A3
Müqəddəs Kitabın səhihliyi barədə
Müqəddəs Kitabın Nazil Edəni və Müəllifi eyni zamanda onun Qoruyanıdır. O, peyğəmbərinə bu sözü vəhy etmişdir:
«Allahımızın sözü əbədi qalar»(Əşiya 40:8).
Bu sözlər doğrudur, baxmayaraq ki, nə ibrani və aramia dillərində yazılmış Tövratın, nə də yunan dilində yazılmış İncilin orijinal mətnləri günümüzə qədər gəlib çatmayıb. Belə olduqda, necə əmin ola bilərik ki, bu gün mövcud olan Müqəddəs Kitab Allahın nazil etdiyi vəhylərin orijinalını əks etdirir?
KÖÇÜRÜCÜLƏRİN ROLU
Tövrata gəldikdə, Yehova Allahın təsis etdiyi qədim ənənə yuxarıdakı suala qismən cavab verir. Allah-Taala Müqəddəs Yazıların üzünü köçürməyi Özü buyurmuşdub. Məsələn, İsrail padşahları Tövrat Qanununun üzünü köçürüb özləri üçün şəxsi nüsxə hazırlamalı idilər (Qanunun təkrarı 17:18). Bundan əlavə, Allah Tövratı qorumaq və xalqa öyrətmək işini lavililərə (Allahın xidmət üçün ayırdığı nəsil) tapşırmışdı (Qanunun təkrarı 31:26; Nəhəmya 8:7). Yəhudilər Babilə sürgün ediləndən sonra köçürücülər, yaxud mirzələr sinfi (soferimlər) meydana çıxdı (Üzeyir 7:6, haşiyədə). Zaman keçdikcə bu mirzələr ibranicə yazılmış 39 kitabın çoxsaylı nüsxələrini tərtib etmişdilər.
Yüzilliklər boyu mirzələr bu kitabları son dərəcə dəqiqliklə köçürmüşlər. Orta əsrlərdə həmin ənənəni masoretlər adlanan yəhudi mirzələri davam etdirdilər. Bütün kitabları daxil edən ən əski masoret əlyazması eramızın 1008/1009-cu illərinə aid olan Leninqrad kodeksidir. XX əsrin ortalarında «Ölü dəniz əlyazmaları» arasında təxminən 220 əlyazma və fraqment aşkar olunmuşdur. Bu yazılar Leninqrad kodeksindən ən azı min il qədimdir. Ölü dəniz əlyazmalarını Leninqrad kodeksi ilə tutuşdurduqda çox mühüm bir faktın şahidi oluruq: Ölü dəniz əlyazmalarında bəzi söz fərqləri tapılsa da, bunların mətnin məğzinə təsiri yoxdur.
Bəs 27 hissədən ibarət olan İncil barədə nə demək olar? Bu yazıları İsa Məsihin həvariləri və bir neçə digər ardıcılı qələmə almışlar. Yəhudi mirzələrinin ənənəsini davam etdirərək ilk məsihilər bu yazıların üzünü köçürüb çoxaldırdılar (Koloslulara 4:16). Roma imperatoru Diokletian və digər şəxslər bütün məsihi yazılarını məhv etməyə cəhd etsələr də, minlərlə əlyazma və fraqment salamat qalaraq bu günə gəlib çatmışdır.
Məsihi yazıları həm də başqa dillərə tərcümə edilirdi. Müqəddəs Yazıların erkən tərcümələrinin sırasına arami, gürcü, həbəş, kopt və latın dilinə edilmiş tərcümələr daxildir.
TƏRCÜMƏ ÜÇÜN ƏSAS GÖTÜRÜLMÜŞ İBRANİ VƏ YUNAN MƏTNLƏRİ
Qədim əlyazmaların arasında müəyyən söz fərqləri mövcuddur. Belə isə Müqəddəs Yazıların orijinal mətnində nə yazıldığını necə müəyyən etmək olar?
Bunu bir əyani misal üzərində göstərmək olar. Tutaq ki, müəllim yüz şagirdə kitabdan bir fəsli köçürməyi tapşırır. Sonradan həmin fəslin mətni itsə də, yüz surəti tutuşduraraq orijinal mətni müəyyən etmək olar. Şagirdlər mətni köçürərkən səhvlər etmiş olsalar da, hamısının eyni səhvi buraxması ehtimalı, demək olar ki, sıfıra bərabərdir. Eynilə, bu gün mütəxəssislər Müqəddəs Kitabın müxtəlif hissələrinin minlərlə qədim əlyazmasını tutuşdurmaqla köçürücülərin buraxdığı səhvləri tapıb orijinal mətni müəyyən edə bilirlər.
«Qətiyyətlə deyə bilərik ki, heç bir başqa qədim əsər bizə bu dərəcədə dəqiqliklə gəlib çatmamışdır»
Müqəddəs Kitabın orijinal mətnindəki fikirlərin bizim dövrə səhih gəlib çatmasına nə dərəcədə əmin ola bilərik? Alim Uilyam Qrin Tövratın mətni ilə bağlı belə şərh vermişdir: «Qətiyyətlə deyə bilərik ki, heç bir başqa qədim əsər bu dərəcədə dəqiqliklə bizə gəlib çatmamışdır». İncil (Əhdi-Cədid kimi də tanınır) barədə Müqəddəs Kitab üzrə mütəxəssis F. F. Bryus yazmışdır: «Əhdi-Cədid mətnlərinin səhihliyini təsdiq edən dəlillər bir çox klassik yazarların əsərlərini təsdiqləyən dəlillərdən qat-qat güclüdür, hərçənd həmin əsərlərin səhihliyini şübhəyə almaq heç kimin ağlına da gəlməz». O həmçinin qeyd etmişdir: «Əgər Əhdi-Cədid dünyəvi sənədlər toplusu olsaydı, onlar bütün mütəxəssislər tərəfindən birmənalı olaraq səhih kimi qiymətləndirilərdi».
