Allahın yeni dünyasında hökm sürəcək. Həqiqi firavanlıq
AİLƏ başçısı olan məsihçi Deyvida əzizlərinin güzaranını yaxşılaşdırmaq üçün atdığı addımının düzgün olmasına inanaraq Birləşmiş Ştatlara getdi. Deyvid ailəsini tərk etmək istəmirdi, lakin əmin idi ki, daha çox pulu olarsa, həyat yoldaşını və uşaqlarını qayğısız həyatla tə’min edə bilər. Buna görə Deyvid Nyu-Yorkda yaşayan qohumlarının də’vətini qəbul edərək oraya getdi və tezliklə özünə iş tapdı.
Lakin vaxt ötdükcə Deyvidin bu əminliyi zəifləməyə başladı. O, artıq ruhani işlərə az vaxt sərf edirdi. İş o yerə çatdı ki, Deyvid az qala Allaha olan imanını itirəcəkdi. Yalnız əxlaqsızlığa yol verdikdən sonra, o, vəziyyətinin nə yerdə olduğunu anladı. Diqqətini maddi firavanlığa yönəltməsi nəticəsində Deyvid həyatda onun üçün əsl mahiyyət kəsb edən şeylərdən uzaqlaşdı. O, həyatında nəyi isə dəyişməli idi.
Hər il Deyvid kimi bir çox mühacirlər maddi vəziyyətini yaxşılaşdırmaq ümidilə doğma yerlərini tərk edirlər. Lakin əksər hallarda bu çox baha başa gəlir, belə ki, onların ruhaniliyinə böyük zərbə vurulur. Bə’ziləri düşünə bilərlər: «Məsihçi, maddi mənfəət güdməklə yanaşı, eyni zamanda Allah qarşısında zəngin ola bilərmi?» Məşhur yazıçı və din rəhbərləri bunun mümkün olduğunu iddia edirlər. Lakin Deyvid kimi bir çoxları da öz həyat təcrübələrindən əmin olmuşlar ki, birini itirmədən o birisinə sahib olmaq mümkün deyil.
Pul öz-özlüyündə pislik deyil
Pul insan ixtirasıdır. Bir çox başqa ixtiralar kimi, pul da öz-özlüyündə pis şey deyil, sadəcə olaraq mübadilə vasitəsidir. Düzgün istifadə olunduqda, pul xeyirxah məqsədlərə xidmət edə bilər. Məsələn, Müqəddəs Kitab e’tiraf edir ki, ‘pul insanın sipəridir’. Bu, xüsusilə yoxsulluğun doğurduğu problemlərə gəldikdə belədir (Vaiz 7:12). Lakin bə’ziləri üçün pul, hər bir istəyi ödəyən bir vasitədir (Vaiz 10:19).
Müqəddəs Kitab tənbəlliyi mühakimə edir və zəhmətkeş olmağa çağırır. Biz ailə üzvlərimizin qeydinə qalmalı, imkan daxilində isə ‘ehtiyacı olanlarla bölüşməliyik’ (Efeslilərə 4:28; 1 Timoteyə 5:8). Bundan başqa, Müqəddəs Kitab özümüzü hər şeydən məhrum etməyi deyil, ‘payımızı götürməyi’ və zəhmətimizin bəhrəsi olan ne’mətlərdən zövq almağı bizə məsləhət görür (Vaiz 5:18-20). Orada həm varlı olan, həm də Allaha sadiq qalan xidmətçilərin nümunələri də var.
Allahın böyük var-dövlətə sahib olan sadiq xidmətçiləri
Allahın sadiq xidmətçisi olan İbrahimin çoxlu mal-qarası, qızıl-gümüşü və yüzlərlə qulluqçusu var idi (Yaradılış 12:5; 13:2, 6, 7). Saleh Əyyub da İbrahim kimi çox zəngin olmuşdu (Əyyub 1:3; 42:11, 12). Hətta bugünkü standartlarla götürüldükdə onlar çox varlı idilər, amma buna baxmayaraq, bu adamlar Allah qarşısında da zəngin idilər.
Həvari Pavel İbrahimi «bütün iman edənlərin atası» adlandırır. İbrahim xəsis deyildi, var-dövlətinə də həddən artıq bağlanmamışdı (Romalılara 4:11; Yaradılış 13:9; 18:1-8). Başqa bir nümunə: Allah Özü Əyyubu «kamil, əməlisaleh» insan kimi təsvir etmişdi. O, həmişə kasıblara və fəqirlərə kömək etməyə hazır idi (Əyyub 29:12-16). Bu saleh adamlar var-dövlətə deyil, Allaha bel bağlayırdılar (Yaradılış 14:22-24; Əyyub 1:21, 22; Romalılara 4:9-12).
