Allah şəxsən sizin qayğınıza qalırmı?
SEVİLDİYİNİZİ hiss edirsinizmi? Yoxsa hərdən sizə elə gəlir ki, heç kim sizinlə maraqlanmır? Bu yüksəktempli və xudbin dünyada insan özünün nəzərə çarpmayacaq qədər əhəmiyyətsiz olduğunu düşünə bilər. Həqiqətən də, Müqəddəs Kitabda deyildiyi kimi, bizim günlərdə insanlar ancaq özləri barədə düşündükləri üçün başqalarına qarşı diqqətsizlik baş alıb gedir (2 Timoteyə 3:1, 2).
Yaşından, mədəniyyətindən, dilindən, irqindən asılı olmayaraq, bütün insanların sevmək və sevilmək tələbatı var. Bir məlumata əsasən, bizim sinir sistemimiz sevgi və nəvazişə qarşı çox həssasdır. Yaradanımız olduğu üçün Yehova Allah məhəbbətə və diqqətə nə dərəcədə ehtiyac duyduğumuzu hamıdan daha yaxşı başa düşür. Əgər O, sizi Onun üçün dəyərli olduğunuza əmin etsəydi, hansı hissləri keçirərdiniz? Əlbəttə, bunu bilmək sizin üçün nəyə desəniz dəyərdi. Yehova Allahın qeyri-kamil insanlarla maraqlandığına necə əmin ola bilərik? O, bizimlə şəxsən maraqlanırmı? Əgər maraqlanırsa, bizi Onun üçün əziz edən nədir?
Yehova qayğıkeş Allahdır
Təxminən 3000 il bundan əvvəl yaşamış Allah qorxusu olan bir məzmurçu ulduzlu gecədə möhtəşəm səmaya baxanda ürəyi riqqətə gəlmişdi. Şübhəsiz, o, saysız-hesabsız ulduzları yaradan Şəxsin nə qədər uca olduğu barədə düşünmüşdü. Allahın nə qədər uca, insanın isə Onunla müqayisədə nə qədər aciz olduğunun üzərində düşünərək məzmurçu Yehovanın məhəbbətinə və qayğıkeşliyinə heyranlığını belə ifadə etmişdi: «Əllərinin işi olan göyləri, öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: “İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?”» (Məzmur 8:3, 4). Asanlıqla belə qənaətə gəlmək olar ki, ucalarda olan Allah bizdən çox uzaqdır və ya olduqca məşğuldur, buna görə də qeyri-kamil insanlara diqqət yetirmir. Lakin məzmurçu bilirdi ki, nə qədər əhəmiyyətsiz, gəldi-gedər olmağımıza baxmayaraq, biz Allah üçün çox dəyərliyik.
Digər məzmurçu isə öz əminliyini belə ifadə etmişdi: «Amma Rəbb Ondan qorxanlardan, Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar» (Məzmur 147:11). Bu hər iki məzmurda ifadə olunan fikir çox təsirlidir. Yehova insanlardan sadəcə agah deyil, O, həm də onların ‘qayğısını çəkir’ və əməlisaleh insanlardan razı qalır.
Bu fakt bizim günlərdə yerinə yetən Müqəddəs Kitabın bir peyğəmbərliyində vurğulanır. Haqqay peyğəmbər vasitəsilə Yehova Padşahlıq haqda xoş xəbərin bütün dünyada təbliğ olunacağını bildirmişdi. Haqqay 2:7 ayəsində bunun nə ilə nəticələnəcəyi barədə oxuyuruq: «Bütün millətlərin var-dövləti gələcək və bu evi əzəmətlə dolduracağam».
Bütün millətlərin «var-dövləti» deyildikdə nə nəzərdə tutulur? Burada maddi var-dövlət nəzərdə tutula bilməz (Haqqay 2:8). Çünki Yehova Allahın ürəyini sevindirən qızıl-gümüş yox, qeyri-kamil olmalarına baxmayaraq, məhəbbətdən irəli gələrək Ona xidmət edən insanlardır (Süleymanın məsəlləri 27:11). Bu insanlar Yehova Allaha izzət gətirən ‘var-dövlətlə’ müqayisə olunur və O, ürəkdən sədaqətli olan, eləcə də səylə xidmət edən bu insanları çox qiymətləndirir. Siz də özünüzü belə insanların arasında görürsünüzmü?
Qeyri-kamil, günahlı insanların Külli-İxtiyar Allah üçün bu qədər əziz olması fikri adama inanılmaz gələ bilər. Əslində, bu həqiqət bizi Allaha yaxınlaşmaq üçün edilən dəvəti qəbul etməyə təşviq etməlidir (Yeşaya 55:6; Yaqub 4:8).
«Allah səni çox sevir»
Ahıl yaşlarında olanda Daniel peyğəmbərlə bir axşamçağı heyrət doğuran bir hadisə baş verir. Daniel dua edən zaman onun yanına bir şəxs gəlir. Onun adı Cəbrayıl idi. Daniel onun Yehovanın mələyi olduğunu başa düşür, çünki bu mələyi əvvəllər də görmüşdü. Cəbrayıl mələk qəfil gəlişinin səbəbini izah edərək deyir: «Ey Daniel! İndi mən gəldim ki, sənə müdriklik və dərrakə verim. ...Çünki Allah səni çox sevir» (Daniel 9:21—23).
