Gözləməyi bacarın!
“Qurtuluşumun Allahını gözləyəcəyəm; Allahım məni eşidəcək” (MİKA 7:7).
1, 2. a) Səhv düşüncə tərzinə malik olduqları üçün israillilər səhrada necə əzab çəkdilər? b) Özündə düzgün düşüncə tərzini inkişaf etdirməyən məsihçi ilə nə baş verə bilər?
HƏYATDA çox şeyə ya müsbət, ya da ki, mənfi nöqteyi-nəzərlə baxmaq olar: hər şey bizim düşüncə tərzimizdən asılıdır. İsraillilər səhrada olarkən, mö’cüzəli tərzdə manna ilə tə’min olunurdular. Onlar, ətrafdakı cansız mənzərəyə göz gəzdirərək, qida ilə tə’min olunduqlarına görə Yeqovaya dərin minnətdarlıq hissi bəsləməli idilər. Bu onların müsbət düşüncə tərzinə malik olduqlarını əks etdirərdi. Onlar isə Misirdə yedikləri cürbəcür yeməkləri xatırlayır və şikayətlənirdilər ki, manna dadsızdır. Bununla da mənfi düşüncə tərzinə malik olduqlarını göstərirdilər. (Saylar 11:4—6).
2 Bu gün də, məsihçinin düşüncə tərzindən asılı olaraq, bə’zi iş ona sevindirici və ya kədərli görünə bilər. Düşüncə tərzi düzgün olmazsa, məsihçi sevincini itirə bilər, bu isə çox ciddi haldır, çünki Nehemya deyirdi: “RƏB sevinci qüvvətimizdir” (Nehemya 8:10). Müsbət, sevinclə dolu düşüncə tərzi qüvvətli qalmaqda bizə kömək edir, yığıncaqda sülh və birliyə səbəb olur (Romalılara 15:13; Filipililərə 1:25).
3. Düzgün düşüncə tərzi çətin vaxtlarda Yeremyaya necə kömək etdi?
3 Yeremyanın çətin vaxtlarda yaşamasına baxmayaraq, o, müsbət düşüncə tərzini qoruyub saxlayırdı. Hətta b. e. ə. 607-ci ildə Yerusəlimin zəbt edilməsinin dəhşətinə baxarkən də, o, baş verən hadisənin müsbət tərəflərini görməyi bacardı. Məsələn, Yeqovanın İsraili unutmayacağını və xalqın qorunacağını görürdü. Bu peyğəmbər, “Yeremyanın mərsiyələri” adlı kitabında yazırdı: “RƏBBİN şəfqətlərindəndir ki, tələf olmadıq, çünki mərhəməti tükənməz. Onlar hər sabah təzələnir, sənin sədaqətin böyükdür” (Yeremyanın mərsiyələri 3:22, 23). Tarix ərzində Allahın xidmətçiləri ən çətin vəziyyətlərdə belə, müsbət, hətta sevinclə dolu düşüncə tərzini qoruyub saxlamağa çalışıblar (2 Korinflilərə 7:4; 1 Saloniklilərə 1:6; Yaqub 1:2).
4. İsa hansı düşüncə tərzini qoruyub saxlayırdı və bu ona necə kömək etdi?
4 Yeremyanın günlərindən altı yüz il sonra, müsbət düşüncə tərzi sınaqlara tab gətirməkdə İsaya kömək etmişdir. Biz oxuyuruq: “O [İsa], qarşısına qoyulan sevinc uğrunda, rüsvayçılığa e’tinasızlıq göstərib, çarmıxa təhəmmül etdi və Allahın taxtının sağında oturdu” (İbranilərə 12:2). İsa, qarşılaşdığı müqavimət və ya təzyiqlərə baxmayaraq — hətta dirək üzərində əzab çəkdiyi zaman da — “qarşısına qoyulan sevinc” barədə fikirləşirdi. Bu sevinc, Yeqovanın ali hakimiyyətinə haqq qazandırmaq və Onun adını izzətləndirmək, eləcə də itaətkar insanlara gələcəkdə son dərəcə çox xeyir-dualar gətirmək imkanından ibarət idi.
