Qoy «bəli»niz bəli olsun
«Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun» (MAT. 5:37).
CAVAB VERƏ BİLƏRSƏNMİ?
İsa and içməklə bağlı nə demişdi?
Nəyə görə demək olar ki, İsa verilən sözə əməl etməkdə bizə gözəl nümunədir?
Həyatımızın hansı sahələrində «bəli» sözümüz bəli olmalıdır?
1. İsa and içmək barədə nə demişdi və nəyə görə?
ÜMUMİ götürdükdə, həqiqi məsihçilər and içməməlidirlər. Çünki onlar İsanın: «Qoy “bəli”niz bəli olsun», — sözlərinə əməl edirlər. Bununla İsa demək istəyirdi ki, hər bir insan sözünün ağası olmalıdır. Bu göstərişi verməzdən əvvəl o: «And içməyin», — demişdi. İsanın günlərində bir çox insanlar üçün dedikləri sözün üstündə durmaq niyyətləri olmadan gündəlik həyatda and içmək vərdiş halını almışdı. İsa yuxarıdakı sözlərlə belə insanları məzəmmət edirdi. İnsanın «bəli» və ya «xeyr» sözü niyyəti ilə üst-üstə düşməyəndə bu, onun etibarsız və Şəririn təsiri altında olduğundan xəbər verir. (Matta 5:33—37 ayələrini oxu.)
2. And içmək həmişə səhvdir? İzah et.
2 İsa and içməyin qətiyyən düzgün olmadığını demək istəmirdi. Keçən məqalədən biz öyrəndik ki, Yehova Allah və Onun saleh xidmətçisi İbrahim vacib məsələlərlə əlaqədar and içirdilər. Üstəlik, Allahın Qanununda müəyyən çətinlikləri həll etmək üçün and içmək tələb olunurdu (Çıx. 22:10, 11; Say. 5:21, 22). Beləliklə, məsihçidən məhkəmədə ifadə verərkən həqiqəti söyləyəcəyinə and içmək tələb oluna bilər. Məsihçinin and içdiyi digər nadir hallar da olur. Məsələn, qarşısındakı adamı hansısa bir iş görmək niyyətində olduğuna əmin etmək və ya problem barədə dediklərinin həqiqət olduğunu təsdiqləmək üçün. Baş kahin İsadan and içməsini istəyəndə o, buna etiraz etmədi, əksinə, Sinedriona həqiqəti söylədi (Mat. 26:63, 64). İsa hər zaman həqiqəti söylədiyinə görə onun kiməsə and içməsinə ehtiyac yox idi. Bununla belə, o, təbliğ etdiyi xəbərin etibarlı olduğunu vurğulamaq üçün hərfi mənası «həqiqətən, həqiqətən» olan və Azərbaycan dilinə «sizi əmin edirəm» və «bunu bilin» kimi tərcümə edilən ifadədən tez-tez istifadə edirdi (Yəh. 1:51; 13:16, 20, 21, 38). İndi isə görək «bəli» sözləri «bəli» olan İsadan, Paveldən və başqalarından nə öyrənə bilərik.
İSA — ƏN YAXŞI NÜMUNƏ
3. İsa duada Allaha nə söz vermişdi və səmavi Atasının buna münasibəti necə oldu?
3 «Ey Allahım, budur,.. Sənin iradəni yerinə yetirməyə gəlmişəm» (İbr. 10:7). Bu duada İsa, Şeytanın onu dabanından sancması da daxil olmaqla, vəd olunmuş Övlad barədəki peyğəmbərliklərin hamısını yerinə yetirəcəyinə söz verdi (Yar. 3:15). Hələ heç bir insan könüllü şəkildə üzərinə bu dərəcədə məsuliyyətli iş götürməmişdi. Oğlu vəftiz olunduğu zaman Yehova ondan and içməyi tələb etmədən ona tam etibar etdiyini bildirdi (Luka 3:21, 22).
4. İsa sözlərinə nə dərəcədə əməl edirdi?
