Məsihçilər başqalarına xidmət etməkdən sevinc duyurlar
“Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (HƏVARİLƏRİN İŞLƏRİ 20:35).
1. Bu gün hansı yanlış düşüncə tərzi üstünlük təşkil edir və bu nəyə görə zərərlidir?
İNSANLAR XX əsrin son onillikləri ərzində eqosentrizm haqqında tez-tez danışırlar. Eqosentrizm, ətrafdakılara laqeyd münasibətlə əlaqələndirilən tamahkarlıq və xudbinlik xüsusiyyətidir. Şübhə etməmək olar ki, eqosentrizm xüsusiyyəti 2000-ci ildə azalmamışdır. Tez-tez, “bunun mənə nə faydası olacaq?” və ya “bundan qazancım nə olacaq?” kimi sualları eşidirik. Belə xudbinlik xoşbəxtlik gətirmir. Çünki bu, İsanın bəyan etdiyi, “vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” prinsipinə ziddir (Həvarilərin işləri 20:35).
2. Verməyin bəxtiyarlıq gətirməsi nədən görünür?
2 Verməyin almaqdan daha böyük bəxtiyarlıq gətirməsi doğrudurmu? Bəli. Yeqova Allah haqqında düşünək. “Həyatın qaynağı” Ondadır (Məzmur 36:9). Xoşbəxt yaşamağımız və səmərəli çalışmağımız üçün lazım olan hər şeyi bizə verən Odur. O, “hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə” Qaynağıdır (Yaqub 1:17). “Bəxtiyar Allah” Yeqova daima verir (1 Timoteyə 1:11, YD). O, Yaradanları olaraq çox şeylər verdiyi insanları sevir (Yəhya 3:16). Adi bir ailəyə nəzər salaq. Əgər siz valideynsinizsə, onda uşaq tərbiyə etməyin nə qədər fədakarlıq tələb etdiyini, nə qədər vermək lazım gəldiyini bilirsiniz. Bununla yanaşı, uzun illər çəkdiyiniz əziyyətləri uşaq dərk etmir. O, bütün bunları sizin tərəfinizdən bir borc kimi qəbul edir. Ancaq buna baxmayaraq, təmənnasız sə’yləriniz sayəsində uşağınızın müvəffəqiyyətlə böyüdüyünü görməyə şad olursunuz. Nəyə görə? Ona görə ki, siz onu sevirsiniz.
3. Yeqovaya və həmimanlılarımıza xidmət etmək nəyə görə böyük sevinc gətirir?
3 Vermək, Allahın həqiqi ibadətçilərinə də xas olan xüsusiyyətdir və bunu etməyə onları məhəbbət təşviq edir. Yeqovanı və həmimanlılarımızı sevdiyimiz üçün, onlara vaxt ayırmağa və diqqət yetirməyə çox şadıq (Matta 22:37—39). Şəxsi mənafeyini güdərək Allaha xidmət edən insanlar, nəticədə çox az sevinc duyurlar. Fəqət alacağından daha çox nə verə biləcəyi barədə düşünərək, təmənnasız xidmət edənlər, həqiqi xoşbəxtlik əldə edirlər. İbadətimizlə əlaqədar Müqəddəs Kitabda bə’zi sözlərin necə işləndiyinə diqqət yetirilərsə, bu həqiqət aydın olacaqdır. Bu və növbəti məqalədə bu cür üç sözü müzakirə edəcəyik.
İsanın insanlar üçün icra etdiyi xidmət
4. Xristian aləmində “insanlar üçün xidmət” hansı mahiyyəti daşıyır?
4 İbadətimizlə əlaqəli olan əhəmiyyətli qədim Yunan sözlərindən biri liturgи́ya sözüdür. “Yeni Dünya Tərcüməsi”ndə bu söz “insanlar üçün xidmət”, “xalq üçün xidmət” və ya “ümumxalq xidməti” kimi tərcümə olunur. Xristian aləmində istifadə olunan “liturgiya” sözü, həmin Yunan sözündən götürülmüşdüra. Ancaq Xristian aləminin rəsmi liturgiyalarını çətin ki, insanlar üçün faydalı xidmət adlandırmaq olar.
