir və beləcə, uşaq artıq özünü təhlükəsizlikdə hiss etmir. Uşaqları bu cür iyrənc əməllərdən qorumaq lazımdır. Artıq bu cür əməllərin qurbanı olanlara isə təsəlli və kömək etmək gərəkdir (1 Salon. 5:14).
6, 7. Nəyə görə demək olar ki, uşaqlara qarşı zorakılıq yığıncağa və hökumətə qarşı günahdır?
6 Yığıncağa qarşı günahdır. Yığıncaqdan kimsə uşağa qarşı cinsi zorakılıqda təqsirkar bilinibsə, o, yığıncağın adına ləkə gətirir (Mət. 5:16; 1 But. 2:12). Bu, «iman uğrunda ciddi mübarizə» aparan milyonlarla sədaqətli məsihilərə qarşı necə də böyük haqsızlıqdır! (Yhd. 3). Biz pis işlər görüb tövbə etməyən və yığıncağın təmiz adına ləkə gətirən şəxslərin aramızda qalmasına yol vermirik.
7 Hökumətə qarşı günahdır. Məsihilər «hökumətə tabe» olmalıdırlar (Rom. 13:1). Hökumətə tabe olduğumuz ölkənin qanunlarına hörmətlə yanaşmağımızdan görünür. Əgər yığıncaqdan kimsə cinayət məcəlləsini pozmaqda, məsələn, uşağa qarşı cinsi zorakılıqda təqsirkar bilinirsə, o, hökumətə qarşı günah etmiş sayılır. (Həvarilərin işləri 25:8 ayəsi ilə əlaqələndirin.) Ölkənin qanununun icrasını təmin etmək ağsaqqalların səlahiyyətində olmasa da, onlar təcavüzkarı uşaq zorakılığına görə qanunda nəzərdə tutulan cəzadan qorumayacaqlar (Rom. 13:4). Təqsirkar əkdiyini biçəcək (Qal. 6:7).
8. Yehova insanlara qarşı edilən günaha necə yanaşır?
8 Ən əsası, Allaha qarşı günahdır (Zəb. 51:4). İnsan insana qarşı günah edəndə Yehovaya qarşı da günah etmiş olur. Gəlin Allahın israillilərə verdiyi Qanuna nəzər salaq. Qanunda deyilirdi ki, kimsə «başqasını aldadar, yaxud kimdənsə nəsə oğurlayarsa,.. Yehovaya sədaqətsizlik» etmiş olar (Lav. 6:2—4). Odur ki, yığıncaqdan kimsə uşağa qarşı cinsi zorakılıq edərsə, onu aldatdığı, onun başqalarına etibar hissini oğurladığı üçün Allaha qarşı sədaqətsizlik etmiş olur. Belə insan Yehovanın adına böyük ləkə gətirir. Məhz bu səbəbdən uşaqlara qarşı cinsi zorakılıq Yehovaya qarşı ağır günahdır, biz də buna belə yanaşmalıyıq.
9. Yehovanın təşkilatı uzun illərdir xalqını hansı məlumatlarla təmin edir və nə üçün?
9 Uzun illər boyu Yehovanın təşkilatı uşaqlara qarşı cinsi zorakılıqla bağlı Müqəddəs Kitaba əsaslanan çoxlu məlumat dərc edib. Məsələn, «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarında cinsi təcavüzə məruz qalan kəslərin emosional iztirablardan qurtulmasına, başqalarının onlara necə kömək edib təsəlli verə biləcəyinə və valideynlərin uşaqlarını necə qoruya biləcəyinə dair məsləhətlər yer alır. Uşaq zorakılığına dair məsələlərin həlli ilə bağlı ağsaqqallara Müqəddəs Kitaba əsaslanan təfsilatlı göstərişlər verilib. Təşkilat yığıncaqların uşaq zorakılığı məsələsini həll etmək üsulunu nəzərdən keçirməyə davam edir. Nə üçün? Məqsəd bu məsələnin Məsihin qanununa uyğun şəkildə həll olunmasını təmin etməkdir.
CİDDİ GÜNAHLA BAĞLI MƏSƏLƏLƏRİN HƏLLİ
10—12. a) Ciddi günahla bağlı məsələlərin həllində ağsaqqallar nəyi yadda saxlayır və onları narahat edən məqamlar hansılardır? b) Yaqub 5:14, 15 ayələrinə əsasən, ağsaqqallar nəyə can atır?
