FƏSİL 11
«Səni... gözətçi qoymuşam»
MƏZMUN: Yehova gözətçi təyin edir və ona daşıdığı məsuliyyəti başa salır
1. Yehovanın təyin etdiyi gözətçilərin gördüyü işi və sonrakı hadisələri təsvir edin?
GÜNƏŞ yavaş-yavaş qürub edir. Yerusəlimin qala divarında gözətçi keşik çəkir. O, əlini gözünün üstünə qoyub diqqətlə üfüqə baxır. Amma birdən ilan çalmış kimi diksinir. Babil ordusu şəhərə doğru irəliləyir! Xalqı xəbərdar etmək lazımdır. O, əlini kərənaya atır, nəfəsini içinə çəkib kərənayı ucadan çalır. Ancaq bu xəbərdarlığın heç bir mənası yoxdur. Şəhərin vecsiz sakinləri nə etsələr boşdur. Artıq iş-işdən keçib. Gör neçə illərdir ki, Yehovanın təyin etdiyi gözətçilər, Onun elçiləri xalqı bu günün yetişəcəyindən xəbərdar edirdi. Amma, çifayda! Kimdir onlara məhəl qoyan?! Bu da nəticəsi. Babil ordusu şəhəri dörd bir tərəfdən əhatəyə alıb. Şəhərin aqibəti acı olacaq. Mühasirə xeyli davam edəndən sonra babillilər qala divarını uçuracaq, məbədi yerlə yeksan edəcək. Yerusəlim sakinlərindən kimisi qətlə yetiriləcək, kimisi əsir aparılacaq.
2, 3. a) Yer üzünün sakinlərini tezliklə nə gözləyir? b) Bu fəsildə hansı suallar nəzərdən keçirilir?
2 Bu gün də yer üzünün imansız sakinlərini cəza gözləyir. Yehovanın müdhiş günü yetişəndə səmavi ordu Onun hökmü ilə bu insanları məhv edəcək. Ordu artıq yürüşə hazır vəziyyətdədir (Vəhy 17:12—14). Bu savaş bəşər tarixində görünməmiş böyük müsibətin kulminasiya nöqtəsində baş verəcək (Mət. 24:21). Amma hələ gec deyil. İstəyən hər kəs Yehovanın təyin etdiyi gözətçinin xəbərdarlığına hay verib canını qurtara bilər.
3 Bəs gözətçi təyin etməyə Yehovanı nə təşviq etmişdi? Gözətçi hansı xəbəri car çəkir? Bu işi kim görür və bizim bu işdə hansı payımız var? Gəlin bu sualları nəzərdən keçirək.
«Mənim adımdan onlara xəbərdarlıq et»
4. Yehova nəyə görə gözətçilər təyin edirdi? (Fəslin əvvəlindəki şəklə baxın.)
4 Hizqiyal 33:7 ayəsini oxuyun. Gözətçilər çox vaxt qala divarında durub keşik çəkirdilər, şəhər sakinlərinin təhlükəsizliyini qoruyurdular. Bu, şəhər hakiminin öz təbəələrinin qeydinə qaldığına sübut idi. Gözətçinin şeypur çalması şəhər sakinlərini təlaşa salsa da, bu səs onların xeyri üçün idi. Xəbərdarlığa hay verənlər xilas ola bilərdi. Yehova da keşikçilər təyin edəndə məqsədi israilliləri fəlakət xəbəri ilə qorxuya salmaq deyildi, əksinə, O, xalqının qeydinə qalırdı, onların xilas olmasını istəyirdi.
5, 6. Yehovanın ədalətli olduğunu təsdiq edən sübutlardan biri hansıdır?
5 Hizqiyalı gözətçi təyin edəndə Yehovanın gözəl keyfiyyətləri özünü aydın şəkildə büruzə verdi. Bu keyfiyyətlər bizim Yehovaya etibarımızı möhkəmləndirir. Gəlin onlardan ikisinə nəzər salaq.
6 Ədalət. Yehovanın ədaləti ondan görünür ki, O üzgörənlik etmədən hər birimizlə ayrıca bir fərd kimi davranır. Məsələn, böyük əksəriyyət Hizqiyalın söylədiyi xəbəri rədd etsə də, Yehova israillilərin hamısına üsyankar kütlə kimi baxmırdı. Əksinə, O, ayrı-ayrı adamların bu xəbərə necə hay verəcəyini görmək istəyirdi. O, dönə-dönə həm pis, həm də saleh adama müraciət edir. Buna görə də hər kəsə xəbərə göstərdiyi münasibət əsasında hökm çıxarır (Hizq. 33:8, 18—20).
