Fəsil 32
Cinsi təcavüzdən özümü necə qoruya bilərəm?
Hər il milyonlarla insanlar zorlanmaya və ya digər növ cinsi təcavüzə məruz qalırlar. Araşdırmalar göstərir ki, zərərçəkənlərin əksəriyyətini gənclər təşkil edir. Məsələn, bəzi rəqəmlərə görə, Birləşmiş Ştatlarda təcavüz qurbanlarının üçdə biri 18 yaşına çatmamış gənclərdir. Bukimi hallar geniş yayıldığından bu mövzunu nəzərdən keçirmək olduqca vacibdir.
«O, qəfil məndən yapışdı, nə baş verdiyini anlamağa macal tapmamış məni yerə yıxdı. Müqavimət göstərmək üçün əlimdən gələni etdim. Gözyaşardıcı qaz balonunu birtəhər çıxarda bildim, amma onu vurub əlimdən saldı. Qışqırmağa çalışdım, səsim çıxmadı. İtələdim, yumruqladım, təpiklədim, cırmaqladım — bir sözlə, hər şeyə əl atdım. Birdən bədənimə bıçağın sancıldığını hiss edəndə artıq mübarizə aparmağa gücüm qalmadı» Anetta
BU GÜN biz cinsi təcavüzün geniş yayıldığı bir dünyada yaşayırıq və əksər hallarda bunun qurbanı gənclər olur. Anetta kimi, bəzi gənclər tanımadıqları insanların, digərləri isə qonşularının təcavüzünə məruz qalırlar. Buna bir nümunə Natalinin başına gələn hadisədir. Cəmi 10 yaşı olanda yaxınlıqda yaşayan yeniyetmə bir oğlan onu zorlamışdı. Natali deyir: «Mən çox qorxmuşdum, həm də utandığımdan əvvəlcə heç kimə heç nə deməmişdim».
Bir çox uşaqlar ailə üzvləri tərəfindən cinsi istismara məruz qalırlar. Karmen deyir: «5 yaşımdan 12 yaşıma kimi atam tərəfindən cinsi təcavüzə məruz qalmışam. 20 yaşım olanda, nəhayət, onunla danışmaq qərarına gəldim. O, peşman olduğunu dedi, amma bir neçə aydan sonra məni evdən qovdu».
İndiki zəmanədə qonşular, dostlar və ya ailə üzvləri tərəfindən zorlanma halları qorxunc dərəcədə geniş yayılıba. Lakin yeniyetmələrin cinsi istismarı heç də yeni bir şey deyil. Uşaqlarla belə qəddar davranış artıq Müqəddəs Kitabın yazıldığı dövrdə mövcud idi (Yoel 3:3; Matta 2:16). Bu gün biz son dərəcə ağır bir zəmanədə — «doğmalarını sevməyən» insanların arasında yaşayırıq, bu səbəbdən qızların (hətta oğlanların) cinsi təcavüzə məruz qalması adi hal alıb (2 Timoteyə 3:1—3). Hərçənd heç bir ehtiyat tədbiri sənin təhlükəsizliyinə tam zəmanət vermir, amma sən özünü müdafiə etmək üçün çox şey edə bilərsən. Növbəti məsləhətləri nəzərdən keçirək.
Ayıq ol. Evdən çölə çıxanda yan-yörənə, ətrafına göz gəzdir. Elə ərazilər var ki, təhlükəli hesab olunur, xüsusilə də axşamlar. Bu kimi yerlərdən mümkün olduğu qədər uzaq dur, ya da çalış, tək olmayasan (Süleymanın məsəlləri 27:12).
Yanlış təəssürat oyatma. Flirt etmə, açıq-saçıq və cəzbedici geyinmə. Elə təəssürat oyana bilər ki, bu, sənin ürəyincədir, ya da, ən azından, etiraz etməzsən (1 Timoteyə 2:9, 10).
Sərhəd qoy. Əgər görüşdüyün oğlan varsa, hansı hərəkətlərin yol verilən olub-olmadığı barədə onunla konkret danışb. Sonra isə qoyduğun sərhədlərdən cüzi də olsa kənara çıxma ki, təcavüzə məruz qala biləcəyin vəziyyətlə üzləşməyəsən (Süleymanın məsəlləri 13:10).
Qətiyyətli ol. Sərt şəkildə: «Yox!» və ya «Əlini çək!» — deməkdən çəkinmə. Sevgilini itirməkdən qorxub susma. Əgər o, buna görə səni atacaqsa, deməli, sənə layiq deyil! Sən daha yaxşısına — şəxsən sənə və prinsiplərinə hörmətlə yanaşan bir insana layiqsənc.
İnternetdən istifadə edərkən diqqətli ol. Heç vaxt şəxsi məlumatını və ya haralarda olduğunu göstərən şəkillər yerləşdirməd. Əgər nalayiq mesajlar alırsansa, ən yaxşısı cavab verməməkdir. Cavab almamaq internet pozğunlarını təsirsiz hala salır.