Başqa bir vaxt Yehovanın bir mələyi Danielə xitabən deyir: «Ey Allahın sevimlisi olan Daniel!» Sonra da onu möhkəmləndirmək üçün növbəti sözləri deyir: «Ey Allahın sevimlisi, qorxma, sənə sülh olsun» (Daniel 10:11, 19). Beləliklə, üç dəfə Daniel peyğəmbərin Allahın sevimlisi olduğu vurğulanır. «Sevir» və «sevimli» kimi tərcümə olunan ibrani sözü, həmçinin «yüksək qiymətləndirilən», hətta «əziz» mənasını daşıyır.
Əlbəttə, Daniel peyğəmbər artıq Allahla yaxın münasibətlər qurmuşdu və ibadətinin Allah tərəfindən qəbul olduğuna əmin idi. Lakin mələkləri vasitəsilə Allahın onu məhəbbətinə əmin etməsi Danielin bu əminliyini onqat artırdı. Buna görə də Danielin: «Sən mənə güc verdin» deməsi heç də təəccüblü deyil (Daniel 10:19).
Müqəddəs Kitabda Yehovanın sadiq peyğəmbərə bəslədiyi dərin hisslər haqqında məlumat bizim üçün çox faydalıdır (Romalılara 15:4). Danielin nümunəsi üzərində düşünməklə Allahın sevimli bəndəsi olmaq üçün nə etməli olduğumuzu anlaya bilərik.
Müntəzəm olaraq Allahın Kəlamını öyrənin
Daniel peyğəmbərin yazdığı sözlərdən bəlli olur ki, o, Müqəddəs Yazıları çox diqqətlə araşdırırdı. O yazmışdı: «Mən... Yerusəlimin viranə qalacağı müddətin yetmiş il olduğu barədə... kitablardan anladım» (Daniel 9:2). O dövrdə onun əlində olan kitabların arasında Musanın, Davudun, Yeşayanın, Yeremyanın, Yezekelin və digər peyğəmbərlərin Allah tərəfindən ilhamlandırılmış yazıları var idi. Biz Danielin tumarları açıb Yerusəlimdə həqiqi ibadətin bərpası haqqında peyğəmbərlikləri diqqətlə oxuyub müqayisə etməsini təsəvvür edə bilərik. Fikrini yayındırmasınlar deyə, ola bilsin, o, yuxarı otaqda oturub Müqəddəs Yazıların bu parçalarının mənasını dərk etmək üçün dərindən düşünürdü. Belə araşdırmanın sayəsində o, imanını möhkəmləndirir və Yehova Allaha daha da yaxınlaşırdı.
Həmçinin Allahın Kəlamını araşdırmaq Danielin şəxsiyyətini formalaşdırır və bütün həyatını istiqamətləndirirdi. Şübhə yoxdur ki, uşaqlıqda Müqəddəs Yazılar əsasında aldığı tərbiyənin gənc yaşlarında Allahın Qanununda o dövr üçün qadağan olunmuş yeməklərdən imtina etmək qərarını verməkdə rolu olmuşdu (Daniel 1:8). Sonralar o, cəsarətlə Allahın xəbərini Babil hökmdarlarına çatdırırdı (Süleymanın məsəlləri 29:25; Daniel 4:19—25; 5:22—28). Onun çalışqanlığı, dürüstlüyü və etibara layiq olması hamıya bəlli idi (Daniel 6:4). Hər şeydən əlavə, Daniel həyatını xilas etmək üçün güzəştə getmək əvəzinə, həmişə axıra kimi Yehova Allaha etibar edirdi (Süleymanın məsəlləri 3:5, 6; Daniel 6:23). Buna görə də onun Allahın «sevimlisi» adlanması təəccüblü deyil.
Müəyyən mənada, Müqəddəs Kitabı araşdırmaq Danielə nisbətən bizim üçün daha rahatdır. İri tumarlar istifadəsi rahat olan kitablarla əvəz olunub. Danielin bəzi peyğəmbərliklərinin yerinə yetməsini göstərən yazılar da daxil olmaqla, indi əlimizdə tam Müqəddəs Kitab var. Eləcə də, Müqəddəs Yazıları araşdırmağa və öyrənməyə kömək edən kifayət qədər vəsaitimiz vara. Siz bu nəşrlərdən istifadə edirsinizmi? Müqəddəs Kitabı oxuyub üzərində düşünmək üçün vaxt ayırırsınızmı? Əgər belə edirsinizsə, onda sizin də Daniel peyğəmbər kimi, güclü imanınız və Yehova Allahla dərin münasibətiniz olacaq. Allahın Kəlamı sizi Onun məhəbbətli qayğısına əmin etməklə həyatınızda yol göstərəcək.