7. Yehova insanlara nəyin əsasında hökm çıxarır?
7 Yehovanın ədalətli olduğu həm də insanlara necə hökm çıxarmasından görünür. İnsanlar keçmişdəki əməllərinə görə yox, bu gün xəbərdarlığa necə hay verdiklərinə görə Allahın qarşısında məsuliyyət daşıyır. Yehova Hizqiyala demişdi: «Mən pis adama “öləcəksən!” deyəndə o, günahından dönüb, haqq və saleh iş tutsa,.. yaşayacaq, ölməyəcək». Sonra Yehova belə bir təsirli sözlər demişdi: «Etdiyi günahların heç biri yada salınmayacaq» (Hizq. 33:14—16). Amma saleh insan da düşünməməlidir ki, indiyə kimi göstərdiyi itaətkarlıq ona indən belə üsyan etməyə haqq verir. Yehova demişdi ki, əgər insan «öz salehliyinə güvənib pis iş tutsa, saleh işlərindən heç biri yada salınmayacaq, o, günahına görə öləcək» (Hizq. 33:13).
8. Peyğəmbərlərin söylədiyi xəbərdarlıqlardan Yehovanın ədaləti barədə nə öyrənirik?
8 Yehovanın ədalətli olduğuna daha bir sübut odur ki, O, hərəkətə keçməzdən əvvəl xəbərdarlıq edir. Babil qoşunu Yerusəlimi darmadağın etməzdən təxminən altı il əvvəl Yehova Hizqiyalı peyğəmbər təyin etmişdi. Ancaq Hizqiyal israilliləri Allaha cavab verəcəkləri barədə xəbərdar edən birinci adam deyildi. Yerusəlimin dağılmasından təxminən bir əsr əvvəl Yehova Huşə, Əşiya, Mikə, Odid, Ərəmya peyğəmbəri gözətçi qoymuşdu. Yehova Ərəmya vasitəsilə israillilərə xatırlatmışdı: «Gözətçilər qoydum, gözətçilər: “Şeypur səsinə qulaq asın!” dedilər» (Ərm. 6:17). Sonda babillilər Yehovanın hökmünü icra edəndə çoxlu insan həyatını itirdi, ancaq buna görə nə Yehova, nə də həmin gözətçilər məsuliyyət daşımırdı.
9. Yehova məhəbbətini necə göstərdi?
9 Məhəbbət. Yehovanın məhəbbəti ondan görünür ki, O, gözətçiləri təkcə saleh insanlara yox, həm də pislərə xəbərdarlıq etmək üçün göndərirdi, baxmayaraq ki, həmin o pis insanlar Onun qəlbini qırmış, adına ləkə gətirmişdilər. Təsəvvür edirsiniz, Yehovanın xalqı kimi tanınan israillilər dönə-dönə Yehovaya arxa çevirmiş və yalan allahlara üz tutmuşdular. Yehova bu xəyanətin Ona necə dərin yara vurduğunu göstərmək üçün xalqı xəyanətkar qadına bənzətmişdi (Hizq. 16:32). Bununla belə, Yehova onlardan dərhal üz çevirmədi. Yehova onlarla barışmaq istəyirdi, intiqam almaq yox. O, əlini dərhal hökm qılıncının tiyəsinə uzatmadı, axırıncı məqamda, artıq çarə qalmayanda onu qınından çıxardı. O, Hizqiyala demişdi: «Mən pis adamın ölümündən həzz almıram. İstəyirəm, o, öz yolundan dönüb yaşasın» (Hizq. 33:11). Yehova əvvəllər də belə idi, indi də belədir (Məl. 3:6).
10, 11. Yehovanın insanlarla rəftarından nə öyrənirik?
10 Yehovanın israillilərlə ədalətlə və məhəbbətlə rəftar etməsindən nə öyrənirik? Əvvəla, biz təbliğ etdiyimiz insanlara simasız kütlə kimi yox, ayrıca bir fərd kimi yanaşmalıyıq. İnsana əvvəlki həyat tərzinə, milliyyətinə, maddi vəziyyətinə görə hökm kəsib xəbəri eşitməyə layiq olmadığını düşünmək böyük yanlışlıq olardı. Yehova həvari Butrusa bunu aydın şəkildə başa salmışdı. Butrus demişdi: «Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həv. 10:34, 35). Bu sözlər bu gün də qüvvədədir.
