Yəhyaya nazil olmuş vəhy
18 Bundan sonra mən əlində böyük səlahiyyət olan başqa bir mələyin göydən endiyini gördüm. Onun calalından bütün yer üzü işıqlandı. 2 O, gur səslə bəyan etdi: «Yıxıldı! Böyük Babil yıxıldı!+ O, cinlərin məskəninə, hər cür murdar ruhun*, hər cür napak və mənfur quşun yuvasına çevrildi!+ 3 Çünki bütün xalqlar onun əxlaqsızlıq şəhvətinin şərabının qurbanı oldu.+ Dünyanın padşahları onunla zina etdilər,+ dünyanın tacirləri onun abırsızlıqla sürdüyü dəbdəbəli yaşayışı sayəsində varlandılar».
4 Mən göydən gələn başqa bir səs eşitdim: «Ey xalqım,+ ondan çıxın ki, onun günahlarına şərik olmayasınız və onun başına gələcək bəlalar sizin başınıza gəlməsin.+ 5 Çünki onun günahları qalaqlanıb göyə çatıb.+ Allah onun haqsızlıqlarını yadına saldı.+ 6 Qoy başqalarına nə edibsə,+ əvəzini ikiqat alsın, bəli, əməlləri ikiqat başına qayıtsın.+ Qoy şərabı qarışdırdığı camda+ onun üçün ikiqat artıq qarışdırılsın.+ 7 Ona özünü ucaltdığı qədər, abırsız, dəbdəbəli yaşayışı boyda əzab, dərd verin. Çünki o, ürəyində deyir: “Mən taxtda oturmuş bir məlikəyəm, dul qalmamışam, heç vaxt da dərd bilməyəcəyəm”.+ 8 Buna görə də bütün bəlalar, ölüm, dərd və qıtlıq bir gün içində onun başına gələcək və o, odda yanıb kül olacaq,+ çünki ona hökm kəsmiş Yehova Allah qüdrətlidir.+
9 Onunla zina etmiş və abırsız dəbdəbə içində yaşamış dünya padşahları, o yanarkən çıxan tüstüyə baxıb onun üçün ağlayacaq və kədərdən başlarına döyəcəklər. 10 Onlar onun çəkdiyi əzabdan qorxaraq qıraqda dayanıb deyəcəklər: “Heyif, heyif səndən, ey böyük şəhər,+ ey qüdrətli Babil! Çünki hökmün bir an içində gəldi”.
11 Həmçinin dünyanın tacirləri də ağlaşır, onun üçün yas tuturlar, çünki artıq mallarını alan yoxdur. 12 Onlarda olan qızılı, gümüşü, daş-qaşı, mirvariləri, zərif kətanı, ipəyi, bənövşəyi və al-qırmızı qumaşı, ətirli ağacdan, şirmayıdan, hər cür qiymətli ağacdan, misdən, dəmirdən, mərmərdən düzəldilmiş malları, 13 darçını, hili, buxuru, ətirli yağı, kündürü, şərabı, zeytun yağını, əla unu, buğdanı, mal-qaranı, qoyun-quzunu, atları, arabaları, qulları və insanları alan yoxdur. 14 Bəli, ürəyinin arzuladığı dadlı meyvələr əlindən çıxdı, ləziz təamlar və dəbdəbəli şeylər yoxa çıxdı və daha heç vaxt tapılmayacaq.
15 Bu malları alıb-satan və Böyük Babilin sayəsində varlanan tacirlər onun çəkdiyi əzabdan qorxaraq qıraqda duracaq. Onlar yas tutub ağlaşacaq 16 və belə deyəcəklər: “Heyif, heyif səndən, zərif kətana, bənövşəyi və al-qırmızı qumaşa bürünmüş, təmtəraq içində qızıl, daş-qaş və mirvarilərlə bəzənmiş+ böyük şəhər! 17 Çünki bu boyda sərvət bir an içində məhv edildi!”
Bütün gəmi kapitanları, dəniz səyahətçiləri, dənizçilər, dolanışığı dənizdən çıxan bütün adamlar qıraqda durub, 18 o yanarkən qalxan tüstüyə baxıb qışqırırdılar: “Bu böyük şəhərin tayı-bərabəri varmı?” 19 Onlar başlarına toz-torpaq tökür, ağlaşıb şivən qopararaq deyirdilər: “Heyif, heyif səndən, ey böyük şəhər! Bir an içində məhv oldun!+ Axı sənin təmtəraqlı yaşayışın sayəsində dənizdə gəmisi olan hər kəs varlanmışdı”.
20 Ey göylər+, müqəddəslər+, həvarilər və peyğəmbərlər, şadlanın! Çünki Allah sizdən ötrü ona hökm kəsdi».+
21 Onda bir güclü mələk böyük dəyirman daşına oxşar bir daşı qaldırıb dənizə atdı və dedi: «Böyük şəhər Babil də bu cür sürətlə yıxılacaq və daha heç vaxt tapılmayacaq.+ 22 Səndə daha çəng çalıb-oxuyanların, ney, kərənay çalanların və digər musiqiçilərin səsi eşidilməyəcək. Artıq səndə sənətkar tapılmayacaq və dəyirman daşının səsi eşidilməyəcək. 23 Səndə bir daha çıraq yanmayacaq, bəy-gəlin səsi eşidilməyəcək. Axı sənin tacirlərin dünyanın nüfuzlu adamları idi və sən öz cindarlığınla+ bütün xalqları yoldan çıxartmışdın. 24 Bəli, bu şəhərdə peyğəmbərlərin, müqəddəslərin+ və yer üzündə qətlə yetirilmişlərin hamısının qanı tapılıb».+