«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
NOYABR
*** w00 2/1-E s. 31 ***
Bir ananın hikmətli məsləhəti
Yaxşı arvad haqda anası Ləmuilə dedi: «Ərinin ürəyi ondan arxayındır» (Məsəllər 31:11). Başqa sözlə, ər fikirləşməməlidir ki, ən xırda şeyə görə də arvadı ondan icazə almalıdır. Sözsüz ki, bahalı əşyalar almaq və uşaqların tərbiyəsi kimi ciddi məsələlərlə bağlı qərar verərkən onlar bir-biri ilə məsləhətləşməlidir. Bu məsələləri birlikdə müzakirə etmək onları bir-birinə daha da yaxınlaşdırır.
*** it-2-E s. 1183 Arvad ***
Qanun qadınları qoruyurdu. Ailənin başı ər idi və Allahın qanununa əsasən, o, ailəsini maddi cəhətdən təmin etməli idi. Həmçinin ailəsinə Allahla sıx münasibət yaratmağa kömək etməli idi. Ailə üzvlərinin etdiyi istənilən səhv ailə başçısının adını bədnam edirdi, buna görə də onun üzərinə böyük məsuliyyət düşürdü. Ərin hüquqlarının qadınınkından çox olmasına baxmayaraq, Allahın qanunu qadınları qoruyur və onlara xüsusi imtiyazlar verirdi ki, xoşbəxt həyat sürsünlər.
Aşağıda qadınlarla bağlı bəzi qanunlar sadalanır. Məsələn, fərqi yox idi, qadın da, kişi də yoldaşına xəyanət edərdisə, ölümə məhkum olunurdu. Əgər ər arvadının sədaqətinə şübhə edirdisə, onu kahinin yanına aparmalı idi ki, Yehova özü bu məsələyə baxsın. Əgər qadın günahlı idisə, nəsilartırma orqanları fəaliyyətini itirirdi. Yox əgər o, günahlı deyildisə, onda əri onunla yaxınlıq etməli idi ki, qadın hamilə qalsın, beləcə, o, onun günahsız olduğunu hamının qarşısında etiraf etmiş olurdu (Sy 5:12—31). Əgər ər arvadında ləyaqətsizlik görürdüsə, onu boşaya bilərdi. Ləyaqətsizlik deyilərkən, misal üçün, arvadın əri ilə olduqca hörmətsiz davranması, yaxud öz və ya qayınatasının ailəsini rüsvay edəcək hərəkətləri daxil idi. Lakin ər arvadını boşamaq üçün talaq kağızı yazmalı idi. Bu, qadını müdafiə edirdi və o, başqasına ərə gedə bilərdi (Qn 24:1, 2). Əgər ərdə olan qadın nəzir deyərdisə və ərinin fikrincə, bu, ailəyə zərər verən, düşünülməmiş nəzir idisə, ər onu ləğv edə bilərdi (Sy 30:10—15). Bu, qadını pis vəziyyətə salacaq düşünülməmiş hərəkətdən qoruyurdu.
Musanın qanununda çoxarvadlığa icazə verilirdi, amma qoyulan şərtlər qadının hüquqlarını qoruyurdu. Kişi ilk oğulluq haqqını sevmədiyi arvadından olan oğlundan alıb sevdiyi qadının oğluna verə bilməzdi (Qn 21:15—17). Əgər israilli öz qızını köləliyə satardısa, lakin ağasının qızdan xoşu gəlməyib onu öz cariyəsi etməzdisə, onu sata bilərdi, lakin yadelliyə yox (Çx 21:7, 8). Əgər ağası, yaxud da oğlu onu cariyəsi edib sonra başqa bir arvad alardısa, onu yeməkdən, geyimdən, evdən və arvadlıq haqqından məhrum etməməli idi (Çx 21:9—11).
