İsa Məsihin mö’cüzələri nəyi göstərir?
YƏQİN təəccüb edəcəksiniz ki, İsa Məsihin həyatından bəhs edən Müqəddəs Kitabın orijinalında bir dəfə də olsun “mö’cüzə, fövqəltəbii hadisə” mə’nasını daşıyan sözlərdən istifadə olunmur. Bə’zən “mö’cüzə” kimi tərcümə olunan qədim yunan sözü (dinamis), hərfi mə’nada “qüvvə” deməkdir (Luka 8:46). Bu sözü “qabiliyyət” və “qüdrətli işlər” kimi də vermək olar (Matta 11:20, KM; 25:15). Bir alimin sözlərinə görə, bu ifadə “icra edilən qüdrətli işi, xüsusilə də bu işi icra edən qüvvəyə işarə edir. Əsas e’tibarı ilə Allahın fəaliyyətdə olan qüvvəsi vurğulanır”.
Başqa bir qədim yunan sözü (téras) adətən “mö’cüzəli bir şey” mə’nasını daşıyan “xariqə”, yaxud “əlamət” kimi tərcümə edilir (Yəhya 4:48; Həvarilərin işləri 2:19). Bu ifadə müşahidəçilərə olan tə’siri qeyd edir. Xalq və Məsihin şagirdləri onun qüdrətli işlərinə tez-tez heyrətlənir və təəccüb edirdilər (Mark 2:12; 4:41; 6:51; Luka 9:43).
İsanın mö’cüzələrinə aid edilən üçüncü yunan sözü (simion) “əlamət” mə’nasını daşıyır. Alim Robert Deffinbauq yazır ki, bu söz “ilk növbədə mö’cüzənin daşıdığı mə’nanı nəzərdə tutur”. O həmçinin qeyd edir: “Əlamət — Rəbb İsa haqqında hansısa həqiqəti bildirən mö’cüzədir”.
İllüziyadır, yoxsa Allahdan verilən qüvvə?
Müqəddəs Kitabda İsanın mö’cüzələri insanları əyləndirmək məqsədilə olan fokus və ya illüziya kimi təsvir edilmir. Onun mö’cüzələri “Allahın əzəməti”nin təzahürü idi və nümunə üçün İsanın oğlandan cini qovduğu hadisəni gətirmək olar (Luka 9:37-43). Məgər bu kimi qüdrətli işləri görməyə, haqqında “qüdrətinin böyüklüyü” deyilən Hər Şeyə Qadir Allahın qüvvəsi çatmazmı? (İşaya 40:26). Əlbəttə ki, çatar.
Müjdələrdə İsanın göstərdiyi təxminən 35 mö’cüzədən danışılır. Lakin Müqəddəs Kitabda onun mö’cüzələrinin tam sayı göstərilmir. Məsələn, Matta 14:14 ayəsində deyilir: “İsa... böyük bir izdihamla qarşılaşdı, onlara yazığı gəldi və xəstələrini sağaltdı”. Bu zaman İsanın neçə nəfər xəstə sağaltdığı bizə mə’lum deyil.
İsanın göstərdiyi bu kimi əzəmətli işlər onun Allahın Oğlu, və’d edilmiş Məsih olduğu haqqında dediklərini təsdiq edirdi. Müqəddəs Yazılarda aydın deyilir ki, İsa mö’cüzələri Allahın qüvvəsinin sayəsində icra edə bilirdi. Həvari Peter İsa haqqında deyirdi: “Onun vasitəsilə Allahın aranızda yaratdığı mö’cüzələr, xariqələr və əlamətlərlə sizə Allah tərəfindən təsdiq edilmiş bir Adam idi. Özünüz də bildiyiniz kimi” (Həvarilərin işləri 2:22). Başqa bir vaxtda Peter növbəti məqamı vurğulayır: “Allahın... İsanı, Müqəddəs Ruh və qüdrət ilə necə məsh etdiyini, Onun yaxşılıq edərək, iblisin istibdadı altında olanların hamısına şəfa verib, dolaşdığını bilirsiniz. Çünki Allah Onunla bərabər idi” (Həvarilərin işləri 10:37, 38).
