Lukanın yazdığı müjdə
12 Bu arada İsanın başına minlərlə adam toplaşmışdı, adam əlindən tərpənmək olmurdu. İsa əvvəlcə öz şagirdlərinə müraciət edərək sözə başladı: «Özünüzü fərisilərin mayasından, yəni ikiüzlülükdən gözləyin.+ 2 Elə gizli şey yoxdur ki, bir gün üzə çıxmasın, elə bir sirr yoxdur ki, sonradan üstü açılmasın.+ 3 Buna görə də qaranlıqda dediyiniz işıqda eşidiləcək, dörd divar arasında pıçıldadığınız evlərin damından vəz ediləcək. 4 Dostlar+, bədəni öldürüb ondan sonra heç nə edə bilməyənlərdən qorxmayın.+ 5 Sizə deyim kimdən qorxmaq lazımdır: bədəni öldürəndən sonra onu Hinnom vadisinə*+ ata biləndən qorxun. Bəli, sizə deyirəm, Ondan qorxun.+ 6 Məgər beş sərçəni ikicə qara qəpiyə* satmırlar? Amma onlardan heç biri Allahın yadından çıxmır.+ 7 Sizin isə başınızdakı tüklər belə, bir-bir sayılıb.+ Odur ki, qorxmayın, siz sərçələrdən qat-qat qiymətlisiniz.+
8 Bunu bilin ki, kim insanların qarşısında məni tanıdığını etiraf etsə,+ insan Oğlu da Allahın mələkləri qarşısında onu tanıdığını etiraf edəcək.+ 9 Amma kim insanların qarşısında məni dansa, mən də Allahın mələkləri qarşısında onu danacağam.+ 10 İnsan Oğluna qarşı bir söz deyən adam bağışlanacaq, lakin müqəddəs ruha qarşı küfr danışan adam bağışlanmayacaq.+ 11 Sizi xalq məclislərinə*, hökmdarların və məmurların qarşısına çəkib gətirəndə özünüzü müdafiə etmək üçün nəyi necə deyəcəyiniz, nə danışacağınız haqqında narahat olmayın.+ 12 Çünki müqəddəs ruh sizə nə demək lazım olduğunu həmin an öyrədəcək».+
13 Bundan sonra camaat arasından bir adam ona dedi: «Ustad, qardaşıma de ki, mirası mənimlə bölsün». 14 İsa ona cavab verdi: «A qardaş, məni aranızda hakimlik, vəkillik etməyə kim qoyub?» 15 Sonra əlavə etdi: «Ayıq-sayıq olun, özünüzü hər cür tamahkarlıqdan qoruyun,+ çünki insanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil».+ 16 Sonra onlara bir məsəl çəkdi: «Bir varlının torpağı bol məhsul verdi. 17 Bu adam ürəyində düşünməyə başladı: “Mən indi necə edim? Məhsulu yığmağa yerim yoxdur”. 18 Sonra dedi: “Bilirəm nə edəcəyəm!+ Anbarlarımı söküb, yerinə daha böyüklərini tikəcəyəm. Bütün taxılımı, sərvətimi ora yığacağam. 19 Sonra özümə deyəcəyəm: “Canım, dincəl, ye, iç, kef elə, çünki topladığın bu var-dövlət sənə ömrünün axırına kimi bəsdir”. 20 Ancaq Allah ona dedi: “Ey ağılsız, elə bu gecə sənin canını alacaqlar. Bu topladığın sərvət kimə qalacaq?”+ 21 Allahın gözündə varlanmaq əvəzinə özünə var-dövlət toplayanların aqibəti belə olur»+.
22 Sonra o, şagirdlərinə dedi: «Buna görə də sizə deyirəm, “nə yeyəcəyik?” deyə canınızdan ötrü və “nə geyəcəyik?” deyə bədəninizdən ötrü daha qayğı çəkməyin.+ 23 Çünki can qidadan, bədən isə geyimdən daha qiymətlidir. 24 Quzğunlara baxın: onlar nə əkir, nə biçir, nə zirzəmiləri var, nə anbarları. Buna baxmayaraq, Allah onları yedizdirir.+ Siz isə quşlardan qat-qat qiymətlisiniz!+ 25 Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər? 26 Əgər sizin belə kiçicik bir işə gücünüz çatmırsa, nəyə görə qalan şeylərdən ötrü qayğı çəkəsiniz?+ 27 Zanbaqların necə boy atdığına baxın: onlar nə zəhmət çəkir, nə ip əyirir, amma inanın ki, heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdi.+ 28 Əgər Allah bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə, ey imanı az olanlar, məgər sizi geyindirməyəcək?! 29 Buna görə də yemək-içmək dərdi çəkməyi və həddindən artıq narahat olmağı qurtarın,+ 30 çünki bütün bu şeylərin dalınca bu dünyanın xalqları düşür. Amma sizin Atanız bunlara ehtiyac duyduğunuzu bilir.+ 31 Onun Padşahlığını həyatınızda hər şeydən üstün tutun, onda bunlar da sizə veriləcək.+
32 Qorxma, kiçik sürü,+ çünki Atanız Padşahlığı sizə verməyi məsləhət bildi.+ 33 Hər nəyiniz varsa, satın və sədəqə verin.+ Özünüzə yırtılmayan pul kisələri düzəldin, göydə heç vaxt tükənməyən xəzinə yığın.+ Orada xəzinənizə oğrunun əli çatmaz və onu güvə yeməz. 34 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq.
