‘Sürüyə nümunə olan’ çobanlar
‘Sizə həvalə olunan sürünü könüllü və şövqlə otarın. Sürüyə nümunə olun’ (1 PETER 5:2, 3).
1, 2. a) İsa həvari Peterə hansı üstünlüyü e’tibar etdi və nəyə görə demək olar ki, o, İsanın e’timadını doğrultdu? b) Yehova tə’yin etdiyi çobanlara hansı hissləri bəsləyir?
ERAMIZIN 33-cü ilinin Pentikost günündən bir az əvvəl Peter və digər altı şagird Qalileya dənizinin sahilində İsanın hazırladığı səhər yeməyini yeyirdilər. Peter dirilmiş İsanı bundan qabaq da görmüşdü və şübhəsiz ki, onun sağ olmasına çox şad idi. Bununla belə o, narahatçılıq keçirə bilərdi: bir neçə gün bundan əvvəl hamının qarşısında İsanı tanıdığını inkar etmişdi (Luka 22:55-60; 24:34; Yəhya 18:25-27; 21:1-14). İsa, peşman olan Peteri imanının çatışmadığı üçün məzəmmət etdimi? Xeyr. Əksinə, o, Peterə ‘qoyunlarını’ yedirmək və otarmaq üstünlüyünü e’tibar etdi (Yəhya 21:15-17). Müqəddəs Kitabda yazılan erkən məsihçi yığıncağının tarixindən görünür ki, Peter İsanın e’timadını doğrultdu. O, sərt imtahanlara baxmayaraq, Yerusəlimdəki ağsaqqallarla və digər həvarilərlə birgə, sür’ətlə artan məsihçi yığıncağını otarırdı (Həvarilərin işləri 1:15-26; 2:14; 15:6-9).
2 Bizim günlərdə də Yehova İsa Məsihin vasitəsilə münasib kişiləri ruhani çoban tə’yin edib ki, Onun sürüsünü bəşər tarixinin ən ağır dövründən keçirsinlər (Efeslilərə 4:11, 12; 2 Timoteyə 3:1). Bəs bu çobanlar İsanın e’timadını doğruldurlarmı? Bəli. Aralarında sülhün hökm sürdüyü ümumdünya qardaşlığı buna sübutdur. Doğrudur, Peter kimi, bu çobanlar da bə’zən səhvlərə yol verirlər (Qalatiyalılara 2:11-14; Yaqub 3:2). Buna baxmayaraq, Yehova Oğlunun ‘qanı bahasına əldə etdiyi’ qoyunların qayğısına qalmağı onlara e’tibar edib (Həvarilərin işləri 20:28, haşiyəyə baxın). Yehova bu kişilərə dərin məhəbbət bəsləyir və onları «ikiqat hörmətə layiq» sayır (1 Timoteyə 5:17).
3. Ruhani çobanlar könüllülüyü və şövqü qorumaqda nəyin köməyinə güvənirlər?
3 Tə’yinatlarında könüllülük və şövq nümayiş etdirməkdə ruhani çobanlar sürüyə nümunədirlər. Bəs bu ruhu qorumaqda onlara nə kömək edir? Peter və birinci əsrdəki digər çobanlar kimi, onlar da məs’uliyyət yüklərini daşımağa qüvvə verən müqəddəs ruha güvənirlər (2 Korinflilərə 4:7). Müqəddəs ruh onlarda ruhun səmərəsinə daxil olan məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət [«iman», YD], həlimlik və özünə hakim olmaq kimi keyfiyyətləri yetişdirir (Qalatiyalılara 5:22, 23). Ağsaqqallar, Allahın onlara həvalə etdiyi sürünün qayğısına qalaraq, ruhun səmərəsini təzahür etdirməkdə bizə hansı nümunəni verirlər? Gəlin bu sualı araşdıraq.
Sürüyə və hər qoyuna məhəbbət
4, 5. a) Yehova və İsa sürüyə məhəbbətlərini necə təzahür etdirirlər? b) Çobanların sürüyə olan məhəbbətləri hansı işlərindən görünür?