4 İsanın «bəli» sözü hər zaman «bəli» olub. O, heç vaxt yol vermirdi ki, nə isə onu Atasının tapşırığından — Padşahlıq haqda xoş xəbəri təbliğ etmək və Allahın ona cəlb etdiyi insanlardan şagird hazırlamaq işindən yayındırsın (Yəh. 6:44). Müqəddəs Kitab: «Allah nə vəd edibsə, bu vədlərin hamısı onun sayəsində “bəli” oldu», — sözləri ilə onun nə dərəcədə etibaralayiq olduğunu göstərir (2 Kor. 1:20). Həqiqətən də, İsa Allaha verdiyi sözün üstündə durmaqla bizə ən gözəl nümunəni qoyub. İndi isə İsanı təqlid etmək üçün əlindən gələni edən bir şəxsin nümunəsinə nəzər salaq.
PAVEL — SÖZÜNÜN AĞASI
5. Həvari Pavel bizim üçün hansı nümunəni qoyub?
5 «Ağa, mən nə edim?» (Həv. iş. 22:10). O zaman Şaul kimi tanınan Pavel bu səmimi sözləri deməklə izzətə qovuşmuş İsanın rəhbərliyinə boyun əydiyini göstərdi. İsa Paveli şagirdlərini təqib etməkdən çəkindirmək istədiyi üçün ona göründü. Onun müdaxiləsi sayəsində Şaul təvazökarlıqla öz əvvəlki hərəkətlərindən tövbə edib, vəftiz oldu və İsa barədə digər millətlərə təbliğ etmək kimi xüsusi tapşırığı qəbul etdi. Həmin andan etibarən Pavel İsaya «Ağa» deyə müraciət edirdi və yer üzündə ömrünün axırına qədər buna uyğun davrandı (Həv. iş. 22:6—16; 2 Kor. 4:5; 2 Tim. 4:8). İsa demişdi: «Mənə: “Ağa, Ağa”, — deyirsiniz, bəs niyə dediyimi etmirsiniz?» Ancaq Pavel belələrindən deyildi (Luka 6:46). Bəli, İsa onu Ağa kimi qəbul edən hər bir kəsdən tələb edir ki, Pavel kimi, sözünün ağası olsunlar.
6, 7. a) Pavelin Korinfə təkrarən baş çəkməyi təxirə salmasına səbəb nə idi və nəyə görə onu etibarsızlıqda ittiham edənlər haqlı deyildilər? b) Təyin edilmiş nəzarətçilərə münasibətimiz necə olmalıdır?
6 Pavel Padşahlıq haqqında xoş xəbəri Kiçik Asiyada və Avropanın daxili bölgələrində səylə təbliğ edirdi. O, çoxlu yeni yığıncaqlar təşkil edir və onlara təkrarən baş çəkirdi. Bir dəfə o, məktubundakı məlumatın doğruluğunu göstərmək üçün and içməyi lazım bilmişdi (Qalat. 1:20). Bəzi korinflilər Paveli etibarsız olmaqda ittiham edirdilər. Özünü müdafiə etmək məqsədilə o yazmışdı: «Allaha güvənirsiniz, eləcə də əmin ola bilərsiniz ki, biz sizə nə isə söyləyəndə eyni vaxtda həm “bəli”, həm “yox” demirik» (2 Kor. 1:18). Pavel bu sözləri yazanda artıq Efesdən çıxmışdı və Makedoniyadan keçib Korinfə yollanırdı. Lakin əzəldən, yəni Makedoniyaya getməzdən öncə, o, bir daha Korinfə baş çəkməyi planlaşdırırdı (2 Kor. 1:15, 16). Ancaq bugünkü səyyar nəzarətçilər kimi, o vaxt da qardaşlar bəzən öz planlarında dəyişikliklər etməli olurdular. Bu dəyişikliklər əhəmiyyətsiz səbəblərdən və ya xudbin arzulardan irəli gələrək edilmir. Bəzən gözlənilməz vəziyyətlər yaranır. Pavelə gəldikdə isə, Korinfə planlaşdırılmış başçəkməni təxirə salması oradakı yığıncağın xeyri üçün idi. Hansı mənada?