Gözləmək bacarığını əldə edin
5. Gözləmək bacarığı hansı hallarda müəyyən şeylərə düzgün yanaşmaqda bizə kömək edər?
5 Əgər İsada olan düşüncə tərzini özümüzdə inkişaf etdiririksə, hətta bir iş bizim gözlədiyimiz kimi və ya gözlədiyimiz zaman baş verməyəndə də, Yeqovanın qarşısında sevincimizi itirməyəcəyik. Mika peyğəmbər dedi: “Qurtuluşumun Allahını gözləyəcəyəm; Allahım məni eşidəcək” (Mika 7:7; Yeremyanın mərsiyələri 3:21). Biz də göstərə bilərik ki, gözləməyi bacarırıq. Necə? Müxtəlif üsullarla. Məsələn, bizə elə gələ bilər ki, məs’uliyyətli bir qardaş səhvə yol verib və vəziyyəti gecikdirmədən düzəltmək lazımdır. Əgər gözləməyi bacarırıqsa, qarşımıza təxminən belə suallar qoyarıq: o həqiqətənmi səhvə yol verib, yoxsa nəyi isə mən düzgün anlamamışam? Ancaq, əgər səhv edibsə də, ola bilsin həmin şəxsin dəyişiklik edəcəyini və qəti islahedici tədbirlərin artıq lazım gəlməyəcəyini bilərək, Yeqovanın özü hadisələrin belə gedişinə yol verir?
6. Şəxsi problemi ilə mübarizə aparan adama gözləmək bacarığı necə kömək edəcək?
6 Şəxsi problemimiz bizi narahat edəndə və ya bir nöqsanımızla mübarizə aparanda da gözləmək bacarığı bizə kömək edə bilər. Tutaq ki, Yeqovadan kömək etməsini xahiş edirik, amma problemimiz olduğu kimi qalır. Nə etməli? Problemin həlli üçün əlimizdən gələni etməli və İsanın bu sözlərinə inanmalıyıq: “Diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq” (Luka 11:9). Dua etməyə və Yeqovanı gözləməyə davam edin. Yeqova münasib vaxtda və özü seçdiyi üsulla dualarınıza cavab verəcək (1 Saloniklilərə 5:17).
7. Gözləmək bacarığı, Müqəddəs Kitabın tədricən aydınlaşan izahlarına düzgün yanaşmaqda bizə necə kömək edəcək?
7 Allahın Kəlamında göstərilən peyğəmbərliklər yerinə yetir və bizim Müqəddəs Kitabı dərk etmək anlayışımız daha çox aydınlaşır. Amma, bə’zən düşünə bilərik ki, bu və ya digər sualın izahı gecikir. Əgər izahat bizim istədiyimiz vaxtda gəlmirsə, gözləməyə hazırıqmı? Unutmayın ki, Yeqova, “Məsihin sirri”ni təxminən 4 min il ərzində yavaş-yavaş aşkar etməyi münasib gördü (Efeslilərə 3:3—6). Bunu nəzərə alaraq, səbirsizlik etməyə bizdə əsas varmı? “Sadiq və ağıllı qul”un Yeqovanın xalqına “vaxtlı-vaxtında... yemək vermək üçün” tə’yin olunduğuna şübhə edirikmi? (Matta 24:45). Hər şeyi axıra qədər tam anlamadığımız üçün, özümüzü Allaha məqbul sevincdən nəyə görə məhrum edək? Yadda saxlayın: “sirri” nə zaman və necə aşkar etməyi Yeqovanın özü həll edir (Amos 3:7).
8. Yeqovanın səbirliliyi bir çoxlarının xeyrinə necə xidmət edir?
8 Bə’ziləri, Allaha uzun illər sədaqətlə xidmət etdikdən sonra, “RƏBBİN böyük və qorxunc günü” gələnə qədər yaşamayacaqlarını düşünərək, kədərlənə bilərlər (Yoel 2:30, 31). Lakin belə insanlar, işə müsbət tərəfdən baxmaqla sevinc tapa bilərlər. Peter məsləhət verirdi: “Rəbbimizin səbrini də qurtuluş hesab edin” (2 Peter 3:15). Yeqovanın səbir etməsi, milyonlarla yaxşı qəlbli insanların həqiqəti öyrənməsinə imkan yaradıb. Məgər bu, sevinmək üçün əsas deyilmi? Bundan əlavə, Yeqova nə qədər səbir edirsə, bizim də xilasımızı “başa çatdırmaq üçün qorxu və lərzə ilə hərəkət” etməyə bir o qədər çox vaxtımız var (Filipililərə 2:12; 2 Peter 3:11, 12).