11 İkincisi, biz özümüzü aldatmamalıyıq. Nə var-nə var əvvəllər saleh işlər görmüşük deyə, düşünməməliyik ki, bundan sonra günah etmərik. Unutmamalıyıq ki, təbliğ etdiyimiz insanlar kimi, biz də günaha meyilliyik. Həvari Bulusun Korinf yığıncağına verdiyi məsləhət bu gün bizə də aiddir: «Möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın. Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir» (1 Kor. 10:12, 13). Biz heç vaxt öz salehliyimizə güvənməməliyik, düşünməməliyik ki, yaxşı işlər görürük deyə pis əməl edib cəzasız qala bilərik (Hizq. 33:13). Yehovaya xidmət etdiyimiz illərin sayından asılı olmayaraq, həmişə təvazökar və itaətkar qalmaq vacibdir.
12. Əgər keçmişdə ciddi günahlara yol vermişiksə, nəyi yadda saxlamalıyıq?
12 Ola bilər, biz əvvəllər ciddi günahlar etmişik, amma indi onun peşmançılığını çəkirik. Hizqiyalın çatdırdığı xəbərdən öyrəndik ki, Yehova tövbə etməyən günahkarları cəzalandıracaq. Ancaq bir şeyi də bildik ki, Yehova məhəbbətə can atır, intiqama yox (1 Yəh. 4:8). Əgər peşman olduğumuzu əməllərimizlə göstəririksə, heç vaxt düşünməməliyik ki, günahımız elə ağırdır ki, Allahın mərhəməti onu bağışlamağa yetməz (Yaq. 5:14, 15). Yehova ruhani mənada zina edən israilliləri bağışlamağa hazır idisə, deməli, bizi də bağışlayacaq (Zəb. 86:5).
«Üzünü soydaşlarına tutub de»
13, 14. a) Gözətçilər hansı xəbəri çatdırmalı idilər? b) Əşiya peyğəmbər xalqa hansı xəbəri car çəkirdi?
13 Hizqiyal 33:2, 3 ayələrini oxuyun. Bəs Yehovanın təyin etdiyi gözətçilər hansı xəbəri car çəkməli idilər? Onların işi xalqa əsas etibarilə xəbərdarlıqlar söyləmək idi. Amma onlar həm də şad xəbər çatdırırdılar. Gəlin bir neçə nümunəyə baxaq.
14 E. ə. təxminən 778—732-ci illərdə peyğəmbər kimi xidmət edən Əşiya xəbərdarlıq etmişdi ki, babillilər Yerusəlimi istila edəcək, əhalisini əsir aparacaq (Əşy. 39:5—7). Amma o, Allahın ilhamı ilə belə sözlər də yazmışdı: «Bir qulaq as! Sənin gözətçilərin qışqırır. Hamısı səs-səsə verib sevincdən haray salır, görürlər ki, Yehova Sionu toplayıb geri qaytarır» (Əşy. 52:8). Əşiya ən sevindirici xəbəri car çəkirdi — həqiqi ibadət dirçələcək!
15. Ərəmya peyğəmbərin çatdırdığı xəbər nədən ibarət idi?
15 Ərəmya e. ə. 647-ci ildən 580-ci ilədək peyğəmbər kimi xidmət etmişdi. Ona nahaqdan bədxəbər damğası vurmuşdular. Düzdür, o, allahsız israilliləri xəbərdar edirdi ki, Yehova onların başına bəla gətirəcəka. O, bu işi çox gözəl icra etmişdi. Amma Ərəmya şad xəbər də çatdırırdı. Deyirdi ki, Allahın xalqı vətənə qayıdıb pak ibadəti dirçəldəcək (Ərm. 29:10—14; 33:10, 11).
16. Hizqiyalın çatdırdığı xəbər Babildəki əsirlərə nədə kömək edirdi?
16 Yehova Hizqiyalı e. ə. 613-cü ildə gözətçi təyin etdi. O, ən azı 591-ci ilədək bu vəzifəni daşıdı. Bu nəşrin 5 və 6-cı fəslində nəzərdən keçirildiyi kimi, Hizqiyal İsrail xalqını başlarına gələcək bəladan xəbərdar etmişdi. Bununla da özünü həmin bəla vaxtı həlak olan insanların qanından təmizləmişdi. O, Babildə əsirlikdə olanları həm Yerusəlimdəki xəyanətkarların cəzalanacağından xəbərdar edirdi, həm də onlara ruhani cəhətdən oyaq qalıb gələcəkdəki işə yararlı olmağa kömək edirdi. Yetmiş il sürən əsarət bitəndə Yehova yəhudiləri İsrail torpağına qaytarıb onları orada dirçəldəcəkdi (Hizq. 36:7—11). İsrailə qayıdanlar, əsas etibarilə, Hizqiyalın sözlərinə diqqət yetirən əsirlərin övladları, nəvə-nəticələri olacaqdı. Bu nəşrin 3-cü bölməsindəki digər fəsillərdən göründüyü kimi, Hizqiyal çoxlu şad xəbərlər çatdırırdı, pak ibadətin Yerusəlimdə dirçələcəyini dönə-dönə vurğulayırdı.