Əgər bir kişi toy günü arvadı ilə yaxınlıq edəndən sonra onun bakirə olmadığını iddia edərdisə və iddiası yalan çıxardısa, həmin insan cəzalandırılırdı. Həmçinin o, qızın atasına qızın bakirəliyinə görə ikiqat məbləğdə pul ödəməli idi və ömrü boyu arvadından ondan boşana bilməzdi (Qn 22:13—19). Əgər bir kişi nişanlı olmayan bakirə qızı yoldan çıxarardısa, onda o, qızın atasına müvafiq məbləğdə pul ödəməli və atasının razılığı ilə qızı almalı idi. Bundan sonra ömrü boyu onu boşaya bilməzdi (Qn 22:28, 29; Çx 22:16, 17).
Qədim ibrani qadınlarının mövqeyi bugünkü qərb qadınlarının mövqeyindən fərqlənsə də, mömin ibrani qadınların ailədə layiqli yeri və maraqlı işləri var idi. Qadın ərinə kömək edir, uşaqlarına tərbiyə verir, ev işləri ilə məşğul olurdu. Bütün bunlar ona sevinc və məmnunluq gətirirdi, çünki bu işlərin sayəsində o, tam şəkildə qadına xas xüsusiyyətləri göstərə və qabiliyyətlərini işə sala bilərdi.
Yaxşı qadının təsviri. Məsəllər 31-ci fəsildə mömin qadının xoşbəxt olması haqda danışılır və onun gördüyü işlər təsvir olunur. O, əri üçün ləl-cəvahiratdan da qiymətlidir. Ərinin ürəyi ondan arxayındır. O, çox zəhmətkeşdir: ailəsi üçün toxuyur, paltar tikir, ev üçün bazarlıq edir, üzümlükdə işləyir, ailəsinin və qulluqçularının qeydinə qalır, ehtiyacı olanlara kömək edir, ailəsinin hər bir üzvünün gözəl geyinməsinin qayğısına qalır, əl işlərini satıb ailəsinə gəlir gətirir, gələcək çətinliklər üçün tədarük görür, ağzını hikmətlə açır, Allahdan qorxduğu üçün və gördüyü işlərə görə əri və oğulları onu tərifləyir, ətrafında yaşayanlar ərinə və ailəsinə hörmət edir. Həqiqətən də, yaxşı arvad tapan inci tapıb, Yehovanın lütfü onunladır (Ms 18:22).
Yığıncaqda. Məsihi kişi tək bir qadınla evli olmalıdır (1Kr 7:2; 1Tm 3:2). Qadın, ərinin məsihi olub-olmasından asılı olmayaraq, ona tabe olmalıdır (Ef 5:22—24). O, ər-arvadlıq borcunu yerinə yetirməkdən boyun qaçırmamalıdır, axı necə ki yoldaşının, onun da «bədəni öz ixtiyarında deyil» (1Kr 7:3, 4). Qadınlar ilk növbədə daxili varlıqlarını bəzəməyə, ruhun bəhrəsini təzahür etdirməyə təşviq olunurlar. Bu zaman imanda olmayan ərləri onların davranışı ilə fəth olunub məsihi ola bilərlər (1Bt 3:1—6).
Məcazi mənası. Yehova Allah İsraillə əhd bağladığı üçün məcazi mənada onu arvadı adlandırırdı (Əş 54:6). Həvari Bulus Yehova Allahı ruhla doğulmuş məsihilərin atası, «səmavi Yerusəlim»i isə anası adlandırmışdı, sanki, Yehova Allah bu Yerusəlimlə ailə qurub ki, onun ruhdan doğulmuş uşaqları olsun (Qt 4:6, 7, 26). Məsihi yığıncağı İsa Məsihin gəlini və arvadı adlandırılır (Ef 5:23, 25; Vh 19:7; 21:2, 9).
*** w00-E 1/2 s. 31, abz. 3, 4 ***
Ana nəsihəti
Yaxşı arvad ailəsi üçün çox şey edir. Məsəllər 31-ci fəsil 13-dən 27-yə kimi ayələrdə yazılan gözəl məsləhət və prinsiplər hər bir qadın üçün faydalıdır. Məsələn, pal-paltar, ev əşyaları bahalaşanda hikmətli qadın pula qənaət etməli və qabiliyyətlərini işə salmalıdır. Beləcə, ailəsi geyim baxımından korluq çəkməyəcək (Məsəllər 31:13, 19, 21, 22). Yemək xərclərini azaltmaq üçün qadın alış-veriş edəndə diqqətli olmalıdır. Həmçinin bacardığı qədər müəyyən məhsulları özü yetişdirə bilər (Məsəllər 31:14, 16).
