Açıq məruzələrin hazırlanması
HƏR həftə Yehovanın Şahidlərinin yığıncaqlarının əksəriyyətində Müqəddəs Yazılara əsaslanan mövzuya dair açıq məruzə olur. Əgər sən ağsaqqal və ya xidməti köməkçisənsə, yaxşı natiq, müəllim olduğun aydın görünürmü? Əgər belədirsə, onda səni açıq məruzə ilə çıxış etməyə dəvət edə bilərlər. Teokratik Xidmət Məktəbi on minlərlə qardaşa xidmətin bu xüsusi sahəsi üçün bacarıq əldə etməyə kömək etmişdir. Açıq məruzə ilə çıxış etmək tapşırığı alanda işə nədən başlamaq lazımdır?
Məruzənin planı ilə tanış ol
Araşdırmağa başlamazdan əvvəl planı oxu və mənasını başa düşənəcən üzərində düşün. Məruzənin adında əks olunan mövzunu yaxşı qavra. Dinləyicilərə nəyi öyrətmək istəyirsən? Məqsədin nədir?
Əsas başlıqlarla tanış ol. Əsas bəndləri təhlil et. Onların hər biri mövzu ilə necə bağlıdır? Hər əsas bəndin altında bir neçə köməkçi bənd olur. Köməkçi bəndləri təsdiq edən fikirlər isə onların altında gətirilir. Hər hissənin əvvəlki ilə necə bağlı olduğuna, sonrakı üçün necə zəmin hazırladığına və məruzənin məqsədinə çatmağa necə kömək etdiyinə fikir ver. Məruzənin mövzusunu, məqsədini və əsas bəndlərin bu məqsədlə necə bağlı olduğunu müəyyən edəndə məruzəni hazırlamağa başlaya bilərsən.
Ola bilər, əvvəlcə məruzəni hər birinin öz əsas fikri olan dörd-beş qısa məruzə kimi təsəvvür etmək sənin işini asanlaşdırsın. Bu məruzələrin hər birini ayrı-ayrılıqda hazırla.
Plan məruzəyə hazırlaşmaq üçün vəsaitdir. O, çıxış vaxtı qeyd kimi istifadə etmək üçün nəzərdə tutulmayıb. Onu bir növ skeletə bənzətmək olar. Sən onu ətlə örtməli, ona ürək qoymalı və nəfəs üfürərək can verməlisən.
Ayələrdən istifadə et
İsa Məsih və onun şagirdləri təlimlərini Müqəddəs Yazılara əsaslandırırdılar (Luka 4:16-21; 24:27; Həv. iş. 17:2, 3). Onların nümunəsini izlə. Məruzən Müqəddəs Yazılara əsaslanmalıdır. Planda olan cümlələri sadəcə izah etməkdənsə, Müqəddəs Yazıların onları necə təsdiq etdiyi haqda düşün və Yazıların köməyilə öyrət.
Hazırlaşarkən plandakı ayələrin hər birini araşdır. Kontekstə nəzər sal. Bəzi ayələr sadəcə əlavə məlumat üçündür. Çıxış zamanı bütün ayələri oxumaq və ya şərh etmək lazım deyil. Dinləyicilərin üçün ən münasib gələnlərini seç. Əgər diqqətini plandakı ayələrə cəmləşdirsən, əlavə ayələr axtarmağa gərək qalmayacaq.
Nitqinin uğurlu olması oxuduğun ayələrin sayından yox, sənin nə dərəcədə yaxşı öyrətməyindən asılıdır. Ayəni oxumazdan əvvəl onun nə üçün gətirildiyini izah et. Onları necə tətbiq etməyi göstərmək üçün vaxt ayır. Oxuyandan sonra, ayəni izah edərkən Müqəddəs Kitabı açıq saxla. Onda, ehtimal ki, dinləyicilər də eyni cür davranacaqlar. Dinləyicilərdə maraq oyatmaq və onların Allahın Kəlamından daha çox faydalanmaları üçün nə etmək olar? (Neh. 8:8, 12). Bunun üçün izah etmək, əyani misallar gətirmək və tətbiq etmək lazımdır.
İzah etmək. Əsas ayəni izah etməyə hazırlaşarkən növbəti sualların üzərində düşün: «Bu ayənin mənası nədir? Məruzədə ondan nə üçün istifadə edirəm? Bu ayə ilə bağlı dinləyicilərdə hansı suallar yarana bilər?» Ola bilsin, konteksti, tarixi fonu, şəraiti, sözlərin malik olduğu gücü, Allahdan ilham alan yazıçının məqsədini təhlil etmək lazım gəlsin. Bunun üçün araşdırma aparmaq lazımdır. ‘Sadiq və ağıllı qulun’ təqdim etdiyi nəşrlərdən çoxlu məlumat tapmaq olar (Mat. 24:45-47). Ayə haqqında hər şeyi izah etməyə çalışma, yalnız nə üçün onu oxumağı xahiş etdiyini və müzakirə olunan sualla necə bağlı olduğunu açıqlamaq kifayətdir.
