Salonikililərə ikinci məktub
1 Bulus, Silvan* və Timutidən+ Atamız Allahla və Ağamız İsa Məsihlə vəhdətdə olan salonikililərin yığıncağına məktub.
2 Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.
3 Qardaşlar, sizdən ötrü hər zaman Allaha şükür etməyi özümüzə borc bilirik. Belə də olmalıdır, çünki sizin imanınız artdıqca artır və hamınızın bir-birinə duyduğu məhəbbət günü-gündən güclənir.+ 4 Buna görə də Allahın yığıncaqlarında sizinlə fəxr edirik,+ çünki bütün təqiblərə və çəkdiyiniz əziyyətlərə baxmayaraq, siz dözüm və iman göstərirsiniz.+ 5 Bu, Allahın ədalətlə hakimlik etdiyinə sübutdur. Bunun sayəsində siz uğrunda əziyyət çəkdiyiniz Allahın Padşahlığına layiq görüləcəksiniz.+
6 Bəli, sizə zülm edənlərə əvəzini vermək Allahın gözündə ədalətlidir.+ 7 Əziyyət çəkən sizlərə isə Ağamız İsanın öz qüdrətli mələkləri+ ilə birlikdə od-alovla göydən zühur edəcəyi vaxt+ bizimlə birlikdə rahatlıq veriləcək. 8 O vaxt Allahı tanımayanlardan və Ağamız İsa haqqındakı müjdəyə itaət etməyənlərdən qisas alınacaq.+ 9 Onlar əbədi məhv cəzasına məhkum edilərək Ağanın önündən rədd ediləcək+ və onun şanlı qüdrətindən məhrum olacaqlar. 10 Bütün bunlar Ağanın öz müqəddəsləri ilə birlikdə şərəflənmək üçün gələcəyi və ona iman edənlərdə heyrət doğuracağı o gün baş verəcək. Bəli, siz verdiyimiz şəhadətə iman gətirdiniz.
11 Buna görə də sizin üçün daima dua edirik ki, Allahımız sizi dəvətinə layiq bilsin,+ arzu etdiyi bütün yaxşı işləri qüdrəti ilə tam icra etsin və imandan doğan işlərinizi avand etsin. 12 Belə ki, Allahımızın və Ağamız İsa Məsihin lütfü sayəsində Ağamız İsanın adı sizin vasitənizlə şərəflənsin, siz də onun sayəsində şərəfə yetişəsiniz.