Belə halda demək olar ki, bu qadın «müftə çörək» yemir. O, çox zəhmətkeşdir və ev işlərinə nəzarət etmək üçün əlindən gələni edir (Məsəllər 31:27). O, «belini möhkəm bağlayır», yəni lazım gələrsə, ağır iş də görməyə hazırdır (Məsəllər 31:17). O, alaqaranlıqda yuxudan durub işə başlayır, gecəyə kimi dayanmır. Məcazi dillə desək, onun işığında işlədiyi çıraq heç vaxt sönmür (Məsəllər 31:15, 18).
*** w00-E 1/2 s. 31, abz. 5 ***
Ana nəsihəti
Hər şeydən ziyadə, yaxşı arvadın Allahla sıx münasibətləri var. O, Allahdan qorxur və böyük ehtiramla Ona ibadət edir (Məsəllər 31:30). Belə qadın övladlarına da bunu aşılamaq üçün ərinə dəstək olur. Məsəllər 31-ci fəsilin 26-cı ayəsində deyilir ki, o, övladlarını hikmətlə tərbiyələndirir və«xeyirxahlıq qanunu [onun] dilindədir».
*** w00-E 1/2 s. 31, abz. 8 ***
Ana nəsihəti
Anası öz şəxsi təcrübəsinə əsaslanaraq, Ləmuilə xatırladır ki, ailə qurandan sonra həyat yoldaşına dəyər verdiyini göstərsin. Axı arvadı ona yer üzündə hamıdan əziz olacaq. Ləmuil evlənəndə sonra arvadına «Yaxşı qadın çoxdur, ancaq sənin tayın-bərabərin yoxdur» deyəndə onun səsindəki xoş duyğuları təsəvvür etmək olar (Məsəllər 31:29).
*** w11-E 1/8 s. 29, abz. 2 ***
Ümid və arzularla dolu bir gün
Sonra Entoni Morris qardaş Məsəllər 27:21 ayəsini açıb oxudu. Orada yazılıb: «Gümüş üçün kürə var, qızıl üçün soba, insan isə təriflə yoxlanar». Qardaş izah etdi ki, qızılla gümüş əridilib saflaşdırıldığı kimi, biz də təriflə saflaşa bilərik. Bu necə baş verir? Tərif insanı sınayır. Belə ki, tərif insanın ürəyində təkəbbür oyada və Allahla münasibətlərinin korlanmasına gətirib çıxara bilər, ya da əksinə, tərif insanı təşviq edə bilər ki, nailiyyətlərinə görə Allaha borclu olduğunu qəbul etsin və Onun qoyduğu qanunlara bağlı qalmağa daha əzmli olsun. Beləcə, Entoni qardaş şagirdlərə tövsiyə etdi ki, onların ünvanına söylənilən tərifə düzgün yanaşsınlar. Yəni tərifə ürəklərində «allah qorxusu» olduğunu sübut etmək üçün bir vasitə kimi baxsınlar.
*** w15 2/1 s. 4—6 ***
İŞİMDƏN NECƏ ZÖVQ ALIM?
«Hər kəs yeyib-içməli və zəhmətindən həzz almalıdır. Bu, Allahın bəxşişidir» (Vaiz 3:13). Allah istəyir ki, biz işimizdən həzz alaq. Buna görə məntiqlidir ki, o bizə bunu öyrənməyin yolunu da göstərir (Əşiya 48:17). Allah bunu Öz Kəlamı vasitəsilə edir. Elə isə gəlin orada yazılan bəzi tövsiyələri nəzərdən keçirək.