İbrani mətni: Tövratın ingilis dilindəki «Yeni Dünya Tərcüməsi» (1953—1960) Rudolf Kittel tərəfindən tərtib edilmiş «Biblia Hebraica»ya əsaslanır. O vaxtdan ibrani mətninin «Biblia Hebraica Stuttgartensia» və «Biblia Hebraica Quinta» adlanan yenidən baxılmış variantları çıxmışdır. Bu yeni nəşrlərdə Ölü dəniz əlyazmaları və digər qədim əlyazmaların tədqiqat nəticələri də yer almışdır. Həmin elmi işlərin əsas mətnini Leninqrad kodeksi təşkil edir. Haşiyələrdə isə digər mənbələrə əsaslanan müqayisələr verilmişdir. Bu mənbələrə aşağıdakılar daxildir: «Samaritan Pentateuch» (Səməriyyə Tövratı), «Dead Sea Scrolls» (Ölü dəniz əlyazmaları), «Greek Septuagint» (Yunan Septuagintası), «Aramaic Targums» (Arami tarqumları), «Latin Vulgate» (Latın Vulqatası), «Syriac Peshitta» (Suriya Peşittası). «Yeni Dünya Tərcüməsi»nin axırıncı nəşri hazırlanarkən həm «Biblia Hebraica Stuttgartensia», həm də «Biblia Hebraica Quinta»ya müraciət olunub.
Yunan mətni: XIX əsrin sonlarında alimlər B. F. Vestkot və F. C. A. Hort o vaxt əldə olan əlyazmalar və fraqmentləri tutuşduraraq, onların fikrincə, yunan mətninin orijinalını ən yaxşı şəkildə əks etdirən nümunə hazırlamışlar. XX əsrin ortalarında Yeni Dünya Tərcüməsi Komitəsi həmin mətni əsas kimi götürmüşdü. Komitə həmçinin eramızın ikinci və üçüncü əsrlərinə aid digər erkən papirus sənədlərə də müraciət etmişdi. Həmin vaxtdan bu yana yeni papirus sənədlər ortaya çıxmışdır. Bundan əlavə, alimlər Nestle və Aland tərəfindən hazırlanan, həmçinin Birləşmiş Bibliya Cəmiyyətləri tərəfindən tərtib olunan İncil mətninin nümunələrində yeni elmi tədqiqatlar işıq üzü görmüşdür. Bu tədqiqatların nəticələrinin bəziləri «Yeni Dünya Tərcüməsi»nin son nəşrində (2013) öz əksini tapır.
Həmin nümunə mətnlərindən aydın olur ki, köhnə tərcümələrdə (məs. «King James Version») yer alan bəzi İncil ayələri əslində Allahın nazil etdiyi orijinal mətndə olmamışdır, sonradan bəzi köçürücülər tərəfindən əlavə edilmişdir. Lakin XVI əsrdən başlayaraq, əksər tərcümələrdə mətni ayələrə bölmə sistemi qəbul edildiyindən həmin ayələr mətnə daxil edilməyəndə rəqəm yazılır, ayənin yeri isə boş qalır. Bunlar növbəti ayələrdir: Mətta 17:21; 18:11; 23:14; Mark 7:16; 9:44, 46; 11:26; 15:28; Luka 17:36; 23:17; Yəhya 5:4; Həvarilərin işləri 8:37; 15:34; 24:7; 28:29; Romalılara 16:24. Bu nəşrdə həmin buraxılmış ayələr haşiyə ilə göstərilir.
Markın yazdığı müjdənin 16-cı fəslinin uzun (9—20 ayələri) və qısa yekununa, habelə Yəhya 7:53—8:11 ayələrindəki mətnə gəlincə, bəlli olur ki, bu ayələr orijinal mətnə daxil olmamışdı. Bu səbəbdən həmin qondarma mətn bu tərcümədə əks olunmayıb.
Bundan əlavə, ingilis dilində çıxan «Yeni Dünya Tərcüməsi»nin son nəşrində mütəxəssislərin fikrincə, orijinal mətni daha düzgün əks etdirən varianta uyğun olaraq, bəzi ayələrdə düzəlişlər edilib. Məsələn, bəzi əlyazmalara əsasən, Mətta 7:13 ayəsi bu cür oxunur: «Dar qapıdan girin, çünki məhvə aparan qapı enli, yol isə genişdir». Əvvəlki nəşrlərdə həmin ayədə «qapı» sözü yazılmamışdı. Lakin əlyazmaların üzərində aparılan son tədqiqatlar «qapı» sözünün orijinal mətndə yer aldığı qənaətinə gəlməyə əsas verib. Belə ki, həmin söz son nəşrə daxil edilmişdir. Bu qəbildən olan kiçik dəyişikliklər bir sıra digər ayələrdə də yer almışdır. Amma onların Müqəddəs Kitabın ümumi məğzinə heç bir təsiri olmamışdır.
a Bundan sonra sadəcə «ibrani» kimi istinad ediləcək.
b Əlyazmaların köçürülməsinə səbəblərdən biri o idi ki, yazı üçün istifadə olunan material tez xarab olurdu.