Məhəbbətin sayəsində cəsarətliyik
«Allah bizə qorxaqlıq ruhu deyil, qüdrət, məhəbbət və nəfsə hakim olmaq ruhu vermişdir» (2 TİMOTEYƏ 1:7).
1, 2. a) Məhəbbət insanı nəyə sövq edə bilər? b) Nəyə görə İsanın cəsarəti misilsizdir?
TƏZƏCƏ toyları olmuş kişi ilə qadın Avstraliyanın şərq sahilində yerləşən şəhərdə istirahət edir, suyun altında üzürdülər. Onlar üzə çıxmağa hazırlaşarkən böyük ağ köpək balığı qadına hücum etdi. Kişi yoldaşını qırağa çəkərək cəsarətlə bədəni ilə köpək balığının yolunu kəsdi. Onun dəfn mərasimində dul qalmış arvadı dedi: «O mənim uğrumda canını qurban verdi».
2 Bəli, məhəbbət insanı e’cazkar hünər göstərməyə təşviq edə bilər. İsa Məsih demişdir: «Bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur» (Yəhya 15:13). Bu sözləri deyəndən heç bir gün keçməmiş İsa öz həyatını yalnız bir insanın yox, bütün bəşəriyyətin uğrunda qurban verdi (Matta 20:28). İsa ani şücaət göstərməklə öz həyatını qurban vermədi. O, istehzalara və təhqirlərə mə’ruz qalacağını, özünə qarşı ədalətsiz hökm çıxarılacağını və dirəkdə öldürüləcəyini qabaqcadan bilirdi. Şagirdlərini başına gələcək hadisələrə hazırlamaq üçün İsa demişdi: «Budur, Yerusəlimə qalxırıq. İnsan Oğlu baş kahinlər və din alimlərinin əlinə təslim ediləcək. Onu ölümə məhkum edəcəklər və Onu bütpərəstlərə təslim edəcəklər. Ona istehza edəcək, Onu qamçı ilə döyəcək, Ona tüpürəcək və Onu öldürəcəklər» (Mark 10:33, 34).
3. İsa nəyə görə böyük cəsarətə malik idi?
3 İsa nəyə görə e’cazkar cəsarətə malik idi? İmanın və Allah qorxusunun bunda böyük rolu olmuşdur (İbranilərə 5:7; 12:2). Ən başlıcası isə Məsihin cəsarəti Allaha və insanlara bəslədiyi sevgisindən irəli gəlirdi (1 Yəhya 3:16). Əgər biz də iman və Allah qorxusu ilə yanaşı belə məhəbbət inkişaf etdirsək, İsa kimi cəsarətli ola bilərik (Efeslilərə 5:2). Bəs bu cür məhəbbəti necə inkişaf etdirə bilərik? Bunun üçün biz onun mənbəyini tapmalıyıq.
«Məhəbbət Allahdandır»
4. Nə üçün demək olar ki, məhəbbətin mənbəyi Yehovadır?
4 Yehova məhəbbətin həm təcəssümü, həm də onun mənbəyidir. Həvari Yəhya yazırdı: «Sevimlilərim, bir-birimizi sevək. Çünki məhəbbət Allahdandır və sevən hər kəs Allahdan doğulub və Allahı tanıyır. Sevməyən, Allahı tanımamışdır, çünki Allah məhəbbətdir» (1 Yəhya 4:7, 8). Deməli, Allahın məhəbbətinə bənzər məhəbbət inkişaf etdirmək üçün insan dəqiq biliyin sayəsində Yehovaya yaxınlaşmalı, bu biliyə əsasən hərəkət etməli və sidq-ürəkdən Allaha itaət etməlidir (Filipililərə 1:9; Yaqub 4:8; 1 Yəhya 5:3).
5, 6. Erkən məsihçilərə İsanın məhəbbətinə bənzər məhəbbət inkişaf etdirməkdə nə kömək edirdi?
5 İsa on bir sadiq həvarisi ilə etdiyi son duasında Allahı tanımaqla məhəbbət inkişaf etdirməyin arasındakı bağlılığı bu sözlərlə göstərmişdi: «Mənə olan məhəbbətin onlarda olsun, Mən də onlarda olum deyə, Sənin adını onlara bildirdim və bildirəcəyəm» (Yəhya 17:26). İsa şagirdlərinə özünün və Atasının arasında olan məhəbbətə bənzər məhəbbəti inkişaf etdirməyə kömək edirdi, sözləri və şəxsi nümunəsi ilə Allahın adının Onun gözəl xüsusiyyətlərini təmsil etdiyini açıqlayırdı. Buna görə İsa demişdi: «Məni görən, Atanı görmüş olur» (Yəhya 14:9, 10; 17:8).
