Yığıncaq üçün çıxışların hazırlanması
TEOKRATİK Xidmət Məktəbinin proqramı bütün yığıncağın təlim alması üçün tərtib olunub. Həmçinin yığıncağın digər görüşlərində, eləcə də konqreslərdə faydalı məlumat çatdırılır. Əgər sənə bu görüşlərdən birində çıxış etmək tapşırılıbsa, bu o deməkdir ki, üzərinə böyük məsuliyyət qoyulub. Həvari Pavel məsihçi yığıncağında nəzarətçi olan Timoteyi verdiyi təlimata daim diqqət yetirməyə təşviq edirdi (1 Tim. 4:16). Məsihçi görüşlərində iştirak edənlər Allahla münasibətlərinə aid olan məsələlərə dair təlim almaq üçün dəyərli vaxtlarının bir hissəsini ayırır, bəziləri isə bunun üçün xeyli güc sərf edirlər. Belə təlimi vermək doğrudan da böyük məsuliyyətdir! Bunun öhdəsindən müvəffəqiyyətlə necə gələ bilərsən?
Müqəddəs Kitabdan diqqətəlayiq fikirlər
Məktəbin bu hissəsi Müqəddəs Kitabın həftəlik oxunmasına əsaslanır. Bu tapşırığı yerinə yetirərkən materialın bu gün bizə hansı aidiyyəti olduğuna diqqət yetirilməlidir. Nehemya 8:8 ayəsində deyilir ki, Ezra yoldaşları ilə birlikdə xalq qarşısında Allahın Kəlamından oxuyub aydınlaşdırdı və ‘mənasını camaata izah etdi’. Müqəddəs Kitabdan diqqətəlayiq fikirlərlə çıxış edərkən sənin üçün də belə bir imkan yaranır.
Bu tapşırığa necə hazırlaşmaq lazımdır? Mümkün olarsa, Müqəddəs Kitabdan ayrılan parçanı bir həftə, ya da daha əvvəldən oxu. Sonra aid olduğun yığıncaq və onun tələbatları haqqında düşün. Bu haqda dua et. Müqəddəs Kitabın bu parçasından olan hansı məsləhət, nümunələr və ya prinsiplər həmin tələbatları ödəyə bilər?
Araşdırma aparmaq son dərəcə vacibdir. Bildiyin dildə kompakt diskdə «Gözətçi Qülləsinin kitabxanası», «Gözətçi Qülləsi nəşrlərinin indeksi» varmı? Əgər yoxdursa, o zaman «Gözətçi Qülləsi»ndəki illik indeksdən səmərəli istifadə et. Seçdiyin ayələrin izah edildiyi nəşrləri araşdırmaqla onların yazıldığı şərait haqqında məlumat, peyğəmbərliklərin, prinsiplərin izahı, müəyyən ayələrin Yehova haqqında nəyi açıqladığını öyrənə bilərsən. Həddindən artıq çox fikrə toxunmağa çalışma. Diqqətini yalnız bir neçə ayənin üzərində cəmləşdir. Ən yaxşısı cəmi bir-iki ayə seçib, onu yaxşı izah etməkdir.
Tapşırığına dinləyicilərdən Müqəddəs Kitabın həftəlik oxunmasından hansı faydanı əldə etdiklərini soruşmaq da daxil ola bilər. Oxuduqlarından şəxsi və ya ailəvi öyrənmələrini, xidmətlərini yaxşılaşdıracaq və həyatlarında faydalı olacaq hansı fikirləri tapıblar? İnsanlarla və xalqlarla münasibətində Yehova hansı keyfiyyətləri təzahür etdirmişdir? Dinləyicilər imanlarını möhkəmləndirən və ürəklərində Yehovaya minnətdarlıq oyadan hansı fikirləri öyrənmişlər? Xırdalıqlara və dolaşıq fikirlərə diqqət yönəltməyə ehtiyac yoxdur. Seçdiyin fikirlərin mənasını izah et və praktiki dəyərini vurğula.
Təlim nitqi
Bu tapşırıq çap olunmuş materiala, məsələn «Gözətçi Qülləsi» və «Oyanın!» jurnalından, yaxud kitabdan götürülmüş bir parçaya əsaslanır. Əksər hallarda ayrılmış vaxt üçün lazım olandan çox material tapmaq olur. Bu tapşırığı necə yerinə yetirmək lazımdır? Bir müəllim kimi, sənin işin sadəcə materialı çatdırmaqdan ibarət deyil. Nəzarətçi ‘öyrətməyə qabiliyyətli olmalıdır’ (1 Tim. 3:2).
