Yehovanın Kəlamı canlıdır
«Haqqay» və «Zəkəriyyə» kitablarından diqqətəlayiq fikirlər
ERAMIZDAN əvvəl 520-ci ildir. Babildən dönən yəhudilərin Yerusəlimdə Yehovanın mə’bədinin təməlini qoymasından 16 il keçsə də, mə’bəd hələ tikilib başa çatmayıb. Tikinti işlərinə qadağa qoyulub. Yehova sözlərini xalqa çatdırmaq üçün Haqqayı, iki ay sonra isə Zəkəriyyəni peyğəmbər tə’yin edir.
Haqqay və Zəkəriyyənin məqsədi birdir: xalqı mə’bədi yenidən bərpa etməyə təşviq etmək. Peyğəmbərlərin cəhdləri boşa çıxmır, mə’bəd beş ilə tamamlanır. Haqqay və Zəkəriyyənin bəyan etdiyi sözlər Müqəddəs Yazılarda onların adını daşıyan kitablarda yazılıb. «Haqqay» kitabı eramızdan əvvəl 520-ci, «Zəkəriyyə» kitabı isə 518-ci ildə tamamlanıb. Həmin peyğəmbərlər kimi biz də Allahdan tapşırıq almışıq. Həmin tapşırığı bu sistemin sonuna kimi görüb qurtarmalıyıq. Bu, Padşahlığın təbliği və şagird hazırlamaq işidir. Gəlin görək «Haqqay» və «Zəkəriyyə» kitabları bizi necə ruhlandıra bilər.
«HƏYAT YOLLARINIZ HAQQINDA YAXŞI DÜŞÜNÜN»
112 gün ərzində Haqqay dörd təşviqedici xəbər çatdırır. Birincisi: «“Həyat yollarınız haqqında yaxşı düşünün. İndi dağlara çıxıb ağac gətirin və mə’bədi qurun. Onda razı qalaram, izzətlənərəm”. Bunu deyən Rəbdir» (Haqqay 1:7, 8). Xalq bu xəbərə müsbət münasibət göstərir. İkincisi, Yehova və’d edir: «Bu mə’bədi əzəmətlə dolduracağam» (Haqqay 2:7).
Üçüncü xəbərdə deyilir ki, mə’bədin tikintisinə laqeyd yanaşdıqları üçün xalq və onun hər bir əməli Yehovanın gözündə murdardır. Ancaq tə’mir işlərinin başladığı gündən e’tibarən Yehova onlara ‘bərəkət verəcək’. Dördüncü xəbərə əsasən, Yehova ‘millətlərin səltənətlərinin gücünü darmadağın edəcək’ və vali Zerubbabili «möhürlü üzük» edəcək (Haqqay 2:14, 19, 22, 23).
Müqəddəs Kitab suallarına cavablar:
1:6 — «İçirsiniz, amma sərxoş olmursunuz» (YD) ifadəsinin mə’nası nədir? Bu ifadə sadəcə şərabın qıtlığını göstərir. Yehova xeyir-dua vermədiyindən şərab o qədər az olacaq ki, sərxoş olmaq üçün kifayət etməyəcək.
2:6, 7, 21, 22 — Lərzəyə salan kimdir, yaxud nədir və bunun hansı nəticəsi olur? Yehova Padşahlıq xəbərinin ümumdünya təbliği ilə ‘bütün millətləri lərzəyə salır’. Həmçinin təbliğ işinin sayəsində millətlərin cah-cəlalı Yehovanın evinə gəlir, beləliklə də onu əzəmətlə doldurur. Gələcəkdə «Ordular Rəbbi» «göyləri, yeri, dənizi, torpağı» lərzəyə gətirəcək və indiki pis sistemi kökündən sarsıdaraq, mövcudluğuna son qoyacaq (İbranilərə 12:26, 27).
2:9 — Hansı mə’nada «indiki mə’bədin əzəməti əvvəlkindən üstün» ola bilərdi? Bu, ən azı üç mə’nada belə idi: mə’bədin mövcud olduğu illərin sayına görə, orada kimin tə’lim verdiyinə görə və Yehovaya ibadət etmək üçün ora kimlərin toplaşdığına görə. Süleymanın möhtəşəm mə’bədi eramızdan əvvəl 1027-ci ildən 607-ci ilədək, 420 il ərzində mövcud olsa da, sonrakı mə’bəd eramızdan əvvəl 515-ci ildə tikilib tamamlanandan eramızın 70-ci ilində darmadağın edilənədək, 580 il fəaliyyət göstərdi. Bundan başqa, həmin mə’bəddə İsa Məsih tə’lim vermişdi, həmçinin Allaha ibadət etmək üçün ora «əvvəlkindən» daha çox adam toplaşmışdı (Həvarilərin işləri 2:1-11).
