Məsihçilər Yehovanın izzətini əks etdirirlər
«Gözləriniz nə bəxtiyardır, çünki görürlər; qulaqlarınız da, çünki eşidirlər» (MATTA 13:16).
1. İsraillilər Sina dağından enən Musaya necə münasibət göstərdilər və buna görə hansı sual ortaya çıxır?
SİNA dağının ətəyində yığılmış israillilərin Yehovaya yaxınlaşmağa bir çox əsasları vardı. Yehova Öz qüvvətli əli ilə xalqını Misir əsarətindən xilas etmişdi. Səhrada onların qidaya, suya olan tələbatlarını tə’min edirdi. Bundan əlavə, Yehova israillilərə amaleqlilərin üzərində qələbə çalmağa da kömək etmişdi (Çıxış 14:26-31; 16:2–17:13). Amma səhrada, Sina dağının ətəyində düşərgə salan xalq, ildırımın və şimşəyin səsindən o qədər qorxmuşdu ki, tir-tir əsirdi. Bir qədər vaxtdan sonra Musa Sina dağından endi. Üzündə Yehovanın izzəti əks olunurdu. Lakin heyrətə gəlmək və ehtiram bəsləmək əvəzinə, israillilər dəhşət içində geri çəkildilər. Onlar Musaya «yaxınlaşmaqdan qorxdular» (Çıxış 19:10-19; 34:30). Nəyə görə israillilər onlara bu qədər yaxşılıq etmiş Yehovanın izzətinin əksinə baxmaqdan dəhşətə gəldilər?
2. Allahın izzətini əks etdirən Musanı görəndə, israillilərin qorxmalarına səbəb nə ola bilərdi?
2 Ola bilsin, israillilərin qorxusuna səbəb bir qədər əvvəl baş vermiş hadisə idi. Onlar qızıl dana düzəldib Yehovaya qəsdən itaətsizlik edəndə, Yehova onları cəzalandırdı (Çıxış 32:4, 35). İsraillilər bu cəzadan bir nəticə çıxara bildilərmi? Bu cəzada Yehovanın qayğısını görə bildilərmi? Xeyr, onların əksəriyyəti bundan ibrət dərsi almadı. Musa ölümündən bir qədər əvvəl, israillilərə Yehova Allaha itaətkar olmadıqları vaxtları və qızıl dana ilə bağlı hadisəni də xatırlatdı. O, xalqa dedi: «Siz Allahınız Rəbbin əmrinə asi çıxdınız, Rəbbə güvənmədiniz, sözünə qulaq asmadınız. Sizi tanıyan gündən bu vaxta qədər dayanmadan Rəbbə asi oldunuz» (Qanunun təkrarı 9:15-24).
3. Musa üzünü niqabla nə vaxt örtür və nə vaxt açırdı?
3 Görün, Musa israillilərin qorxduqlarını görəndə nə etdi. Müqəddəs Kitabda deyilir: «Musa söhbəti bitirəndə üzünə bir niqab çəkdi. Musa Rəbbin hüzuruna Onunla [Yehova ilə] danışmaq üçün gedəndə niqabı çıxarar və çıxanadək niqabsız olardı. Çıxanda ona nə əmr olunduğunu İsrail övladlarına nəql edirdi. İsrail övladları isə Musanın üzünün nur saçdığını görərdilər. Sonra Musa içəri girib Rəblə danışana qədər yenə də niqabı üzünə çəkərdi» (Çıxış 34:33-35). Musa nəyə görə bə’zən üzünü örtürdü? Biz bundan nə öyrənə bilərik? Cavablar Yehova ilə münasibətlərimizin nə yerdə olduğunu müəyyən etməkdə bizə kömək edəcək.