9. Əgər Yeqovaya xidmətdə imkanlarımız məhduddursa, gözləmək bacarığı səbir etməkdə bizə necə kömək edər?
9 Müqavimət, xəstəlik, qocalıq və ya digər problemlər Padşahlıq haqqındakı xəbəri təbliğ etməkdə bizə maneçilik törədəndə, gözləmək bacarığı ruhdan düşməməkdə bizə kömək edəcək. Yeqova, bizim Ona ürəkdən xidmət edəcəyimizi gözləyir (Romalılara 12:1). Buna baxmayaraq, Allahın “yoxsula və fağıra acıyan” Oğlu bizdən məntiqə uyğun dərəcədə edə bildiyimizdən artıq etməyi tələb etmir; bunu Yeqova da tələb etmir (Məzmur 72:13). Buna görə də biz, ya indiki əşyalar sistemində, ya da gələcəkdə şəraitlərin dəyişəcəyini səbirlə gözləyərək, bacardığımızı etməyə təşviq olunuruq. Yadda saxlayın: “Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun” (İbranilərə 6:10).
10. Gözləmək bacarığını təzahür etdirməklə, Allaha məqbul olmayan hansı xüsusiyyətdən qaçınmaq olar? İzah edin.
10 Gözləmək bacarığı özünə güvənərək davranmaqdan uzaq olmağa da bizə kömək edəcək. Dönük çıxanlardan bə’ziləri gözləmək istəməmişdilər. Bəlkə də onlar düşünürdülər ki, Müqəddəs Kitabı başa düşmək üsulunda və ya təşkilatçılıq işlərində nəyi isə dəyişmək lazımdır. Hətta onlar razılaşmırdılar ki, Yeqovanın ruhu sadiq və ağıllı qulu, bizim yox, Onun nöqteyi-nəzərindən lazım gələn vaxtda bir dəyişiklik etməyə təşviq edir. Bundan başqa, bütün dəyişikliklər, bizim şəxsi fikrimizlə yox, Yeqovanın iradəsi ilə uyğun olmalıdır. Dönük çıxanlar özünə güvənmə xüsusiyyətinin onların düşüncələrinə hakim olmasına və onları büdrətməsinə yol verirlər. Lakin onlar Məsihin düşüncə tərzini mənimsəmiş olsaydılar, sevinci qoruyub saxlamaq və Yeqovanın xalqı arasında qalmaq onlara müyəssər olardı (Filipililərə 2:5—8).
11. Gözləmə vaxtını səmərəli tərzdə necə sərf edə bilərik və bu işdə kimlərin nümunəsinə riayət etmək olar?
11 Gözləməyi bacarmaq, şübhəsiz ki, ərinmək və ya heç bir iş görmədən oturmaq demək deyil. Görüləsi işlərimiz çoxdur. Məsələn, Müqəddəs Kitabın şəxsən öyrənilməsi zamanı dərindən tədqiqat aparmalı, bununla da sadiq peyğəmbərlərin və hətta mələklərin ruhani işlərə göstərdikləri canlı marağı göstərməliyik. Belə maraq haqqında həvari Peter deyirdi: “Peyğəmbərlərin araşdırma və tədqiqatları da, bu qurtuluşa dair idi... Bu həqiqətləri mələklər də tədqiq etmək istəyirlər” (1 Peter 1:10—12). Yalnız şəxsi öyrənmələrimiz deyil, dualarımız və yığıncaqlarda müntəzəm iştirakımız da vacibdir (Yaqub 4:8). Özünün ruhani təlabatlarını dərk edərək ruhani qidanı daim qəbul edən və həmimanlılarla ünsiyyətdə olan şəxslər, Məsihin düşüncə tərzini mənimsədiklərini göstərirlər (Matta 5:3).
Real nöqteyi-nəzər
12. a) Adəm və Həvva hansı sərbəstliyə can atırdılar? b) İnsanların Adəmlə Həvvanın yolunu davam etdirmələrinin nəticəsi nə oldu?
