Lavililər
10 Harunun oğulları Nadab və Abihu+ buxurdanlarının içinə közlə buxur qoyub+ Yehovaya onlara buyrulmamış, yasaq od+ gətirdilər. 2 Onda Yehovanın hüzurundan alov çıxıb onları bürüdü.+ Onlar elə Yehovanın hüzurundaca canlarını tapşırdılar.+ 3 Musa Haruna dedi: «Yehova belə buyurur: “Mənə yaxın olanlar üçün müqəddəs olmalıyam,+ bütün xalqın qarşısında adım uca tutulmalıdır”». Harun bir kəlmə də deməyib sakit durdu.
4 Musa Harunun əmisi Üzziilin+ oğulları Müsaillə Əlsəfanı çağırıb dedi: «Gəlin, qardaşlarınızın cəsədini müqəddəs məkandan çıxarıb düşərgədən kənara aparın». 5 Onlar gəlib cəsədləri elə pallı-paltarlı Musanın dediyi kimi düşərgədən kənara çıxardılar.
6 Bundan sonra Musa Haruna və onun o biri oğlanlarına, Əlyazarla İsamara dedi: «Saçlarınız pırtlaşıq olmasın, yaxanızı cırmayın,+ yoxsa öləcəksiniz, üstəlik, bütün icmanı da Allahın qəzəbinə tuş edəcəksiniz. Qoy Yehovanın odla məhv etdiyi bu adamları qardaşlarınız, bütün İsrail əhli ağlasın. 7 Siz isə Hüzur çadırından aralanmayın ki, ölməyəsiniz, çünki üstünüzə Yehovanın məsh yağı+ tökülüb». Onlar Musanın sözünə itaət etdilər.
8 Sonra Yehova Haruna dedi: 9 «Hüzur çadırına gələndə nə özün, nə də oğulların şərab və ya başqa kefləndirici içki içməyin ki, ölməyəsiniz.+ Bu sizin nəsilləriniz üçün dəyişilməz qanundur. 10 Beləcə, siz müqəddəs olanla olmayanı, pakla napakı ayırd edəcək+ 11 və Yehovanın Musa vasitəsilə verdiyi bütün qanunları İsrail oğullarına öyrədə biləcəksiniz».+
12 Sonra Musa Haruna və onun sağ qalan o biri oğlanları Əlyazarla İsamara dedi: «Yehova üçün odda yandırılan taxıl təqdiməsindən artıq qalanını götürün və ondan mayasız çörək hazırlayıb qurbangahın yanında yeyin,+ çünki o, son dərəcə müqəddəsdir.+ 13 Onu müqəddəs yerdə yeməlisiniz,+ çünki o, Yehovaya odda yandırılaraq gətirilən təqdimələrdən sənin və oğullarının payıdır. Mənə belə əmr olunub. 14 Həmçinin yellətmə təqdiməsi kimi gətirilən döş hissəni və müqəddəs pay olan budu sən,+ oğulların, qızların pak yerdə yeyin.+ Bu, İsrail oğullarının gətirdiyi ünsiyyət qurbanlarından sənə və oğullarına düşən paydır. 15 Müqəddəs pay olan bud və yellətmə təqdiməsi kimi gətirilən döş hissə odda yandırılan piy təqdimələri ilə birlikdə gətirilməli və yellətmə təqdiməsi Yehovanın önündə yellədilməlidir. Bunlar — döş hissə və bud, Yehovanın əmrinə görə, həmişəlik pay kimi sənə və oğullarına verilir».+
16 Musa günah qurbanı kimi kəsiləcək keçini axtaranda gördü ki, onu artıq yandırıblar.+ Onda Harunun sağ qalan oğulları Əlyazarla İsamara hirslənib dedi: 17 «Nə üçün müqəddəs məkanda günah qurbanından yeməmisiniz?+ Axı o, son dərəcə müqəddəsdir və sizə verilib ki, xalqın günahını üzərinizə götürəsiniz və Yehovanın önündə xalq üçün kəffarə verəsiniz. 18 Qurbanın qanı müqəddəs məkana gətirilməyib.+ Siz onun ətindən müqəddəs məkanda mütləq yeməli idiniz. Axı mənə belə tapşırılıb». 19 Harun Musaya cavab verib dedi: «Başıma bu iş gəldi. Bu gün də Yehovanın önündə günah qurbanı və yandırma qurbanı gətirdilər.+ İndi mən durub bu günah qurbanından yesəydim, Yehovaya xoş gedərdi?» 20 Harunun cavabı Musanın ağlına batdı.