5, 6. a) Qədim İsraildə insanlar üçün hansı xidmət icra olunurdu və bu xidmət hansı faydanı gətirirdi? b) Qədim İsraildə icra olunan xidmət, insanlar üçün edilən hansı daha böyük xidmətlə əvəz olundu və nəyə görə?
5 Həvari Pavel, liturgи́ya sözünə yaxın olan Yunan sözünü İsrail kahinlərinə aid istifadə etdi. O dedi: “Hər kahin gündən-günə [“xalq üçün”, liturgи́ya sözünün forması] xidmətini yerinə yetirərək... eyni qurbanları dəfələrlə təqdim edir” (İbranilərə 10:11). Levili kahinlər İsraildə insanlar üçün çox dəyərli xidməti icra edirdilər. Onlar, Allahın Qanununu öyrədir və xalqın günahlarını yuyan qurbanları təqdim edirdilər (2 Tarixlər 15:3; Malaki 2:7). Kahinlər və xalq Yeqovanın Qanununa riayət edərkən, israillilərin sevinməyə səbəbləri olurdu (Təsniyə 16:15).
6 İsrail kahinlərinin insanlar üçün icra etdikləri xidmət çox şərəfli idi, lakin İsrail xalqı sədaqətsizliyi ucbatından rədd edildiyi zaman kahinlərin xidməti bütün dəyərini itirdi (Matta 21:43). Yeqova daha möhtəşəm xidməti, böyük Baş Kahin İsanın insanlar üçün icra etdiyi xidməti nəzərdə tutmuşdu. Biz onun haqqında oxuyuruq: “Fəqət O, əbədiyyən qaldığı üçün, daimi kahinliyə malikdir. Buna görə O, Öz vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas etməyə qadirdir; çünki onlar üçün vəsatət etmək məqsədilə daim yaşamaqdadır” (İbranilərə 7:24, 25, İ—93).
7. İsanın insanlar üçün icra etdiyi xidmət nəyə görə müqayisəedilməz fayda gətirir?
7 İsa əbədiyyən kahin olaraq qalacaq və onu heç kim əvəz etməyəcəkdir. Buna görə də, insanları bütünlüklə yalnız o xilas edə bilər. O, bu müqayisəedilməz xidməti əl ilə tikilmiş mə’bəddə deyil, b. e. 29-cu ilində fəaliyyətə başlayan, ibadət üçün Yeqova tərəfindən tikilən böyük quruluşda icra edir. İsa, hazırda göylərdə, bu mə’bədin müqəddəslər Müqəddəsi adlanan hissəsində xidmət edir. “O, müqəddəs yerdə və həqiqi Çadırda - insanın deyil, Rəbbin qurduğu Çadırda xidmət edir [“xidmətçidir”, YD; liturqо́s]” (İbranilərə 8:2; 9:11, 12). Belə yüksək vəzifədə olmasına baxmayaraq, İsa insanlar üçün “xidmətçi” olaraq qalır. O, özünün yüksək səlahiyyətindən almaq üçün deyil, vermək üçün istifadə edir. Vermək ona sevinc gətirir. Bu, yerdə yaşayarkən çətinliklərə dözmək üçün ona güc verən, “qarşısına qoyulan sevinc”in bir hissəsi idi (İbranilərə 12:2).
8. İsa Qanun əhdini dəyişməkdən ötrü insanlar üçün xidməti necə icra edirdi?
8 İsanın insanlar üçün icra etdiyi xidmətin başqa sahəsi də var idi. Pavel yazırdı: “İndi isə İsa daha yaxşı və’dlərə əsaslanmış daha yaxşı bir əhdin vəsatətçisi olduğuna görə, daha ə’la bir xidmətə nail oldu” (İbranilərə 8:6). Musa, İsrail xalqı ilə Yeqova arasındakı münasibətin əsasını təşkil edən əhdin vasitəçisi oldu (Çıxış 19:4, 5). İsa isə, yeni əhdin vasitəçisi oldu və bu əhdin sayəsində bir çox xalqlardan ruhla məsh olunmuş yeni xalqın - “Allahın İsraili”nin doğulması mümkün oldu (Qalatiyalılara 6:16; İbranilərə 8:8, 13; Vəhy 5:9, 10). İnsanlar üçün edilən necə də gözəl xidmətdir! Yeqovaya məqbul tərzdə xidmət edə bilməmiz üçün vasitəçi kimi xidmət edən İsanı tanıdığımıza necə də şadıq! (Yəhya 14:6).