12 Allah ilk insan cütünü yaradanda, nəyin yaxşı və nəyin pis olduğunu həll etmək hüququnu öz ixtiyarında saxladı (Təkvin 2:16, 17). Adəmlə Həvva Allahın rəhbərliyindən asılı olmaq istəmədilər, bunun nəticəsində bu gün bizi əhatə edən dünya mövcud oldu. Həvari Pavel dedi: “Buna görə necə ki, günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir” (Romalılara 5:12). Adəmin vaxtından indiyə kimi ötüb keçən bəşər tarixinin altı min ili, Yeremyanın sözlərinin həqiqət olduğunu təsdiq etdi: “Ya RƏB, bilirəm ki, insanın yolu öz əlində deyildir; addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir” (Yeremya 10:23). Yeremyanın sözləri ilə razılaşmaq, təslim olmaq demək deyil. Bu, realist olmaq deməkdir. Peyğəmbərin sözləri izah edir ki, nəyə görə uzun illər ərzində “bir adamın digər adam üzərində hakimiyyəti öz zərərinədir” — çünki insanlar Allahın rəhbərliyindən asılı olmadan rəhbərlik edirlər (Vaiz 8:9).
13. Yeqovanın Şahidləri insanların imkanlarına real olaraq necə baxırlar?
13 Bəşəriyyətin düşdüyü vəziyyəti nəzərə alaraq, Yeqovanın Şahidləri dərk edirlər ki, indiki əşyalar sistemində bir şeyə nail olmağın həddi var. Sevincimizi qoruyub saxlamaqda müsbət düşüncə tərzi bizə kömək edər, amma o hər şeyi həll etmir. Amerikanın bir din xadimi 1950-ci illərin başlanğıcında, “Müsbət düşüncənin gücü” (“The Power of Positive Thinking”) adlı tezsatılan kitab nəşr etdi. Bu kitabın verdiyi məsləhətə əsasən, əgər maneələrə müsbət düşüncə tərzi ilə yanaşılarsa, onların əksəriyyətinin öhdəsindən gəlmək olar. Şübhəsiz ki, müsbət düşüncə çox yaxşıdır. Lakin təcrübə göstərir ki, biliyimizin, bacarıq səviyyəmizin, maddi vəsaitimizin və bir çox digər amillərin çatışmamazlığı, nail ola biləcəyimiz hər bir işdə bizə məhdudiyyət qoyur. Bəşəriyyətin qarşılaşdığı dünya problemləri isə o qədər böyükdür ki, insanların düşüncə tərzi nə qədər müsbət olsa da, onların öhdəsindən müvəffəqiyyətlə gələ bilmirlər!
14. Demək olarmı ki, Yeqovanın Şahidləri mənfi nöqteyi-nəzərə malikdirlər? İzah edin.
14 Yeqovanın Şahidləri bu məsələlərə real nöqteyi-nəzərlə baxdıqları üçün, bə’zən onları mənfi düşüncəyə malik olmaqda ittiham edirlər. Əksinə onlar insanlara, bəşəriyyətin həyatını əbədiyyən yaxşılaşdıra biləcək yeganə Şəxsiyyət haqqında danışmağa çalışırlar. Şahidlər bu işdə də Məsihin düşüncə tərzini təqlid edirlər (Romalılara 15:2). Bundan əlavə onlar, Allahla yaxşı münasibəti inkişaf etdirməkdə insanlara fəal surətdə kömək edirlər. Onlar bilirlər ki, bu münasibət son mərhələdə daha böyük xeyir-duaya səbəb olacaq (Matta 28:19, 20; 1 Timoteyə 4:16).
