Hizqiyal
37 Yehovanın ruhu* üzərimə endi. Yehovanın ruhu məni düzənliyin ortasına apardı.+ Ora sümüklərlə dolu idi. 2 O, məni sümüklərin ətrafında gəzdirdi. Gördüm ki, düzənlikdə xeyli sümük var, hamısı da qupquru.+ 3 O, məndən soruşdu: «Ey bəni-adəm, səncə, bu sümüklər canlana bilər?» Mən dedim: «Ey Külli-İxtiyar, Yehova, bunu Sən bilərsən».+ 4 Onda O, mənə dedi: «Peyğəmbərlik edib sümüklərə de: “Siz, ey quru sümüklər, Yehovanın sözünü eşidin:
5 “Külli-İxtiyar Yehova sümüklərə belə deyir: “Mən sizə nəfəs üfürəcəyəm, canlanacaqsınız.+ 6 Sizi əzələ ilə, ətlə örtəcəyəm, üstündən də dəri çəkəcəyəm. Sizə nəfəs üfürəcəyəm, canlanacaqsınız və biləcəksiniz ki, Mən Yehovayam”».
7 Necə deyilmişdisə, elə də peyğəmbərlik etdim. Sözüm hələ ağzımda ikən şaqqıltı səsi gəldi, sümüklər bir-birinə bitişməyə başladı. 8 Sonra gördüm ki, üstlərinə əzələ, ət gəldi, onları dəri örtdü. Amma hələ heç birində nəfəs yox idi.
9 Allah mənə dedi: «Küləyə peyğəmbərlik et. Ey bəni-adəm, peyğəmbərlik edib küləyə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Gəl, ey ruzigar*, qətl edilmiş bu adamların üstünə dörd səmtdən əs, qoy onlar həyata qayıtsınlar”».
10 Necə deyilmişdisə, elə də peyğəmbərlik etdim. Nəfəs* onların canına doldu, onlar canlanıb ayağa qalxdılar.+ Bu, həddi-hüdudu görünməyən böyük bir qoşun idi.
11 Allah mənə dedi: «Ey bəni-adəm, bu sümüklər İsrail evidir.+ Onlar deyirlər: “Sümüklərimiz quruyub, ümidimiz üzülüb,+ yalqız qalmışıq”. 12 Sən isə peyğəmbərlik edib onlara söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb+ sizi oradan çıxaracağam, sizi İsrail torpağına gətirəcəyəm.+ 13 Qəbirlərinizi açıb sizi oradan çıxaranda, ey xalqım, biləcəksiniz ki, Mən Yehovayam”.+ 14 “Daxilinizə ruhumu qoyacağam, canlanacaqsınız.+ Sizi öz torpaqlarınıza qaytaracağam. Onda biləcəksiniz ki, Mən Yehova dedim, dediyimi də etdim”, — Yehova bəyan edir».
15 Mənə yenidən Yehovanın sözü nazil oldu: 16 «Ey bəni-adəm, bir çubuq götür, üstünə “Yəhuda və onunla olan* İsrail xalqı üçün” sözlərini yaz.+ Sonra başqa bir çubuq götür, üstünə “Əfraimin çubuğu Yusif üçün və onunla olan İsrail evi üçün”+ yaz. 17 Sonra onları bir-birinə birləşdir ki, əlində bir çubuq olsun.+ 18 Soydaşların səndən bunun mənasını soruşanda 19 onlara söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən Əfraimin əlində tutduğu Yusifin və onunla olan İsrail qəbilələrinin çubuğunu götürüb Yəhudanın çubuğuna birləşdirəcəyəm.+ Onlar Mənim əlimdə bir çubuq olacaqlar”. 20 Üstündə yazı yazdığın çubuqları əlində tut ki, görsünlər.
21 Sonra onlara söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “İsrailliləri səpələndikləri xalqların arasından toplayacağam, onları hər tərəfdən yığıb öz yurd-yuvalarına qaytaracağam.+ 22 Onları bu diyarda, İsrail dağlarında vahid xalq edəcəyəm,+ başlarında bir hökmdar duracaq,+ artıq iki xalq olmayacaqlar, iki dövlətə bölünməyəcəklər.+ 23 Daha iyrənc bütləri, mənfur əməlləri və günahları ilə özlərini murdarlamayacaqlar.+ Onlar xəyanət edib günaha batdılar, Mən isə bu xəyanəti onlardan uzaqlaşdırıb, onları təmizləyəcəyəm. Onlar Mənim xalqım olacaq, Mən isə onların Allahı.+
24 Onların padşahı qulum Davud olacaq,+ hamısının bir çobanı olacaq.+ Hökmlərimlə yaşayacaq, qayda-qanunlarıma dəqiqliklə riayət edəcəklər.+ 25 Ata-babalarınızın məskən saldığı, qulum Yaquba verdiyim məmləkətdə yaşayacaqlar.+ Orada həmişəlik sakin olacaqlar,+ özləri də, övladları da, övladlarının övladları da orada yaşayacaq.+ Qulum Davud onlara başçı olacaq.+
26 Onlarla sülh əhdi bağlayacağam,+ bu, əbədi əhd olacaq. Onlara torpaqlarını qaytaracağam, saylarını artıracağam,+ məbədimi həmişəlik aralarında yerləşdirəcəyəm. 27 Çadırım* onlarla olacaq, Mən onların Allahı olacağam, onlar da Mənim xalqım.+ 28 Bəli, məbədim həmişəlik onların arasında olacaq, onda xalqlar biləcəklər ki, İsraili müqəddəs edən Mən Yehovayam”».+