Bizim üçün ibrət dərsləri:
1:2-4. Təbliğ işimizə göstərilən müqavimətlər şəxsi maraqlarımızın ön plana keçərək Padşahlığı kölgədə qoymasına səbəb olmamalıdır (Matta 6:33).
1:5, 7. ‘Həyat yollarımız haqqında yaxşı düşünmək’ və həyat tərzimizin Allahla münasibətlərimizə necə tə’sir etdiyini götür-qoy etmək müdriklik olardı.
1:6, 9-11; 2:14-17. Haqqayın günlərində yəhudilər şəxsi mənafeləri üçün çox zəhmət çəkirdilər, ancaq əməklərinin bəhrəsini biçmirdilər. Onlar mə’bədə laqeyd yanaşırdılar, elə buna görə də Allahdan xeyir-dua almırdılar. Maddi imkanlarımızın məhdud və ya geniş olmasından asılı olmayaraq, unutmayaq ki, «Rəbbin xeyir-duası insana sərvət gətirər». Buna görə də, biz ruhani işləri birinci yerə qoymalı və Allaha ürəkdən xidmət etməliyik (Süleymanın məsəlləri 10:22).
2:15, 18. Yehova yəhudiləri əvvəlki laqeydlikləri üzərində deyil, həmin gündən sonra nə baş verəcəyi barədə, tə’mir işləri barədə düşünməyə səsləyirdi. Biz də Yehovaya ibadət edərkən irəliyə baxmağa çalışmalıyıq.
«QÜDRƏTLƏ YOX, YALNIZ MƏNİM RUHUMLA»
Zəkəriyyə peyğəmbərlik fəaliyyətinə yəhudiləri Yehovaya ‘tərəf qayıtmağa’ çağırmaqla başlayır (Zəkəriyyə 1:3). Sonra aldığı səkkiz görüntü mə’bədin bərpa olunmasında Allahın Özünün kömək edəcəyinə əmin edir. («Zəkəriyyənin səkkiz alleqorik görüntüsü» adlı çərçivəyə baxın.) Tikinti işi güclə, qüdrətlə yox, Yehovanın ruhu ilə tamamlanacaq (Zəkəriyyə 4:6). Pöhrə adlanan adam «Rəbbin mə’bədini tikəcək» və «taxtı üzərində kahin olacaq» (KM) (Zəkəriyyə 6:12, 13).
Bet-El əhalisi adamlar göndərir ki, Yerusəlimin darmadağın edilməsini anmaq üçün oruc tutub-tutmayacaqlarını öyrənsinlər. Yehova Zəkəriyyəyə deyir ki, Yerusəlimin üzərinə gələn faciəni yad etmək üçün tutulan dörd oruc ərzində saxladıqları yas ‘sevinc və şadlıq dolu gözəl bayramlarla’ əvəz olunacaq (Zəkəriyyə 7:2; 8:19). Sonrakı iki xəbərə xalqlara və yalançı peyğəmbərlərə qarşı çıxarılan hökmlər, Məsihlə bağlı peyğəmbərliklər və Allahın xalqının bərpa ediləcəyi xəbəri daxildir (Zəkəriyyə 9:1; 12:1).
Müqəddəs Kitab suallarına cavablar:
2:1 — Bir nəfər nə üçün Yerusəlimi iplə ölçürdü? Görünür, o bunu şəhərin ətrafında mühafizə divarının tikilməsi üçün edirdi. Mələk isə xəbər verir ki, Yerusəlim genişlənəcək və Yehova Özü onu mühafizə edəcək (Zəkəriyyə 2:3-5).