Məsihçilər də insanlar üçün xidməti icra edirlər
9, 10. Məsihçilər tərəfindən insanlar üçün icra olunan xidmətin bə’zi növləri hansılardır?
9 Yer üzündə İsanın etdiyi kimi, insanlar üçün belə gözəl xidməti heç kim, yerinə yetirmir. Buna baxmayaraq, məshedilmiş məsihçilər səmavi mükafatlarını aldıqları zaman İsanın yanında öz yerlərini tutur, səmavi padşahlar və kahinlər timsalında onun insanlar üçün etdiyi xidmətdə iştirak edirlər (Vəhy 20:6; 22:1—5). Ancaq yenə də demək olar ki, Məsihin davamçıları insanlar üçün xidmətlərini yer üzündə də icra edir və bu, məsihçilərə böyük fərəh gətirir. Məsələn, Fələstində aclıq olanda, Yəhudeyadakı yəhudi məsihçilərin acınacaqlı vəziyyətlərini yüngülləşdirmək üçün, həvari Pavel Avropadakı qardaşların verdikləri könüllü ianələri gətirdi. Bu, insanlar üçün edilən xidmət idi (Romalılara 15:27; 2 Korinflilərə 9:12). Bu gün məsihçilər, qardaşları bədbəxtçiliklərə düçar olanda, təbii fəlakətlərdən və digər məhvedici çevrilişlərdən əziyyət çəkəndə tə’cili yardım göstərərək buna bənzər xidməti sevinclə yerinə yetirirlər (Süleymanın məsəlləri 14:21).
10 Pavel insanlar üçün edilən başqa bir xidmət növü barədə də yazırdı: “Əgər imanınızın qurbanı və xidməti üstünə qurban edilirəmsə sevinirəm və hamınızla bərabər sevinirəm” (Filipililərə 2:17, KM). Filipililərin rifahına xidmət edərək, Pavel insanlar üçün xidməti yerinə yetirirdi, bunu sevinc və sə’ylə edirdi. Buna bənzər xidmət bu gün də icra olunur, xüsusilə də ruhani qidanı vaxtlı-vaxtında verən “sadiq və ağıllı qul” timsalında xidmət edən məshedilmiş məsihçilər tərəfindən (Matta 24:45—47). Bundan əlavə, onlar qrup şəklində “İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim etmək” və “[onları] qaranlıqdan Öz valehedici nuruna Çağıranın fəzilətlərini e’lan etmək” üçün tapşırıq alan “müqəddəs kahinlər tayfasını” təşkil edirlər (1 Peter 2:5, 9). Pavel kimi, onlar da özlərini “qurban” edərək, bu şərəfli vəzifələri sevinclə yerinə yetirirlər. Yoldaşları olan “başqa qoyunlar” da insanlara Yeqova və Onun niyyətləri haqqında danışaraq onlara qoşulur və yardım edirlərb (Yəhya 10:16; Matta 24:14). Bu, insanlar üçün edilən necə də böyük və sevincli xidmətdir! (Məzmur 107:21, 22).
Müqəddəs xidməti icra edin
11. Peyğəmbər Anna bütün məsihçilərə nədə nümunə verdi?
11 İbadətimizlə əlaqəli olan başqa bir Yunan sözü - «latrе́ya»dır və bu söz “Yeni Dünya Tərcüməsi”ndə “müqəddəs xidmət” kimi tərcümə olunur. Müqəddəs xidmət ibadətlə bağlıdır. Misal üçün, 84 yaşlı dul qadın, peyğəmbər Anna haqqında deyilir ki, o, “mə’bəd ərazisindən heç ayrılmaz, gecə-gündüz oruc tutub dua edərək, ibadətlə [latrе́ya sözünə qohum olan Yunan sözü] məşğul idi” (Luka 2:36, 37). Anna Yeqovaya vəfalı tərzdə xidmət edirdi. O, bizim hamımız — gənclər, yaşlılar, kişilər və qadınlar üçün gözəl nümunədir. Anna Yeqovaya ürəkdən dua edir və mə’bəddə müntəzəm olaraq Ona xidmət edirdi; dua etmək və yığıncaqlara getmək bizim də müqəddəs xidmətimizə daxildir (Romalılara 12:12; İbranilərə 10:24, 25).