7 Pavel ilk planlarını qurandan bir müddət sonra Korinf yığıncağında birliyin pozulması və qardaşların əxlaqsızlığa göz yumduqları barədə narahatçılıq doğuran xəbərlər aldı (1 Kor. 1:11; 5:1). Bu məsələni yoluna qoymaq üçün o, korinflilərə yazdığı birinci məktubunda onlara ciddi məsləhətlər verdi. Sonra Efesdən dəniz yolu ilə birbaşa Korinfə getmək əvəzinə, Pavel qərara gəldi ki, həmin məsləhətləri tətbiq etmələri üçün qardaşlara vaxt versin. Bunu ona görə etdi ki, ora gələndə onun başçəkməsi daha ruhlandırıcı keçsin. Onları planlarında etdiyi bu dəyişikliyin əsaslı olduğuna əmin etmək üçün Pavel ikinci məktubunda yazmışdı: «Allah şahiddir ki, sizə yazığım gəldiyi üçün indiyədək Korinfə gəlmirdim» (2 Kor. 1:23). Gəlin Paveli tənqid edənlər kimi olmayaq, əksinə, təyin olunmuş nəzarətçilərə dərin hörmətlə yanaşaq. Pavel Məsihi təqlid etdiyi kimi, biz də onu təqlid etməliyik (1 Kor. 11:1; İbr. 13:7).
TƏQLİD EDİLƏSİ DİGƏR NÜMUNƏLƏR
8. Rebeka bizim üçün necə nümunə qoyub?
8 «Gedirəm» (Yar. 24:58). Anası ilə qardaşına dediyi bu sadə sözlə Rebeka (Rivqa) göstərdi ki, elə həmin gün yad adamla 800 kilometrdən çox yol gedərək İbrahimin oğlu İshaqın arvadı olmağa hazırdır (Yar. 24:50—58). Rebeka necə dedisə, elə də etdi; Allahdan qorxan bu qız İshaq üçün sadiq həyat yoldaşı oldu. O, ömrünün sonuna kimi Vəd olunmuş diyarda çadırlarda yaşadı. Sadiqliyinə görə Rebeka mükafat aldı, o, vəd olunmuş Övlad olan İsa Məsihin ulu nənələrindən biri oldu (İbr. 11:9, 13).
9. Rut sözünə necə sadiq çıxdı?
9 «Biz də səninlə birgə xalqının yanına gedirik» (Rut 1:10). Bu sözləri dul qalmış iki moavlı qadın Rut və Orpa Moavdan Betlehemə qayıdan qayınanaları Naomiyə demişdilər. Naominin təkidindən sonra Orpa evinə qayıtdı. Lakin Rutun «yox» sözü yox demək idi. (Rut 1:16, 17 ayələrini oxu.) Bu sadiq qadın Naominin yanında qaldı, o, ailəsini və Moavın yalan dinini həmişəlik tərk etdi. Rut ömrünün sonuna qədər sədaqətlə Yehovaya xidmət etdi, Yehova da onu mükafatlandırdı: onun adı Mattanın Məsihin nəsil şəcərəsində çəkdiyi beş qadın adlarından biri oldu (Mat. 1:1, 3, 5, 6, 16).
10. Nəyə görə Yeşaya bizim üçün gözəl nümunədir?
10 «Mən buradayam. Məni göndər» (Yeşaya 6:8). Bu sözləri deməzdən öncə, Yeşaya İsrailin məbədi üzərində taxtında əyləşən Yehovanı möhtəşəm görüntüdə görmüşdü. Həmin möhtəşəm mənzərəni seyr edərkən Yeşaya Yehovanın sözlərini eşitdi: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» Bu, Yehovanın xəbərini yolunu azmış xalqına çatdırmaq üçün Onun nümayəndəsi olmaq dəvəti idi. Yeşaya bu dəvəti qəbul etdi və verdiyi sözün üstündə durdu. 46 ildən çox o, Allahın ifşaedici hökm xəbərini, eləcə də həqiqi ibadətin bərpa olunacağı barədə gözəl vədlərini bəyan edərək sədaqətlə Onun peyğəmbəri kimi xidmət etdi.
