Yehovanın verdiyi tərbiyəni həmişə qəbul et
«Rəbbin verdiyi tərbiyəyə xor baxma» (SÜLEYMANIN MƏSƏLLƏRİ 3:11).
1. Allahın verdiyi tərbiyəni nə üçün qəbul etməliyik?
QƏDİM İsrailin padşahı Süleyman, Allahın verdiyi tərbiyəni nə üçün həmişə qəbul etməli olduğumuzu aydın izah edir: «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə. Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər» (Süleymanın məsəlləri 3:11, 12). Bəli, səmavi Atamız bizi sevdiyi üçün tərbiyə edir.
2. «Tərbiyə» sözünün mə’nası nədir və Yehova bizi necə islah edir?
2 «Tərbiyə» sözü cəzalandırmaq, islah etmək, öyüd-nəsihət və tə’lim vermək deməkdir. Həvari Pavel yazmışdır: «Hər tərbiyə isə, indiki zamanda sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan, bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir» (İbranilərə 12:11). Əgər sən müqəddəs Allah olan Yehovanın nəsihətini qəbul etsən, bu sənə salehlik yolu ilə yeriməyə və Ona daha çox yaxınlaşmağa kömək edəcək (Məzmur 99:5). O bizi həmimanlılarımız vasitəsilə, görüşlərdə və ya Onun Kəlamını, həmçinin ‘sadiq və ağıllı nökərbaşının’ təqdim etdiyi nəşrləri şəxsən öyrənən zaman islah edir (Luka 12:42-44). Diqqətimiz islah etmək tələb olunan şeylərə yönəldiləndə biz necə də minnətdar ola bilərik! Bəs ciddi günah işlədilən zaman nə tələb olunur?
Bə’ziləri yığıncaqdan nə üçün kənar edilir?
3. Günah işlədən yığıncaqdan nə vaxt kənar edilir?
3 Allahın xidmətçiləri Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri öyrənirlər. Yehovanın normaları yığıncaq görüşlərində və konqreslərdə təqdim edilir. Buna görə də məsihçilər Yehovanın onlardan nə tələb etdiyini bilirlər. Məsihçi yalnız ciddi günah işlədib tövbə etmədiyi halda yığıncaqdan kənar edilir.
4, 5. Müqəddəs Kitabda yığıncaqdan kənar edilməyə dair hansı hadisə yazılmışdır və nəyə görə məsihçilər belə adamı geri qəbul etməli idilər?
4 Müqəddəs Kitabda yığıncaqdan kənar edilən bir nəfərin hadisəsi yazılıb. Korinf yığıncağının üzvləri elə bir əxlaqsızlığa göz yumurdular ki, «beləsinə bütpərəstlərdə belə rast gəlmək mümkün deyildir... [onlardan] biri atasının arvadı ilə yaşayır»dı. Həvari Pavel korinfliləri ‘həmin adamı, bədənini həlak olması üçün şeytana təslim etməyə’ təşviq edirdi ki, «Rəbbimiz İsa Məsihin günündə» ruh xilas olsun (1 Korinflilərə 5:1-5). Günahkarı yığıncaqdan kənar edəndə və Şeytana təslim edəndə, o, yenidən İblisin dünyasına qayıdırdı (1 Yəhya 5:19). Belə adamın yığıncaqdan kənar edilməsi sayəsində, yığıncaq əxlaqsız tə’sirdən azad olur və Allaha məqbul ‘ruh’, yə’ni orada üstünlük təşkil edən əhval-ruhiyyə qorunub saxlanılırdı (2 Timoteyə 4:22; 1 Korinflilərə 5:11-13).
5 Bir qədər vaxt keçdikdən sonra, Pavel Korinf məsihçilərini günah işlədən adamı bərpa etməyə təşviq etdi. Nə üçün? Həvarinin dediyi kimi, «Şeytan... [onlara] üstün gəlməsin» deyə. Görünür, həmin günah işlədən adam tövbə edib, əxlaqi cəhətdən təmiz həyat sürməyə başlamışdı (2 Korinflilərə 2:8-11). Korinflilər tövbə edən adamı qəbul etməkdən imtina etsəydilər, Şeytan onlara üstün gələr, onlar da amansız və qəddar davranmış olardılar. Şeytanın istədiyi də məhz bu idi. Şübhəsiz ki, yığıncağın üzvləri tezliklə ‘onu bağışlayıb, təsəlli verdilər’ (2 Korinflilərə 2:5-7).