6 İsanın məhəbbətinə bənzər məhəbbət Allahın müqəddəs ruhunun bəhrəsidir (Qalatiyalılara 5:22). Erkən məsihçilər eramızın 33-cü ilinin Pentikost günündə, və’d edilmiş müqəddəs ruhu alanda İsanın tə’limlərini xatırlamaqla yanaşı, Müqəddəs Yazıların mə’nasını daha aydın başa düşdülər. Şübhəsiz, belə bilik onların Allaha olan məhəbbətini çox möhkəmləndirdi (Yəhya 14:26; 15:26). Bunun nəticəsi nə oldu? Həyatları üçün təhlükəli olmasına baxmayaraq, onlar xoş xəbəri cəsarətlə və sə’ylə təbliğ etməyə başladılar (Həvarilərin işləri 5:28, 29).
Əməldə göstərilən cəsarət və məhəbbət
7. Pavel və Barnaba missioner səyahəti zamanı nələrlə üzləşmişdilər?
7 Həvari Pavel yazmışdı: «Allah bizə qorxaqlıq ruhu deyil, qüdrət, məhəbbət və nəfsə hakim olmaq ruhu vermişdir» (2 Timoteyə 1:7). Pavel öz təcrübəsindən irəli gələrək danışırdı. Gəlin baxaq, Barnaba ilə missioner səyahəti zamanı onlar nələrlə qarşılaşdılar. Onlar Antakya, Konya, Listra və başqa şəhərlərdə təbliğ etmişdilər. Hər şəhərdə bə’zi adamlar imana gəlirdilər, digərləri isə həqiqətə müqavimət göstərirdilər (Həvarilərin işləri 13:2, 14, 45, 50; 14:1, 5). Listra şəhərində yəhudilər tərəfindən qızışdırılmış bir dəstə adam Paveli hətta daşa basdı və onu ölmüş sanıb, şəhərdən kənara sürüdü! «Lakin şagirdlər onun ətrafına yığıldıqda, o durdu və şəhərə girdi. Ertəsi gün Barnaba ilə Derbeyə yönəldi» (Həvarilərin işləri 14:6, 19, 20).
8. Pavel və Barnabanın cəsarətindən insanları sevdikləri necə görünür?
8 Bu hücumdan sonra Pavel və Barnaba qorxuya düşüb təslim oldularmı? Əsla, yox! Onlar Derbedə «bir çoxlarını şagird etdikdən sonra, Listraya, Konyaya və Antakyaya qayıtdılar». Oradakı yeni şagirdlər ruhlanmağa ehtiyac duyurdular. «Biz Allahın Səltənətinə [Padşahlığına] çox əziyyətlərlə girməliyik», — deyərək Pavel və Barnaba onları möhkəmləndirirdilər. Məsihin ‘quzularına’ bəslədikləri dərin məhəbbət onları cəsarətləndirirdi (Həvarilərin işləri 14:21-23; Yəhya 21:15-17). Yeni yığıncaqlarda ağsaqqallar tə’yin etdikdən sonra Pavel və Barnaba dua edib «onları iman etdikləri Rəbbə tapşırdılar».
9. Efesli ağsaqqallar Pavelin məhəbbətinə necə hay verdilər?
9 Pavel o qədər qayğıkeş və cəsarətli insan idi ki, erkən məsihçilər onu ürəkdən sevirdilər. Efesdən gəlmiş ağsaqqallarla görüşü zamanı nə baş verdiyini yadınıza salın. Həmin şəhərdə həvari üç il yaşamış və müqavimətlə üzləşmişdi (Həvarilərin işləri 20:17-31). Ağsaqqalları, onlara həvalə edilmiş sürünün qayğısına qalmağa təşviq etdikdən sonra, Pavel onlarla birgə diz üstə çöküb dua etdi. Sonra «hamı çox ağladı və Pavelin boynuna sarılıb, onu öpürdülər. Onları ən çox kədərləndirən, onun üzünü artıq görməyəcəklərinə dair dediyi sözlər idi». Qardaşlar Paveli necə də çox istəyirdilər! Vidalaşmaq vaxtı gələndə Pavel və onun yoldaşları onları buraxmaq istəməyən yerli ağsaqqallardan ‘özlərini güclə ayırdılar’ (YD) (Həvarilərin işləri 20:36–21:1).