Əyani misallar. Əyani misalları çəkməkdə məqsəd, haqqında danışdığın fikir və ya prinsipi dinləyicilərə daha dərindən başa düşməyə və ya yadda saxlamağa kömək etməkdir. Əyani misallar insanlara eşitdiklərini başa düşməyə və artıq bildikləri ilə əlaqələndirməyə kömək edir. Məşhur Dağüstü təbliği zamanı İsa da məhz belə etmişdi. ‘Göyün quşları’, ‘tarla zanbaqları’, ‘dar qapı’, ‘daş üzərində qurulmuş ev’ və bu kimi bir çox misallar onun verdiyi təlimi rəngarəng, aydın və unudulmaz etmişdi (Matta 5-7 fəs.).
Tətbiq etmək. Düzdür, ayələri izah edəndə və onlara dair əyani misallar çəkəndə dinləyicilər nə isə öyrənirlər, ancaq yaxşı nəticələrə məhz həmin biliyi tətbiq edəndə nail olunur. Müqəddəs Kitabdakı xəbərə uyğun hərəkət etmək məsuliyyəti dinləycilərinin üzərinə düşsə də, sən onlara nə etmək lazım gəldiyini başa sala bilərsən. Dinləyicilərin ayəni başa düşdüyünə və müzakirə olunan fikirlə əlaqəsini gördüyünə əmin olanda ayənin imana və davranışa necə təsir göstərdiyini açıqlamaq üçün vaxt ayır. Müzakirə etdiyin həqiqətə zidd gedən yanlış fikirlərdən və davranışdan əl çəkməyin faydalarını vurğula.
Ayələri necə tətbiq etmək barədə düşünərkən, dinləyicilərin müxtəlif mühitdə böyüdüklərini və fərqli şəraitdə yaşadıqlarını yadda saxla. Onların içində yeni maraqlananlar, gənclər, yaşlılar, müxtəlif çətinliklərə məruz qalan insanlar ola bilər. Məruzəni praktiki və gerçəkliyə uyğun şəkildə hazırla. Elə məsləhət vermə ki, konkret olaraq kimlərisə nəzərdə tutduğunu düşünsünlər.
Natiqin öhdəsinə buraxılan məqamlar
Məruzə ilə bağlı bəzi məqamlar artıq müəyyən edilib. Əsas bəndlər aydın göstərilib və hər əsas başlığı müzakirə etmək üçün konkret vaxt ayrılıb. Qalan şeylər sənin öhdənə buraxılıb. Köməkçi bəndlərin hansına çox, hansına az vaxt ayıracağını özün müəyyən edə bilərsən. Elə fikirləşmə ki, onların hər birini eyni dərəcədə açıqlamalısan. Belə etsən tez-tez danışmaq lazım gələcək, dinləyicilərə isə qavramaq çətin olacaq. Hansı fikri daha ətraflı izah etmək, hansını isə qısa və ya ötəri qeyd etmək lazım gəldiyini necə müəyyən etmək olar? Özündən soruş: «Hansı bəndlər məruzənin əsas fikrini çatdırmağa kömək edəcək? Onlardan hansının izahı dinləyicilərim üçün xüsusilə faydalıdır? Əgər bu və ya digər ayəni və onunla əlaqədar bəndi buraxsam, dəlillər arasındakı bağlılıq itəcəkmi?»
Fərziyyələr və ya şəxsi fikirlərini söyləməkdən birmənalı şəkildə uzaq dur. Hətta Allahın Oğlu İsa Məsih də ‘Özündən söyləmirdi’ (Yəh. 14:10). Yadda saxlamaq vacibdir ki, insanlar Yehovanın Şahidlərinin yığıncaq görüşlərinə Müqəddəs Kitaba əsaslanan fikirləri dinləmək üçün gəlirlər. Əgər yaxşı natiq kimi tanınırsansa, çox ehtimal ki, buna səbəb diqqəti özünə yox, həmişə Allahın Kəlamına yönəltməyin olub. Elə buna görə də söylədiyin məruzələr dinləyicilərin xoşuna gəlir (Filip. 1:10, 11).
Adi plandan Müqəddəs Yazıların ətraflı izahını özündə cəmləyən məruzə hazırladıqdan sonra məşq etmək lazımdır. Bunu ucadan etmək faydalıdır. Ən əsası isə əmin ol ki, bütün bəndləri yaxşı yadda saxlamısan. Sən canlı və əminliklə danışmalı, həqiqəti şövqlə təqdim etməlisən. Çıxış etməzdən əvvəl özündən soruş: «Mən hansı məqsədə çatmaq istəyirəm? Əsas bəndlər aydın seçilirmi? Hazırladığım məruzənin əsasını doğrudanmı Müqəddəs Yazılar təşkil edir? Bir bənddən digərinə təbii keçid alınırmı? Məruzə Yehovaya məhəbbəti və etdiyi hər şeyə görə minnətdarlığı artırırmı? Məruzənin yekunu mövzu ilə birbaşa bağlıdırmı, dinləyicilərə nə etməli olduqlarını göstərir və onları belə davranmağa təşviq edirmi?» Əgər bu suallara cavabın müsbətdirsə, deməli, yığıncağın fayda əldə etməsi və Yehovanın izzətlənməsi üçün ‘biliyi mədh etməyi’ bacarırsan! (Sül. məs. 15:2).