4 Allahın ruhunun yetişdirdiyi ən vacib keyfiyyət məhəbbətdir. Yehova, bütün sürünü sevdiyini, onu ruhani qida ilə bol-bol tə’min etməklə göstərir (Yeşaya 65:13, 14; Matta 24:45-47). Lakin Yehova sürünü yalnız qidalandırmaqla kifayətlənmir, O, ayrı-ayrılıqda hər bir qoyunun qayğısına məhəbbətlə qalır (1 Peter 5:6, 7). İsa da sürünü sevir. Onun uğrunda hətta canını qurban verib. İsa hər qoyunu ‘adı ilə’ tanıyır (Yəhya 10:3, 14-16).
5 Ruhani çobanlar Yehovadan və İsadan nümunə götürürlər. Allahın sürüsünə bütövlükdə sevgi bəsləmələri yığıncağa ‘tə’lim vermələrindən’ bəllidir. Çobanların Müqəddəs Kitaba əsaslanan mə’ruzələri sürünü qidalandırır və qoruyur. Onların bu ağır zəhməti hamının gözü qarşısındadır (1 Timoteyə 4:13, 16). Bundan savayı, ağsaqqallar yığıncağın hesabatlarına baxır, məktublaşma aparır, cədvəllər tərtib edir, yığıncaq görüşlərinin və onunla bağlı başqa işlərin «ədəblə və nizamla» keçməsi üçün digər işlərlə də məşğul olurlar (1 Korinflilərə 14:40). Lakin bu işlərin çoxu və onlara sərf edilən vaxt yığıncaq üzvlərinin nəzərinə çarpmır və az qiymətləndirilir. Bu həqiqətən də məhəbbətdən irəli gələn əməkdir! (Qalatiyalılara 5:13).
6, 7. a) Ağsaqqalların təbliğçilərlə yaxından tanış olmasının üsullarından biri hansıdır? b) Hisslərimizi arabir ağsaqqalla bölüşmək nəyə görə faydalıdır?
6 Məhəbbətli ağsaqqallar yığıncağın hər üzvünə şəxsi maraq göstərməyə çalışırlar (Filipililərə 2:4). Ağsaqqalın təbliğçi ilə yaxından tanış olmasının üsullarından biri onunla təbliğə getməkdir. İsa şagirdləri ilə tez-tez təbliğə çıxırdı və bu imkandan istifadə edərək onları ruhlandırırdı (Luka 8:1). Bir təcrübəli məsihçi ağsaqqalı deyir: «Mənim fikrimcə, bacı-qardaşlarla tanış olmağın və onları ruhlandırmağın ən yaxşı üsullarından biri onlarla təbliğ etməkdir». Əgər sən yığıncaq ağsaqqalları ilə son vaxtlar təbliğdə olmamısansa, nəyə görə tezliklə bunu etməyəsən?
7 Məhəbbət İsanı şagirdlərinin sevinc və dərdlərinə şərik olmağa təşviq edirdi. Məsələn, onun 70 şagirdi təbliğdən sevincli qayıdanda, o da ‘sevindi’ (Luka 10:17-21). Lakin Lazarın ölümünün Məryəmə, onun ailə üzvləri və dostlarına necə tə’sir etdiyini görəndə, «İsa ağladı» (Yəhya 11:33-35). Qayğıkeş çobanlar da qoyunların keçirdiyi hisslərə e’tinasız yanaşmırlar. Məhəbbət onları ‘sevinənlərlə sevinməyə, ağlayanlarla ağlamağa’ təşviq edir (Romalılara 12:15). Həyatında sevindirici və ya kədərli hadisələr baş verəndə, öz hisslərini ağsaqqallarla bölüşməyə çəkinmə. Sənin sevincin onları ruhlandıracaq (Romalılara 1:11, 12). Sınaqların haqda xəbərdar olduqda, səni möhkəmləndirəcək və təsəlli verəcəklər (1 Salonikililərə 1:6; 3:1-3).
8, 9. a) Bir ağsaqqal həyat yoldaşına olan məhəbbətini necə təzahür etdirirdi? b) Ailəsinə olan məhəbbətini təzahür etdirmək ağsaqqal üçün nə dərəcədə vacibdir?
8 Çobanın sürüyə olan məhəbbəti, xüsusilə də ailəsilə necə davranmasından görünür (1 Timoteyə 3:1, 4). Ağsaqqalın həyat yoldaşına göstərdiyi məhəbbət və hörmət evli qardaşlar üçün nümunədir (Efeslilərə 5:25; 1 Peter 3:7). Linda adlı bacımızın yoldaşı ölməzdən əvvəl 20 ildən artıq idi ki yığıncaqda ağsaqqal xidmət edirdi. Bacı deyir: «Yoldaşım həmişə yığıncaq işlərilə məşğul idi, lakin qoymurdu ki, özümü lazımsız hiss edim. Ona dəstək olduğum üçün tez-tez mənə minnətdarlığını bildirirdi. Boş vaxtını mənimlə keçirirdi. Buna görə sevildiyimi hiss edirdim və yığıncaq işlərinə onu qısqanmırdım».