10. Yehovanın müasir Şahidləri qarşılıqlı məhəbbəti və cəsarəti necə təzahür etdirirlər?
10 Bizim günlərdə də səyyar nəzarətçiləri, yığıncaq ağsaqqallarını və digər məsihçiləri Yehovanın qoyunlarının qayğısını çəkərkən nümayiş etdirdikləri cəsarətə görə çox sevirlər. Məsələn, vətəndaş müharibəsi gedən, yaxud təbliğ işi qadağan edilmiş ölkələrdə səyyar nəzarətçilər və onların arvadları yığıncaqlara baş çəkərkən həyat və azadlıqları üçün təhlükə ilə rastlaşırlar. Bir çox Şahidlər də həmimanlılarını ələ vermədikləri və ya ruhani qidanı haradan aldıqlarını demədikləri üçün ədavətli rəhbərlərin və onların tərəfdarlarının əlindən çox əziyyət çəkmişlər. Xoş xəbəri təbliğ etdikləri və ya məsihçi görüşlərini buraxmadıqları üçün minlərlə Şahid tə’qiblərə və işgəncələrə mə’ruz qalmış, hətta öldürülmüşlər (Həvarilərin işləri 5:28, 29; İbranilərə 10:24, 25). Gəlin belə cəsarətli bacı-qardaşların iman və məhəbbətini təqlid edək! (1 Saloniklilərə 1:6).
Sevginizin soyumasına yol verməyin
11. Şeytan Yehovanın xidmətçiləri ilə ruhani müharibədə hansı üsullara əl atır və bizdən nə tələb olunur?
11 Şeytan yerə atılandan bəri qəzəbini Yehovanın xidmətçilərinin üzərinə tökür, çünki onlar ‘İsaya olan şəhadətlərinə bağlı qalırlar’ (Vəhy 12:9, 17). İblisin istifadə etdiyi üsullardan biri tə’qibdir. Lakin çox vaxt bu əks nəticə verir, çünki məsihçi məhəbbət telləri Allahın xidmətçilərini bir-biri ilə daha sıx bağlayır və onları daha çox sə’y göstərməyə təşviq edir. Şeytan, həmçinin günaha meylimizdən istifadə edir. Bu tələyə düşməmək üçün başqa cür cəsarət lazımdır, çünki mübarizə bizim daxilimizdə, ‘hiyləgər və xəstə ürəyimizdə’ düzgün olmayan arzulara qarşı gedir (Yeremya 17:9; Yaqub 1:14, 15).
12. Allaha olan məhəbbətimizi soyutmaq üçün Şeytan ‘bu dünyanın ruhundan’ necə istifadə edir?
12 Şeytanın silah anbarında saxlanılan güclü silahlardan biri də ‘bu dünyanın ruhudur’. Dünyanın ruhu, Allahın müqəddəs ruhuna qarşı çıxan və dünyada hökm sürən əhval-ruhiyyə və ya təşviqedici qüvvədir (1 Korinflilərə 2:12). Dünyanın ruhu «gözlərin ehtirası» olan tamahkarlığın və var-dövlət hərisliyinin yayılmasına səbəb olur (1 Yəhya 2:16; 1 Timoteyə 6:9, 10). Əşyalara və ya pula sahib olmaqda pis bir şey yoxdur, lakin əgər onlar Allaha olan məhəbbətimizi sıxışdırıb çıxarırsa, onda Şeytan qələbə qazanır. Dünyanın ruhunun qüvvəsi və ya ‘hökmranı’ günaha meylimizdən istifadə edir, o, həmçinin xəlvətcə və dayanmadan fəaliyyət göstərir. Bu ruh hava kimi hər yerə yayılıb. Ürəyinin bu dünyanın ruhuna yoluxmasına yol vermə! (Efeslilərə 2:2, 3; Süleymanın məsəlləri 4:23).
13. Əxlaq təmizliyimizi qoruyarkən cəsarətimiz necə sınana bilər?