Hazırlaşmağa təyin olunmuş materialı öyrənməkdən başla. Ayələrə bax. Düşün. Çalış bunları çıxış etməzdən kifayət qədər əvvəl edəsən. Yadda saxla ki, qardaşlar çıxışın əsaslandığı çap olunmuş materialı qabaqcadan oxumağa təşviq olunurlar. Sənin tapşırığın sadəcə onu danışmaq, yaxud yığcam şəkildə ifadə etmək yox, necə tətbiq etməyi göstərməkdir. Materialın münasib hissələrini yığıncağa həqiqətən fayda gətirəcək tərzdə çatdır.
Hər uşağın öz xasiyyəti olduğu kimi, hər yığıncağın da özünün səciyyəvi xüsusiyyətləri var. Uşağını yaxşı öyrədən valideyn əxlaq normalarını ona sadəcə diktə etməklə kifayətlənmir. O, uşaqla birlikdə mülahizə yürüdür. Onun xasiyyətini və üzləşdiyi problemləri nəzərə alır. Eyni tərzdə, yığıncaqdakı müəllimlər də xitab etdikləri dinləyicilərin tələbatlarını başa düşür və diqqətini onlara yönəldir. Amma uzaqgörən müəllim dinləyicilərdən kimisə pərt edəcək nümunələr cəkməyəcək. O, Yehovanın yolları ilə yeriməyin artıq gətirdiyi faydaları göstərəcək və Müqəddəs Yazılardan yığıncağa üzləşdiyi problemlərin öhdəsindən müvəffəqiyyətlə gəlməyə kömək edəcək məsləhətləri vurğulayacaq.
Yaxşı öyrətmək dinləyicilərin ürəyinə təsir edir. Bu, sadəcə faktları çatdırmağı yox, həm də onların arxasında duran şeyləri başa salmağı tələb edir. Bunun üçün təlim verilən şəxslərə səmimi maraq göstərmək lazımdır. Ruhani çobanlar sürünü yaxşı tanımalıdırlar. Əgər onlar yığıncağın ayrı-ayrı üzvlərinin üzləşdiyi problemləri məhəbbətdən irəli gələrək yadda saxlasalar, ruhlandırıcı tərzdə danışmağı, anlayış, mərhəmət və şəfqət göstərməyi bacaracaqlar.
Yaxşı müəllim bilir ki, çıxışın aydın müəyyən edilmiş məqsədi olmalıdır. Materialı elə tərzdə çatdırmaq lazımdır ki, əsas fikirlər seçilsin və yadda qalsın. Dinləyicilər həyatlarına təsir edəcək fikirləri yadda saxlaya bilməlidirlər.
Xidməti görüş
«Bizim Padşahlıq Xidmətimiz»dəki məqaləyə əsaslanaraq çıxış edəndə başqa çətinliklə üzləşə bilərsən. İndi səndən ən münasib olan fikirləri seçmək yox, yazılanı tamlığı ilə dinləyicilərə çatdırmaq tələb olunur. Verilən məsləhətin əsaslandığı ayələrin üzərində düşünməyə dinləyicilərə kömək et (Tit. 1:9). Vaxt məhduddur, buna görə də əksər hallarda əlavə mənbədən məlumat gətirməyə imkan olmur.
Digər hallarda isə, elə ola bilər ki, təqdim edəcəyin material «Bizim Padşahlıq Xidmətimiz»ə əsaslanmasın. Tapşırıq «Gözətçi Qülləsi» məqaləsinə əsaslana, yaxud bir neçə qısa qeyddən ibarət ola bilər. Təyin olunmuş materialı yığıncağın tələbatları ilə əlaqələndirmək bir müəllim kimi sənin üzərinə düşür. Bu zaman qısa, münasib nümunə çəkmək, yaxud hadisə danışmaq olar. Yadda saxla ki, sənin tapşırığın sadəcə mövzu ətrafında danışmaq yox, onu elə tərzdə çatdırmaqdır ki, yığıncağa Allahın Kəlamında yazılan işi yerinə yetirməyə və ondan sevinc duymağa kömək etsin (Həv. iş. 20:20, 21).
Tapşırığı hazırlayarkən yığıncağın üzvlərinin şəraitini nəzərə al. Onları hal-hazırda etdikləri işlərə görə təriflə. Bu materialdakı məsləhətləri yerinə yetirmək onlara xidmətlərini yaxşılaşdırmağa və ondan daha çox sevinc duymağa necə kömək edəcək?