İŞİNİZƏ MÜSBƏT GÖZLƏ BAXIN
İstər işiniz zehni, istər fiziki, istərsə də həm zehni, həm də fiziki olsun, bilin ki, «hər zəhmətdə fayda var» (Məsəllər 14:23). Götürək pul məsələsini. İşləməsəydik, maddi ehtiyaclarımızı qarşılaya bilməzdik. Düzdür, Allah vəd edir ki, saleh bəndələri heç nədən korluq çəkməyəcək (Mətta 6:31,32). Amma necə deyərlər, «səndən hərəkət, Allahdan bərəkət». Allah gözləyir ki, biz də öz tərəfimizdən alnımızın təri ilə, halallıqla pul qazanaq (2 Salonikililərə 3:10).
Beləcə, işə məqsədimizə çatmaq üçün bir vasitə kimi baxmalıyıq. İş məsuliyyətlərimizi icra etməyin ən şərəfli yoludur. 25 yaşlı Coşua deyir: «İnsan özünü dolandıra bilirsə, bunun özü böyük şeydir. Sənə lazım olan şeyləri ala bilirsənsə, deməli, məqsədinə çatmısan».
Bundan əlavə, ağır zəhmətin sayəsində özümüzə hörmət hissi yaranır. Axı işləmək zəhmət tələb edir. Hətta çətin və darıxdırıcı iş olsa da, özümüzü məcbur edib işimizi axıra çatdıranda sevinirik, çünki çətinlikdən qorxmadıq. Biz asan loğma axtarmadığımız üçün bu işin altından alnıaçıq çıxdıq (Məsəllər 26:14). Bu baxımdan iş bizə dərin məmnunluq gətirir. Əvvəlki məqalədə adı çəkilən Harun bölüşür: «İşin sonunda duyduğum hisslər mənə ləzzət edir. Əldən düşsəm də və ola bilsin, gördüyüm işdən heç kimin xəbəri olmasa da, rahat nəfəs ala bilirəm, çünki işimi başa çatdırdım».
İŞƏ CAN QOYUN
Müqəddəs Kitabda «işində usta» olan kişi və «hər işə həvəslə» əl atan qadın tərif olunur (Məsəllər 22:29; 31:13). Əlbəttə ki, insan duran yerdə işinin ustası olmur. Elə insan varmı ki, bacarmadığı işi görərkən zövq alsın? Olsa da, tək-tük hallarda. Çoxlarının gördükləri işdən zövq almamalarına səbəb məhz budur. Onlar işlərinin ustası olmaq üçün yetərincə çalışmırlar.
Əslində, insan hər işdən zövq ala bilər. Sadəcə, bunun üçün işə düzgün yanaşmalıdır, başqa sözlə, işini mükəmməl görməyə can atmalıdır. 24 yaşlı Vilyam deyir: «Əgər hansısa iş üçün əlindən gələni edir və zəhmətinin bəhrəsini görürsənsə, bundan zövq alırsan. Əlbəttə ki, kimsə işini necə gəldi eləsə, bu cür sevinc duymayacaq».
İŞİNİZİN BAŞQALARINA XEYRİ
İşinizə sadəcə maaş mənbəyi kimi baxmayın. Növbəti sualların üzərində düşünün: «Bu iş nə üçün vacibdir? Bu iş görülməsə və ya səhv görülsə, nə baş verər? İşim başqalarına hansı xeyri gətirir?»
Yaxşı olar ki, axırıncı sualın üzərində xüsusilə düşünəsiniz. Çünki insan işinin başqalarına nə qədər fayda gətirdiyini görəndə daha çox məmnunluq duyur. İsa peyğəmbər boş-boşuna deməmişdi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35). Sözsüz, bizim gördüyümüz iş, əsasən, müştərilərə, müdirimizə xeyir gətirir. Amma siyahı bununla bitmir. Çəkdiyimiz zəhmətin xeyrini evdəkilər və ehtiyac içində olanlar da görür.