15. Yeqovanın Şahidlərinin fəaliyyəti sayəsində insanlar yaxşılığa doğru necə dəyişilirlər?
15 Yeqovanın Şahidləri ətraflarında olan ictimai problemlərə — xüsusilə də Müqəddəs Kitaba zidd olub insanı natəmiz edən vərdişlərə — göz yummurlar. Maraqlanan şəxs Yeqovanın Şahidi olmazdan əvvəl dəyişikliklər edir, belə ki, o, Allaha məqbul olmayan nöqsanlara qarşı çox vaxt mübarizə aparmalı olur (1 Korinflilərə 6:9—11). Yeqovanın Şahidləri, Müqəddəs Kitab müjdəsinə xoş münasibət bildirən insanlara sərxoşluqdan, narkotik maddələrin qəbulundan, əxlaqsızlıqla məşğul olmaqdan və öhdəsindən gəlinməsi mümkün olmayan qumar oyunlarından çəkinməyə kömək ediblər. Yeni həyata başlayan bu insanlar, ailələrini vicdanla və məs’uliyyətlə tə’min etməyi öyrənmişlər (1 Timoteyə 5:8). Ayrı-ayrı insanlar və ailələr belə köməyi qəbul edəndə, bu, ictimai problemlərin həllinə: narkomanların, ailədəki zorakılıq hadisələrinin azalmasına və sairəyə səbəb olur. Qanuna riayət edən vətəndaşlar olaraq, Yeqovanın Şahidləri, başqalarına da həyatlarında yaxşlığa doğru dəyişiklik etməkdə köməklik göstərir və bununla da, ictimai problemlərlə məşğul olan dövlət idarələrinin yükünü yüngülləşdirirlər.
16. Yeqovanın Şahidləri nəyə görə islahatçı hərəkatlarına qoşulmurlar?
16 Beləliklə, demək olarmı ki, Yeqovanın Şahidləri dünyadakı mə’nəvi şəraitə tə’sir etmişlər? Fərqi özünüz görün: on il əvvəl Yeqovanın fəal Şahidlərinin sayı 3 800 000-dən bir qədər az idi, indi isə onların sayı demək olar ki, 6 000 000 nəfərdir. Bu o deməkdir ki, onların sayı təxminən 2 200 000 nəfər artıb və həm də onlardan çoxu, məsihçi olmaq üçün, natəmiz vərdişlərinə son qoymalı olublar. Çox insanların həyatı yaxşılaşıb! Lakin bu say, burada deyilən müddət ərzində 875 milyon artan dünya əhalisinin sayı ilə müqayisədə çox azdır. Yeqovanın Şahidləri, bəşəriyyət arasından çox az adamların həyat yoluna gələcəklərini anladıqlarına baxmayaraq, həqiqətə həssas münasibət göstərən insanlara kömək etməkdən sevinc əldə edirlər (Matta 7:13, 14). Şahidlər, dünya miqyasında yaxşılığa doğru yalnız Allahın edə biləcəyi dəyişiklikləri gözləyərək, çox vaxt əvvəlcə xoş niyyətlərlə başlanan, amma mə’yusluq və hətta zorakılıqla tamamlanan islahatçı hərəkatlarına qoşulmurlar (2 Peter 3:13).
17. İsa, onu əhatə edən insanlara kömək göstərmək üçün nə edirdi, amma o nəyi etmirdi?
17 Yeqovanın Şahidləri belə davranaraq, İsanın yer üzündə yaşadığı zaman Yeqovaya, göstərdiyi e’tibarı əks etdirirlər. Birinci əsrdə İsa şəfaverici mö’cüzələr edirdi (Luka 6:17—19). O, hətta ölüləri də dirildirdi (Luka 7:11—15; 8:49—56). Lakin o, xəstəliklərə bir dəfəlik son qoymadı və düşmən olan ölümə də qalib gəlmədi. O, bilirdi ki, Allahın bunu etmək üçün qərara aldığı vaxt hələ gəlməyib. Qeyri-adi bacarıqlı, kamil insan olan İsa, yəqin ki, mühüm siyasi və ictimai problemlərin həlli üçün çox şeylər edə bilərdi. Görünür, müasirlərindən çoxu onun hakimiyyətə gəlməsini və bütün bu işləri həyata keçirməsini istəyirdilər, ancaq İsa razı olmadı. Biz oxuyuruq: “O vaxt İsanın göstərdiyi əlaməti görən xalq: “Doğrudan da dünyaya gəlməli olan Peyğəmbər Budur”, dedi. İsa da, onların Onu Padşah etmək üçün gəlib, zorla aparmaq istədiklərini anlayaraq yenə tək-tənha dağa çəkildi” (Yəhya 6:14, 15, ƏC—93).
18. a) İsa gözləməyi bacardığını həmişə necə göstərirdi? b) İsanın tutduğu mövqe 1914-cü ildən necə dəyişib?