6:11-13 — Baş kahin Yeşuanın başına tac qoyulmaqla, o, həm padşah, həm də kahin oldumu? Xeyr, Yeşua Padşah Davudun nəslindən deyildi. Ancaq onun başına tac qoyulması Məsihə işarə edən peyğəmbərlik idi (İbranilərə 6:20). ‘Pöhrəyə’ dair peyğəmbərlik həm səmavi Padşah, həm də səmavi Kahin olan İsa Məsihin üzərində yerinə yetmişdir (Yeremya 23:5). Yeşua bərpa edilmiş mə’bəddə sürgündən dönən yəhudilərə baş kahin qismində xidmət etdiyi kimi, İsa da Yehovanın ruhani mə’bədində həqiqi ibadətin rifahı üçün Baş Kahindir.
8:1-23 — Bu ayələrdəki on xəbər nə zaman yerinə yetdi? Bə’zi xəbərlərdən əvvəl «Ordular Rəbbi belə deyir» ifadəsi gəlir, hər xəbər isə Allahın Öz xalqına verdiyi sülh və’didir. Bu xəbərlərin bə’ziləri b. e. ə. altıncı əsrdə yerinə yetdi, ancaq ümumilikdə isə onlar 1919-cu ildən sonra yerinə yetməyə başlayıba.
8:3 — Yerusəlim nə üçün «Həqiqət şəhəri» adlanır? Eramızdan əvvəl 607-ci ildə darmadağın edilməzdən qabaq Yerusəlim ‘qəddar şəhər’ idi və orada yalançı peyğəmbərlər və xəyanətkar insanlar məskunlaşmışdı (Sefanya 3:1; Yeremya 6:13; 7:29-34). İndi, mə’bəd bərpa ediləndə və xalq Yehovaya ibadət edəndə isə, burada təmiz ibadətin həqiqətləri danışılırdı, buna görə də Yerusəlim «Həqiqət şəhəri» adlanmalı idi.
11:7-14 — Zəkəriyyənin «Lütf» və «Birlik» adlı dəyənəkləri qırması nəyi təmsil edirdi? Zəkəriyyə ‘kəsmək üçün ayrılmış sürünü’ — rəhbərlərin istismar etdiyi məzlum insanları ‘otarmağa’ göndərilmişdi. Çoban kimi xidmət edən Zəkəriyyə Allahla əhddə olan xalqa göndərilən, lakin rədd edilən İsa Məsihi təmsil edirdi. «Lütf» dəyənəyinin qırılması Allahın yəhudilərlə bağladığı Qanun əhdinə son qoyacağının və artıq onlarla lütfkarlıqla davranmayacağının rəmzi idi. «Birlik» dəyənəyinin sındırılması isə Yehovaya ibadətin birləşdirdiyi Yəhuda və İsrailin qardaşlıq tellərinin qırılması demək idi.
12:11 — «Megiddo düzənliyində, Hadad-Rimmonda» nə üçün matəm tutulurdu? Yəhuda padşahı Yoşiya Megiddo düzənliyində Misir padşahı Neko ilə döyüşdə öldürülmüşdü. İllər uzunu onun ölümünə yas tutub ‘mərsiyələr’ oxuyurdular (2 Salnamələr 35:25). Beləliklə, ‘Hadad-Rimmondakı matəm’ Yoşiyanın ölümünə görə tutulan yas ola bilər.
Bizim üçün ibrət dərsləri:
1:2-6; 7:11-14. Yehovanın tənbehini qəbul edib tövbə edən və ürəkdən ibadət etməklə Ona tərəf qayıdan insanlardan xoşu gəlir və O Özü də həmin insanlara tərəf qayıdır. Digər tərəfdən isə, O, xəbərini ‘eşitməkdən boyun qaçıran, inadkarlıqla arxa çevirən, eşitməmək üçün qulaqlarını bağlayanların’ fəryadına cavab vermir.
4:6, 7. Mə’bədin tikintisinin uğurla başa çatmasında Yehovanın ruhuna heç bir qüvvə mane ola bilməzdi. Yehovaya iman etməklə xidmətdə qarşılaşdığımız istənilən problemin öhdəsindən gələ bilərik (Matta 17:20).
4:10. Yehovanın nəzarəti altında Zerubbabil və onun adamları mə’bədi Allahın yüksək standartlarına müvafiq tikib qurtardılar. Yehovanın gözlədiyi kimi həyat sürmək qeyri-kamil insanlar üçün həddən artıq çətin deyil.
7:8-10; 8:16, 17. Yehovanın lütfünü qazanmaq üçün biz ədalətli olmalı, məhəbbət və mərhəmət göstərməli, bir-birimizə həqiqəti söyləməliyik.