İndi isə Süleyman padşahın nümunəsini nəzərdən keçirək. Yerusəlimdə Allahın taxtını miras aldıqda Yehova Süleymana hikmətlə yanaşı var-dövlət və şan-şöhrət vermişdi (1 Padşahlar 3:4-14). Ömrünün əksər illərini o, Yehovaya sadiq qaldı. Ancaq həyatının sonunda Süleymanın «ürəyi... Allahı Rəbbə sadiq deyildi» (1 Padşahlar 11:1-8). Onun acı təcrübəsindən bir çoxlarının bu gün də qurbanı olduğu zənginliyin tələlərini görmək olar. Gəlin onların bə’zilərini nəzərdən keçirək.
Zənginliyin tələləri
Pula və onun vasitəsilə əldə olunan şeylərə məhəbbət özündə böyük bir təhlükə gizlədir. Var-dövlət bə’zilərində heç vaxt qane oluna bilməyəcək ehtiraslar yaradır. Hökmranlığının erkən illərində Süleyman bu cəhəti başqalarında müşahidə etmişdi. O yazırdı: «Pul sevən puldan doymaz, var-dövlət sevən də qazancdan. Bu da puçdur» (Vaiz 5:10). Sonralar İsa və Pavel məsihçiləri bu aldadıcı məhəbbətdə gizlənən təhlükədən xəbərdar etmişdilər (Mark 4:18, 19; 2 Timoteyə 3:2).
Əgər biz pula zəruri əşyaları əldə etmək vasitəsi kimi deyil, həyatımızda ən vacib şey kimi baxırıqsa, onda biz yalan, xəyanət və oğurluq kimi hər cür mə’nəvi pozğunluğa meylli ola bilərik. Məsihin həvarilərindən biri olan Yəhuda İskaryot İsanı cəmi 30 gümüş pula ələ vermişdi (Mark 14:11; Yəhya 12:6). İfrata vararaq bə’ziləri hətta Allaha olan məhəbbəti pula olan məhəbbətə qurban vermişlər (1 Timoteyə 6:10). Buna görə məsihçilər nə üçün daha çox pul qazanmaq istədiklərini aşkar etmək üçün öz motivlərini vicdanla təhlil etməlidirlər (İbranilərə 13:5).
Var-dövlət dalınca qaçmaq ilk baxışda nəzərə çarpmayan digər təhlükələr doğurur. Əvvəla, insan var-dövlət çoxluğundan arxayınlaşır. «Zənginliyin aldadıcılığı»ndan danışarkən İsa bunu da nəzərdə tuturdu (Matta 13:22). Müqəddəs Kitab yazıçısı Yaqub məsihçiləri, hətta işə dair qərar qəbul etdikdə Allahı nəzərə almağa çağırırdı (Yaqub 4:13-16). Var-dövlət insanda müəyyən dərəcədə müstəqillik hissi yaratdığından, pula sahib olanlar üçün ümidlərini Allaha deyil, var-dövlətə bağlamaq təhlükəsi daima mövcuddur (Süleymanın məsəlləri 30:7-9; Həvarilərin işləri 8:18-24).
İkincisi, Deyvidin hadisəsindən aydın olduğu kimi, maddi mənfəət dalınca qaçmaq insanın vaxtını və qüvvəsini o qədər alır ki, o, tədricən ruhani işlərdən uzaqlaşır (Luka 12:13-21). Zəngin adama gəldikdə isə, onda daima var-dövlətini əsas e’tibarilə əyləncələr və şəxsi maraqlarına sərf etmək kimi düzgün olmayan həvəs yarana bilər.
Bəs Süleymanın ruhani cəhətdən fəlakətə uğramasının səbəbini nə ilə izah etmək olar? Cah-cəlal içində yaşaması müəyyən dərəcədə onun düşüncəsinin kütləşməsində rol oynamışdımı? (Luka 21:34). O, Allahın yadelli qadınlarla evlənməyi qadağan edən qanunundan xəbərdar idi. Buna baxmayaraq, o, hərəmxanasına minə yaxın qadın toplamışdı (Qanunun təkrarı 7:3). Yadelli arvadlarını razı salmaq üçün o, bütpərəst ayinlərdə iştirak edirdi. Bunun nəticəsi olaraq, Süleymanın ürəyi getdikcə Yehovadan uzaqlaşdı.
