Yehovanın Kəlamı canlıdır
Korinflilərə birinci və ikinci məktubdan diqqətəlayiq fikirlər
HƏVARİ Pavel Korinf yığıncağının ruhani vəziyyətindən çox narahatdır. Qardaşların arasında fikir ayrılığının olması onun qulağına çatıb. Yığıncaqda əxlaqsızlığa göz yumulur. Həmçinin qardaşlar Pavelə məktub yazıblar və oradakı bəzi məsələlərə aydınlıq gətirməyi xahiş edirlər. Beləliklə, Pavel təxminən eramızın 55-ci ilində üçüncü missioner səyahəti zamanı Efesdə olarkən korinflilərə iki məktubundan birincisini yazır.
Görünür, ikinci məktub birinci məktubun davamı kimi bir neçə aydan sonra yazılıb. Birinci əsrdə Korinf yığıncağında, eləcə də ondan kənarda mövcud olan vəziyyət bir çox sahələrdə bizim günlərdəki vəziyyətə oxşadığı üçün biz də Pavelin korinflilərə yazdığı məktublarında özümüzə faydalı məsləhətlər tapa bilərik (İbr. 4:12).
‘AYIQ OLUN, SABİT DURUN, MÖHKƏM OLUN
«Hamınız eyni düşüncədə olun», — deyə Pavel çağırır (1 Kor. 1:10). Məsihçi xüsusiyyətlərini yetişdirmək üçün «İsa Məsihdən başqa bir təməl» yoxdur (1 Kor. 3:11-13). Yığıncaqdakı əxlaqsız adam haqqında Pavel deyir: «Pis adamı sıranızdan kənara atın» (1 Kor. 5:13). O həmçinin qeyd edir ki, «bədən... əxlaqsızlıq üçün deyil, lakin Rəbb üçündür» (1 Kor. 6:13).
Qardaşların ona ‘yazdıqlarına gəlincə’, Pavel evliliyə və subaylığa dair praktiki məsləhətlər verir (1 Kor. 7:1). Başçılıq prinsipini, məsihçi görüşlərinin keçirilmə qaydasını və dirilmənin əsaslı olduğunu müzakirə etdikdən sonra Pavel çağırır: «Ayıq olun, imanda sabit durun, mərdanə və möhkəm olun» (1 Kor. 16:13).
Müqəddəs Kitab suallarına cavablar:
1:21 — Doğrudanmı Yehova iman edənləri xilas etmək üçün ‘ağılsızlıqdan’ istifadə edir? Təbii ki, yox! «Dünya... öz müdrikliyi ilə Allahı tanımadığı üçün» Allahın insanları xilas etmək üçün istifadə etdiyi üsul bu dünyanın gözündə ağılsızlıqdır (Yəh. 17:25).
5:5 — Pis «adamı, bədəninin həlak olması üçün şeytana təslim etməlisiniz ki, Rəbbimiz İsa Məsihin günündə... [«ruh», YD] xilas olsun» sözlərinin mənası nədir? Ciddi günah işlədib tövbə etmədiyinə görə yığıncaqdan kənar edilən adam yenidən Şeytanın pis dünyasının hissəsinə çevrilir (1 Yəh. 5:19). Buna görə onun haqqında deyilir ki, o, Şeytana təslim edilir. Belə adamın yığıncaqdan kənar edilməsi sayəsində yığıncaq pis təsirdən təmizlənir. Buna görə də ruh, yəni yığıncaqda üstünlük təşkil edən əhval-ruhiyyə qorunub saxlanılır (2 Tim. 4:22).
7:33, 34 — Evli insanların qayğı çəkdiyi ‘dünyəvi işlər’ nədir? Pavel evli məsihçilərin gündəlik qayğılarından danışırdı. Buraya yemək, paltar və ev daxildir. Lakin o, məsihçilərin uzaq durduqları bu dünyanın pis işlərini nəzərdə tutmurdu (1 Yəh. 2:15-17).
11:26 — İsanın ölümü ildə neçə dəfə və nə vaxtadək qeyd edilməlidir? Pavel İsanın ölümünü nə qədər tez-tez qeyd etmək lazım olub-olmadığından danışmırdı. Burada «hər zaman» kimi tərcümə olunan yunan ifadəsi «nə zaman ki» mənasını verir. Sadəcə olaraq, Pavel məsh olunmuş məsihçilərin Xatirə Gecəsində simvollardan qəbul edən zaman ‘Rəbbin ölümünü elan etmiş olduqlarından’ danışırdı. Bu isə ildə bir dəfə — 14 nisanda baş verir. Məsh olunmuşlar bunu ‘onun gəlişinədək’, yəni göylər həyatına dirildilənədək etməlidirlər (1 Salon. 4:14-17).