13 Dünyanın pis ruhuna qarşı durmaq üçün əxlaqi məsələlərdə də cəsarətli olmaq lazımdır. Məsələn, ədəbsiz səhnələr göstəriləndə durub teatrdan çıxmaq, televizoru və ya kompüteri söndürmək cəsarət tələb edir. Həmyaşıdların təzyiqinə uymamaq və pis dostluq əlaqələrini kəsmək üçün də cəsarət lazımdır. Sinif yoldaşlarının, əməkdaşların, qonşuların və ya qohumların istehzaları ilə üzləşdikdə də Allahın qanun və prinsiplərinə riayət etməyə cəsarət tələb olunur (1 Korinflilərə 15:33; 1 Yəhya 5:19).
14. Ürəyimiz dünyanın ruhuna yoluxubsa, nə etməliyik?
14 Buna görə də, Yehovaya və ruhani bacı-qardaşlarımıza duyduğumuz məhəbbəti möhkəmləndirmək olduqca vacibdir. Sən də ürəyinin bu dünyanın ruhuna yoluxub-yoluxmadığını müəyyən etmək üçün məqsədlərini və həyat tərzini həmişə yoxla. Əgər bu ruh azca da olsa sənə tə’sir göstəribsə, onu ürəyindən qoparıb çıxarmaq və oraya daha buraxmamaq üçün Yehovadan duada cəsarət dilə. Yehova belə səmimi xahişləri əhəmiyyətsiz qoymayacaq (Məzmur 51:17). Onun ruhu dünyanın ruhundan olduqca güclüdür (1 Yəhya 4:4).
Sınaqların öhdəsindən cəsarətlə gəlirik
15, 16. Məsihin məhəbbətinə bənzər məhəbbət sınaqların öhdəsindən gəlməkdə bizə necə kömək edir? Misal çəkin.
15 Yehovanın xidmətçiləri qeyri-kamilliyin və qocalığın göstərdiyi tə’sirlə də mübarizə aparmalı olurlar. Məsələn, buraya xəstəlik, əlillik, ruh düşkünlüyü və başqa çətinlikləri aid etmək olar (Romalılara 8:22). Belə sınaqların öhdəsindən gəlməkdə yalnız Məsihin məhəbbətinə bənzər məhəbbət kömək etməyə qadirdir. Zambiyada məsihçi ailəsində böyümüş Namanqolvanın nümunəsinə diqqət yetirək. O, iki yaşından əlildir. Bacımız danışır: «Mən çox utancaq idim, elə fikirləşirdim ki, xarici görünüşümə görə insanlar məndən çəkinirlər. Lakin ruhani qardaş və bacılar buna başqa gözlə baxmağıma kömək etdilər. Nəticədə utancaqlığın öhdəsindən gəldim və tezliklə vəftiz olundum».
16 Namanqolvanın əlil arabası olsa da, o, çox vaxt tozlu-torpaqlı yollarda iməkləməli olur. Buna baxmayaraq o, hər il ən azı iki ay köməkçi pioner kimi xidmət edir. Namanqolva bir qadına təbliğ edəndə qadını ağlamaq tutdu. Niyə? Bacımızın iman və cəsarəti ona çox dərin tə’sir bağışladı. Namanqolvanın Müqəddəs Kitab öyrətdiyi adamlardan beşi vəftiz olunub, biri yığıncaqda ağsaqqal kimi xidmət edir. Bu, Yehovanın onun işinə verdiyi bol xeyir-duanın sübutudur. O davam edir: «Ayaqlarımda çox vaxt şiddətli ağrılar olur, lakin mən qoymuram ki, bu ağrılar məni vacib şeylərdən saxlasın». Bu bacı bütün dünyada bədənləri zəif, ruhları isə Allaha və digər insanlara sevginin sayəsində güclü olan Şahidlərin yalnız bir nümunəsidir. Həqiqətən də, belə insanlar Yehovanın gözündə ‘cah-cəlaldır’! (Haqqay 2:7).
17, 18. Bir çoxlarına xəstəliklərə və başqa çətinliklərə tab gətirməkdə nə kömək edir? Yerli misallar gətirin.
17 Xroniki xəstəlik insanı ruhdan sala bilər və hətta depressiyaya qərq edə bilər. Bir yığıncaq ağsaqqalı danışır: «Bizim kitaböyrənmədə bir bacı şəkərdən və böyrək çatmazlığından, digəri xərçəngdən, ikisi ağır formalı artritdən, daha bir bacı isə dəri vərəmindən və güclü əzələ ağrılarından əziyyət çəkir. Hərdən onlar ruhdan düşürlər. Buna baxmayaraq bu bacılar yalnız özlərini çox pis hiss edəndə və ya xəstəxanada yatanda görüşləri buraxırlar. Onların hamısı xidmətdə müntəzəm iştirak edir. Onlar mənə “zəif olduğum zaman qüvvətliyəm” deyən Paveli xatırladırlar. Bu bacıların məhəbbəti və cəsarəti məni heyran edir. Ola bilsin, onların vəziyyəti bütün diqqətlərini həyatda ən vacib olan şeylərə cəmləşdirməyə kömək edir» (2 Korinflilərə 12:10).