12. Müqəddəs xidmətimizin mühüm hissəsi hansıdır və nəyə görə onu eyni zamanda insanlar üçün edilən xidmət hesab etmək olar?
12 Həvari Pavel müqəddəs xidmətimizin mühüm hissəsinə işarə edərək, bu sözləri yazdı: “Onun Oğlunun Müjdəsini təbliğ edərək, ruhən xidmət etdiyim Allah şahidimdir ki, mən daim sizi zikr edirəm” (Romalılara 1:9). Bəli, xoş xəbəri təbliğ etmək, sadəcə bizi dinləyənlərə xidmət etmək deyil, həmçinin Yeqova Allaha ibadət etməkdir. Həssas insanlarla qarşılaşıb qarşılaşmamağımızdan asılı olmayaraq, təbliğ işi Yeqovaya edilən müqəddəs xidmətdir. Sevimli səmavi Atamızın gözəl xüsusiyyətləri və niyyətləri haqqında başqalarına danışmaq sə’yimiz, şübhəsiz ki, bizə böyük sevinc bəxş edir (Məzmur 71:23).
Müqəddəs xidməti harada icra edirik?
13. Yeqovanın ruhani mə’bədinin daxili həyətində müqəddəs xidməti icra edənlərin hansı ümidi var və onlarla bərabər kimlər sevinir?
13 Pavel məshedilmiş məsihçilərə yazırdı: “Sarsılmaz Padşahlığa nail olduğumuza görə, minnətdar olaq ki, bu yolla Allaha məqbul surətdə qorxu və ixlaskarlıqla Ona xidmət edək [“müqəddəs xidməti icra edək”, YD]” (İbranilərə 12:28, İ—93). Padşahlığı əminliklə gözləyən məshedilmişlər, Haqq-Təalaya ibadət edərək imanda sarsılmaz qalırlar. Müqəddəslər Müqəddəsində və Yeqovanın ruhani mə’bədinin daxili həyətində müqəddəs xidməti yalnız onlar icra edə bilərlər. Məshedilmişlər İsa ilə bərabər göydə, müqəddəslər Müqəddəsində xidmət edəcəkləri zamanı səbirsizliklə gözləyirlər. Başqa qoyunlar sinfindən olan yoldaşları da onların bu gözəl ümidinə sevinirlər (İbranilərə 6:19, 20; 10:19—22).
14. Böyük izdiham, İsanın insanlar üçün etdiyi xidmətdən hansı faydanı əldə edir?
14 Bəs digər qoyunlar haqqında nə demək olar? Həvari Yəhyaya göstərildiyi kimi, bu son günlərdə “libaslarını yuyub, onları Quzunun qanı ilə ağardan” böyük izdiham əmələ gəldi (Vəhy 7:14). Bu o deməkdir ki, məshedilmiş həmimanlıları kimi, İsanın insanlar üçün etdiyi xidmətinə və qurban verdiyi kamil insan həyatına onlar da iman gətirirlər. Eyni zamanda, İsanın xidməti digər qoyunlara başqa faydanı da gətirir: onlara “[Yeqovanın] əhdini möhkəm tutmağa” kömək edir (İşaya 56:6). Yeni əhd onlarla bağlanmasa da, bu əhdlə bağlı olan bütün qanunlara tabe olaraq, onun sayəsində təşkil olunmuş hər şeyə qətiyyətlə riayət edirlər. Onlar Allahın İsraili ilə birləşmiş və eyni süfrə arxasından qidalanırlar. Onun nümayəndələri ilə əməkdaşlıq edərək, Allahı xalq qarşısında izzətləndirir və Ona məqbul olan qurbanları təqdim edirlər (İbranilərə 13:15).
