Məktəbdə verilən tapşırıqların hazırlanması
HƏR DƏFƏ məktəbdə tapşırıq alanda təkmilləşmək üçün imkan yaranır. Tapşırığın üzərində vicdanla çalış, belə olduqda tərəqqin tədricən həm özünə, həm də başqalarına aşkar olacaq (1 Tim. 4:15). Məktəb sənə bacarıqlarını daha yaxşı inkişaf etdirməyə kömək edəcək.
Yığıncaq qarşısında çıxış etmək fikri səni həyəcanlandırırmı? Məktəbə müəyyən müddət yazılmış olsan belə, bu təbiidir. Ancaq müəyyən şeylər həyəcanını azaltmağa kömək edəcək. Evdə tez-tez ucadan oxu. Yığıncaq görüşlərində həmişə şərh ver və əgər artıq təbliğçisənsə, təbliğdə müntəzəm iştirak et. Bunun sayəsində başqalarının qarşısında danışmaq üçün təcrübə toplayacaqsan. Bundan əlavə, aldığın tapşırıqlara qabaqcadan hazırlaş və ucadan söyləyərək məşq et. Yadda saxla ki, sənə dostcasına yanaşan auditoriya qarşısında çıxış edirsən. Çıxış etməzdən əvvəl Yehovaya dua et. Yehova Ondan diləyən xidmətçilərinə məmnuniyyətlə müqəddəs ruh verir (Luka 11:13; Filip. 4:6, 7).
Özündən həddən artıq çox şey gözləmə. Təcrübəli natiq və yaxşı müəllim olmaq üçün vaxt lazımdır (Mik. 6:8). Əgər məktəbə təzəlikcə yazılmısansa, dərhal mükəmməl çıxış edəcəyini gözləmə. Əksinə, hər dəfə bir dərsin üzərində çalış. Kitabdan həmin dərsə aid fəsli öyrən. Mümkün olarsa, verilən çalışmanı yerinə yetir. Bunun sayəsində yığıncaqda çıxış etməzdən əvvəl dərsindəki məsləhətləri yerinə yetirməkdə təcrübən olacaq və tərəqqi edəcəksən.
Oxumaq tapşırığına necə hazırlaşmalı?
Auditoriya qarşısında oxumağa hazırlaşmaq sadəcə verilmiş materialdakı sözləri oxumaq deyil. Çalış materialın məğzini aydın başa düşəsən. Tapşırığı alan kimi bu məqsədi fikrində tutaraq materialı oxumağa başla. Hər cümlənin mənasını və hər abzasdakı fikri başa düşməyə çalış ki, fikirləri lazımi hisslərlə və dəqiq çatdıra biləsən. Əgər mümkündürsə, tanış olmayan sözlərin düzgün tələffüzü üçün lüğətə bax. Materialı yaxşı mənimsə. Bu işdə valideynlərin uşaqlarına kömək etmələri lazım gələ bilər.
Sənə Müqəddəs Kitabdan bir parça və yaxud «Gözətçi Qülləsi» jurnalındakı məqalədən bir neçə abzas oxumaqmı tapşırılıb? Yaxşı oxuyan kəsdən materialı sənin üçün ucadan oxumasını xahiş edib, sözlərin tələffüzünə, fikirlərin ifadə edilməsinə, vurğu və intonasiyaya diqqət yetir. Sonra özün də bu cür oxumağa çalış.
Tapşırığın üzərində işləməyə başlayanda verilən dərsə aid fəsli diqqətlə öyrən. Mümkündürsə, təyin olunmuş materialı bir neçə dəfə ucadan oxuduqdan sonra dərsi bir də təkrarla. Çalış orada yazılmış məsləhəti bacardığın qədər tam tətbiq edəsən.
Aldığın təlimin xidmətdə də sənə faydası dəyəcək. Xidmət zamanı başqaları üçün oxumağa çoxlu fürsət yaranır. Allahın Kəlamı insanların həyatını dəyişmək qüvvəsinə malik olduğundan onu yaxşı oxumaq vacibdir (İbr. 4:12). Bir-iki tapşırığı yerinə yetirməklə yaxşı oxumağın bütün incəliklərinə yiyələnəcəyini gözləmə. Həvari Pavel illərlə təcrübəsi olan məsihçi ağsaqqala yazmışdı: «Cəmiyyətə oxumaqla... məşğul ol» (1 Tim. 4:13).
Mövzu və şərti vəziyyət üzərində işləyəndə
Məktəbdə şərti vəziyyəti özünə daxil edən tapşırıq alanda necə hazırlaşmalısan?
Üç əsas şeyə diqqət yetirmək lazımdır: 1) mövzuya, 2) şərti vəziyyətə və həmsöhbətinə, 3) üzərində işlədiyin dərsə.
Sən təyin olunmuş mövzuya aid material toplamalısan. Ancaq əvvəlcə şərti vəziyyət və həmsöhbətin haqqında ciddi fikirləş, çünki bunlar hansı materialı araşdıracağına və onu necə təqdim edəcəyinə təsir edəcək. Hansı şərti vəziyyəti seçəcəksən? Xoş xəbəri tanış adama çatdırmağın üsulunu göstərəcəksən, yoxsa ilk dəfə rastlaşdığın adama? Həmsöhbətin yaşda səndən böyükdür, yoxsa kiçik? Müzakirə etməyi planlaşdırdığın mövzuya onun münasibəti necədir? Bu haqda onun nə qədər məlumatı ola bilər? Müzakirənin sonunda nəyə nail olmaq istəyirsən? Bu suallara verdiyin cavablar tapşırığa hazırlaşarkən sənə istiqamət verəcək.