9 Əgər ağsaqqalın uşaqları varsa, onları məhəbbətlə tərbiyələndirməsi və tez-tez tə’rifləməsi digər valideynlər üçün nümunədir (Efeslilərə 6:4). Qardaşın müqəddəs ruh tərəfindən çoban tə’yin edilməsi onun e’tibara layiq olduğunu göstərir. Ailəsinə təzahür etdirdiyi məhəbbət isə sübut edir ki, o bu e’tibarı doğruldur (1 Timoteyə 3:4, 5).
Açıq ünsiyyət sevinc və sülh gətirir
10. a) Yığıncaqda sevinc və sülhə nə pis tə’sir göstərə bilər? b) Birinci əsrdə hansı məsələ yığıncaqda sülhü təhlükə altına atmışdı və həmin məsələ necə həll olundu?
10 Müqəddəs ruh məsihçinin ürəyində, ağsaqqallar şurasında və bütün yığıncaqda sevinc və sülh yetişdirə bilər. Lakin kifayət qədər açıq ünsiyyət olmasa, bu, yığıncağın sülhünü pozar, onu sevincdən məhrum edər. Qədimdə yaşamış Süleyman yazırdı: «Məsləhətsiz niyyət boşa çıxar» (Süleymanın məsəlləri 15:22). Digər tərəfdən, hörmətcil və açıq ünsiyyət sevinc və sülhə səbəb olur. Məsələn, birinci əsrdə sünnət haqqında qalxmış sual yığıncaqda sülhü təhlükə altına atanda, Yerusəlimdə yerləşən rəhbərlik şurası məsələni həll etmək üçün müqəddəs ruhun rəhbərliyinə müraciət etdi. Həmçinin hər ağsaqqal öz nöqteyi-nəzərini açıq söylədi. Canlı müzakirədən sonra onlar müəyyən bir qərara gəldilər. Yekdilliklə qəbul etdikləri qərar yığıncaqlara e’lan ediləndə, qardaşlar «bu ürəkləndirici nəsihətə sevindilər» (Həvarilərin işləri 15:6-23, 25, 31; 16:4, 5). Yığıncaqda sevinc və sülh qorundu.
11. Ağsaqqallar yığıncaqda sevinc və sülhü necə qoruyurlar?
11 Eləcə də bu gün, ağsaqqalların bir-birilə açıq ünsiyyət etməsi bütün yığıncaqda sevinc və sülhü qoruyur. Hansısa bir problem yığıncaqda sülhü təhlükə altına atanda onlar bir yerə toplaşaraq fikirlərini açıq söyləyirlər. Onlar şuranın digər ağsaqqallarının da fikirlərini hörmətlə dinləyirlər (Süleymanın məsəlləri 13:10; 18:13). Duada Allahın müqəddəs ruhunu istədikdən sonra Müqəddəs Kitab prinsiplərinin və «sadiq və ağıllı qul»un təqdim etdiyi rəhbərliyin əsasında qərar verirlər (Matta 24:45-47; 1 Korinflilərə 4:6). Ağsaqqallar şurası Müqəddəs Yazılara əsaslanan qərar qəbul etdikdə, hər ağsaqqal, hətta fikri əksəriyyətinkindən fərqlənsə də, müqəddəs ruhun rəhbərliyinə tabe olaraq bu qərarı dəstəkləyir. Məhz bu cür təzahür etdirilən təvazökarlıq yığıncaqda sevinc və sülhü qoruyur və qoyunlara Allahla yeriməkdə gözəl nümunə verir (Mikeya 6:8). Bəs sən, ağsaqqallar şurasının Müqəddəs Kitaba əsaslanan qərarlarına təvazökarlıqla tabe olursanmı?