11. a) Nəyə görə sözümüzə sadiq çıxmaq bu qədər vacibdir? b) Müqəddəs Kitabda hansı etibarsız insanların nümunələri var?
11 Nəyə görə Yehova bu nümunələrin Kəlamında qələmə alınmasının qeydinə qaldı? Verdiyimiz sözlərə əməl etmək nə dərəcədə vacibdir? Müqəddəs Kitab birmənalı şəkildə xəbərdar edir ki, «sözünün ağası olmayan» insanlar ölümə layiq olanlar arasındadırlar (Rom. 1:31, 32). Sözlərinin üstündə durmayan firon, Yəhuda padşahı Sidqiya, eləcə də Hananya və Sapfira Müqəddəs Kitabdakı pis nümunələrdir. Onların hamısının aqibəti acınacaqlı oldu. Bu nümunələr bizim üçün xəbərdarlıqdır (Çıx. 9:27, 28, 34, 35; Yez. 17:13—15, 19, 20; Həv. iş. 5:1—10).
12. Sözümüzün ağası olmağa bizə nə kömək edəcək?
12 Biz «axır günlərdə» yaşadığımız üçün üzdən özlərini Allah adamı kimi göstərən, əslində isə Allahın yolu ilə getməyən, vəfasız insanlarla əhatə olunmuşuq (2 Tim. 3:1—5). Məhz buna görə də bacardığımız qədər pis insanlarla ünsiyyətdə olmaqdan qaçınmalıyıq. Biz həmişə sözünün üstündə durmağa çalışan insanlarla müntəzəm şəkildə birgə toplaşmalıyıq (İbr. 10:24, 25).
SƏNİN «BƏLİ» DEYƏRƏK VERDİYİN ƏN VACİB VƏDİN
13. İsa Məsihin davamçısının «bəli» deyərək verdiyi ən vacib vəd hansıdır?
13 İnsan ən vacib vədini özünü Yehovaya həsr edən zaman verir. Özlərini inkar edib Məsihin şagirdi olmaq istəyənlərin üç müxtəlif vəziyyətdə verilən suallara «bəli» demək imkanları var (Mat. 16:24). İki ağsaqqal vəftiz olunmamış təbliğçi olmaq istəyəni sual-cavab edəndə ondan soruşurlar: «Sən, həqiqətən də, Yehovanın Şahidi olmaq istəyirsən?» Sonradan həmin adam ruhani cəhətdən inkişaf edib vəftiz olmaq istəyəndə ağsaqqallar onunla görüşüb növbəti sualı verirlər: «Sən özünü duada Yehovaya həsr etmisənmi?» Sonda isə vəftiz olunduqları gün hər bir vəftiz olunana bu sual verilir: «İsa Məsihin fidyə qurbanlığı əsasında günahlarından tövbə etmisənmi və Yehovanın iradəsini yerinə yetirmək üçün özünü Ona həsr etmisənmi?» Beləliklə, onlar «bəli» deyərək şahidlərin gözü qarşısında Allaha əbədi olaraq xidmət edəcəklərinə söz verirlər.
14. Vaxtaşırı olaraq özümüzü necə yoxlamalıyıq?
14 Yenicə vəftiz olmağından və ya onilliklər ərzində Allaha xidmət etməyindən asılı olmayaraq, sən vaxtaşırı olaraq özünü yoxlamaq üçün bu kimi sualları verməlisən: «“Bəli” deyərək verdiyim ən vacib vədə İsa kimi sadiq qalmağa davam edirəmmi? Təbliğ etmək və şagird hazırlamaq işini həyatımda birinci yerə qoymaqla İsa Məsihə tabe olurammı?» (2 Korinflilərə 13:5 ayəsini oxu.)