Əldən verilən imkanlar
4. Həvari Pavel Musanın üzünü niqabla örtməsinin səbəbini necə izah etdi?
4 Həvari Pavel izah edir ki, Musanın üzünə niqab çəkməsinin səbəbi israillilərin düşüncə tərzi və ürəklərinin vəziyyəti idi. O yazırdı: «Musanın üzündəki ehtişam fani olduğu halda, İsrail oğulları onun üzünə baxa bilmirdilər... Onların zehinləri kor olmuşdur» (2 Korinflilərə 3:7, 14). Məgər kədərli deyilmi? İsraillilər Allahın seçilmiş xalqı idi və Yehova xalqının Onunla yaxın münasibət qurmasını istəyirdi (Çıxış 19:4-6). Onlar isə Allahın izzətinin əksinə baxmaq belə istəmirdilər. Bu xalq məhəbbət və sədaqətdən irəli gələrək ürək və ağıllarını Yehovaya yönəltmək əvəzinə, hərəkətləri ilə əslində Ondan üz döndərirdilər.
5, 6. a) Musanın günlərində yaşayan israillilərlə birinci əsrdə yaşayan yəhudilər arasında hansı oxşar cəhət vardı? b) İsaya qulaq asanlarla asmayanlar arasında hansı fərq vardı?
5 Eramızın birinci əsrində buna bənzər bir hadisə baş vermişdi. Həvari Pavel məsihçi olmazdan əvvəl, qanun əhdi artıq yeni əhdlə, Böyük Musa olan İsa Məsihin vasitəsilə qüvvəyə minmişdi. İsa həm sözləri, həm də əməlləri ilə Yehovanın izzətini mükəmməl surətdə əks etdirirdi. Pavel dirilmiş İsa haqqında yazırdı ki, o, «Allahın izzətinin nuru və mahiyyətinin tam surəti»dir (İbranilərə 1:3). Yəhudilərin necə də gözəl imkanları vardı! Onlar əbədi həyat sözlərini Allahın Oğlunun ağzından dinləyə bilərdilər! Heyf ki, İsanın təbliğ etdiyi adamlardan çoxu ona qulaq asmadı. İsa onlar haqqında danışarkən Yeşaya peyğəmbərin sözlərini xatırladı: «Bu xalqın ürəyi kobudlaşıb, qulaqları ilə ağır eşidirlər və gözlərini yummuşlar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və müraciət etməsinlər ki, Mən [Yehova] onlara şəfa verim» (Matta 13:15; Yeşaya 6:9, 10).
6 İsanın şagirdləri ilə bu yəhudilərin arasındakı fərqi aydın görmək olardı. İsa şagirdlərinə dedi: «Sizin isə gözləriniz nə bəxtiyardır, çünki görürlər; qulaqlarınız da, çünki eşidirlər» (Matta 13:16). Məsihçilər Yehovanı daha yaxından tanımağı və Ona xidmət etməyi ürəkdən istəyirlər. Onlar Allahın iradəsini Müqəddəs Kitabda yazıldığı kimi yerinə yetirməkdən sevinc duyurlar. Bu səbəbdən, yeni əhdin xidmətçiləri olan məsh edilmiş məsihçilər Yehovanın izzətini əks etdirir, başqa qoyunlar isə onlardan nümunə götürürlər (2 Korinflilərə 3:6, 18).
Xoş xəbər nə üçün örtülüdür?
7. İnsanların çoxunun xoş xəbərdən imtina etməsi nə üçün təəccüblü deyil?
7 Gördüyümüz kimi, həm Musanın, həm də İsanın günlərində israillilərin əksəriyyəti qarşılarında açılan misilsiz imkandan istifadə etmədilər. Bizim günlərdə də belədir. İnsanların çoxu onlara gətirdiyimiz xoş xəbərdən imtina edir. Bu hal bizə təəccüblü gəlmir. Pavel yazırdı: «Əgər Müjdəmiz örtülüdürsədə, həlak olanlar üçün örtülüdür. Onlara gəlincə, bu əsrin tanrısı imansızların zehinlərini kor etmişdir» (2 Korinflilərə 4:3, 4). Şeytan xoş xəbəri örtük altında saxlamaq üçün əlindən gələni edir. Bundan başqa, bir çox insanlar həqiqəti görmək istəmədiklərindən özləri üzlərini örtürlər.
8. Cahillik bir çox insanların gözlərini hansı mə’nada kor etmişdir və biz bu cür vəziyyətə düşməkdən özümüzü necə qoruya bilərik?