13:13 — Məhəbbət hansı mənada iman və ümiddən üstündür? ‘Ümid edilən şeylərə etimad’ gerçəkləşəndə artıq iman və ümidin əvvəlki kimi böyük rolu olmayacaq (İbr. 11:1). Məhəbbətin imanla ümidin üzərində üstünlüyü ondadır ki, o, əbədidir.
15:29 — ‘Ölülər üçün vəftiz olunmaq’ nə deməkdir? Pavel demək istəmirdi ki, diri insanlar, vəftiz olunmamış ölənlərin əvəzinə vəftiz olunmalıdırlar. Burada o, ruhla məsh edilmiş məsihçilərin ölənədək Allaha sadiq qalması və göylər həyatına dirildilməsi barədə danışırdı.
Bizim üçün ibrət dərsləri:
1:26-31; 3:3-9; 4:7. Özümüzlə deyil, təvazökarlıqla Yehova ilə öyünsək, yığıncaqda sülh hökm sürəcək.
2:3-5. Yunanıstanın fəlsəfə və elm mərkəzi olan Korinfdə təbliğ edən Paveli dinləyicilərini inandıra bilib-bilməyəcəyi sualı narahat edə bilərdi. Amma o, hansısa çatışmamazlığın, yaxud qorxunun Allahın ona həvalə etdiyi xidməti icra etməyə maneçilik yaratmasına yol vermirdi. Biz də çətin və öyrəşmədiyimiz şəraitin Allahın Padşahlığı haqda xoş xəbəri bəyan etməyimizə əngəl törətməsinə yol verməməliyik. Pavel kimi biz də əminliklə Yehovanın köməyinə arxalana bilərik.
2:16. «Məsihin ağlına» malik olmaq — onun düşüncə tərzini bilmək, onun kimi düşünmək, xasiyyətinə bələd olmaq və nümunəsini izləmək deməkdir (1 Pet. 2:21; 4:1). Buna görə İsanın həyat və xidmətini diqqətlə araşdırmaq olduqca vacibdir.
3:10-15; 4:17. Təlim vermək və şagird hazırlamaq bacarığımızı yoxlamalı və yaxşılaşdırmalıyıq (Mat. 28:19, 20). Yaxşı öyrətmiriksə, Müqəddəs Kitabı öyrətdiyimiz insan iman sınağından çıxa bilməz və bu itki bizim üçün o qədər ağır ola bilər ki, öz xilasımız da «atəş içindən keçər kimi» (İ–93) olacaq.
6:18. ‘Cinsi əxlaqsızlıqdan çəkinmək’ yalnız porneya altında nəzərdən tutulan əməllərdən deyil, həm də pornoqrafiyadan, əxlaqi natəmizlikdən, seksual fantaziyalardan və eşqbazlıqdan, bir sözlə, əxlaqsızlığa aparan hər bir şeydən qaçmaq deməkdir (Mat. 5:28; Yaq. 3:17).
7:29. Evli insanlar diqqət yetirməlidirlər ki, Padşahlığın maraqlarını ikinci yerə qoyacaq dərəcədə özlərinə aludə olmasınlar.
10:8-11. İsraillilər Musaya və Haruna qarşı deyinəndə Yehova bunu təhqir kimi qəbul etmişdi. Özümüzü giley-güzar etmək vərdişindən gözləməliyik.
16:2. Əgər ianə edəcəyimiz məbləği qabaqcadan müəyyənləşdirsək və mütəmadi olaraq ianə etsək, Padşahlıq maraqlarının irəliləməsini müntəzəm şəkildə dəstəkləyəcəyik.
«KAMİLLƏŞİN»
Pavel korinflilərə deyir ki, onlar töhmət almış, lakin tövbə etmiş günahkarı ‘bağışlayıb, təsəlli verməlidirlər’. Pavelin ilk məktubu onları kədərləndirsə də, o sevindiyini yazır, çünki bu kədər onları tövbə etməyə təşviq etdi (2 Kor. 2:6, 7; 7:8, 9).