Yuxarıda sadalanan addımlar səni müəyyən mənada qoruya bilər (Süleymanın məsəlləri 22:3). Ancaq düzünü desək, hər şeyi nəzarət altında saxlaya bilməzsən. Məsələn, yanında həmişə kiminsə olması və ya təhlükəli ərazilərdən heç keçməmək mümkün deyil. Hətta, ola bilsin, evin təhlükəli ərazidə yerləşir.
Bəlkə də, öz acı təcrübəndən bilirsən ki, nə qədər tədbir görsən də, bundan tamamilə qaçınmaq mümkün deyil. Ola bilsin, fəslin əvvəlində adı çəkilən Anetta kimi, sənə də güclü bir nəfər qəfil hücum çəkib. Yaxud da Karmen kimi, uşaq olmusan, əlindən heç nə gəlməyib, hətta nə baş verdiyini belə anlamamısan. İndi də vicdan əzabı çəkirsən. Bunun öhdəsindən necə gələ bilərsən?
Özünü günahlandırma
Anetta bu günə kimi hələ də özünü günahlandırır. O deyir: «Özümü heç cür bağışlaya bilmirəm. O gecə baş verənlər gözümün önündən getmir. Mənə elə gəlir ki, daha çox mübarizə aparmalıydım. Ancaq o, məni bıçaqlandıqdan sonra qorxudan donub qaldım, artıq heç nə edə bilmədim... hərçənd etməliydim».
Natali də eyni hisslərlə mübarizə aparır. O deyir: «Bu qədər sadəlövh olub insanlara inanmamalıydım. Valideynlərim tapşırmışdılar ki, bacımla həyətdə həmişə bir yerdə oynayaq, amma mən qulaq asmadım. Demək olar ki, özüm öz başıma bəla açdım. Baş verənlər ailəmə çox təsir etdi. Onlara belə zərbə vurduğum üçün heç cür özümü bağışlaya bilmirəm. Ən çox bu hisslə mübarizə aparmalı oluram».
Əgər sən də, Anetta və Natali kimi, özünü günahlandırırsansa, bu hissin öhdəsindən necə gələ bilərsən? İlk növbədə, bir şeyi yadından çıxartma, bu hadisədə sənin heç bir günahın yoxdur. Bu məsələyə əhəmiyyətsiz yanaşan bəziləri təcavüzkara bəraət qazandıraraq: «O oğlandır», yaxud da «qız özü buna şərait yaradıb» kimi ifadələr işlədirlər. Ancaq heç nə belə bir hərəkətə bəraət qazandırmır və heç kim bu cür amansız davranışa layiq deyil. Əgər sən də belə dəhşətli hadisənin qurbanı olmusansa, əmin ol ki, günahkar sən deyilsən!
Əlbəttə: «Sən günahkar deyilsən», — ifadəsini oxumaq asandır, amma buna inanmaq çox çətin ola bilər. Bəziləri hər şeyi içinə salır və özlərini qınayaraq bədbinliyə qapılırlar. Nəzərə al ki, susmağın sənə heç bir xeyri olmayacaq, əksinə, təcavüzkarın işinə yarayacaq. Sən özünə qarşı məsuliyyət daşıyırsan, buna görə də başqa seçim etməlisən.
Baş verənləri danış
Müqəddəs Kitabda deyilir ki, dəhşətli faciə ilə üzləşən saleh Əyyub belə demişdi: «Şikayətimə məhdudiyyət qoymayacağam, acı həyatımdan danışacağam» (Əyyub 10:1). Onun kimi davransan, sən də fayda əldə edəcəksən. Etibar etdiyin bir insanla söhbət etməyin sayəsində vaxt keçdikcə baş verənlərlə barışacaq və qəlb rahatlığı tapacaqsan.
Əgər Yehovanın Şahidisənsə, yığıncağınızın ağsaqqalı ilə bu barədə danışmaq olduqca vacibdir. Sevən ağsaqqalın təsəlliverici sözləri əmin edəcək ki, sən zorakılığın qurbanı olmaqla murdarlanmamısan və heç bir günah işlətməmisən. Ağsaqqallarla söhbətin faydasını görən Anetta deyir: «Yaxın rəfiqəmlə söhbət etdikdən sonra o, məni hər şeyi ağsaqqallara danışmağa təşviq etdi. Onun məsləhətinə qulaq asdığım üçün çox sevinirəm. Onlar bir neçə dəfə oturub mənimlə söhbət etdilər və mənə məhz ehtiyacım olan sözləri — baş verənlərdə günahım olmadığını dedilər. Mənim heç bir günahım olmayıb».
Başına gələnləri və keçirdiyin hissləri bölüşməyin qəzəb və hiddətin səni yeyib bitirməsinə yol verməyəcək (Məzmur 37:8). Bu, sənə uzun illərdən sonra ilk dəfə qəlb rahatlığı tapmağa kömək edəcək. Natali də valideynləri ilə söhbət etdikdən sonra bu hissləri yaşadı. O deyir: «Onlar mənə çox dəstək oldular. Valideynlərim çəkinmədən hər şeyi onlara danışa biləcəyimi dedilər, bu da, öz növbəsində, mənə qəzəblənməməyə və özümə qapılmamağa kömək etdi». Dua etmək də Nataliyə böyük təsəlli verdi. O əlavə edir: «Xüsusilə də ürəyimi başqalarına aça bilməyəndə Allahla söhbətin mənə çox köməyi oldu. Duada mən hər şeyi sərbəst danışa bilirəm. Bunun sayəsində ürəyimdə sülh və sakitlik hökm sürür»e.