Ailəmiz. Ailə başçısı arvadını, uşaqlarını dolandırmaq üçün işləyirsə, ən azı iki məsələdə onlara xeyir gətirmiş olur. Birincisi, onun işi sayəsində ailəsinin pal-paltarı, qidası və qalmağa yeri olur. Bununla o, bir ailə başçısı kimi, Allah tərəfindən ona həvalə olunan məsuliyyəti yerinə yetirir, ailəsinin qeydinə qalır (1 Timutiyə 5:8). İkincisi isə, o, öz zəhmətkeşliyi ilə ailəsinə nümunə qoyur. Şeyn bölüşür: «Atam işinə məsuliyyətlə yanaşmaqda mənə gözəl örnəkdir. O, dürüst adamdır. Ömürbillah işləyib evə pul gətirib. Əsas peşəsi dülgərlikdir. Onun sayəsində alın təri ilə işləməyi: insanlara lazım olan əşyalar düzəltməyi öyrəndim».
Köməyə ehtiyac duyanlar. Həvari Bulus məsihilərə məsləhət görmüşdü ki, əllərinin zəhməti ilə dolansınlar ki, korluq çəkənə də əl tuta bilsinlər (Efeslilərə 4:28). Özümüzü və ailəmizi dolandırmaq üçün işləyiriksə, ehtiyacı olan kəslərə də əl tuta biləcəyik (Məsəllər 3:27). Onda verməyin nə qədər xoşbəxtlik gətirdiyini dadacağıq.
LAZIMINDAN ARTIQ İŞLƏYİN
Məsih İsanın hikmətli sözlərindən biri belə səslənir: «Əgər hakimiyyət sahibi səni bir kilometr yol getməyə məcbur edirsə, onunla iki kilometr get» (Mətta 5:41). Bu sözləri öz işinizdə necə tətbiq edə bilərsiniz? Sizdən tələb olunandan artıq iş görməyə çalışın. Qabağınıza məqsədlər qoyun. Çalışın işi daha tez və ya daha keyfiyyətli edəsiniz. İşinizdəki ən xırda uğura da sevinin.
Əgər siz işinizi artıqlaması ilə görürsünüzsə, böyük ehtimal ki, bu, sizə daha çox məmnunluq gətirəcək. Çünki onda işinizin ağası özünüz olacaqsınız. Artıqlaması ilə iş görməyə sizi kimsə məcbur etmir, bu, sizin öz istəyinizdir (Filimona 14). Məsəllər 12:24 ayəsi lap yerinə düşür. Orada yazılıb: «Çalışqan ağalıq edər, tənbəl isə nökərçilik». Əlbəttə ki, indiki zəmanədə az adam tapılar ki, kiminsə nökəri olsun və kimsə onu işləməyə məcbur etsin. Ancaq yalnız ondan tələb olunan işi görən insan özünü nökər kimi hiss edəcək. Ona həmişə elə gələcək ki, o, kiminsə əlinin altında işləyir. Amma həmin insan, İsa Məsihin dediyi kimi, iki kilometr getsə, yəni öz istəyilə artığını eləsə, hər şeyin onun nəzarəti altında olduğunu hiss edəcək. Yəni işinə başqası deyil, özü ağalıq edəcək.
İŞİN ÖZ YERİ OLMALIDIR
İşləmək çox vacibdir, amma unutmaq lazım deyil ki, işdən də vacib şeylər var. Düzdür, Müqəddəs Kitab çalışqan olmağa təşviq edir (Məsəllər 13:4). Amma bu, o demək deyil ki, günün iyirmi dörd saatını işləmək lazımdır. Vaiz 4:6 ayəsində deyilir: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır». Deməli, insan bütün vaxtını və gücünü işə sərf eləsə, əməyinin zəhmətindən həzz almayacaq. Nəticədə isə onun işi külək dalınca qaçmağa bənzəyəcək.
Allahın Kəlamındakı məsləhətlərin sayəsində biz işimizə düzgün yanaşmağı öyrənə bilərik. Düzdür, Müqəddəs Kitabda buyrulur ki, işə can qoyaq, amma orada «daha vacib şeyləri ayırd etməyi» bacarmağın da vacibliyi vurğulanır (Filippililərə 1:10). Bəs daha vacib şeylər deyildikdə nə nəzərdə tutulur? Buna ailəmiz və yaxınlarımızla vaxt keçirmək daxildir. Ən əsası isə Müqəddəs Kitabı mütaliə etmək, dərinliyinə varmaq və Allahla münasibətlərimizi möhkəmləndirən digər işlərlə məşğul olmaq daha vacib şeylərə aiddir.