İsanın mö’cüzələri onun təbliğ etdiyi xəbərlə sıx bağlı idi. Mark 1:21-27 ayələrində İsanın tə’limi və göstərdiyi mö’cüzələrdən birinin xalqa necə tə’sir bağışladığı göstərilir. Mark 1:22 ayəsində deyilir ki, insanlar “onun tə’liminə təəccübləndilər”, 27-ci ayəyə əsasən isə onun cini qovduğunu görən insanların hamısını “heyrət bürüdü”. İsanın həm qüdrətli işləri, həm tə’limi onun və’d edilmiş Məsih olduğunu sübut edirdi.
İsa özünü sadəcə Məsih adlandırmırdı: onun Məsih olduğunu, sözləri və əməlləri ilə bərabər, mö’cüzələrində təzahür olunan Allah tərəfindən verilən qüvvə də sübut edirdi. Onun rolu və səlahiyyəti haqqında sual yarandıqda İsa cəsarətlə dedi: “Məndə olan şəhadət [vəftizçi] Yəhyanınkından daha böyükdür; çünki Atanın Mənə icra etmək üçün tapşırdığı bu işlər, indi etdiyim işlər, Mənim Ata tərəfindən göndərildiyimə şəhadət edir” (Yəhya 5:36).
Mö’cüzələrin gerçəkliyinin sübutları
Nəyə görə İsanın mö’cüzələrinin həqiqətən də baş verdiyinə şübhə etmək lazım deyil? Onların gerçəkliyinin bə’zi əlamətlərini nəzərdən keçirək.
Qüdrətli işlər icra edərkən İsa heç zaman diqqəti özünə cəlb etmirdi. O həmişə elə edirdi ki, hər bir mö’cüzə Allaha şərəf və izzət gətirsin. Məsələn, kor adamı sağaltmazdan əvvəl İsa “Allahın işləri onda zühur olsun deyə” şəfa verəcəyini vurğuladı (Yəhya 9:1-3; 11:1-4).
Gözbağlayıcılardan, sehrbazlardan və inam ilə şəfa verənlərdən fərqli olaraq, İsa heç zaman hipnozdan, fokusdan və ovsundan istifadə etmir, tamaşa göstərmir və emosional mərasimlər keçirmirdi. Onun xidmətində mövhümatlara yer yox idi, müqəddəs sayılan şeylərdən də istifadə olunmurdu. İsanın iki nəfər koru başqalarının diqqətini cəlb etmədən sakitcə necə sağaltdığını xatırlayaq. Müjdədə deyilir: “İsa onlara acıyıb gözlərinə toxundu; o anda gözləri açıldı və onlar Onun ardınca getdilər” (Matta 20:29-34). Nə heç bir mərasim, nə ayin, nə də ki, tamaşa var idi. İsa mö’cüzələri açıq surətdə, çox vaxt camaatın gözü qarşısında göstərirdi. Ona nə xüsusi işıqlandırma sistemi, nə səki, nə də ki, rekvizit tələb olunurdu. Bu gün göstərilən mö’cüzələrə gəldikdə isə, onları çox vaxt sənədlər əsasında təsdiq etmək mümkün deyil (Mark 5:24-29; Luka 7:11-15).
İsa onun mö’cüzələrindən fayda əldə edən insanların imana malik olduqlarını bə’zən e’tiraf edirdi. Lakin insanda iman çatışmazlığı İsanın mö’cüzə göstərməsinə mane olmurdu. O, Qalileyada, Kefernahumda olanda “cinə tutulmuş bir çox adamları İsanın yanına gətirdilər. Və O, söz ilə pis ruhları çıxartdı və xəstələrin hamısını sağaltdı” (Matta 8:16).
İsa kimlərinsə marağını deyil, insanların real fiziki tələbatlarını tə’min etmək məqsədilə mö’cüzələr edirdi (Mark 10:46-52; Luka 23:8). Bundan əlavə, İsa heç zaman öz şəxsi mənfəəti üçün mö’cüzələr göstərmirdi (Matta 4:2-4; 10:8).
Müjdədə nəql edilənlər haqqında nə demək olar?