Özün görəcəksən ki, aldığın yara vaxt keçdikcə sağalır (Vaiz 3:3). Ağsaqqallar kimi, «küləyə qarşı bir pənahgah, fırtınaya qarşı sığınacaq» olan etibarlı dostlarına güvən (Yeşaya 32:2). Fiziki və emosional sağlamlığının qayğısına qal. Lazımınca istirahət et. Ən başlıcası isə, hər cür təsəlli Allahı olan Yehovaya bel bağla. Əmin ol ki, O, tezliklə yer üzündə yeni dünya quracaq və orada «şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq» (Məzmur 37:9).
[Haşiyələr]
a Çox vaxt cinsi təcavüz halları oğlanla qız görüşən zaman baş verir. Bu vaxt oğlanlar qızları ya güc tətbiq edərək, ya da dərman və ya narkotik vasitələrdən istifadə edərək zorlayırlar.
b Daha çox məlumat əldə etmək üçün 2-ci cildin 4-cü fəslinə bax.
c Bu məsləhətlər cinsi əlaqədə olmaq üçün qızlar tərəfindən təzyiqə məruz qalan oğlanlara da aiddir.
d Daha çox məlumat əldə etmək üçün 2-ci cildin 11-ci fəslinə bax.
e Bəzən cinsi təcavüzün qurbanı olanlar dərin depressiyaya qapılırlar. Belə hallarda həkimə müraciət etmək müdrik hərəkət olardı. Qəlb narahatçılığının öhdəsindən gəlməklə bağlı əlavə məlumatı bu kitabın 13 və 14-cü fəsillərindən əldə edə bilərsən.
AÇAR AYƏ
“Axır günlərdə son dərəcə ağır bir zəmanə gələcək. Çünki insanlar xudbin,.. doğmalarını sevməyən,.. təmkinsiz, zalım, yaxşılığın düşməni... olacaqlar” 2 Timoteyə 3:1—5
MƏSLƏHƏT
Əgər cinsi təcavüzə məruz qalmısansa, sənə təsəlli verəcək ayələrin siyahısını tuta bilərsən. Məsələn, bu siyahıya Məzmur 37:28; 46:1; 118:5—9; Süleymanın məsəlləri 17:17 və Filipililərə 4:6, 7 kimi ayələri daxil edə bilərsən.
BİLİRSƏN... ?
Birləşmiş Ştatlarda zorakılığın qurbanı olan yeniyetmələrin 90 faizi onları zorlayan insanları tanıyırlar.
HƏRƏKƏT PLANI!
Baş verənlərdə özümü günahkar hiss edəndə mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Zorakılıq hadisəsi barədə nə üçün xəbər vermək lazımdır?
● Əgər bu barədə susmaq qərarına gəlsən, səninlə və başqaları ilə nə baş verə bilər?
[232–ci səhifədəki yazı]
“Cinsi təcavüz barədə danışmaq çox çətindir, amma ürəyini boşaltmağın edə biləcəyin ən yaxşı şeydir. Danışmaq sənə kədərdən və qəzəbdən yaxa qurtarıb, yenidən ayağa qalxmağa kömək edəcək” Natali
[230–cu səhifədəki çərçivə]
«Əgər məni sevirsənsə...»
Elə tip insanlar var ki, cinsi zorakılıqla məşğul olarkən güc tətbiq etmirlər, əksinə, məharətlə qızların hissləri ilə oynayaraq yoldan çıxarırlar. Necə? «Bu gün hamı cinsi əlaqədə olur», yaxud «Heç kimin xəbəri olmayacaq» və ya bu kitabın 24-cü fəslində gətirilən: «Məni sevirsənsə, razılşarsan» kimi ifadələr işlətməklə. Əgər oğlan cinsi əlaqə ilə sevginin eyni şey olduğuna səni inandırmağa çalışırsa, onun yalanına uyma. Belə bir insan yalnız özünü düşünür. Sənin hisslərin onu qətiyyən maraqlandırmır. Əsil kişi isə sənin rifahını özünkündən üstün tutacaq və Allahın əxlaq normalarına bağlı qalacaq dərəcədə güclü olduğunu göstərəcək (1 Korinflilərə 10:24). O, qızlara cinsi əlaqə obyekti kimi baxmayacaq. Əksinə, gənc qadınlarla bacı kimi təmiz niyyətlə davranacaq (1 Timoteyə 5:1, 2).
[233–cü səhifədəki şəkil]
Bu ağır yükü tək daşımaq məcburiyyətində deyilsən. Hisslərini kiminləsə bölüşərək kömək ala bilərsən