Lukanın yazdığı müjdə
18 Sonra İsa həmişə dua etməyin və ruhdan düşməməyin vacibliyi barəsində onlara bir məsəl çəkdi:+ 2 «Bir şəhərdə Allahdan qorxmayan və insanları saymayan bir hakim vardı. 3 Orada həmçinin bir dul qadın da yaşayırdı. Bu qadın daima hakimin yanına gedib: “Mənimlə rəqibimin işinə bax, mənim üçün ədaləti bərqərar et”, — deyirdi. 4 Hakim bir müddət ona kömək etmədi, amma sonradan öz-özünə dedi: “Düzdür, Allahdan qorxmuram, insanları da saymıram, 5 amma bu dul qadının gəlib-getməyi məni lap boğaza yığdı. Gərək onun üçün ədaləti bərqərar edim ki, daha gəlib baş-beynimi aparmasın”».+ 6 Ağa dedi: «Görürsünüz, haqq-nahaq tanımayan hakim nə dedi?! 7 Əgər o, belə etdisə, məgər səbirli Allah+ Ondan gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti bərpa etməyəcək?+ 8 Bunu bilin ki, Allah tez bir zamanda onlar üçün ədaləti bərpa edəcək. Bəs görəsən, insan Oğlu gələndə yer üzündə belə iman tapacaq?»
9 Özünü saleh sayıb başqalarını heç sayan adamlar üçün İsa bu məsəli çəkdi: 10 «İki adam dua etmək üçün məbədə girdi. Onlardan biri fərisi, digəri vergiyığan idi. 11 Fərisi ayaq üstə durub ürəyində belə dua etdi: “Şükür Sənə, İlahi! Mən başqaları kimi soyğunçu, haqsız, zinakar deyiləm. Nə də bu vergiyığanın tayı deyiləm. 12 Həftədə iki dəfə orucumu tuturam, əldə etdiyim hər şeyin onda birini verirəm”.+ 13 Vergiyığan isə uzaqda durub gözlərini də göyə qaldırmağa cürət etmirdi, amma sinəsinə vurub deyirdi: “Ya Allah, mən günahkara rəhmin gəlsin”.+ 14 Bunu bilin ki, bu adam fərisidən daha saleh sayılaraq evinə getdi.+ Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək».+
15 Camaat öz körpələrini İsanın yanına gətirirdi ki, İsa onlara toxunsun. Şagirdlər isə onları danlayırdı.+ 16 Amma İsa uşaqları yanına çağırdı və dedi: «Qoyun uşaqlar yanıma gəlsin, onlara mane olmayın, çünki Allahın Padşahlığı belələrinə məxsusdur.+ 17 Bilin və agah olun: Allahın Padşahlığını balaca uşaq kimi qəbul etməyən əsla ora girməyəcək».+
18 Rəhbərlərdən biri ondan soruşdu: «Gözəl Ustad, əbədi həyatı almaq üçün mən nə etməliyəm?»+ 19 İsa ona dedi: «Məni niyə belə adlandırırsan? Allahdan başqa gözəl Varlıq yoxdur.+ 20 Sən ki “zina etmə+, adam öldürmə+, oğurluq etmə+, yalan şahidlik etmə+, atana və anana hörmət et+” əmrlərini bilirsən». 21 O adam cavab verdi: «Bütün bunlara ta uşaqlıqdan əməl edirəm». 22 İsa ona qulaq asıb dedi: «Amma bir şey də etməlisən. Nəyin varsa, sat, kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl».+ 23 O, bunu eşidəndə bərk kədərləndi, çünki çox varlı idi.+
24 İsa ona baxıb dedi: «Pullu adamlara Allahın Padşahlığına girmək necə də çətin olacaq!+ 25 Dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır».+ 26 Bu sözləri eşidənlər soruşdular: «Bəs onda kim xilas ola bilər?»+ 27 İsa cavab verdi: «İnsan üçün mümkün olmayan şey Allah üçün mümkündür».+ 28 Onda Butrus dedi: «Bax, nəyimiz vardısa qoyub sənin ardınca gəldik».+ 29 İsa onlara dedi: «Əmin olun, Allahın Padşahlığı uğrunda evini, arvadını, qardaşlarını, valideynlərini və uşaqlarını qoyub gələn+ 30 bu dövrdə əvəzini artıqlaması ilə alacaq, gələcəkdə isə əbədi həyata qovuşacaq».+
31 Sonra İsa on iki həvarisini kənara çəkib onlara dedi: «İndi Yerusəlimə gedirik. Peyğəmbərlərin insan Oğluna aid yazdıqları hər şey yerinə yetəcək.+ 32 Məsələn, o, başqa xalqlardan olan adamların əlinə veriləcək.+ Onu lağa qoyacaqlar+, təhqir edəcəklər+, üzünə tüpürəcəklər. 33 Onu qamçı ilə döyəcək, sonra öldürəcəklər,+ amma o, üçüncü gün diriləcək».+ 34 Ancaq şagirdlər bu sözlərdən bir şey başa düşmədilər, çünki bunların mənası onlardan gizlədilmişdi, buna görə də onun dediklərini dərk etmədilər.
35 İsa Ərihaya yaxınlaşanda yolun qırağında bir kor dilənçi oturmuşdu.+ 36 O, yoldan çoxlu adamın keçdiyini eşidəndə nə baş verdiyini soruşdu. 37 Ona dedilər: «Nəsrani İsa keçir!» 38 Kor bunu eşidəndə qışqırdı: «Ey Davud Oğlu İsa, mənə rəhm et!» 39 Qabaqda gedənlər təpinərək onu susdurmağa çalışdılar, amma o, daha da bərkdən qışqırmağa başladı: «Davud Oğlu, mənə rəhm et!» 40 İsa ayaq saxladı və əmr etdi ki, o adamı yanına gətirsinlər. O yaxınlaşanda İsa soruşdu: 41 «Nə istəyirsən? Sənin üçün nə edim?» O cavab verdi: «Ağa, gözlərimə şəfa ver». 42 İsa ona dedi: «Qoy gözlərin görsün, imanın səni sağaltdı».+ 43 Həmin andaca o adamın gözləri açıldı və o, Allaha alqış oxuya-oxuya İsanın ardınca getdi.+ Bunu görən camaat da Allaha alqış oxudu.+