Pavel korinfliləri Makedoniyadakı qardaşların səxavətini təqlid etməyə təşviq edir: «Hər şeydə üstün olduğunuz kimi, çalışın ki, bu lütfkarlıq işində də üstün olasınız». Ona qarşı çıxanlara cavab verdikdən sonra Pavel hamıya məsləhət edir: «Sevinin! Kamilləşin, təsəlli tapın, həmfikir olun, sülhdə yaşayın» (2 Kor. 8:1, 2, 4, 7; 13:11).
Müqəddəs Kitab suallarına cavablar:
2:15, 16 — Nəyə görə demək olar ki, biz «Məsihin xoş ətriyik»? Çünki biz Müqəddəs Kitabda deyilənlərə riayət edir və orada yazılan xəbəri bəyan edirik. Belə «ətir» qeyri-salehlərdə ikrah doğursa da, Yehova və səmimi insanlar üçün xoşdur.
5:16 — Məsh olunmuş məsihçilər hansı mənada ‘heç kimi cismani baxımdan tanımırlar’? Onlar başqalarına insan nöqteyi-nəzərilə baxmırlar, yəni insanlar arasında imkana, irqə, etnik və ya milli mənşəyə görə ayrı-seçkilik etmirlər. Onlar üçün həmimanlılarla sıx münasibət ən mühüm rol oynayır.
11:1, 16; 12:11 — Doğrudanmı Pavel korinflilərlə özünü ağılsız kimi aparırdı? Xeyr. Lakin həvari adlanmaq hüququnu müdafiə etməyə məcbur olduğu üçün onun dedikləri bəzilərinə lovğalıq və ağılsızlıq kimi görünə bilərdi.
12:1-4 — ‘Cənnətə aparılan’ kim idi? Müqəddəs Kitabda buna bənzər hadisə ilə qarşılaşan başqa heç kim haqqında bəhs edilmədiyi və bu parça, Pavelin özünün həvari adlanmaq hüququnu müdafiə etdiyi ayələrdən dərhal sonra gəldiyi üçün bu röyanın məhz Pavelə verildiyi güman edilir. Ehtimal ki, Pavel röyada, «axır zamanda» məsihçi yığıncağının yaşadığı ruhani cənnəti görmüşdü (Dan. 12:4).
Bizim üçün ibrət dərsləri:
3:5. Bu ayədən belə bir nəticəyə gələ bilərik ki, Yehova məsihçini Öz Kəlamı, müqəddəs ruhu və təşkilatının yer üzündəki hissəsi vasitəsilə xidmət üçün ‘qabiliyyətli’ edir (Yəh. 16:7; 2 Tim. 3:16, 17). Buna görə biz Müqəddəs Kitabı və ona əsaslanan ədəbiyyatları çalışqanlıqla öyrənməli, daima müqəddəs ruh üçün dua etməli və məsihçi görüşlərinə müntəzəm olaraq getməli və onlarda iştirak etməliyik (Məz. 1:1-3; Luka 11:10-13; İbr. 10:24, 25).
4:16. Yehova ‘daxili varlığımızı gündən-günə təzələdiyi’ üçün Onun təqdim etdiyi hər şeydən daima istifadə etməliyik, yəni ruhani şeylərə diqqət yetirmədiyimiz bir gün belə olmamalıdır.
4:17, 18. ‘Sıxıntılarımızın yüngül və müvəqqəti’ olduğunu yadda saxlamaq çətin anlarda Yehovaya sadiq qalmağımıza kömək edər.
5:1-5. Pavel məsh olunmuş məsihçilərin göylər həyatına olan ümidlərini və bununla bağlı keçirdikləri hissləri necə də gözəl ifadə edir!
10:13. Bir qayda olaraq, ehtiyac olan yerdə xidmət etməyə təyinat almamışıqsa, yığıncağımıza təyin edilən ərazidə təbliğ etməliyik.
13:5. ‘İman yolunda’ olub-olmadığımızı yoxlamaq, davranışımızın Müqəddəs Kitab prinsiplərinə və tələblərinə uyğun gəlib-gəlmədiyini yoxlamaq deməkdir. ‘Özümüzü imtahan etmək’, Allahla münasibətimizin nə dərəcədə möhkəm, ‘hisslərimizin’ nə dərəcədə iti və iman işlərimizin nə qədər müxtəlif və çox olduğunu yoxlamaqdır (İbr. 5:14; Yaq. 1:22-25). Pavelin praktiki məsləhətlərini tətbiq etməklə həqiqət yolunda yeriməyi davam edəcəyik.
[26-cı səhifədəki şəkil]
«Bu çörəyi yediyiniz və bu kasadan içdiyiniz hər zaman» sözləri nə deməkdir? (1 Kor. 11:26)