35 Hazır olun*,+ qoy çırağınız həmişə yansın.+ 36 Siz ağasının toy ziyafətindən+ qayıtmasını gözləyən,+ ağa gəlib qapını döyəndə qapını dərhal açan adamlar kimi olun. 37 Ağa gələndə oyaq tapdığı nökərlər necə də xoşbəxtdirlər! İnanın ki, ağa qurşaqlanıb onları süfrə arxasında əyləşdirəcək və özü durub onlara qulluq edəcək. 38 Əgər ağa gec*, hətta gecə yarısından sonra* da gəlib onları oyaq taparsa, o nökərlər necə də xoşbəxtdirlər! 39 Bunu bilin, ev yiyəsi oğrunun nə vaxt gələcəyini bilsəydi, oyaq qalıb oğrunun evə girməsinə yol verməzdi.+ 40 Siz də hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək».+
41 Butrus soruşdu: «Ağa, sən bu məsəli təkcə bizim üçün çəkirsən, yoxsa hamı üçün?» 42 Ağa cavab verdi: «Öz qulluqçularına vaxtlı-vaxtında yemək paylarını vermək üçün onların üzərində ağanın qoyacağı sadiq və ağıllı* nökərbaşı kimdir?+ 43 Ağası gələndə iş başında olan nökər necə də xoşbəxtdir! 44 İnanın, ağası bütün əmlakının idarəsini ona tapşıracaq. 45 İşdir, əgər o nökər ürəyində: “Ağam gecikir”, — deyib nökərləri və qarabaşları döyərsə, yeyib-içib sərxoşluq edərsə,+ 46 ağası onun gözləmədiyi gün və bilmədiyi saatda gəlib ona ağır cəza verəcək və onun aqibəti imansızlarla eyni olacaq. 47 Ağasının istəyini başa düşüb, amma yerinə yetirməyən və ya onun gəlişinə hazır olmayan nökər çoxlu kötək yeyəcək.+ 48 Amma ağasının istəyini başa düşməyən, kötəklənməyə layiq iş görən nökər az kötək yeyəcək. Kimə çox verilibsə, ondan çox tələb olunacaq. Kimə çox şey etibar edilibsə, ondan daha çox şey tələb olunacaq.+
49 Mən yer üzündə alov yandırmağa gəlmişəm və alov artıq yanırsa, mənə bundan başqa nə lazımdır ki? 50 Mən başqa bir vəftizlə də vəftiz olunmalıyam və o, tamam olanadək ürəyim bərk sıxılır!+ 51 Siz elə bilirsiniz ki, mən yerə sülh gətirməyə gəlmişəm? Xeyr! Mən sülh yox, ixtilaf gətirməyə gəlmişəm.+ 52 Bundan sonra evlərdə ziddiyyət olacaq: beş adamın yaşadığı bir evdə üç adam iki nəfərə qarşı, iki adam üç nəfərə qarşı çıxacaq. 53 Ata oğula, oğul ataya qarşı, ana qıza, qız anaya qarşı, qayınana gəlinə, gəlin qayınanaya qarşı çıxacaq».+
54 Sonra İsa camaata müraciət etdi: «Qərbdən qalxan bir bulud görəndə deyirsiniz: “Tufan olacaq”. Belə də olur. 55 Cənub küləyinin əsdiyini görəndə deyirsiniz: “Bərk isti olacaq”. Belə də olur. 56 İkiüzlülər! Yerin və göyün görünüşündən havanın necə olacağını müəyyən edə bilirsiniz. Bəs necə olur ki, bu zamanda baş verənlərin mənasını dərk edə bilmirsiniz?+ 57 Nəyin doğru olub-olmadığına niyə özünüz qərar vermirsiniz? 58 Misal üçün, rəqibinlə hakimin yanına gedəndə hələ yolda ikən çalış onunla mübahisəni həll et ki, o səni hakimin qarşısına aparmasın. Yoxsa hakim səni məhkəmə icraçısına verər, o da səni zindana salar.+ 59 Sənə deyirəm, axırıncı qəpiyini* verməyincə oradan çıxmayacaqsan».