15. Böyük izdiham müqəddəs xidmətini harada icra edir və bu xeyir-dua onlar üçün nə deməkdir?
15 Buna görə də, böyük izdiham vəhydə “ağ libas geyib... taxtın və Quzunun qarşısında durublar”. Bundan əlavə, “onlar, Allahın taxtı qarşısındadırlar və Onun mə’bədində gecə-gündüz Ona xidmət edirlər [“müqəddəs xidməti icra edirlər”, YD]. Taxtda Oturan isə Öz çadırını onların üzərində quracaqdır” (Vəhy 7:9, 15). İsraildə yəhudiliyi qəbul edənlər Süleymanın mə’bədinin xarici həyətində xidmət edirdilər. Buna bənzər tərzdə, böyük izdiham Yeqovaya, Onun ruhani mə’bədinin xarici həyətində ibadət edir. Bu xidmət onlara sevinc gətirir (Məzmur 122:1). Hətta yerdə qalan sonuncu məshedilmiş özünün səmavi mirasını aldıqdan sonra, böyük izdiham Yeqovanın xalqı kimi Ona edilən müqəddəs xidməti davam etdirəcəkdir (Vəhy 21:3).
Məqbul olmayan müqəddəs xidmət
16. Müqəddəs xidmətlə əlaqədar hansı xəbərdarlıqlar verilir?
16 Qədim İsrailin günlərində müqəddəs xidmət Yeqovanın qanunlarına münasib tərzdə icra olunmalı idi (Çıxış 30:9; Levililər 10:1, 2). Bu gün də, müqəddəs xidmətimiz Yeqovaya məqbul olsun deyə müəyyən tələblərə riayət edilməlidir. Məhz buna görə Pavel Koloslulara növbəti sözləri yazdı: “Sizin üçün dua edib, yalvarmaqdan vaz keçmirik ki, tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavrayasınız ki, Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salasınız; hər cür xeyirli işdə səmərə verib, Allahı tanımaqda tərəqqi edəsiniz” (Koloslulara 1:9, 10). Allaha ibadət etməyin doğru yolunu tə’yin etmək bizim ixtiyarımıza verilməyib. Müqəddəs Kitabın dəqiq biliyi, ruhani anlayış və Allaha məqbul müdriklik böyük mə’na kəsb edir. Bunlar olmasa fəlakətdən qaçına bilmərik.
17. a) Musanın günlərində müqəddəs xidmət necə murdarlandı? b) Müqəddəs xidmət bu gün necə yanlış istiqamət ala bilər?
17 Musanın günlərində yaşayan israilliləri xatırlayaq. Biz oxuyuruq: “Allah isə onlaradan üz döndərdi, onları fəzadakı cisimlərə qulluq etməyə buraxdı” (Həvarilərin işləri 7:42). Həmin israillilər, Allahın onlardan ötrü etdiyi qüdrətli işlərini görmüşdülər. Buna baxmayaraq, öz xeyirlərini axtararkən başqa ilahilərə üz tuturdular. Onlar sədaqətli deyildilər, bunsuz isə müqəddəs xidmətimiz Allaha məqbul olmayacaqdır (Məzmur 18:25). Bu gün çətin ki, kimsə ulduzlara və ya qızıl öküzlərə ibadət etmək üçün Yeqovadan üz döndərsin, amma bütpərəstliyin başqa növləri də vardır. İsa var-dövlətə qulluq etməkdən saqındırdı, Pavel isə tamahkarlığı bütpərəstlik adlandırdı (Matta 6:24; Koloslulara 3:5). Şeytan özünü tanrı kimi qələmə verir (2 Korinflilərə 4:4). Bütpərəstliyin bu cür növləri geniş yayılmışdır və özlüyündə tələni təmsil edir. Misal üçün, İsanın ardınca getdiklərini düşünən, həqiqətdə isə zənginləşməyə cəhd göstərən, yaxud öz fikirlərinə və özünə güvənən insanları götürək. Onlar əslində kimə xidmət edirlər? Onlar, İşayanın günlərində Yeqovanın adına and içən, Onun qüdrətli işlərini isə murdar bütlərə aid edən yəhudilərdən nə ilə fərqlənirlər? (İşaya 48:1, 5).