6. İnsanın yığıncaqdan kənar edilməsi ilə nəyə nail olunur?
6 İnsanın yığıncaqdan kənar edilməsi ilə nəyə nail olunur? Belə tədbir həm Yehovanın müqəddəs adını, həm də Onun xalqının təmiz adını ləkəsiz saxlamağa kömək edir (1 Peter 1:14-16). Tövbə etməyən günahkarın yığıncaqdan uzaqlaşdırılması sayəsində, Allahın normalarına hörmət göstərilir və yığıncaq ruhən təmiz qalır. Bundan əlavə, bu tədbir insanı günahının nə dərəcədə ciddi olduğunu dərk etməyə vadar edə bilər.
Tövbə vacib rol oynayır
7. Günahlarını dərhal boynuna almaması Davuda necə tə’sir etdi?
7 Ciddi günah işlədənlərin əksəriyyəti ürəkdən tövbə etdiyi üçün yığıncaqdan kənar edilmir. Əlbəttə, bə’zilərinə səmimi qəlbdən tövbə etmək asan olmur. Məsələn, 32-ci məzmuru bəstələyən İsrail padşahı Davudu götürək. Bu mahnıdan görünür ki, Davud ağır günahlarını, ehtimal ki, Bat-Şeva ilə bağlı günahlarını bir müddət boynuna almadı. Yayın qızmarı ağacı qurutduğu kimi, əməllərinin verdiyi əzab-əziyyət də Davudu taqətdən salırdı. O, həm fiziki, həm də mə’nəvi iztirab çəkirdi. Ancaq ‘Rəbbə asiliyini e’tiraf edəndə’, Yehova onu bağışladı (Məzmur 32:3-5). Bu zaman Davud oxudu: «Rəbb tərəfindən təqsirkar sayılmayan... insan nə bəxtiyardır!» (Məzmur 32:1, 2). Öz üzərində Allahın mərhəmətini duyduğu üçün Davud necə də xoşbəxt idi!
8, 9. İnsanın tövbə etdiyi nədən görünür və yığıncaqdan kənar edilən adamın bərpa olunması üçün tövbə nə dərəcədə vacibdir?
8 Aydındır ki, günah işlədən adam Allahın onu bağışlaması üçün tövbə etməlidir. Lakin xəcalət çəkmək və ya günahının üstünün açılacağından qorxmaq heç də tövbə etmək demək deyil. «Tövbə etmək» — günaha görə peşman olduğundan pis hərəkətə olan «düşüncə tərzini dəyişmək» deməkdir. Tövbə edənin ürəyi ‘sınıq və peşman’ olur və var qüvvəsi ilə düzəlməyə çalışır (Məzmur 51:17; 2 Korinflilərə 7:11).
9 Məsihçi yığıncağında bir nəfərin bərpa olunmasında tövbə vacib rol oynayır. Yığıncaqdan kənar olunan adam sadəcə bir müddət vaxt keçdiyi üçün bərpa olunmur. Bərpa olunmazdan əvvəl onun simvolik ürəyində böyük dəyişikliklər baş verməlidir. O, günahının nə dərəcədə ağır olduğunu, həmçinin Yehovanı və yığıncağı rüsvay etdiyini dərk etməlidir. Günah işlədən tövbə etməli, Yehovaya onu bağışlaması üçün yalvarmalı, sonra isə Onun ədalətli normalarına uyğun davranmalıdır. Həmin adam bərpa edilməyi xahiş edirsə, tövbə etdiyi və ‘tövbəyə layiq işlər gördüyü’ əməllərindən görünməlidir (Həvarilərin işləri 26:20).
Günahı e’tiraf etmək nəyə görə lazımdır?
10, 11. Nəyə görə günahı gizlətməyə çalışmamalıyıq?
10 Günah işlədənlərdən bə’ziləri belə düşünə bilər: «Günahlarım haqqında kiməsə desəm, xoşagəlməz sorğu-suallar başlanacaq, hətta yığıncaqdan kənar da edilə bilərəm. Amma əgər sussam, bunlardan heç biri baş verməyəcək və bu haqda yığıncaqda heç kim heç nə bilməyəcək». Belə düşünənlər bə’zi vacib amilləri nəzərə almırlar. Hansıları?
