Əşiya
56 Yehova belə deyir:
«Haqqı qoruyun+, saleh işlər görün.
Çünki nicatım yaxındadır,
Ədalətim əyan olacaq.+
2 Bunlara əməl edən,
Bunlardan bərk-bərk yapışan bəndə nə bəxtiyardır.
O bəndə ki, şənbəyə riayət edir, onu ləkələmir,+
Əlini heç bir pisliyə bulaşdırmır.
3 Qoy Yehovanın ətəyindən yapışmış yadelli+
“Yehova məni xalqından ayıracaq” deməsin.
Xədim “mən quru bir ağacam” deməsin».
4 Şənbələrimə riayət edən, Mənə xoş şeyləri seçən, əhdimə bağlı qalan xədimlərə Yehovanın sözü budur:
5 «Mən onlara oğuldan, qızdan üstün bir şey verəcəyəm,
Evimdə, divarlarımın arasında onların abidəsi, adı olacaq.
Onlara ölməz,
Əbədi ad verəcəyəm.
6 Qulluq etmək üçün Yehovanın ətəyindən yapışan,
Yehovanın adını sevən,+
Onun qulu olan,
Şənbəyə riayət edib onu ləkələməyən,
Əhdimə bağlı qalan yadellilərə gəlincə,
7 Onları da müqəddəs dağıma gətirəcəyəm,+
Dua evimdə onları sevindirəcəyəm.
Qurbangahımın üstündə gətirdikləri qurbanlar, yandırma qurbanları qəbul olunacaq.
Çünki Mənim evim bütün ümmətlərin dua evi adlanacaq».+
8 İsrailin səpələnmiş övladlarını toplayan Külli-İxtiyar Yehova bəyan edir:+
«Mən toplanmışların yanına başqalarını da toplayacağam».+
9 Ey məskəni çöllər, meşələr olan vəhşi heyvanlar,
Yeməyə gəlin.+
10 Gözətçilər kordur,+ heç biri heç nə görmür.+
Hamısı hürə bilməyən, lal itlərdir.+
Onlar uzanıb ləhləyirlər, mürgü vurmağı sevirlər.
11 Onlar acgöz köpəklərdir,
Doymaq bilmirlər.
Onlar nadan çobanlardır.+
Hərəsi öz yolu ilə gedir,
Hərəsi haram qazanc dalınca düşür,
12 Deyir: «Gəl şərab gətirim, bəs qədər içək.+
Sabah da bugünkü kimi olacaq,
Hələ bundan da yaxşı olacaq!»