18. Keçmişdə yerinə yetirilən müqəddəs xidmətdə düzgün olmayan nə idi, bu yanlışlıq indi nədə əks olunur?
18 İsa da xəbərdarlıq edirdi: “Elə saat gəlir ki, sizi öldürən hər adam, Allaha xidmət etdiyini sanacaqdır” (Yəhya 16:2). Sonradan həvari Pavel adlanan, “Stefanın öldürülməsinə razı” olan və “Rəbbin şagirdlərinə qarşı ölüm və təhdidlərlə nəfəs” alan Şaul, şübhəsiz ki, Allaha xidmət etdiyini düşünürdü (Həvarilərin işləri 8:1; 9:1). Bu gün etnik təmizləmə və genosidə səbəbkar olanların bə’ziləri də Allaha ibadət etdiklərini düşünürlər. Çoxları belə düşünürlər, həqiqətdə isə onlar millətpərəstliyin və tayfa quruluşunun ilahilərinə tapınır, var-dövləti, şəxsi mənliyi və sairəni izzətləndirirlər.
19. a) Biz müqəddəs xidmətimizə necə yanaşırıq? b) Müqəddəs xidmət hansı halda bizə sevinc bəxş edəcəkdir?
19 İsa dedi: “Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et [“müqəddəs xidməti icra et”, YD]” (Matta 4:10). İsa Şeytana müraciət edirdi, amma onun sözlərinə qulaq asmaq hər birimiz üçün necə də vacibdir! Kainatın Hökmdarı üçün müqəddəs xidməti icra etmək yüksək şərəf, ehtiram oyadan üstünlükdür. Bəs ibadətimizlə bağlı olan, insanlar üçün edilən xidmət barəsində nə deyə bilərik? Bu cür xidməti qonşularımızın mənfəəti üçün yerinə yetirmək böyük sevinc gətirir (Məzmur 41:1, 2; 59:16). Lakin belə xidmət,- onu bütün ürəyimizlə və düzgün yerinə yetirəriksə bizə həqiqi xoşbəxtlik gətirəcəkdir. Bəs Allaha lazımi tərzdə xidmət edənlər kimlərdir? Yeqova kimlərin müqəddəs xidmətini qəbul edir? Bu suallara cavabı, Müqəddəs Kitabda ibadətimizlə əlaqəli rast gəldiyimiz üçüncü sözü nəzərdən keçirərkən tapacağıq. Növbəti məqalədə söhbət bu söz haqqında gedəcəkdir.
[Haşiyələr]
a Xristian aləmində liturgiyalar, icra olunan ya xidmətləri, ya da ki, Roma Katolik kilsəsində qəbul olunmuş dini ayinləri təsvir edir.
b Həvarilərin işləri 13:2-ci ayəsində Antakyadakı peyğəmbərlərin və müəllimlərin Yeqovaya “xidmət” etdikləri (liturgи́ya sözünə yaxın olan Yunan sözü) bildirilir. Ehtimal ki, bu xidmət xalqa təbliğ etməyi də özünə daxil edirdi.
Siz necə cavab verərdiniz?
• İsa insanlar üçün hansı böyük xidməti icra edirdi?
• Məsihçilər insanlar üçün hansı xidməti icra edirlər?
• Məsihçilərin müqəddəs xidməti nədən ibarətdir və o harada həyata keçirilir?
• Müqəddəs xidmətimiz Allaha məqbul olsun deyə nə əldə etməliyik?
[8-ci səhifədəki şəkil]
Valideynlər verməkdən böyük sevinc duyurlar.
[10 və 11-ci səhifələrdəki şəkillər]
Məsihçilər insanlar üçün xidməti, başqalarına kömək edərək və xoş xəbəri bəyan edərək icra edirlər.
[12-ci səhifədəki şəkil]
Müqəddəs xidmətimiz Allaha məqbul olsun deyə bizə dəqiq bilik və anlayış lazımdır.