11 Yehova ‘rəhmli və lütfkar, hədsiz səbirli, bol məhəbbətli və sədaqətli, minlərlə nəslə məhəbbətini göstərən, cəzanı, asiliyi və günahı bağışlayan’ Allahdır. Bununla belə, O Öz xalqını «ədalətlə» islah edir (Çıxış 34:6, 7; Yeremya 30:11). Məgər ağır günahı gizlətməklə Allahın mərhəmətini qazanmaq mümkündürmü? Yehova hər şeyi görür və O, günaha göz yummayacaq (Süleymanın məsəlləri 15:3; Habaqquq 1:13).
12, 13. İnsanın öz günahını gizlətməyə çalışması nəyə gətirib çıxara bilər?
12 Əgər ciddi günah işlətmisənsə, onu e’tiraf etməklə yenidən təmiz vicdan əldə edə bilərsən (1 Timoteyə 1:18-20). Ancaq baş verənləri gizlətməklə vicdanın kütləşər, bu isə daha böyük günahlara gətirib çıxarar. Yadda saxlamaq vacibdir ki, sən sadəcə insanlara və yığıncağa qarşı deyil, Allaha qarşı günah işlətmisən. Məzmurçu oxuyurdu: «Rəbb Öz müqəddəs mə’bədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, bəşər övladlarına diqqətlə baxar. Rəbb saleh adamı sınaqdan keçirir, pisə, zülmkarasa nifrət edir» (Məzmur 11:4, 5).
13 Yehova, ağır günahları gizlədərək, təmiz məsihçi yığıncağında qalmağa çalışanlara xeyir-dua verməyəcək (Yaqub 4:6). Buna görə də, əgər sən günah işlətmisənsə, ancaq düzgün davranmaq istəyirsənsə, yubanmadan açıq e’tiraf et. Yoxsa vicdanın sənə əzab verəcək, xüsusilə də bu kimi günahlar barədə oxuyanda və ya eşidəndə. Bəs Yehova Şaul padşah kimi səni də Öz ruhundan məhrum etsə, necə? (1 Şamuel 16:14). Allahın ruhu olmadan sən daha da ciddi günaha bata bilərsən.
Sadiq qardaşlara e’tibar et
14. Nəyə görə günah işlədən adam Yaqub 5:14, 15 ayələrindəki məsləhətə əməl etməlidir?
14 Bəs tövbə edən günahkar nə etməlidir? «Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtsın. Onlar da Rəbbin adı ilə üzərinə yağ sürtərək, onun üçün dua etsinlər. Və imanlı dua xəstəni xilas edər. Rəbb onu ayağa qaldırar» (Yaqub 5:14, 15). ‘Tövbəyə layiq səmərə yaratmağın’ üsullarından biri ağsaqqallara müraciət etməkdir (Matta 3:8). Bu sadiq və qayğıkeş qardaşlar ‘Rəbbin adı ilə üzərinə yağ sürtərək, onun üçün dua edəcəklər’. Ətirli yağ insanı sakitləşdirdiyi kimi, Müqəddəs Kitab məsləhəti də tövbə edən hər kəsə təsəlli verir (Yeremya 8:22).
15, 16. Ağsaqqallar Yezekel 34:15, 16 ayələrində yazılan Allahın nümunəsini necə izləyirlər?
15 Məhəbbətin ən gözəl nümunəsini Çobanımız olan Yehova b. e. ə. 537-ci ildə yəhudiləri Babil əsarətindən və 1919-cu ildə ruhani İsraili «Böyük Babil»dən azad edən zaman vermişdir (Vəhy 17:3-5; Qalatiyalılara 6:16). Bununla da Yehova: ‘Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam. İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcəyəm’ deyə verdiyi və’dini yerinə yetirdi (Yezekel 34:15, 16).