8 Ruhani cahillik bir çoxlarının gözlərini məcazi mə’nada kor etmişdir. Müqəddəs Kitabda deyilir ki, xalqların «zehinləri qaranlıqlaşmış, içlərində olan cahilliyə və ürəklərinin duyğusuzluğuna görə Allahın həyatına yad olmuşlar» (Efeslilərə 4:18). Məsihçi olmazdan əvvəl, Qanunu gözəl bilən Pavelin də gözünü cahillik o qədər tutmuşdu ki, o, Allahın yığıncağını tə’qib edirdi (1 Korinflilərə 15:9). Buna baxmayaraq, Yehova ona həqiqəti açdı. Görün Pavel bu haqda nə deyir: «Mən məhz ona görə mərhəmətə nail oldum ki, Məsih İsa Öz kamil təhəmmülünü ilk olaraq mənim üzərimdə zühur etdirsin və əbədi həyat üçün Ona iman etməli olanların nümunəsi olum» (1 Timoteyə 1:16). Pavel kimi vaxtilə Allahın həqiqətinə təzyiq göstərənlər, bu gün artıq Ona xidmət edirlər. Bu onu göstərir ki, biz hətta müqavimət göstərən insanlarla da həqiqət haqqında danışmağa davam etməliyik. Allahın Kəlamını müntəzəm olaraq oxuyub, mə’nasını dərk ediriksə, onda cahilliyin qurbanı olmayacaq və Yehova Allahı hərəkətlərimizlə kədərləndirməyəcəyik.
9, 10. a) Birinci əsrdə yaşayan yəhudilər bilik almaq və dini baxışlarını dəyişmək istəmədiklərini necə göstərdilər? b) Bu gün Xristian dünyasında da buna oxşar vəziyyət varmı? İzah edin.
9 Bir çoxlarının ruhani gözləri illər uzunu əldə etdikləri nöqteyi-nəzərlərindən əl çəkmək və yeni şeylər öyrənmək istəmədikləri üçün sanki pərdə ilə örtülmüşdür. Yəhudilərin çoxları da Musanın qanunundan inadla yapışdıqlarına görə İsanı və onun tə’limlərini rədd etdilər. Əlbəttə, müstəsna hallar da az olmurdu. Məsələn, İsa diriləndən sonra ‘kahinlərdən bir çoxu da imana sarıldı’ (Həvarilərin işləri 6:7). Buna baxmayaraq, Pavel yəhudilərin əksəriyyəti barədə yazırdı: «Bu gün belə Musanın yazıları oxunanda, onların ürəkləri üstünə bir örtük çəkilir» (2 Korinflilərə 3:15). Pavel, görünür, İsanın yəhudi din rəhbərlərinə dediyi sözləri də bilirdi: «Müqəddəs Yazıları araşdırırsınız, çünki əbədi həyata onlarla malik olacağınızı fikirləşirsiniz; Mənim haqqımda şəhadət edənlər də onlardır» (Yəhya 5:39). Yəhudilər çox diqqətlə araşdırdıqları Müqəddəs Yazılardan İsanın Məsih olduğunu dərk edə bilərdilər. Amma onların bu haqda öz fikirləri vardı, hətta Allahın mö’cüzə göstərən Oğlu belə onları bu fikirdən daşındıra bilmədi.
10 Bu gün Xristian dünyasında da eyni vəziyyəti müşahidə etmək olar. Birinci əsrdə yaşayan yəhudilər kimi, onların da «Allah üçün sə’yləri vardır, lakin elmə əsaslanmamışdır» (Romalılara 10:2). Bə’ziləri Müqəddəs Kitabı öyrənsələr də, orada yazılanlara inanmaq istəmirlər. Onlar Yehovanın Öz xalqını məsh edilmiş məsihçilərdən ibarət «sadiq və ağıllı qul» sinfi vasitəsilə öyrətdiyini qəbul etmirlər (Matta 24:45). Amma biz Yehovanın Öz xalqına bilik verdiyini və bu biliyin sayəsində həqiqətin daha aydın olduğunu dərk edirik (Süleymanın məsəlləri 4:18). Yehovanın bizi öyrətməsinə yol verəndə, Onun iradəsini və niyyətlərini dərk edirik.
