Lukanın yazdığı müjdə
16 Sonra İsa şagirdlərinə müraciət edərək dedi: «Bir dövlətli adamın evində nökərbaşı vardı. Bir gün onu ağasının malını israf etməkdə ittiham etdilər. 2 Onda ağa nökərbaşını yanına çağırıb dedi: “Bu nədir sənin haqqında eşidirəm? İşin barədə hesabat ver, sən artıq bu evi idarə etməyəcəksən”. 3 Nökərbaşı öz-özünə dedi: “Ağam vəzifəmi əlimdən alır, bəs mən nə edəcəyəm? Torpaq qazmağa qüvvəm yox, dilənməyə də utanıram. 4 Aha! Bilirəm nə etmək lazımdır ki, işdən qovulandan sonra camaat məni öz evində qəbul etsin”. 5 O, ağasına borcu olanları bir-bir yanına çağırdı. Birincisindən soruşdu: “Ağama nə qədər borclusan?” 6 O cavab verdi: “Yüz bat* zeytun yağı”. Nökərbaşı ona dedi: “Borc sənədini götür, otur, cəld əlli bat yaz”. 7 Sonra digərindən soruşdu: “Bəs sənin borcun nə qədərdir?” O cavab verdi: “Yüz kor* buğda”. Nökərbaşı ona: “Borc sənədini götür, səksən kor yaz”, — dedi. 8 Ağası nökərbaşını, düzgün davranmasa da, ağılla tərpəndiyi üçün təriflədi. Bunu bilin, bu dövrün* oğulları nurun oğullarına+ nisbətən öz dövrünün adamları ilə daha ağılla davranırlar.
9 Baxın sizə deyirəm: özünüzə bu şər dünyanın sərvətilə+ dostlar qazanın ki, bu sərvət qurtaranda onlar sizi əbədi məskənlərə qəbul etsinlər.+ 10 Xırda işdə etibarlı olan böyük işdə də etibarlı olur, xırda işdə düzgün davranmayan böyük işdə də düzgün davranmır. 11 Beləliklə, əgər siz bu şər dünyanın sərvəti ilə münasibətdə sadiq olmasanız, kim sizə həqiqi sərvəti etibar edər? 12 Özgəsinin malına qarşı sadiq olmasanız, kim sizə sizin üçün hazırlanmış mükafatı verər?+ 13 Heç bir nökər iki ağaya qulluq edə bilməz, çünki ya birinə nifrət edib, o birini sevəcək, ya da birinə sadiq qalıb digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin nökəri ola bilməzsiniz».+
14 Bu sözləri eşidən pulgir fərisilər ona istehza etməyə başladılar.+ 15 Buna görə də İsa onlara dedi: «Siz insanların qarşısında özünüzü saleh göstərirsiniz,+ lakin Allah ürəyinizi bilir.+ İnsanların gözündə uca sayılan şey Allahın gözündə iyrəncdir.+
16 Tövrat* və Peyğəmbərlərin kitabı Yəhyaya qədər idi. Ondan başlayaraq Allahın Padşahlığı haqqında müjdə təbliğ edilir və hər cür adam var gücü ilə ora girməyə can atır.+ 17 Yerlə göy yox olsa belə, Tövratdan bir hərfin nöqtəsi də boşa çıxmaz.+
18 Arvadını boşayıb başqası ilə evlənən zina edir, boşanmış qadınla evlənən də zina edir.+
19 Bir varlı adam var idi. O, kətan və bənövşəyi libas geyinir, ömrünü təmtəraq içində, kefdə-damaqda keçirirdi. 20 Bir də İlazər adlı bir dilənçi vardı. Onun bədəni büsbütün yara içində idi. Adətən onu varlının qapısına qoyardılar. 21 O, varlının süfrəsindən düşən şeylərlə qarnını doydurmağı arzulayardı. İtlər gəlib onun yaralarını yalayardı. 22 Bir gün dilənçi öldü və mələklər onu İbrahimin yanına* apardılar.
Varlı adam da öldü və dəfn edildi. 23 O, Məzarda* əzab çəkən vaxt başını qaldırıb uzaqda İbrahimi və yanındakı İlazəri gördü. 24 Varlı çağırıb dedi: “İbrahim ata! Mənə rəhm et. İlazəri göndər, barmağının ucunu suya batırıb dilimi sərinlətsin, alovun içində əzab çəkirəm”. 25 Lakin İbrahim ona dedi: “Bala, unutma ki, sən bütün ömrün boyu firavan yaşamısan, İlazər isə bir xoş gün görməyib. İndi o, burada təsəlli tapır, sən isə əzab çəkirsən. 26 Üstəlik, aramızda dərin uçurum qoyulub ki, kimsə bizdən sizə ya sizdən bizə keçmək istəsə, keçə bilməsin”. 27 Varlı adam dedi: “Ata, onda səndən xahiş edirəm, İlazəri atamın evinə göndər, 28 çünki mənim beş qardaşım var. Qoy onları xəbərdar etsin ki, onlar da bu əzablı yerə düşməsinlər”. 29 Lakin İbrahim dedi: “Onların Musası var, Peyğəmbərləri var, qoy onları dinləsinlər”.+ 30 Varlı isə dedi: “Xeyr, dinləmirlər, ay İbrahim ata! Amma ölülərdən kimsə gəlsə, tövbə edərlər”. 31 Onda İbrahim dedi: “Əgər Musaya+ və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən kimsə dirilib gəlsə də inanmazlar”».