Nəzərdən keçirdiyimiz nümunələr İsanın sözlərinin həqiqiliyini sübut edir: «Siz Allaha və mammona [var-dövlətə] qulluq edə bilməzsiniz» (Matta 6:24). Bəs onda, məsihçi üzləşdiyi iqtisadi çətinliklərin öhdəsindən necə gələ bilər? Ən vacibi isə, həyatın daha yaxşı olacağına ümid varmı?
Həqiqi firavanlıq qarşıdadır
İsrail xalqından və qəbilə başçıları olan İbrahim və Əyyubdan fərqli olaraq, İsanın davamçıları bütün xalqlar arasında şagird hazırlamaq tapşırığı almışlar (Matta 28:19, 20). Onu yerinə yetirmək üçün vaxt və sə’y tələb olunur. Əks təqdirdə həmin vaxt və sə’y dünyəvi işlərə sərf oluna bilərdi. Buna görə də, həyatda müvəffəqiyyət qazanmağımız İsanın verdiyi məsləhəti yerinə yetirməyimizdən asılıdır: «Əvvəlcə Allahın Səltənətini [Padşahlığını] və Onun salehliyini axtarın; və bunların hamısı sizə əlavə olaraq veriləcəkdir» (Matta 6:33).
Az qala ailəsini, imanını və Allahla münasibətlərini itirən Deyvid, axırda düz yola qayıtdı. Deyvid yenidən Müqəddəs Kitabı öyrənməyi, duanı və xidməti həyatında birinci yerə qoyduqda, İsanın və’d etdiyi kimi, qalan bütün işlər öz yoluna düşdü. Onun həyat yoldaşı və uşaqları ilə münasibətləri get-gedə yaxşılaşdı, itirdiyi sevinci yenidən əldə etdi və həyatından məmnunluq duymağa başladı. Ailəsini dolandırmaq üçün Deyvid indi də sə’ylə işləyir. O heç də ümid etdiyi kimi, birdən-birə varlanmadı. Bununla belə, Deyvid acı təcrübəsindən bə’zi dəyərli ibrət dərsləri aldı.
Deyvid başa düşdü ki, pul qazanmaq üçün Birləşmiş Ştatlara getmək qərarı müdrik deyildi. O müəyyən etdi ki, qərarlarında pulun əsas rol oynamasına artıq yol verməyəcək. İndi o bilir: həyatda ən dəyərli şeylər — möhkəm ailə telləri, səmimi dostlar və Allahla olan münasibətlər heç bir pulla əldə edilə bilməz (Süleymanın məsəlləri 17:17; 24:27; Yeşaya 55:1, 2). Doğrudan da, saf mə’nəviyyat istənilən var-dövlətdən qiymətlidir (Süleymanın məsəlləri 19:1; 22:1). Buna görə də, Deyvid ailəsi ilə birlikdə vacib məsələləri həyatda birinci yerə qoymaq qərarına gəldi (Filipililərə 1:10).
Tarix boyu bəşəriyyət həm maddi, həm də mə’nəvi cəhətdən zəngin olan cəmiyyət qurmağa çalışmışdır, lakin bu cəhdlər həmişə uğursuzluqla nəticələnmişdir. Amma Allah və’d edir ki, Onun Padşahlığı həm maddi, həm də ruhani cəhətdən firavan həyat sürməyimizdən ötrü bizi lazım olan hər bir şeylə tə’min edəcəkdir (Məzmur 72:16; Yeşaya 65:21-23). İsa, həqiqi firavanlığa nail olmaq üçün ruhani tələbatları dərk etməyin vacib olduğunu öyrədirdi (Matta 5:3, YD). Yaxın gələcəkdə gözlənilən Allahın yeni dünyasına hazır olmaq üçün, maddi durumumuzdan asılı olmayaraq, ruhani işlərə üstünlük vermək hər birimizin edə biləcəyi ən düzgün seçimdir (1 Timoteyə 6:17-19). O zaman insanlar sözün həqiqi mə’nasında həm ruhani, həm də maddi firavanlıq içində yaşayacaqlar.
[Haşiyə]
a Ad dəyişdirilib.