11. Nəyə görə həqiqət yalnız öz istədiklərinə inananlar üçün örtülüdür?
11 Başqaları isə yalnız istədikləri şeylərə inandıqları üçün həqiqəti dərk etmirlər. Müqəddəs Kitabda peyğəmbərlik edilmişdir ki, bə’ziləri Allahın xalqını və onların İsanın iştirakı haqqında bəyan etdikləri xəbəri lağa qoyacaqlar. Həvari Peter yazırdı ki, belə düşünənlər Nuhun dövründəki dünyanın Daşqın suları ilə məhv edildiyini «qəsdən bilmək istəmirlər» (2 Peter 3:3-6, İ–93). Bu gün də özlərini Məsihin davamçısı adlandıranlar Allahın lütfkar, xeyirxah və bağışlayan olduğunu e’tiraf edirlər, amma etdikləri günahlarına görə Yehovanın insanları ‘cəzasız qoymadığı’ faktını nəinki ciddi qəbul etmir, hətta buna əhəmiyyət belə vermirlər (Çıxış 34:6, 7). Həqiqi məsihçilər isə onlardan fərqli olaraq, Müqəddəs Kitabın əslində nə öyrətdiyini başa düşmək üçün sə’ylə çalışırlar.
12. Ən’ənələr insanların gözünü necə kor edir?
12 İbadət yerlərinə gedənlərdən çoxunun gözünü adət-ən’ənələr tutub. İsa öz dövrünün din rəhbərlərinə deyirdi: «Siz, öz ən’ənəniz naminə Allahın əmrini tə’sirsiz edirsiniz» (Matta 15:6). Babil əsarətindən qayıdandan sonra yəhudilər təmiz ibadəti böyük sə’ylə bərpa etdilər. Lakin kahinlər öz gözlərində saleh və qürurlu olmağa başladılar. Dini bayramlar formal xarakter daşımağa başladı və onlar artıq Allaha izzət gətirmirdi (Malaki 1:6-8). İsa doğulmazdan əvvəl, din alimləri və fəriseylər Musanın qanununa saysız-hesabsız ən’ənələr əlavə etmişdilər. İsa fəriseyləri və din alimlərinin riyakar olduqlarını üzlərinə deyirdi, çünki onlar Qanunun əsaslandığı saleh prinsipləri nəzərdən qaçırmışdılar (Matta 23:23, 24). Məsihçilər yol verməməlidirlər ki, insanların uydurduqları adət və ən’ənələr onları həqiqi ibadətdən yayındırsın.
Görünməyəni görürük
13. Musa hansı iki yolla Allahın izzətini görə bildi?
13 Musa Sina dağında olarkən Yehovadan ona izzətini göstərməsini xahiş etdi və Allah ona Öz izzətinin şö’ləsini göstərdi. Musa Hüzur çadırına girəndə üzünü niqabla örtmürdü. Onun böyük imanı və Allahın iradəsini ürəkdən yerinə yetirmək istəyi vardı. Musaya Yehovanın izzətini görüntüdə görmək şərəfi nəsib olsa da, müəyyən mə’nada o, Allahı iman gözləri ilə artıq görmüşdü. Müqəddəs Kitab deyir ki, Musa «görünməyəni görürmüş kimi, möhkəm» dayanırdı (İbranilərə 11:27; Çıxış 34:5-7). O, Allahın izzətini vaxtaşırı olaraq təkcə üzünün nuru ilə əks etdirmirdi. Musa, israillilərin Yehovanı tanıyıb Ona xidmət etmələri üçün əlindən gələni edirdi və məhz bu yolla Allahının izzətini əks etdirirdi.
14. İsa Allahın izzətini necə görürdü və nədən sevinc duyurdu?