17. Yehova gözətçiləri nə vaxt təyin edir?
17 Bu peyğəmbərlər e. ə. 607-ci ildə Yerusəlim məhv edilən ərəfədə xalqa Allahın adından müraciət edirdilər. Bəs Yehova yalnız onları gözətçi təyin edib? Əlbəttə ki, yox. Yehova Öz niyyətini həyata keçirərkən hər dəfə həlledici məqam yetişəndə həm pislərə xəbərdarlıq etmək üçün, həm də xalqa şad xəbər çatdırmaq üçün gözətçilər təyin edir.
Birinci əsrdəki gözətçilər
18. Vəftizçi Yəhyanın işinə nə daxil idi?
18 Eramızın birinci əsrində Vəftizçi Yəhya gözətçi işini icra edirdi. O, İsrail xalqını xəbərdar edirdi ki, tezliklə Yehova onları rədd edəcək (Mət. 3:1, 2, 9—11). Ancaq o, başqa bir iş də görürdü. İsa demişdi ki, Yəhya qabaqcadan vəd olunmuş və Məsihin yolunu hazırlamış elçidir (Məl. 3:1; Mət. 11:7—10). Yəhyanın gördüyü işə həm də şad xəbəri, yəni Allahın Quzusu İsanın gəldiyini və onun bütün bəşəriyyətin günahını yuyacağını bəyan etmək daxil idi (Yəh. 1:29, 30).
19, 20. İsa və onun şagirdləri gözətçi kimi hansı işi icra etmişdilər?
19 Allahın təyin etdiyi gözətçilərin ən görkəmlisi İsa Məsih idi. Yehova Hizqiyal kimi, onu da «İsrail evinə» göndərmişdi (Hizq. 3:17; Mət. 15:24). İsa İsrail xalqını xəbərdar edirdi ki, Yehova tezliklə onları rədd edəcək və Yerusəlim yerlə yeksan olacaq (Mət. 23:37, 38; 24:1, 2; Luka 21:20—24). Ancaq onun əsas işi müjdə vermək idi (Luka 4:17—21).
20 Yer üzündə olanda İsa şagirdlərinə demişdi: «Oyaq qalın» (Mət. 24:42). Şagirdləri onun əmrinə tabe olub gözətçi işini yerinə yetirirdilər. Onlar xəbərdarlıq edirdi ki, Yehova İsrail evini və yerdəki Yerusəlim şəhərini rədd edib (Rom. 9:6—8; Qal. 4:25, 26). Şagirdlər özlərindən əvvəlki gözətçilər kimi həm də müjdə bəyan edirdilər. Onların bəyan etdiyi xəbərə o da daxil idi ki, artıq başqa xalqlardan olan insanlar da Allahın ruhla məsh olunmuş İsrailinin üzvü olacaq və Məsihə yer üzündə pak ibadəti bərpa etməyə kömək edəcəklər (Həv. 15:14; Qal. 6:15, 16; Vəhy 5:9, 10).
21. Həvari Bulus hansı nümunəni qoyub?
21 Birinci əsrdəki gözətçilərdən olan həvari Bulus çox gözəl nümunə qoyub. O, öz məsuliyyətinə ciddi yanaşırdı. O da Hizqiyal kimi başa düşürdü ki, tapşırığını yerinə yetirməsə, insanların qanına görə məsuliyyət daşıyacaq (Həv. 20:26, 27). Digər gözətçilərdən nümunə götürərək Bulus insanlara sadəcə xəbərdarlıq etmirdi, həm də müjdə çatdırırdı (Həv. 15:35; Rom. 1:1—4). O, müqəddəs ruhun təsiri ilə Əşiyanın yazdığı bu peyğəmbərlikdən sitat gətirmişdi: «Dağları aşıb gələn müjdəçinin qədəmləri nə gözəldir!» Və bu sözləri Padşahlıq haqda təbliğ edən məsihilərin gördüyü işə aid etmişdi (Əşy. 52:7, 8; Rom. 10:13—15).