İsanın mö’cüzələrinə dair faktlar bizim üçün dörd Müjdənin səhifələrində qorunub saxlanılıb. Onun mö’cüzələrinin həqiqətən də baş verib-vermədiyini müəyyənləşdirərkən, orada yazılanlara e’tibar etmək olarmı? Bəli, olar.
Artıq qeyd edildiyi kimi, İsa mö’cüzələri çoxsaylı şahidlərin gözü qarşısında açıq şəkildə göstərirdi. İlk Müjdələr həmin şahidlərin çoxunun sağ olduğu zaman qələmə alınmışdır. Müjdəni yazanların dürüstlüyü barədə “Mö’cüzələr və dirilmə günü” kitabında belə deyilir: “Müjdəni yazanları dini təbliğat məqsədilə tarixi həqiqətləri mö’cüzələr haqqında uydurmalara qərq etməkdə günahlandırmaq tamamilə ədalətsiz olardı. [...] Onlar dürüst səlnaməçilər olmağa can atırdılar” (“The Miracles and the Resurrection”).
Məsihçiliyin əleyhinə olan yəhudilər Müjdələrdə təsvir edilən qüdrətli işləri heç zaman inkar etmirdilər. Onlar yalnız bu işlərin icra edilməsində istifadə olunan qüvvəni şübhə altına qoyurdular (Mark 3:22-26). Daha sonra yaşamış tənqidçilər də İsanın mö’cüzələrini inkar edə bilməmişlər. Onun mö’cüzələri b. e. I və II əsrlərinə aid olan mətnlərdə xatırlanır. Şübhəsiz ki, İsanın mö’cüzələri haqqında Müjdələrdə yazılan mə’lumatları doğru hesab etməyə bizim bütün əsaslarımız var.
Mö’cüzələr göstərən insan
İsanın mö’cüzələrini nəzərdən keçirərkən, onların həqiqiliyinə dair yalnız məntiqi dəlillərlə məhdudlaşmaq düzgün olmazdı. İsanın qüdrətli işlərinin təsvir edildiyi Müjdələrdə qarşımızda dərin hisslərə və misilsiz şəfqətə malik olan, ətrafdakıların rifahı üçün bütün ürəkdən narahat olan insan durur.
Məsələn, cüzam xəstəliyinə tutulmuş adamın ümidsiz yalvarışla İsaya müraciət etdiyi hadisəni götürək: “Əgər istəsən, məni saf edə bilərsən. İsanın rəhmi gəldi, əlini uzadıb ona toxundu və dedi: “İstəyirəm, saf ol!”. Həmin adam dərhal şəfa tapdı (Mark 1:40-42). Beləliklə İsa, onu mö’cüzələr göstərməyə təşviq edən Allahın qüvvəsi sayəsində şəfqət göstərirdi.
Bəs İsa Nain şəhərindən çıxan dəfn mərasimini görən zaman nə baş verdi? Ölmüş gənc oğlan dul qadının yeganə oğlu idi. Qadına yazığı gələn İsa ona yaxınlaşıb dedi: “Ağlama!”. Və onun oğlunu həyata qaytardı (Luka 7:11-15).
Mö’cüzələr göstərərkən, İsanı insanlara kömək etməyə dərin şəfqət və mərhəmət hissinin təşviq etdiyini bilmək təsəllivericidir . Lakin belə mö’cüzələr sadəcə tarixi faktlardan ibarət deyil. İbranilərə 13:8 ayəsində deyilir: “İsa Məsih, dünən, bu gün və əbədi olaraq eynidir”. İndi o, göydə Padşahlıq edir. O, hazırdır və Allahın verdiyi qüdrətli qüvvədən istifadə edib, yer üzündə insan olarkən göstərdiyi mö’cüzələrdən də çox işlər görə bilər. Tezliklə İsa, Allaha itaətkar olan insanları sağaltmaq üçün bu qüvvədən istifadə edəcəkdir. Yehovanın Şahidləri bu işıqlı gələcək haqqında ətraflı öyrənməkdə sizə sevinclə kömək edəcəklər.
[4 və 5-ci səhifələrdəki şəkillər]
İsanın mö’cüzələri “Allahın əzəməti”nin təzahürü idi.
[7-ci səhifədəki şəkil]
İsaya dərin hisslər xas idi.