8:9-13. Tapşırdığı işi yerinə yetirmək üçün ‘əllərimizi qüvvətləndirəndə’ (KM) Yehova bizə xeyir-dua verir. Bu xeyir-dualara sülh, əmin-amanlıq və Yehova ilə yaxşı münasibətlər daxildir.
12:6. Yehovanın xalqının nəzarətçiləri «alovlanan bir məş’əl kimi», yə’ni çox sə’yli olmalıdırlar.
13:3. Bizə ən yaxın olan insanlardan da çox həqiqi Allaha və Onun təşkilatına sadiq qalmalıyıq.
13:8, 9. Yehovanın rədd etdiyi dönüklərin sayı çox idi, xalqın üçdə ikisini təşkil edirdi. Yalnız üçdə biri odla təmizlənən kimi təmizlənmişdi. Yehova bizim günlərdə özünü məsihçi adlandıranların əksəriyyətinin mənsub olduğu Xristian dünyasını da rədd etmişdir. Yalnız sayca az olan məsh olunmuş məsihçilər Yehovanın ‘adını çağırmış’ və Allahın onları təmizləməsinə yol vermişlər. Məsh olunmuşlar və onların həmimanlıları sübut etmişlər ki, onlar sadəcə sözdə Yehovanın Şahidi deyillər.
Xidmətimizi sə’ylə icra edək
Haqqay və Zəkəriyyənin bəyan etdiyi xəbərlər bu gün bizə necə tə’sir göstərir? Onların çatdırdığı xəbərlərin yəhudiləri diqqəti mə’bədin bərpasına yönəltməyə təşviq etdiyi üzərində düşünəndə, biz də Padşahlığın təbliği və şagird hazırlamaq işində sə’ylə iştirak etməyə təşviq olunmuruqmu?
Zəkəriyyə Məsihin ‘sıpaya minib gələcəyini’, ‘otuz gümüşə’ ələ veriləcəyini, vurulacağını, o cümlədən, ‘qoyunların pərən-pərən olacağını’ qabaqcadan söyləmişdi (Zəkəriyyə 9:9; 11:12; 13:7). Zəkəriyyənin Məsihlə bağlı peyğəmbərliklərinin yerinə yetməsi üzərində dərindən düşünmək imanımıza necə də güclü tə’sir göstərir! (Matta 21:1-9; 26:31, 56; 27:3-10). Yehovanın Kəlamına və bizim xilasımız üçün gördüyü tədbirə inamımız artır (İbranilərə 4:12).
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 1996-cı il 1 yanvar sayının 9-22-ci səhifələrinə (rus.) baxın.
[15-ci səhifədəki çərçivə]
«ZƏKƏRİYYƏNİN SƏKKİZ ALLEQORİK GÖRÜNTÜSÜ»
1:8-17: Mə’bədin tikintisinin başa çatacağına zəmanət verir, habelə Yerusəlimə və Yəhudanın başqa şəhərlərinə xeyir-dua veriləcəyini göstərir.
1:18-21: ‘Yerusəlimi dağıtmış dörd buynuzun’, yə’ni Yehovaya ibadətə müqavimət göstərən bütün dövlətlərin sonunun gələcəyi və’d edilir.
2:1-13: Yerusəlimin genişlənəcəyini və Yehovanın ‘onun ətrafında odlu divara çevriləcəyini’, yə’ni şəhəri Özünün mühafizə edəcəyini göstərir.
3:1-10: Mə’bədin tikilməsinə əngəl törətməkdə Şeytanın əlinin olduğu, həmçinin baş kahin Yeşuanın gətirilib, təmizləndiyi göstərilir.
4:1-14: Dağ kimi maneələrin aradan qaldırılacağına və vali Zerubbabilin mə’bədin tikintisini başa çatdıracağına əmin edir.
5:1-4: Pis işlər görüb cəzasız qalanlara lə’nət yağdırılır.
5:5-11: Pisliyin sona çatacağı peyğəmbərlik edilir.
6:1-8: Mələklərin nəzarət və müdafiə etdiyinə əmin edir.
[12-ci səhifədəki şəkil]
Haqqay və Zəkəriyyənin çatdırdığı xəbərlərin məqsədi nə idi?
[14-cü səhifədəki şəkil]
Nəzarətçilər hansı mə’nada ‘alovlanan məş’əl kimidirlər’?