22. Həvarilərin ölümündən sonra nə baş verdi?
22 Həvarilərin ölümündən sonra dönüklük məsihi yığıncağını cənginə aldı (Həv. 20:29, 30; 2 Salon. 2:3—8). Uzun sürən böyümə mərhələsində alaq otuna bənzər yalançı məsihilər buğdaya bənzər həqiqi məsihilərdən qat-qat çox oldu və Allahın Padşahlığı haqda aydın xəbər yalan təlimlərin içində itib batdı (Mət. 13:36—43). Ancaq insanların işinə müdaxilə etmək vaxtı gəlib çatanda Yehova yenidən Öz ədalət və məhəbbətini əməldə göstərdi: insanlara xəbərdarlıq etmək və müjdəni bəyan etmək üçün gözətçilər təyin etdi. Bəs bu gözətçilər kimlər idi?
Yehova yenə gözətçilər təyin edir
23. Rassel və onun məsləkdaşları hansı rolu oynayırdılar?
23 1914-cü ilə qədərki illər ərzində Rassel və onun məsləkdaşları elçi qismində çıxış edirdilər. Bu elçi Allahın Padşahlığı təsis olunmazdan əvvəl yol hazırlamalı idib (Məl. 3:1). Onlar həmçinin gözətçi rolunu oynayırdılar. «Sion Gözətçi qülləsi və Məsihin hüzurunun carçısı» jurnalı vasitəsilə Allahın hökmü barədə xəbərdarlıq edirdilər. Eyni zamanda Allahın Padşahlığı haqda müjdəni yayırdılar.
24. a) Sadiq nökər gözətçi rolunu necə icra edir? b) Qədimdəki gözətçilər hansı nümunəni qoyub? («Gözəl nümunə qoyan gözətçilər» adlı sxemə baxın.)
24 Padşahlıq təsis ediləndən sonra İsa Məsih bir qrup məsihini sadiq nökər təyin etdi (Mət. 24:45—47). O vaxtdan bəri, hazırda Rəhbərlik Şurası kimi tanınan sadiq nökər gözətçi işini icra edir. Sadiq nökər həm «intiqam günü» haqda xəbərdarlığın səslənməsinə, həm də «Yehovanın iltifat ili»nin bəyan edilməsinə rəhbərlik edir (Əşy. 61:2; həmçinin 2 Korinflilərə 6:1, 2 ayələrinə baxın).
25, 26. a) Məsihin bütün davamçılarının üzərinə hansı məsuliyyət düşür və onlar bu məsuliyyəti necə yerinə yetirir? b) Növbəti fəsildə söhbət nədən gedir?
25 Gözətçilik işi sadiq nökərin öhdəsinə düşsə də, İsa davamçılarının hamısına oyaq qalmağı buyurmuşdu (Mark 13:33—37). Biz bu əmrə tabe olduğumuzu ruhani ayıqlığı qorumaqla, müasir gözətçini sədaqətlə dəstəkləməklə göstəririk. Ruhani cəhətdən ayıq olduğumuzu isə təbliğ etməklə sübut edirik (2 Tim. 4:2). Bizi buna təşviq edən amillərdən biri insanların həyatını xilas etmək arzusudur (1 Tim. 4:16). Tezliklə çoxlu sayda insan gözətçinin xəbərdarlığına məhəl qoymadığı üçün həyatını itirəcək (Hizq. 3:19). Lakin təbliğ etməkdə əsas məqsədimiz ən gözəl xəbəri — pak ibadətin bərpa olduğunu bəyan etməkdir. Hazırda «Yehovanın iltifat ili»dir və hər kəs üçün qapı açıqdır ki, bizə qoşulub ədalətli və məhəbbətli Allahımız Yehovaya ibadət etsin. Tezliklə bu şər dünya məhv olacaq. Sağ qalan hər kəs mərhəmətli padşah İsa Məsihin hakimiyyəti altında xoşbəxt ömür sürəcək. Bu cür müjdəni çatdırmaq işində gözətçiyə kömək etmək üçün əlimizdən gələni etməliyik (Mət. 24:14).
26 Bu cür şər dünyada Yehova möhtəşəm bir iş görüb — Öz xalqını möcüzəvi surətdə birləşdirib. Bunun necə baş verdiyini iki çubuq haqqında peyğəmbərlikdən görmək olar. Növbəti fəsil bu mövzuya həsr olunub.
a «Ərəmya» kitabında tez-tez «bəla», «fəlakət» sözlərinə rast gəlinir.
b Bu peyğəmbərlik və onun icrası haqqında əlavə məlumat üçün «Allahın Padşahlığı hökmranlıq edir!» kitabının «Padşahlıq göydə qurulur» adlı 2-ci fəslinə baxın.