Tapşırığına səhnəcik və ya müsahibə daxildirmi? Əgər daxildirsə, onları qabaqcadan yaxşı təşkil etmək lazımdır. Ola bilər, bunu başqasına həvalə etmək ürəyindən keçsin, ancaq bu həmişə yaxşı nəticələr gətirmir. Əgər mümkündürsə, görüşdən bir gün əvvəl səhnəcik və müsahibələri məşq et. Elə et ki, çıxışının bu hissəsi verilən təlimin təsirini artırsın.
Konqreslər
Yaxşı natiq və müəllim olan ruhən yetkin qardaşlardan vaxt keçdikcə konqres proqramlarında çıxış etməyi xahiş edə bilərlər. Teokratik təlimin verilməsində konqreslər xüsusi rol oynayır. Proqramda çıxış etmək tapşırılan qardaşlara hazır mətn, plan, Müqəddəs Kitaba əsaslanan və müasir günlərə tətbiq edilən drama dair rəhbərlik, yaxud bir neçə yazılı göstəriş verilə bilər. Əgər sən də belə proqramda çıxış etmək şərəfinə layiq görülmüsənsə, materialı diqqətlə öyrən. Dəyərini başa düşənə qədər onun üzərində işlə.
Hazır mətn veriləndə qardaşlar onu sözbəsöz oxumalıdırlar. Onlar fikirləri öz sözləri ilə ifadə edə və ya cümlələrin yerini dəyişə bilməzlər. Əsas fikirləri və onların necə açıqlandığını başa düşmək üçün mətni yaxşı öyrənməlidirlər. Çıxışı düzgün məna vurğusu, ruh yüksəkliyi ilə, canlı, hisslərlə, təmkinlə, əminliklə, geniş auditoriya üçün münasib tonda və tempdə oxumağı bacarana qədər məşq etmək lazımdır.
Məruzə planı veriləndə qardaşlar plandan kənara çıxmayaraq materialı izah etməlidirlər. Çıxış zamanı planı oxumaq və ya onu sözbəsöz yazmaq əvəzinə, natiq materialı sərbəst şəkildə, ürəkdən təqdim etməlidir. Hər əsas bəndi yaxşı izah etmək üçün planda göstərilən vaxtdan kənara çıxmamaq vacibdir. Natiq əsas bəndlərin altındakı fikirlərdən və ayələrdən yaxşı istifadə etməlidir. O, plandakı fikirlərin əvəzinə öz xoşuna gələn əlavə fikirlər daxil etməməlidir. Sözsüz ki, verilən təlimin əsasını Allahın Kəlamı təşkil edir. ‘Kəlamı təbliğ etmək’ məsihçi ağsaqqalların məsuliyyətidir (2 Tim. 4:1, 2). Buna görə də natiq plandakı ayələrə xüsusi diqqət yetirməli, onları izah etməli və necə tətbiq etməyi göstərməlidir.
Axıra saxlama
Xidmət etdiyin yığıncaqda çıxış etmək üçün tez-tezmi imkan yaranır? Onların hər birinə kifayət qədər necə diqqət yetirə bilərsən? Çıxış edəcəyin hissələrə hazırlaşmağı axırıncı dəqiqəyə saxlama.
Çıxışların yığıncağa həqiqi mənada fayda gətirməsi üçün əvvəlcədən ətraflı düşünmək tələb olunur. Buna görə də hər dəfə tapşırıq alan kimi materialı oxumağa vərdiş et. Belə etsən, başqa işlərlə məşğul olarkən də onun üzərində düşünə biləcəksən. Çıxışından əvvəlki günlər və ya həftələr ərzində məlumatı ən yaxşı şəkildə tətbiq etməyinə kömək edən fikirlər eşidə bilərsən. Mövzunun lap yerinə düşdüyünü göstərən hadisələr baş verə bilər. Tapşırığı alan kimi oxuyub üzərində düşünmək üçün vaxt ayırmaq lazım olsa da, bu, səmərə ilə keçirilən vaxtdır. Axırda planın üzərində işləyəndə əvvəlcədən onun üzərində düşünməyin faydasını görəcəksən. Tapşırıqları bu cür yerinə yetirsən, gərginliyin azalacaq və materialı faydalı şəkildə təqdim edib yığıncaqdakıların qəlbinə yol tapacaqsan.
Yehovanın xalqına təlim verməklə bağlı sənə etibar olunan məsuliyyəti nə qədər qiymətləndirirsənsə, Yehovaya o qədər izzət gətirəcək və Onu sevənlər üçün xeyir-dua olacaqsan (Yeşaya 54:13; Rom. 12:6-8).