18 Əgər sən də hansısa xəstəlik və ya başqa bir çətinliklə mübarizə aparırsansa, ruh düşkünlüyünün qurbanı olmamaq üçün ‘durmadan dua et’ (1 Salonikililərə 5:14, 17). Əlbəttə ki, səndə də hərdən ruh düşkünlüyü və ruh yüksəkliyi olur. Amma diqqətini müsbət, ruhani şeylərə, xüsusilə də bizim üçün əziz olan Padşahlıq ümidinə yönəlt. Bir bacı deyir: «Mənim üçün xidmət sanki məlhəmdir». O, başqaları ilə xoş xəbəri bölüşməklə nikbinliyini qoruyur.
Məhəbbət, yollarını azanlara Yehovaya qayıtmağa kömək edir
19, 20. a) Yehovaya qayıtmaq üçün günah işlədənlərə lazımi cəsarəti nə verə bilər? b) Növbəti məqalədə nə müzakirə olunacaq?
19 Ruhani cəhətdən zəifləyənlər və ya günah işlədənlərin çoxu üçün Yehovaya qayıtmaq bir o qədər də asan olmur. Əgər onlar həqiqətən də tövbə etsələr və Yehovaya məhəbbətlərini yenidən alovlandırsalar, lazımi cəsarəti əldə edəcəklər. Birləşmiş Ştatlarda yaşayan Marionun nümunəsinə baxaqa. O, məsihçi yığıncağını tərk etdi, içki düşkünü və narkoman oldu, 20 ildən sonra isə həbsxanaya düşdü. Mario danışır: «Gələcəyim haqda çox düşünürdüm və Müqəddəs Kitabı yenidən oxumağa başladım. Tezliklə Yehovanın keyfiyyətləri, xüsusilə də haqqında tez-tez dua etdiyim mərhəməti mənim üçün çox qiymətli oldu. Azadlığa buraxıldıqdan sonra köhnə dostlarımla əlaqələri kəsdim və yığıncaq görüşlərinə getməyə başladım, tezliklə mən yenə də yığıncağın üzvü oldum. Mən əkdiyim pis əməllərin nəticəsini indi bədənimdə biçirəm, amma mənim gözəl ümidim var. Yehovanın mənə göstərdiyi şəfqət üçün və məni bağışladığına görə Ona həmişə minnətdar olacağam» (Məzmur 103:9-13; 130:3, 4; Qalatiyalılara 6:7, 8).
20 Bəli, Yehovaya qayıtmaq üçün Marionun vəziyyətinə oxşar bir vəziyyətlə üzləşənlərdən sə’y tələb edilir. Amma onlar Müqəddəs Kitabı yenidən öyrənməyə, onun üzərində düşünməyə və dua etməyə başlasalar, məhəbbətlərini yenidən alovlandırmaq üçün lazımi cəsarət və qətiyyət əldə edəcəklər. Marionu, həmçinin Padşahlıq ümidi də möhkəmləndirdi. Bəli, məhəbbət, iman və Allah qorxusu ilə yanaşı ümid də böyük qüvvədir. Növbəti məqalədə dəyərli ruhani ən’amdan, ümiddən danışacağıq.
[Haşiyə]
a Ad dəyişdirilib.
Cavab verə bilərsinizmi?
• Məhəbbət İsaya misilsiz dərəcədə cəsarətli olmaqda necə kömək etmişdi?
• Qardaşlarına bəslədikləri məhəbbət Pavel və Barnabaya e’cazkar cəsarət təzahür etdirməkdə necə kömək etmişdi?
• Şeytan məsihçilərin arasında hökm sürən məhəbbəti pozmaq üçün hansı üsullara əl atır?
• Yehovaya olan məhəbbətimiz hansı sınaqların öhdəsindən gəlməkdə bizə cəsarət verir?
[25-ci səhifədəki şəkil]
Pavelin insanlara olan məhəbbəti işini davam etdirmək üçün ona cəsarət verirdi.