Həyatında tarazlılığı qoruyan insan işindən daha çox məmnunluq duyur. Yuxarıda adı çəkilən Vilyam xatırlayır: «Mənim əvvəlki müdirim işdə tarazlılığı qorumaq sahəsində gözəl örnəkdir. O, çox zəhmətkeş insandır, işini keyfiyyətli gördüyü üçün müştəriləri ilə əla münasibəti var. Amma o, işin iş, ailənin ailə yerini bilirdi. Bundan əlavə, Allaha ibadətinə vaxt ayırırdı. Və sizə deyim ki, o, tanıdığım ən xoşbəxt insanlardan biridir!»
[Çərçivə: səhifə 5]
Onların işə münasibəti
«İşin sonunda yorğun olanda daxilən məmnunluq duyuram və çox sevinirəm. Çünki bilirəm ki, bu gün həqiqətən də işləmişəm» (Nik).
«Yaxşısı odur ki, insan işə can qoysun. Ya bu işi etmə, edirsənsə, yaxşı et» (Kristian).
«İnsan bədəni çox şey edə bilir. Allahın mənə verdiyi həyata minnətdarlığımı bildirmək üçün ürəkdən işləmək və insanlara kömək etmək istəyirəm» (David).
(Vaiz 4:6) Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.
*** w15-E 1/2 s. 6, abz. 3—5 ***
İŞİN ÖZ YERİ OLMALIDIR!
İşləmək çox vacibdir, amma unutmaq lazım deyil ki, işdən də vacib şeylər var. Düzdür, Müqəddəs Kitab çalışqan olmağa təşviq edir (Məsəllər 13:4). Amma bu, o demək deyil ki, günün iyirmi dörd saatını işləmək lazımdır. Vaiz 4:6 ayəsində deyilir: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır». Deməli, insan bütün vaxtını və gücünü işə sərf eləsə, əməyinin zəhmətindən həzz almayacaq. Nəticədə isə onun işi külək dalınca qaçmağa bənzəyəcək.
Allahın Kəlamındakı məsləhətlərin sayəsində biz işimizə düzgün yanaşmağı öyrənə bilərik. Düzdür, Müqəddəs Kitabda buyrulur ki, işə can qoyaq, amma orada «daha vacib şeyləri ayırd etməyi» bacarmağın da vacibliyi vurğulanır (Filippililərə 1:10). Bəs daha vacib şeylər deyildikdə nə nəzərdə tutulur? Buna ailəmiz və yaxınlarımızla vaxt keçirmək daxildir. Ən əsası isə Müqəddəs Kitabı mütaliə etmək, dərinliyinə varmaq və Allahla münasibətlərimizi möhkəmləndirən digər işlərlə məşğul olmaq daha vacib şeylərə aiddir.
Həyatında tarazlılığı qoruyan insan işindən daha çox məmnunluq duyur. Yuxarıda adı çəkilən Vilyam xatırlayır: «Mənim əvvəlki müdirim işdə tarazlılığı qorumaq sahəsində gözəl örnəkdir. O, çox zəhmətkeş insandır, işini keyfiyyətli gördüyü üçün müştəriləri ilə əla münasibəti var. Amma o, işin iş, ailənin ailə yerini bilirdi. Bundan əlavə, Allaha ibadətinə vaxt ayırırdı. Və sizə deyim ki, o, tanıdığım ən xoşbəxt insanlardan biridir!»