18 İsa siyasətə qarışmır və ictimai işlərlə məşğul olmurdu, çünki bilirdi ki, yer üzünün bütün sakinlərinə şəfa vermək üçün padşahlıq hakimiyyətini alacağı vaxt hələ çatmamışdır. İsa, hətta ölməz ruh olub, göylərə qalxdıqdan sonra da, fəaliyyət göstərmək üçün Yeqovanın tə’yin etdiyi vaxta qədər gözləməyə hazır idi (Məzmur 110:1; Həvarilərin işləri 2:34, 35). Lakin 1914-cü ildə Allahın Padşahlığının Padşahı olan vaxtdan, İsa “fateh kimi yola çıxdı ki, fəth etsin” (Vəhy 6:2; 12:10). Özlərini məsihçi adlandıran digər insanlar, Müqəddəs Kitabın Padşahlıq haqqındakı tə’limlərinə aid anlaşılmaz vəziyyətdə qalmağı üstün tutduqları bir vaxtda, biz, İsanın Padşahlığına tabe olduğumuz üçün necə də şadıq!
Gözləmək, kədər mənbəyidir, yoxsa sevinc?
19. Gözləmək nə zaman “ürəyi xəstə edər” və nə zaman sevinc gətirər?
19 Süleyman bilirdi ki, gözləmək kədərləndirə bilər. O yazırdı: “Başqa günə atılan ümid ürəyi xəstə edər” (Süleymanın məsəlləri 13:12). Əlbəttə, əgər insanın bəslədiyi ümidlər heç nəyə əsaslanmırsa, mə’yusluqdan ürək “xəstələnə” bilər. Amma biz xoşbəxt hadisələri məsələn, toy, uşağın dünyaya gəlişini və ya əziz adamlarla görüşəcəyimizi gözləyəndə, həmin gün gəlməzdən əvvəl gözləmək sevincimiz aşıb-daşır. Əgər biz, olacaq hadisəyə hazırlaşaraq, gözlədiyimiz vaxtı müdrikliklə istifadə ediriksə, sevinc güclənəcəkdir.
20. a) Biz hansı mö’cüzəli hadisələri əminliklə gözləyə bilərik? b) Yeqovanın niyyətlərinin yerinə yetməsini gözlədiyimiz müddətdə sevinməyimizə nə kömək edər?
20 Əgər biz ümidlərimizin yerinə yetəcəyinə tamamilə əminiksə — hətta onların nə zaman yerinə yetəcəyini dəqiq bilməsək də — gözləmək vaxtı “ürəyi xəstə” etməməlidir. Allahın sadiq ibadətçiləri, Məsihin Minillik Padşahlığının yaxın olduğunu bilirlər. Onlar əmindirlər ki, ölüm və xəstəliyin sonunu görəcəklər. Onlar, milyardlarla dirilən insanları, o cümlədən öz əzizlərini qarşılayacaqları vaxtı sevinclə gözləyərək xəyalən həzz alırlar (Vəhy 20:1—3, 6; 21:3, 4). Ekoloji böhran vəziyyətində yaşadıqlırı bir vaxtda, yer üzündə hökmən bərpa olunacaq Cənnət haqqında məmnuniyyətlə düşünürlər (Yeşaya 35:1, 2, 7). Buna görə “hər zaman Rəbbin işində tərəqqi” edərək, gözlədiyimiz vaxtı müdrikliklə istifadə etmək, doğrudan da ağıllı davranışdır! (1 Korinflilərə 15:58). Ruhani qidanı qəbul etməyə davam edin. Yeqova ilə yaxın, qarşılıqlı münasibət yaradın. Ürəklərində Yeqovaya xidmət etmək meyli olan yeni insanları axtarın. Həmimanlılarınızı ruhlandırın. Yeqovanın tərəfindən verilən vaxtdan daha səmərəli istifadə edin. O zaman, Yeqovanı gözləmək, sizi “ürəyi xəstə” etməyəcək. Əksinə, sevinciniz aşıb-daşacaq!
Siz necə izah edərdiniz?
• Gözləməyi bacardığını İsa necə göstərdi?
• Gözləmək bacarığı məsihçilərə hansı hallarda gərəkdir?
• Yeqovanın Şahidləri nəyə görə Yeqovanı gözləməyə hazırdırlar?
• Yeqovanı gözləməkdən necə sevinc almaq olar?
[24-cü səhifədəki şəkillər]
İsa, qarşısına qoyulan sevinc naminə sınaqlara tab gətirdi
[25-ci səhifədəki şəkil]
Hətta uzun illər xidmət etdikdən sonra da, sevincimizi qoruyub saxlaya bilərik