10 Ciddi günahla bağlı istənilən məsələnin həllində ağsaqqallar unutmamalıdır ki, Məsihin qanunu onlardan sürüyə qarşı məhəbbətlə, eləcə də Allahın düzgün və ədalətli hesab etdiyi tərzdə davranmağı tələb edir. Odur ki, ciddi günahın işlənməsi ilə bağlı məlumat alanda ağsaqqalları narahat edən bir neçə məqam olur. Ağsaqqallar ilk növbədə Yehovanın adının müqəddəsliyini qorumağı düşünürlər (Lav. 22:31, 32; Mət. 6:9). Onları narahat edən digər məqam yığıncaqdakıların ruhani vəziyyətini qorumaq və zorakılığın qurbanlarına dayaq olmaqdır.
11 Bundan əlavə, əgər günah edən şəxs yığıncaqdandırsa, tövbə etdiyi təqdirdə, ağsaqqallar onu ruhani cəhətdən dirçəltməyə çalışır. (Yaqub 5:14, 15 ayələrini oxuyun.) Nəfsinə təslim olub ciddi günah törədən məsihi ruhani cəhətdən naxoş hesab olunur. Bu onun Yehova ilə münasibətlərinin korlandığından xəbər verird. Ağsaqqalları müəyyən mənada həkimlərə bənzətmək olar. Onlar «naxoş olanı [indiki halda, günah edəni]» sağaltmağa çalışacaq. Ağsaqqalların Müqəddəs Kitaba əsaslanan məsləhətləri ona Yehova ilə münasibətlərini bərpa etməyə kömək edə bilər, amma bunun üçün o, səmimi-qəlbdən tövbə etməlidir (Həv. 3:19; 2 Kor. 2:5—10).
12 Aydındır ki, ağsaqqalların üzərinə böyük məsuliyyət düşür. Onlar Yehovanın onlara əmanət etdiyi sürünün qeydinə qalırlar (1 But. 5:1—3). İstəyirlər ki, bacı-qardaşlar yığıncaqda özlərini təhlükəsiz hiss etsinlər. Ona görə də uşaqlara qarşı cinsi zorakılıq da daxil, ciddi günaha yol verildiyi ilə bağlı məlumat alanda dərhal tədbir görürlər. Bəs onlar hansı tədbirləri görürlər? Gəlin 13, 15 və 17-ci abzasların əvvəlindəki suallara nəzər salaq.
13, 14. Ağsaqqallar uşaq zorakılığı iddiası haqda dövlət orqanlarına xəbər vermək barədə qanuna əməl edirlər? İzah edin.
13 Ağsaqqallar uşaq zorakılığı iddiası haqda dövlət orqanlarına xəbər vermək barədə qanuna əməl edirlər? Bəzi ölkələrdə qanunvericilik uşaqlara qarşı zorakılıq halının baş verdiyi haqda iddianı müvafiq orqanlara xəbər verməyi tələb edir. Həmin ölkələrdə yaşayan ağsaqqallar bu cür qanunlara tabe olur (Rom. 13:1). Bu qanunlar Allahın qanununa zidd deyil (Həv. 5:28, 29). Odur ki, ağsaqqallar uşağın zorakılığa məruz qalması iddiası haqda xəbər alanda dövlətin qanununa əməl etməklə bağlı məsləhət üçün dərhal filialla əlaqə saxlayırlar.
14 Ağsaqqallar zorakılığın qurbanına və valideynlərinə, yaxud bu barədə məlumatı olan digər şəxslərə aydın şəkildə bildirirlər ki, onların bu haqda dövlət orqanlarına məlumat vermək hüququ var. Bəs təqsirkar bilinən şəxs yığıncaqdandırsa, verilən xəbər və hadisə sonradan yayılarsa, onda necə? Hadisə ilə bağlı xəbər verən məsihi bununla Allahın adına ləkə gətirdiyini düşünüb özünü günahkar bilməlidir? Xeyr. Allahın adını bədnam edən o yox, uşağa qarşı zorakılıq edən şəxsdir.
15, 16. a) 1 Timutiyə 5:19 ayəsinə əsasən, intizam tədbiri görmək üçün nəyə görə azı iki nəfərin şahidliyi lazımdır? b) Ağsaqqallar yığıncaqdan kiminsə uşaq zorakılığında ittiham olunduğunu biləndə hansı addımları atırlar?
