Lukanın yazdığı müjdə
23 Sonra hamısı qalxıb İsanı Pilatın yanına gətirdilər.+ 2 Onlar İsanı təqsirləndirərək+ deyirdilər: «Bu adam xalqımızı yoldan çıxarır, Sezara+ vergi ödəməyi qadağan edir, üstəlik, özünü Məsih, padşah adlandırır».+ 3 Pilat ondan soruşdu: «Sən yəhudilərin padşahısan?» İsa cavab verdi: «Dediyin kimidir».+ 4 Pilat böyük kahinlərə və camaata dedi: «Mən bu adamda bir günah görmürəm».+ 5 Amma onlar təkidlə dedilər: «Bu adam bütün Yəhudiyyədə, Cəlilədən tutmuş buraya kimi hər yerdə təlimləri ilə xalqı qızışdırır». 6 Pilat bunu eşidəndə onun Cəlilədən olub-olmadığını soruşdu. 7 Biləndə ki, İsa Hirodun tabeliyindəki bölgədəndir, onu Hirodun yanına göndərdi. Hirod+ həmin vaxt Yerusəlimdə idi.
8 Hirod İsanı görəndə çox sevindi, neçə vaxt idi ki, onu görmək istəyirdi. İsanın səsi-sorağı onun qulağına çatmışdı.+ O ümid edirdi ki, İsa ona bir möcüzə göstərəcək. 9 Hirod onu uzun-uzadı sorğu-suala tutdu, amma İsa cavab vermədi.+ 10 Böyük kahinlər və mirzələr ayağa qalxır, İsanı hiddətlə ittiham edirdilər. 11 Sonra Hirod əsgərləri ilə birlikdə onu alçaltmağa başladı.+ Əyninə gözəl libas geydirib onu ələ saldı.+ Sonra isə Pilatın yanına göndərdi. 12 Həmin gün Hirodla Pilat dost oldular, hərçənd o vaxta kimi bir-birinə düşmən idilər.
13 Pilat böyük kahinləri, rəhbərləri və xalqı yığıb 14 dedi: «Siz bu adamı yanıma gətirib dediniz ki, o, camaatı üsyana qaldırır. Mən onu sizin qarşınızda dindirdim, ancaq onda bir günah tapmadım. Sizin ittihamlarınız əsassızdır.+ 15 Hirod da onda bir təqsir tapmadığından onu geri qaytardı. Bu adam ölümə layiq bir iş görməyib. 16 Buna görə də onu cəzalandırıb+ buraxacağam». 17 * —— 18 Onlar isə bir ağızdan qışqırdılar: «Onu edam et! Barabbanı burax!»+ 19 (Bu adam şəhərdə qaldırılmış qiyama və törədilmiş qətlə görə həbs edilmişdi.) 20 Pilat yenə də onlara müraciət etdi, çünki İsanı buraxmaq istəyirdi.+ 21 Onlarsa: «Onu dirəkdə edam et! Dirəkdə edam et!» — deyərək qışqırırdılar.+ 22 Pilat üçüncü dəfə onlara dedi: «Axı niyə? Bu adam nə pis iş görüb ki? Mən onda ölümə layiq bir şey tapmadım. Cəzalandırıb buraxacağam». 23 Camaat isə daha bərkdən bağıraraq onu dirəyə mıxlamağı tələb edirdi. Onlar o qədər bağırdılar+ ki, 24 axırda Pilat təslim olub onların tələb etdiyi hökmü çıxardı. 25 Onların tələbi ilə qiyama və qətlə görə həbs edilmiş adamı buraxdı, İsanı isə onların ixtiyarına verdi.
26 Onu edama apararkən kənddən gələn kirenalı Şimonu tutdular, işgəncə dirəyini* İsanın arxasınca aparmaq üçün onun belinə qoydular.+ 27 Camaat da İsanın ardınca gedirdi. Qadınlar kədərdən sinələrinə vurur, ondan ötrü ağlayırdılar. 28 İsa çönüb onlara dedi: «Ey Yerusəlim qızları, məndən ötrü ağlamayın. Özünüzdən, uşaqlarınızdan ötrü ağlayın.+ 29 Gün gələcək, insanlar deyəcəklər: “Sonsuz, uşaq doğmamış, uşaq əmizdirməmiş qadınlar nə xoşbəxtdir!”+ 30 O zaman insanlar dağlara: “Üstümüzə yıxılın!”, təpələrə: “Bizi örtün!”, — deyəcəklər.+ 31 Əgər ağacın canında su var ikən belə edirlərsə, görün o quruyanda nə olacaq!»