14 İsa hələ kainat yaradılmazdan əvvəl göydə yaşayıb və sayı bilinməz əsrlər ərzində Allahın izzətini öz gözləri ilə görürdü (Süleymanın məsəlləri 8:22, 30). Bu uzun vaxt boyunca onların arasında möhkəm məhəbbət və bağlılıq telləri yaranmışdı. Yehova Allah yaratdığı məxluqlar arasında ilkin olan Oğluna ən zərif məhəbbət hissi duyurdu, Allah Öz Oğluna çox bağlanmışdı. İsa da ona Həyat Verən Atasını qarşılıqlı olaraq böyük və zərif məhəbbətlə sevirdi (Yəhya 14:31; 17:24). Ata ilə Oğul arasında olan bu hisslər kamil məhəbbətin ən gözəl nümunəsidir. Musa kimi, İsa da, təbliğ etdiyi tə’limləri ilə Yehovanın izzətini əks etdirməkdən sevinc duyurdu.
15. Məsihçilər Allahın izzətini hansı mə’nada seyr edirlər?
15 Musadan və İsadan nümunə götürərək, Allahın müasir xidmətçilərinə də Yehovanın izzətini seyr etmək sevinc gətirir. Onlar şərəfli xoş xəbərdən üz döndərmirlər. Həvari Pavel yazırdı: «Ürək [iradəsini yerinə yetirmək üçün] Rəbbə dönəndə, bu örtük aradan qaldırılır» (2 Korinflilərə 3:16). Biz Allahın iradəsini yerinə yetirmək istədiyimiz üçün Müqəddəs Yazıları tədqiq edirik. Həmçinin Yehovanın Oğlu, məsh edilmiş Padşah İsa Məsihin də Allahın izzətini əks etdirdiyini görməkdən sevinc duyur və ondan nümunə götürürük. Bizə Musanın və İsanın yerinə yetirdiyi xidmət həvalə edilib. Biz də Allahımız Yehova haqqında başqalarına öyrətmək kimi şərəfli imkana malikik.
16. Həqiqəti bilmək hansı xeyir-duanı gətirir?
16 İsa dua edirdi: «Ata, şükür edirəm Sənə ki, bu şeyləri müdriklərdən və ağıllılardan gizlədib, körpələrə açdın» (Matta 11:25). Yehova niyyətlərini və şəxsiyyətini ürəyi təmiz və həlim olanlara açır (1 Korinflilərə 1:26-28). Biz Allahın himayəsi altındayıq. O bizim qayğımıza qalır və bizə həyatımızdan tam fayda əldə etməyi öyrədir. Bunun üçün gəlin hər bir imkandan istifadə edərək Yehovaya yaxınlaşaq və Onunla möhkəm münasibət qurmaq üçün bizə verdiyi hər şeyi yüksək qiymətləndirək.
17. Yehovanın keyfiyyətləri ilə daha yaxından necə tanış ola bilərik?
17 Pavel məsh edilmiş məsihçilərə yazırdı: «Biz hamımız isə, açıq üzlə Rəbbin calalını aynada imiş kimi seyr edərək, calaldan calala keçib, Onunla eyni surətdə dəyişdirilirik» (2 Korinflilərə 3:18). Göydə və ya yerdə yaşamaq ümidinə malik olmağımızdan asılı olmayaraq, hamımız Müqəddəs Kitab vasitəsilə Yehova və Onun keyfiyyətləri ilə daha yaxından tanış olmaq istəyirik. Allahla nə qədər yaxından tanış oluruqsa, bir o qədər də Ona bənzəməyə başlayırıq. Həmçinin, əgər İsa Məsihin həyatı, xidməti və tə’limləri barədə dərindən düşünürüksə, onda Yehovanın keyfiyyətlərini öz həyatımızda daha çox əks etdirəcəyik. Bunu etməklə Yehovaya şərəf gətirdiyimizi bilmək bizi nə qədər sevindirir!
Xatırlayırsınızmı?
• İsraillilər nə üçün Yehovanın izzətini əks etdirən Musaya baxmaqdan qorxurdular?
• Xoş xəbər birinci əsrdə hansı mə’nada örtülü idi, bəs bizim günlər haqda nə demək olar?
• Biz Allahın izzətini necə əks etdiririk?
[13-cü səhifədəki şəkil]
İsraillilər Musanın üzünə baxa bilmirdilər.
[17-ci səhifədəki şəkillər]
Yehovanın xidmətçiləri Onun izzətini əks etdirməkdən sevinc duyurlar.