Təyin olunmuş mövzuya dair materialı haradan tapmaq olar? Bu kitabın 33-dən 38-dək səhifələrində «Araşdırmanı necə aparmaq olar?» adlı fəsil var. Onu oxu, sonra əlində olan vəsaitlərin köməyilə araşdırma apar. Adətən qısa vaxt ərzində lazımından artıq məlumat tapmaq olur. Mövzunu hansı istiqamətlərdə açıqlaya biləcəyini müəyyən edənə qədər oxu. Ancaq bu zaman, şərti vəziyyəti və həmsöhbətini yadda saxla. İstifadə edə biləcəyin fikirləri qeyd et.
Materialı qruplaşdırmazdan və son seçimi etməzdən əvvəl verilən dərsə aid fəsli oxumağa vaxt ayır. Sənə tapşırıq verilməsinin əsas səbəblərindən biri oradakı məsləhətləri tətbiq etməyindir.
Ayrılmış vaxtdan kənara çıxmasan, çıxışına yekun vura biləcəksən, çünki vaxt tamam olanda işarə ediləcək. Ancaq xidmətdə vaxt həmişə əsas rol oynamır. Buna görə də tapşırığa hazırlaşanda əsas diqqətini yaxşı öyrətməyə yönəlt, ancaq eyni zamanda ayrılmış vaxtı da nəzərə al.
Şərti vəziyyət haqqında. 82-ci səhifədəki şərti vəziyyətləri nəzərdən keçir, xidmətin üçün praktiki olan və təyin edilən materialı gerçəkliyə uyğun şəkildə çatdırmağa yol verən birini seç. Əgər məktəbə artıq müəyyən müddətdir ki yazılmısansa, buna xidmətdə faydası dəyəcək əlavə bacarıqlara yiyələnmək və onları inkişaf etdirmək imkanı kimi bax.
Şərti vəziyyəti məktəbin nəzarətçisi təyin edərsə, dəyişdirmə. Şərti vəziyyətlərin əksəriyyəti şahidlik etməklə bağlıdır. Əgər sən heç vaxt verilən vəziyyətdə şahidlik etməmisənsə, təcrübəsi olanlarla söhbət edərək məlumat toplaya bilərsən. Mümkündürsə, sənə verilən mövzunu məktəbdə çıxış edəcəyin şərti vəziyyətə oxşar şəkildə kiminləsə müzakirə et. Bu, hansı məqsədlə təlim alırsansa, ona çatmağına kömək edəcək.
Nitqlə çıxış edəndə
Qardaşlara yığıncaqda adətən qısa nitqlərlə çıxış etmək tapşırılır. Bu nitqlər səhnəcik şəklində yerinə yetirilən tapşırıqları hazırlayarkən nəzərə alınmalı olan əsas məqamlar əsasında hazırlanmalıdır. Başlıca fərq dinləyicilər və təqdim etmə üsuludur.
Yaxşı olardı ki, materialı dinləyicilərdən hər kəsin faydalana biləcəyi şəkildə hazırlayasan. Onların əksəriyyəti artıq Müqəddəs Kitabın əsas təlimlərini bilir. Ola bilsin, dinləyicilər sənə verilən mövzu ilə yaxşı tanışdırlar. Onların mövzu haqqında artıq nələri bildiyini nəzərə al. Çalış ki, çıxışının onlara hansısa faydası dəysin. Özündən soruş: «Həm özümün, həm də dinləyicilərimin Yehovanı bir şəxsiyyət kimi daha yaxşı tanıması üçün bu mövzunu necə təqdim edə bilərəm? Bu materialda olan hansı fikirlər Allahın iradəsini başa düşməyə kömək edəcək? Cismani təbiətin ehtiraslarının hökmranlıq etdiyi dünyada düzgün qərarlar qəbul etməyə bu material necə kömək edə bilər?» (Efes. 2:3). Bu suallara qənaətbəxş cavab tapmaq üçün araşdırma aparmaq lazımdır. Müqəddəs Kitabdan istifadə edərkən ayələri sadəcə oxumaqla kifayətlənmə. Oxuduğun ayələrin üzərində mülahizə yürüt və çıxardığın nəticələrin onlara əsaslandığını göstər (Həv. iş. 17:2, 3). Həddən artıq çox məlumatı əhatə etməyə çalışma. Materialı elə təqdim et ki, asanlıqla yadda qalsın.
Hazırlaşarkən məlumatı necə təqdim etməyinə də diqqət yetirməlisən. Buna barmaqarası baxma. Nitqini ucadan söyləyərək məşq et. Dərslərdəki məsləhətləri öyrənmək və tətbiq etmək üçün göstərdiyin cəhdlərin sənin inkişafına böyük köməyi dəyəcək. Təzəlikcə çıxış etməyə başlamağından, yaxud təcrübəli natiq olmağından asılı olmayaraq, əminliklə və mövzuya uyğun hisslərlə danışa bilmək üçün yaxşı hazırlaş. Məktəbdə aldığın hər tapşırığı yerinə yetirərkən, unutma ki, məqsədin Yehovanın bəxşişi olan nitqdən Onu izzətləndirmək üçün istifadə etməkdir (Məz. 150:6).