15 Nə üçün ağsaqqalların intizam tədbiri görməsi üçün azı iki şahid tələb olunur? Bu tələb Müqəddəs Kitabdakı yüksək ədalət normalarının bir hissəsidir. Əgər günahkar günahını etiraf etmirsə, ağsaqqalların intizam komitəsi yaratması üçün iki şahid günahın törədildiyini təsdiq etməlidir (Qan. 19:15; Mət. 18:16; 1 Timutiyə 5:19 ayəsini oxuyun). Bəs bu o deməkdirmi ki, uşağa qarşı zorakılıq halının baş verdiyi haqda iddianı dövlət orqanlarına xəbər vermək üçün də iki şahid gərəkdir? Xeyr. Ağsaqqalın və ya başqalarının bu kimi məsələlərlə bağlı dövlət orqanlarına xəbər verməsi üçün iki şahid tələb olunmur.
16 Ağsaqqallar yığıncaqdan kiminsə uşaq zorakılığında ittiham olunduğunu biləndə dövlətin cinayət haqda xəbər vermək tələbinə riayət etməyə çalışır, sonra isə Müqəddəs Kitab əsasında məsələni araşdırırlar. Təqsirkar bilinən şəxs ittihamları rədd edərsə, onda ağsaqqallar şahidlərin ifadələrini dinləyəcək. Əgər ən azı iki nəfər — ittiham irəli sürən şəxs və uşaq zorakılığında ittiham olunanın bu və ya digər hallarda zorakılıq etdiyinə şahid olan başqa bir şəxs varsa, intizam komitəsinin yaradılması üçün əsas vare. Lakin ikinci şahidin olmaması ittihamın əsassız olduğunu bildirmir. Günahın işləndiyini təsdiq edən iki nəfər olmadığı halda belə, ağsaqqallar başa düşür ki, ittiham olunan kəsin başqalarına dərin yara vuracaq ciddi günah işlədiyinə ehtimal var. Ağsaqqallar davamlı olaraq zərərçəkənlərə dayaq olacaqlar. Bundan əlavə, onlar yığıncağı potensial təhlükədən qorumaq üçün ittiham olunan kəsi nəzərdə saxlayacaqlar (Həv. 20:28).
17, 18. İntizam komitəsinin qurulmasında məqsəd nədir? İzah edin.
17 İntizam komitəsinin qurulmasında məqsəd nədir? Ağsaqqallar tərəfindən qurulan intizam komitəsinin məqsədi qanun pozuntusuna görə günahkarın dövlət tərəfindən cəza alıb-almamasını müəyyən etmək deyil. Ağsaqqallar qanunun icra olunmasına müdaxilə etmirlər, onlar cinayət məsələlərini dövlətin öhdəsinə buraxırlar (Rom. 13:2—4; Tit. 3:1). Ağsaqqalların məqsədi həmin insanın yığıncaqda qalıb-qalmayacağını müəyyənləşdirməkdir.
18 İntizam komitəsində xidmət edən ağsaqqallar məsələnin ruhani, yəni dini yönü ilə bağlı qərar verirlər. Onlar Müqəddəs Kitab əsasında günahkarın tövbə edib-etmədiyini müəyyən edirlər. Əgər günah edən şəxs tövbə etmirsə, o, yığıncaqdan kənar edilir və bu barədə elan olunur (1 Kor. 5:11—13). Əgər günahkar tövbə edərsə, yığıncaqda qala bilər. Lakin ağsaqqallar ona bildirəcəklər ki, ola bilsin, ona heç vaxt yığıncaqda hər hansı iş tapşırılmasın və ya o, heç bir məsuliyyət almasın. Uşaqların təhlükəsizliyini düşünərək ağsaqqallar valideynləri təklikdə xəbərdar edə bilər ki, övladlarının həmin kəslə münasibətinə nəzarət etsinlər. Ağsaqqallar bu kimi tədbirlər görən zaman zərərçəkənlərin kim olduğunu açıqlamayacaqlar.
ÖVLADLARINIZI QORUYUN
19—22. Valideynlər uşaqlarını necə qoruya bilər? (Üz qabığındakı şəklə baxın.)
19 Uşağı zərərdən qorumaq məsuliyyəti əsasən kimin üzərinə düşür? Valideynlərinf. Övladlarınız «Yehovanın verdiyi mirasdır», müqəddəs ənamdır (Zəb. 127:3). Əziz valideynlər, bu ənamı qorumaq sizin məsuliyyətinizdir. Övladınızı zorakılıqdan qorumaq üçün hansı tədbirləri görə bilərsiniz?