15. Həyatımızın hansı sahələrində «bəli» sözümüzün bəli olması vacibdir?
15 Həsr olunarkən verdiyimiz sözə uyğun yaşamaq digər vacib sahələrdə də sadiq olmağımızı nəzərdə tutur. Misal üçün, əgər sən evlisənsə, bundan sonra da həyat yoldaşını sevəcəyinə və onun qayğısına qalacağına dair verdiyin anda sadiq ol. Tutalım ki, sən işgüzar müqavilə bağlamısan, yaxud da teokratik işlərdə iştirak etmək üçün ərizə blankı doldurmusan. Onda üzərinə götürdüyün öhdəlikləri yerinə yetirməli və verdiyin sözün üstündə durmalısan. Ola bilsin, maddi vəziyyəti bir o qədər də yaxşı olmayan bir nəfər səni qonaq dəvət edib. Belə olan halda sənə daha yaxşı təklif gələndə birinci dəvətdən imtina etmə. Yaxud da evdən-evə təbliğ edərkən rastlaşdığın insana söz vermisən ki, ona yenidən baş çəkib ruhani kömək göstərəcəksən. Qoy belə halda da sənin «bəli» sözün bəli olsun, onda Yehova sənin xidmətinə xeyir-dua verəcək. (Luka 16:10 ayəsini oxu.)
BAŞ KAHİN VƏ PADŞAH BİZƏ KÖMƏK EDİR
16. Əgər verdiyimiz sözə əməl edə bilmiriksə, nə etməliyik?
16 Müqəddəs Kitabda deyilir ki, qeyri-kamil olduğumuz üçün hər birimiz «dəfələrlə səhv edirik», xüsusilə də sözdə (Yaq. 3:2). Sözümüzün üstündə dura bilməyəndə nə etməliyik? Allah israillilərə verdiyi Qanunda «düşünmədən və bilmədən hər hansı bir ehtiyatsız» and içən insan üçün mərhəmətindən irəli gələrək bir tədbir nəzərdə tutmuşdu (Lev. 5:4—7, 11). Belə günah işlədən məsihçilər üçün də Allahın məhəbbətinin əks olunduğu tədbir mövcuddur. Əgər biz günahımızı Yehovaya etiraf etsək, O mərhəmət göstərərək Baş kahinimiz olan İsa Məsih vasitəsilə bizi bağışlayacaq (1 Yəh. 2:1, 2). Lakin Allahın inayətində qalmaq üçün biz peşman olduğumuzu göstərməliyik. Bunun üçün həmin günahı bir daha təkrarlamamalı və dilimizlə vurduğumuz hər hansı bir zərərin əvəzini ödəmək üçün əlimizdən gələni etməliyik (Sül. məs. 6:2, 3). Yaxşı olardı ki, yerinə yetirə bilməyəcəyimiz bir şeyi vəd etməzdən öncə, hərtərəfli düşünək. (Vaiz 5:2 ayəsini oxu.)
17, 18. Sözlərinin üstündə durmağa çalışan bütün insanları hansı möhtəşəm gələcək gözləyir?
17 Verdikləri sözə əməl etməyə çalışan Yehovanın bütün xidmətçilərini necə də gözəl gələcək gözləyir! 144 000 məsh olunmuş məsihçi göydə ölməzliyə qovuşacaq və onlar «min il ərzində Məsihlə birlikdə hakimiyyət sürəcəklər» (Vəhy 20:6). Milyonlarla digər insanlar isə yer üzündə bərpa olunacaq Cənnətdə Məsihin Padşahlığından zövq alacaqlar. Onlar tədricən fiziki və əqli kamilliyə yetişəcəklər (Vəhy 21:3—5).
18 İsanın Minillik Hökmranlığının sonundakı imtahandan sadiq çıxanların artıq heç vaxt heç kimin sözünə şübhə etməyə əsası olmayacaq (Vəhy 20:7—10). Hər kəsin «bəli» sözü bəli, «xeyr» sözü xeyr olacaq. Çünki o vaxt yaşayacaq insanlar «həqiqət Allahı» olan məhəbbətli səmavi Atamızı mükəmməl şəkildə təqlid edəcəklər (Məz. 31:5, «Kitabı Mukaddes»).
[28–ci səhifədəki şəkil]
İsa vəftiz olunduğu gündən son nəfəsinə qədər Atasına verdiyi sözünə əməl etdi
[30–cu səhifədəki şəkil]
«Bəli» deyərkən verdiyin ən vacib vədinə sadiqsən?