İbranilərə məktub
12 Bu cür böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün gəlin hər cür yükü və bizə asanlıqla sarmaşan günahı kənara ataq+ və qarşımızdakı yarışda dözümlə qaçaq.+ 2 Eyni zamanda gözümüzü imanımızın Öndəri və kamilləşdirəni İsadan ayırmayaq.+ O, qarşıda onu gözləyən sevincə görə rüsvayçılığa məhəl qoymayıb işgəncə dirəyində* çəkdiyi əzablara dözdü və Allahın taxtının sağında əyləşdi.+ 3 Bəli, öz zərərinə danışan günahlıların o cür ədavətli sözlərinə dözən+ İsa haqqında ciddi düşünün ki, yorulub təslim olmayasınız.+
4 Siz bu günahla mübarizədə hələ qanınız axana qədər döyüşməmisiniz. 5 Ancaq bir oğul kimi sizə verilən bu nəsihəti tamamilə yaddan çıxarmısınız: «Oğlum, Yehovanın tərbiyəsinə xor baxma, O, səni tənbeh edəndə ruhdan düşmə. 6 Çünki Yehova kimi sevirsə, onu tərbiyə edir, lazım gəlsə, oğul kimi qəbul etdiyi hər kəsi cəzalandırır*».+
7 Buna dözün, çünki bu, bir tərbiyə üsuludur. Allah sizinlə öz oğulları kimi davranır.+ Məgər elə oğul var ki, atası onu cəzalandırmasın?+ 8 Ancaq əgər siz hamınız bu cəzanı almasanız, onda oğul yox, qeyri-qanuni doğulmuş övlad olarsınız. 9 Bizim cismani atalarımız da bizə cəza vermişlər və biz onlara hörmət etmişik. Elə isə, məgər ruhani həyatımızın Atasına daha böyük həvəslə itaət edib yaşamamalıyıq?+ 10 Atalarımız qısa müddət ərzində və düzgün saydıqları şəkildə bizə cəza vermişlər, Allah isə bunu bizim xeyrimiz üçün edir ki, Onun kimi müqəddəs olaq.+ 11 Düzdür, cəza o anda insana sevinc yox, ağrı gətirir. Sonradan isə bu yolla tərbiyə olunmuş adamlarda salehliyin sülh bəhrəsini yetişdirir.
12 Buna görə də yana düşmüş qolları və zəif dizləri gücləndirin,+ 13 düz yoldan ayrılmayın+ ki, axsaq ayaq yerindən çıxmasın, əksinə, sağalsın. 14 Hamıyla sülhdə olmağa çalışın+ və müqəddəsliyə+ can atın, çünki bunsuz heç kəs Ağanı* görə bilməz. 15 Diqqətli olun ki, hamınız Allahın lütfünü alasınız, aranızda zəhərli kök boy atıb sizin üçün çətinlik yaratmasın və çoxlarını murdarlamasın.+ 16 Qoymayın ki, içinizdə əxlaqsız, yaxud Eys kimi müqəddəs şeyləri qiymətləndirməyən adam olsun. O, bir qarın yeməkdən ötrü ilk oğulluq haqqından keçdi.+ 17 Siz bilirsiniz ki, Eys sonradan xeyir-duanı miras almaq istəyəndə rədd edilmişdi. O, göz yaşı töküb atasının qərarını dəyişdirməyə çalışsa da,+ bu, artıq mümkün deyildi.
18 Siz toxunulub duyulan,+ alovlanan dağa,+ qara buluda, qatı zülmətə, yaxud tufana,+ 19 kərənay səsinə+ və danışan səsə+ yaxınlaşmamısınız. Xalq o səsi eşidəndə yalvarmışdı ki, səs daha onlara heç nə deməsin.+ 20 Çünki «dağa toxunan heyvan daşqalaq edilməlidir»+ əmri onları vahiməyə salmışdı. 21 Bu mənzərə elə qorxulu idi ki, Musa: «Mən qorxudan əsirəm»,+ — demişdi. 22 Ancaq siz Sion dağına,+ var olan Allahın şəhəri səmavi Yerusəlimə+ və on minlərlə mələkdən ibarət 23 izdihama,+ adları göydə yazılmış ilkinlərin yığıncağına, hər kəsin Hakimi olan Allaha,+ kamil edilmiş salehlərin+ ruhani həyatına,+ 24 yeni əhdin+ vasitəçisi İsaya+ və Habilin qanından daha yaxşı danışan+ çilənmiş qana yaxınlaşdınız.
25 Diqqətli olun ki, danışanın sözlərinə itaətsizlik göstərməyəsiniz. Əgər Allahdan gələn xəbərdarlıqları yer üzündə bəyan edənə itaətsizlik göstərənlər cəzadan qurtulmadılarsa, görün göydən danışandan üz döndərsək, başımıza nələr gələr?!+ 26 O vaxt Allahın səsi yeri silkələmişdi,+ indi isə O, belə vəd edir: «Bir də silkələyəcəyəm, özü də tək yeri yox, göyü də silkələyəcəyəm».+ 27 «Bir də» ifadəsi göstərir ki, Allah tərəfindən yaradılmamış, silkələnən şeylər yox ediləcək. Beləcə, silkələnməmiş şeylər qalacaq. 28 Deməli, silkələnməz bir Padşahlıq alacağımızı bilərək, gəlin bundan sonra da Allahın lütfünü alaq, axı biz bu lütf sayəsində, qorxu və dərin ehtiramla Allaha Onun bəyəndiyi tərzdə qulluq edə bilərik. 29 Çünki Allahımız, eyni zamanda, yandırıb-yaxan alovdur.+