20 Birincisi, özünüz maariflənin. Uşaqlara qarşı zorakılıq edən şəxslər və onların istifadə etdiyi fəndlər barədə məlumat alın. Hər hansı potensial təhlükəyə qarşı gözdə-qulaqda olun (Məs. 22:3; 24:3). Yadda saxlayın ki, əksər hallarda zorakılıq edən kəs uşağın tanıdığı və etibar etdiyi şəxs olur.
21 İkincisi, övladınızla açıq ünsiyyət qurun (Qan. 6:6, 7). Bu o deməkdir ki, uşağı diqqətlə dinləmək lazımdır (Yaq. 1:19). Nəzərə alın ki, adətən uşaqlar zorakılığa məruz qaldıqlarını demək istəmirlər. Ola bilsin, uşaq dediklərinə heç kimin inanmayacağından qorxsun, yaxud, ola bilsin, zorakılıq edən şəxs olanları heç kimə deməməsi üçün uşağı hədələsin. Əgər uşağınızın özünü qəribə apardığını hiss etsəniz, mülayimliklə suallar verin və onu səbirlə dinləyin.
22 Üçüncüsü, övladınızı maarifləndirin. Uşağa yaşına uyğun cinsi tərbiyə verin. Kimsə onlara namünasib tərzdə toxunmaq istəyəndə nə deməli və nə etməli olduğunu öyrədin. Təşkilatımızın uşaqları qorumaq üçün verdiyi məlumatlardan faydalanın. («Özünüzü və övladınızı maarifləndirin» adlı çərçivəyə baxın.)
23. Yehovanın Şahidləri uşaqlara qarşı cinsi zorakılığa necə yanaşır və növbəti məqalədə hansı sualın cavabı araşdırılır?
23 Yehovanın Şahidləri olan bizlər uşaqlara qarşı cinsi zorakılığı dəhşətli günah, ağır cinayət hesab edirik. Biz Məsihin qanununu rəhbər tutaraq zorakılıq edən şəxsləri günahlarının bədəlini ödəməkdən qorumuruq. Bəs zorakılığın qurbanı olmuş dindaşımıza necə kömək edə bilərik? Növbəti məqalədə bu sual araşdırılır.
NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr
a Bu məqalədə uşaqları cinsi zorakılıqdan qorumağın yolları müzakirə olunur. Məqalədə ağsaqqalların yığıncaqdakıları qorumaq üçün gördükləri tədbirlərdən və valideynlərin övladlarını müdafiə etmək üsullarından danışılır.
b BƏZİ İFADƏLƏRİN İZAHI. Uşağa qarşı cinsi zorakılıq deyiləndə cinsi istəkləri təmin etmək məqsədi ilə uşağa qarşı seksual xarakterli hərəkətlərin edilməsi nəzərdə tutulur. Bura uşaqla cinsi əlaqə, oral və ya anal seks, uşağın cinsiyyət üzvünü, döşlərini və ya yanını sığallamaq və digər iyrənc hərəkətlər daxildir. Qurbanların əksəriyyəti qızlar olsa da, cinsi zorakılığa oğlanlar da məruz qalır. Təcavüzkarların əksəriyyəti kişilər olsa da, bu əməli törədən qadınlar da var.
c BƏZİ İFADƏLƏRİN İZAHI. Bu və növbəti məqalədə «qurban» sözü altında uşaq vaxtı cinsi zorakılığa məruz qalanlar nəzərdə tutulur. Bu söz uşağa fiziki və mənəvi zərbə vurulduğunu, ondan istifadə olunduğunu və onun günahsız olduğunu vurğulamaq üçün istifadə olunur.
d İnsanın ruhani cəhətdən naxoş olması işlədiyi ciddi günaha haqq qazandırmır. Günah işləyən kəs etdiyi hərəkətə görə tam məsuliyyət daşıyır və buna görə Yehovanın qarşısında cavab verəcək (Rom. 14:12).
e Ağsaqqallar ittiham olunan şəxslə söhbət edərkən heç vaxt zərərçəkmiş uşağın orda iştirak etməsini tələb etmirlər. Uşaq daha çox emosional zərbə almasın deyə, onun dediklərini ya valideynləri, ya da etibar etdiyi başqa böyük adam ağsaqqallara çatdıra bilər.
f Valideynlər üçün olan bu məlumat qanuni qəyyumlara və ya uşaq üzərində valideynlik məsuliyyəti olan şəxslərə də aiddir.