*** w11-E 11/1 s. 21, abz. 1—6 ***
ALLAHA YAXINLAŞIN
Allah qarşısındakı vəzifəni yerinə yetirin
«ALLAH bizi nə üçün yaradıb?» Bu haqda nə vaxtsa düşünmüsünüz? Belə şeylərlə maraqlanmaq və onlara cavab tapmaq meyli Yehovadandır. Şükürlər olsun ki, gözəl Allahımız bizi qaranlığın pəncəsində saxlamır. İşığı bizə Kəlamından saçır. Gəlin Vaiz 12:13 ayəsində qələmə alınan Süleyman peyğəmbərin sözlərinə diqqət yetirək. Və baxaq görək bizim sualımıza orada necə cavab verilir.
Süleyman peyğəmbər kimi, xoşbəxtliyə nail olmağın və həyatın mənasını tapmağın yolunu izah edən ikinci adam olmazdı. Allah tərəfindən ona nazil olan hikmət, fəzilət, var-dövlət, səlahiyyət sayəsində onun imkanı var idi ki, insan meylini, həmçinin pul, ad-san qazanmaq arzusunu hərtərəfli öyrənsin (Vaiz 2:4—9, 4:4). Sonra o, müqəddəs ruhun sayəsində öyrəndiklərini növbəti sözlərlə yekunlaşdırmışdı: «Xülasə, deyilənlərin məğzi budur: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. İnsanın vəzifəsi budur». Bu sözlərin sayəsində hansı məqsədin ən ali məqsəd olduğunu və mükafat gətirdiyini görmək olar.
«Allahdan qorxun». Allahdan qorxmaq fikri ilk öncə qulağa xoş səslənməyə bilər. Amma bu qorxu ürəyin düzgün vəziyyətidir. Belə qorxu ağanın cəzasına düçar olmaqdan qorxan qulun qorxusu ilə eyni deyil. Bu, qayğıkeş atanın rəğbətini itirməkdən qorxan övlad qorxusudur. Bir mənbəyə görə, Allah xofu «Allahı sevən və Onun hökmranlığını, habelə ucalığını qəbul edən bəndələrinin göstərdiyi ehtiram və dərin hörmət hissidir». Bu hiss bizi Allahın iradəsini yerinə yetirməyə təşviq edir. Çünki biz Onu sevirik və Onun sevgisinə əminik. Bu qorxu adi hiss deyil, hərəkətə səsləyən gücdür.
«Onun əmrlərini yerinə yetirin». Allah xofu bizi Ona tabe olmağa təşviq edir. Allaha tabe olmağın əsaslı səbəbləri var. O, bizim Yaradanımızdır və Həyatın Banisi kimi bizim necə yaşamalı olduğumuzu daha yaxşı bilir. Üstəlik, Yehova bizim yaxşılığımızı, xoşbəxtliyimizi istəyir. Buna görə qoyduğu qanun-qaydaların hamısı bizim xeyrimizədir (Əşiya 48:17). Həvari Yəhya belə sözlər demişdi: «Allahı sevmək, Onun əmrlərini yerinə yetirmək deməkdir. Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3). Allahın əmrləri Onun sevgisindən xəbər verir. Biz də öz növbəmizdə Allaha tabe olmaqla Onu sevdiyimizi göstəririk.
«İnsanın vəzifəsi budur». Bu sözlər özü-özlüyündə Allahdan qorxmağa və Ona itaət etməyə əsaslı səbəbdir. Allahdan qorxmaq bizim vəzifəmizdir. Yehova bizim Yaradanımız olduğu üçün həyatımıza görə Ona borcluyuq (Zəbur 36:9). Deməli, biz Ona itaət etməyə borcluyuq. Odur ki, Yaradanın əmrlərinə əməl ediriksə, vəzifəmizi icra etmiş oluruq.
Bəs indi necə cavab verərdiniz: «Allah bizi nə üçün yaradıb?» Cavab sadədir: Onun niyyətini yerinə yetirmək üçün. Bu, həyatımıza məna qatmağın ən gözəl yoludur. Sizə məsləhətimiz budur ki, Allahın niyyətinin nədən ibarət olduğunu və həyatınızı ona uyğun necə qura biləcəyinizi öyrənəsiniz. Yehovanın Şahidləri sizə böyük məmnuniyyətlə bu işdə kömək edərlər.