Səbirli və lütfkar
12. Nəyə görə İsaya həvariləri ilə ünsiyyət edərkən səbirli və lütfkar olmaq lazım gəlirdi?
12 Həvarilərinin dəfələrlə səhvlərə yol verməsinə baxmayaraq, İsa onlarla səbir və lütfkarlıqla davranırdı. Məsələn, o, təvazökar olmağın vacibliyini dönə-dönə vurğulayırdı (Matta 18:1-4; 20:25-27). Yer üzündəki həyatının son gecəsində, şagirdlərinin ayaqlarını yumaqla onlara təvazökarlığa dair dərs verdi. Lakin dərhal sonra şagirdlərin «arasında bir mübahisə... oldu: onlardan kim ən böyük sayılmalıdır» (Luka 22:24; Yəhya 13:1-5). İsa həvarilərini məzəmmət etdimi? Yox, o, həvariləri ilə lütfkarlıqla mülahizə yürütməyə başladı: «Kim daha böyükdür: süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mən isə sizin aranızda xidmətkar kimiyəm» (Luka 22:27). Gözəl nümunəsilə yanaşı İsanın səbri və lütfkarlığı, sözsüz ki, şagirdlərin ürəyində dərin iz buraxdı.
13, 14. Çobanın lütfkar olması xüsusilə nə vaxt vacibdir?
13 Buna bənzər tərzdə, ağsaqqal səhv iş görən adama bir neçə dəfə məsləhət verməli ola bilər. Ağsaqqal bu insanın əlindən əsəbiləşə bilər. ‘İntizamsızlara nəsihət verərkən’ ağsaqqal hərdən özünün də səhvlərə yol verdiyini unutmamalıdır. Belə olduqda, çobanları da daxil etməklə, bütün məsihçilərə səbir və lütfkarlıqla yanaşan Yehova və İsadan nümunə götürmək ona asan olacaq (1 Salonikililərə 5:14; Yaqub 2:13).
14 Hərdən ağsaqqallara ciddi günah işlədəni töhmət etmək lazım gəlir. Həmin insan tövbə etmirsə, ağsaqqallar onu yığıncaqdan kənar etməlidirlər (1 Korinflilərə 5:11-13). Hətta belə hallarda onların günahkarla rəftar etmə tərzi göstərir ki, onlar günahkara deyil, günaha nifrət edirlər (Yəhuda 23). Çobanların ona qarşı lütfkar münasibətini gördükdə, ola bilsin, yolunu azmış qoyuna vaxt keçdikdən sonra sürüyə qayıtmaq asan olacaq.
İmanın təşviqi ilə edilən yaxşı əməllər
15. Çobanlar Yehovanın xeyirxahlığını necə təqlid edirlər və bunu etməyə onları nə təşviq edir?
15 Yehova hamıya, hətta naşükürlərə qarşı ‘xeyirxahdır’ (Məzmur 145:9; Matta 5:45). Onun xeyirxahlığı xalqını Padşahlıq haqqında müjdəni təbliğ etməyə göndərməsindən xüsusilə görünür (Matta 24:14). Çobanlar təbliğ işində rəhbərliyi öz üzərlərinə götürərək Allahın xeyirxahlığını əks etdirirlər. Onları yorulmadan çalışmağa nə təşviq edir? Yehovaya və Onun və’dlərinə olan möhkəm iman (Romalılara 10:10, 13, 14).
16. Çobanlar qoyunlara necə ‘yaxşılıq edə’ bilərlər?
16 Ağsaqqallar təbliğ edərək ‘hamıya yaxşılıq edirlər’. Lakin onların ‘xüsusən imanlılar ailəsinə yaxşılıq etmək’ məs’uliyyətləri də var (Qalatiyalılara 6:10). Məsələn, onlar çoban başçəkmələri edərək bacı-qardaşlarını ruhlandırırlar. Bir ağsaqqal deyir: «Mən çoban başçəkməsi etməyi xoşlayıram. Bu mənə bacı-qardaşları göstərdikləri sə’yə görə tə’rifləmək və onları ağır əməklərinin qiymətləndirildiyinə əmin etmək imkanını verir». Ağsaqqallar vaxtaşırı olaraq Yehovaya xidmətin müəyyən sahəsini təkmilləşdirməyə dair təbliğçilərə məsləhətlər verə bilərlər. Belə etməklə müdrik çobanlar həvari Pavelin nümunəsini təqlid edirlər. Görün Pavel Salonikdəki məsihçilərə hansı sözlərlə müraciət etmişdi: «Biz də Rəbbə güvənərək, sizdən əminik ki, sizə verdiyimiz göstərişlərə əməl edirsiniz və edəcəksiniz» (2 Salonikililərə 3:4). Əminliyi ifadə edən sözlər qoyunları yaxşı işlərə təşviq edir və ‘rəislərə itaət etmək’ onlara daha asan olur (İbranilərə 13:17). Əgər ağsaqqal sənə ruhlandırıcı başçəkmə edibsə, nəyə görə ona minnətdarlığını bildirməyəsən?