Duada mətanətli olun
Dua Daniel peyğəmbərin həyatında vacib yer tuturdu. Onun xahişləri Allahın niyyətinə uyğun gəlirdi. Bir dəfə o, gənc yaşlarında, Babil padşahı Navuxodonosorun yuxusunu yoza bilməyəcəyi təqdirdə edam edilmək təhlükəsi ilə üzləşmişdi. Daniel çəkinmədən Yehova Allahdan kömək diləyirdi (Daniel 2:17, 18). Qeyri-kamilliyini təvazökarlıqla qəbul edən peyğəmbər illər sonra özünün və xalqın günahlarını etiraf edərək əfv üçün Yehovaya yalvarırdı (Daniel 9:3—6, 20). Allahdan aldığı vəhylərdə nəyisə başa düşməyəndə Daniel kömək üçün Allaha dua edirdi. Bir dəfə onun yanına başa düşmədiyi şeylərə aydınlıq gətirmək üçün gələn mələk onun ‘sözlərinin eşidildiyini’ dedi (Daniel 10:12).
Sadiq peyğəmbərin duaları ancaq xahişlərdən ibarət deyildi. Daniel 6:10 ayəsində deyilir: «Daniel əvvəllər etdiyi kimi gündə üç dəfə diz çöküb öz Allahına dua etdi və Onun önündə şükür etdi». Danielin Allaha şükür etməyə və Onu izzətləndirməyə çoxlu səbəbləri var idi. Və o, bunu müntəzəm edirdi. Bəli, onun ibadətində dua elə vacib yer tuturdu ki, hətta həyatı təhlükə altında olanda belə ondan imtina etmədi. Təbii ki, mətanətli olduğuna görə Yehova onu çox sevirdi.
Dua etmək necə də böyük ənamıdır! Qoy bir gününüz belə duasız keçməsin. Etdiyi bütün yaxşılıqlara görə Allaha minnətdarlığınızı bildirməyi və şükür etməyi heç vaxt unutmayın. Çəkinmədən duada öz narahatçılığınızı və problemlərinizi Ona ifadə edin. Dualarınıza verilən cavabların üzərində düşünərək Allaha öz minnətdarlığınızı bildirin. Duaya lazımınca vaxt ayırın. Yehovaya duada ürəyimizi boşaltmaqla biz şəxsən Onun məhəbbətini hiss edirik. ‘Daima dua etmək’ üçün bu, tutarlı səbəbdir, elə deyilmi? (Romalılara 12:12).
Yehovanın adına izzət gətirin
Əgər dostlardan biri həmişə özü haqqında fikirləşirsə, bu dostluğun axırı olmayacaq. Eyni şeyi Yehova Allah ilə münasibətlərimizə də aid etmək olar. Daniel bunu çox yaxşı başa düşürdü. Gəlin görək, Yehovanın adını izzətləndirmək onun üçün nə dərəcədə əhəmiyyətli idi.
Allah onun duasına cavab olaraq Navuxodonosorun yuxusunu və onun mənasını açanda Daniel belə dedi: «Allahın adı əbədi olaraq izzətlənsin! Çünki hikmət və qüdrət Ona məxsusdur». Sonradan yuxunu və onun mənasını Navuxodonosora bildirəndə Daniel Yehovanın «sirləri açan» olduğunu vurğulayaraq, bir daha bütün izzəti Ona yönəltdi. Həmçinin o, günahların bağışlanması və xilas üçün yalvaranda belə dedi: «Ey Allahım,.. şəhərin və xalqın Sənə məxsusdur» (Daniel 2:20, 28; 9:19).
Danieli bu sahədə təqlid etmək üçün bizim çoxlu imkanlarımız var. Dua edərkən Allahın adının müqəddəs tutulması barədə istəyimizi bildirə bilərik (Matta 6:9, 10). Heç vaxt istəməzdik ki, davranışımızla Allahın adına ləkə gətirək. Onun Padşahlığı haqqında öyrəndiklərimizi başqaları ilə bölüşməklə Yehovanın adına həmişə izzət gətirə bilərik.
Yaşadığımız bu dünyada məhəbbətə və diqqətə böyük ehtiyac var. Lakin Yehovanın ayrı-ayrılıqda hər birimizin qayğısını çəkdiyini bilmək bizim ürəyimizi sevindirir. Məzmurçunun dediyi kimi, «Rəbb Öz xalqından zövq alar, zəfəri ilə məzlumların üstünə yaraşıq salar» (Məzmur 149:4).
[Haşiyə]
a Yehovanın Şahidləri Müqəddəs Kitabı daha yaxşı oxumağı və araşdırmağı kömək edən bir çox nəşrlər dərc edirlər. Əgər siz də belə nəşrlərdən birini əldə etmək istəyirsinizsə, çəkinmədən Yehovanın Şahidlərinə müraciət edə bilərsiniz.
[21-ci səhifədəki yazı]
Allah Daniel peyğəmbəri möhkəmləndirmək üçün Cəbrayılı göndərməklə ona Öz məhəbbətini ifadə etdi
[23-cü səhifədəki yazı]
Daniel peyğəmbərin araşdırma aparmaqda çalışqan və duada mətanətli olması onu bir şəxsiyyət kimi püxtələşdirir və Allaha yaxın edirdi