32 Onunla birlikdə iki nəfər cinayətkarı da edama aparırdılar.+ 33 Onlar Kəllə adlanan yerə gəlib çatdılar.+ Orada İsanı və cinayətkarları dirəyə mıxladılar. Birini İsanın sağında, o birini solunda asdılar.+ 34 Lakin İsa deyirdi: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər». Sonra İsanın paltarlarını bölüşdürmək üçün püşk atdılar.+ 35 Camaat durub baxırdı, rəhbərlər isə rişxəndlə deyirdilər: «Bəs başqalarını xilas edirdi? Əgər o, Allahın seçdiyi Məsihdirsə, qoy özünü xilas etsin».+ 36 Hətta əsgərlər də onu ələ salırdılar. Onlar yaxınlaşıb İsaya turş şərab uzadır+ 37 və deyirdilər: «Əgər sən yəhudilərin padşahısansa, özünü xilas et!» 38 İsanın başının üstündə lövhə vardı. Lövhədə yazılmışdı: «Bu, yəhudilərin padşahıdır».+
39 Dirəkdən asılmış cinayətkarlardan biri onu təhqir edərək+ deyirdi: «Məgər sən Məsih deyilsən? Özünü də xilas et, bizi də». 40 Amma o birisi ona acıqlanıb dedi: «Sən heç Allahdan qorxmursan? Axı özün də eyni cəzanı çəkirsən. 41 Bizə əməllərimizə görə cəza veriblər, düz də ediblər, bu adam isə heç bir pis iş görməyib». 42 Sonra üzünü İsaya tutub dedi: «İsa, Padşahlığına gələndə məni yada sal».+ 43 İsa ona cavab verdi: «Bunu bil:* sən mənimlə Cənnətdə olacaqsan!»+
44 Günorta saat on iki* olardı. Bütün yer üzünə qaranlıq çökdü və haradasa saat üçədək* davam etdi.+ 45 Günəş işığı yox idi. O zaman məbədin pərdəsi*+ tən ortadan cırıldı+ 46 və İsa ucadan qışqırıb dedi: «Ata, ruhumu Sənin əlinə əmanət edirəm».+ Bunu deyib son nəfəsini verdi.+ 47 Yüzbaşı baş verənləri görəndə Allahı mədh edib dedi: «Bu adam, doğrudan da, saleh adam imiş».+ 48 Tamaşaya durmuş adamlar da baş verənləri görəndə sinələrinə vura-vura dağılışıb getdilər. 49 İsanı tanıyanlar isə kənarda durmuşdular. Onların arasında Cəlilədən onun ardınca gəlmiş qadınlar var idi. Onlar da baş verənlərin şahidi oldular.+
50 Orada Yusif adlı saleh və xeyirxah bir adam vardı. O, Şuranın* üzvü idi.+ 51 Bu adam onların qurduğu fəndə, əməllərinə qol qoymamışdı. O, Yəhudiyyənin Arimatay şəhərindən idi və Allahın Padşahlığını gözləyirdi. 52 Yusif Pilatın yanına gedib ondan İsanın cəsədini istədi. 53 O, cəsədi dirəkdən düşürüb+ zərif kətan parçaya sarıdı və qayada oyulmuş təzə bir sərdabəyə qoydu.+ 54 Həmin gün Hazırlıq günü+ idi və artıq şənbə+ başlayırdı. 55 İsa ilə Cəlilədən gəlmiş qadınlar gedib sərdabəyə və cəsədin necə qoyulduğuna baxdılar.+ 56 Onlar qayıdıb xoş iyli otlar və ətirli yağlar hazırladılar. Ertəsi gün şənbə+ olduğundan Qanuna əsasən istirahət etdilər.