Birinci Butrus
5 Mən bir ağsaqqal kimi Məsihin əzablarının şahidi və bəlli olacaq şöhrətə şərik olaraq+ aranızdakı ağsaqqallardan rica edirəm: 2 Allahın sizə əmanət etdiyi sürünü otarıb+ ona nəzarət edin. Bunu zorla yox, Allah qarşısında könül xoşluğu ilə,+ haqsız qazanc hərisliyindən yox,+ canla-başla edin. 3 Allahın əmanəti üzərində ağalıq etməyin,+ əksinə, sürüyə nümunə olun.+ 4 Baş çoban+ zühur edəndə sizə solmaz şöhrət çələngi veriləcək.+
5 Siz, ey cavanlar, ağsaqqallara tabe olun.+ Hamınız bir-birinizlə münasibətdə təvazökar olun*, çünki Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir.+
6 Beləliklə, Allahın qüdrətli əli altında təvazökar olun. Vaxtı gələndə O, sizi ucaldacaq.+ 7 Bütün qayğılarınızı Onun üzərinə qoyun,+ çünki O, qayğınızı çəkir.+ 8 Ayıq durun, sərvaxt olun.+ Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır.+ 9 Güclü imanla ona müqavimət göstərin+ və bilin ki, dünyadakı bütün qardaşlarınız da eyni əzablara qatlaşırlar.+ 10 Sizi Məsihlə vəhdətdə əbədi calalına çağıran,+ sonsuz lütf sahibi Allah, siz qısa müddət əzab çəkdikdən sonra təliminizi başa çatdıracaq, sizi güclü+, mətin+, sarsılmaz edəcək. 11 Qüdrət əbədiyyət boyu Onun olsun! Amin.
12 Bu bir neçə kəlməni sədaqətli saydığım qardaşımız Silvan*+ vasitəsilə yazdım ki, sizi ruhlandırım və Allahın bu əsl lütfü barəsində ürəkdən şəhadət verim. Bu lütfü heç vaxt itirməyin. 13 Sizin kimi seçilmişlərdən olan Babildəki xanım* və oğlum Mark+ sizə salam göndərirlər. 14 Bir-birinizi qardaşlıq məhəbbəti ilə öpüb salamlayın.
Ey Məsihlə vəhdətdə olanlar, hamınıza sülh yar olsun!