Həlimlik özünə hakim olmağı tələb edir
17. Peter İsadan nə öyrəndi?
17 İsanı özündən çıxarmağa çalışanda belə o, həlimlik göstərirdi (Matta 11:29). O ələ verilib həbs ediləndə də həlimlik və özünə hakim olmağı təzahür etdirmişdi. Qəzəbini saxlaya bilməyən Peter qılıncını çıxarıb İsanı həbs edənin əvəzini verdi. Lakin İsa ona xatırlatdı: «Elə düşünürsən, Mən indi Atamdan rica edə bilmərəm ki, on iki legiondan çox mələyi Mənim sərəncamıma göndərsin?» (Matta 26:51-53; Yəhya 18:10). Peter İsanın ona verdiyi dərsi yaxşı mənimsədi. Bir qədər vaxtdan sonra o, məsihçilərə xatırladırdı: «Məsih... bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək... Söyülərkən, cavabında söymədi; əzab çəkərkən, təhdid etmədi» (1 Peter 2:21-23).
18, 19. a) Çoban özünə hakim olmağı və həlimliyi xüsusilə nə vaxt təzahür etdirməlidir? b) Növbəti məqalədə hansı suallar araşdırılacaq?
18 Buna bənzər tərzdə, yaxşı çobanlar, hətta kimsə onlarla ədalətsiz davrananda belə, həlimlik göstərirlər. Məsələn, köməyə ehtiyacı olanlardan bə’ziləri ağsaqqalın onlara kömək etmək cəhdlərinə mənfi reaksiya göstərə bilərlər. Əgər köməyə ehtiyacı olan adam ruhani cəhətdən zəif və ya xəstədirsə, o, məsləhət verən ağsaqqalı ‘dili ilə qılınc kimi yaralaya’ bilər (Süleymanın məsəlləri 12:18). Lakin çobanlar İsanın nümunəsini təqlid edərək nə ünvanlarına kəskin sözlər deyiləndə cavab qaytarır, nə də ki, ədalətsiz davranışın əvəzini çıxırlar. Bu qardaşlar özlərinə hakim olmağa və həmin insanların hisslərini başa düşməyə çalışırlar. Bu, köməyə ehtiyacı olanlara xeyir-dua ola bilər (1 Peter 3:8, 9). Sən ağsaqqalların nümunəsini təqlid edir və məsləhət alanda özünə hakim olub, həlimlik təzahür etdirirsənmi?
19 Şübhəsiz, Yehova ilə İsa ümumdünya yığıncağın qayğısına qalan minlərlə ağsaqqalın ağır əməyini yüksək qiymətləndirirlər. Yehova və Onun Oğlu ‘müqəddəslərə xidmət etməkdə’ ağsaqqallara kömək edən minlərlə xidməti köməkçilərə də dərin məhəbbət bəsləyirlər (İbranilərə 6:10). Bəs onda niyə bə’zi vəftiz olunmuş qardaşlar bu ‘xeyirli işə’ can atmırlar? (1 Timoteyə 3:1). Yehova çoban tə’yin etdiyi kişilərə necə tə’lim verir? Bu sualları növbəti məqalədə araşdıracağıq.
Yadınızdadırmı?
• Çobanların sürünü sevdikləri hansı işlərindən görünür?
• Yığıncağın hər üzvü yığıncaqda sevinc və sülhü qorumaq üçün nə edə bilər?
• Çobanlar məsləhət verəndə nəyə görə səbir və lütfkarlıqla davranırlar?
• Ağsaqqallar xeyirxahlığı və imanı necə təzahür etdirirlər?
[18-ci səhifədəki şəkil]
Ağsaqqallar məhəbbətdən irəli gələrək yığıncağa xidmət edirlər.
[18-ci səhifədəki şəkillər]
Onlar ailələri ilə istirahət edir...
...və onlarla xidmətə çıxırlar.
[20-ci səhifədəki şəkil]
Ağsaqqallar arasında açıq ünsiyyət yığıncaqda sevinc və sülh olmasına səbəb olur.