16 Məcazi dillə desək, Yehova Öz sürüsünü otarır, təhlükəsiz yerdə yatırır və itəni axtarırdı. Məsihçi ağsaqqallar da Allahın sürüsünün ruhən qidalanmasının və təhlükəsizliyinin qayğısına qalır. Ağsaqqallar yığıncaqdan ayrı düşənləri axtarırlar. Yehova ‘yaralı olana sarğı qoyduğu’ kimi, onlar da kiminsə sözündən və ya öz hərəkətindən yaralı olanlara ‘sarğı qoyurlar’. Yehova ‘xəstə olana qüvvət verirdi’, buna bənzər tərzdə ağsaqqallar da öz səhvləri ucbatından ruhani cəhətdən xəstələnənlərə kömək edirlər.
Çobanlar necə yardım edirlər?
17. Nəyə görə kömək almaq üçün ağsaqqallara müraciət etməkdə yubanmamalıyıq?
17 Ağsaqqallar: «Qorxu ilə mərhəmət göstərin» məsləhətinə sevinclə riayət edirlər (Yəhuda 23). Bə’zi məsihçilər cinsi əxlaqsızlığa qapılaraq, ciddi günah işlətmişlər. Ancaq əgər səmimi qəlbdən tövbə edərlərsə, ağsaqqalların mərhəmət və məhəbbət göstərəcəklərinə ümid edə bilərlər, çünki bu qardaşlar onlara ruhani köməklik göstərmək istəyirlər. Həvari Pavel, özü də daxil olmaqla, belə kişilər haqqında yazmışdır: «Bu o demək deyildir ki, guya biz sizin imanınız üzərində hakimik, lakin biz sizin sevinməniz üçün sizinlə çalışırıq» (2 Korinflilərə 1:24). Buna görə də ruhani kömək almaq üçün onlara müraciət etməkdə heç vaxt yubanma.
18. Ağsaqqallar günah işlədən məsihçilərlə necə rəftar edirlər?
18 Əgər sən ciddi günah işlətmisənsə, ağsaqqallara nə üçün e’tibar edə bilərsən? Çünki onlar ilk növbədə Allahın sürüsünün çobanlarıdırlar (1 Peter 5:1-4). Qayğıkeş çoban yazıq-yazıq mələyən itaətkar quzunu yaralandığına görə vurmur. Ağsaqqallar da günah işlədən məsihçilərlə «cinayət — cəza» prinsipinə əsasən davranmırlar. Bu qardaşların məqsədi, mümkünsə, onların ruhən sağalmalarına kömək etməkdir (Yaqub 5:13-20). Ağsaqqallar ədalətlə hökm etməli və onların «sürüyə rəhmi» gəlməlidir (Həvarilərin işləri 20:29, 30; Yeşaya 32:1, 2). Digər məsihçilər kimi, ağsaqqallar da adil davranır, ‘məhəbbət göstərməyi sevir, Allahımızın önündə həlim ürəklə gəzirlər’ (Mikeya 6:8). Yehovanın ‘sürüsünün’ həyatına və müqəddəs xidmətinə aid olan məsəllərin həllində bu kimi keyfiyyətlər olduqca vacibdir (Məzmur 100:3).
19. Ağsaqqallar günah işlədən adamı hansı əhval-ruhiyyə ilə islah etməyə çalışırlar?
19 Məsihçi yığıncağının ağsaqqalları müqəddəs ruhla tə’yin olunublar və onlar onun rəhbərliyinə riayət etməyə çalışırlar. «Əgər bir adam bir cinayət üstə tutulsa belə», ruhən yetkin kişilər ‘onu həlimlik ruhu ilə islah etməyə’ çalışacaqlar (Qalatiyalılara 6:1; Həvarilərin işləri 20:28). Qayğıkeş həkim çıxmış sümüyü çox ehtiyatla yerinə salır ki, artıq yerə xəstəni incitməsin, eyni zamanda da ona kömək etsin. Buna bənzər tərzdə ağsaqqallar da həlimlik göstərir, eyni zamanda Allahın prinsiplərinə dəqiq riayət edərək, günah işlədənin düşüncə tərzini dəyişməyə çalışırlar (Koloslulara 3:12). Həmin adama mərhəmət göstərib-göstərməmək qərarına gəlməmişdən əvvəl, ağsaqqallar dua edir və Müqəddəs Yazılara müraciət edilər. Buna görə də onların qərarında Allahın nöqteyi-nəzəri əks olunacaq (Matta 18:18).
20. Hansı hallarda yığıncaqda hüquq komitəsi tərəfindən kiməsə töhmət edildiyi e’lan olunur?
20 Əgər günah artıq mə’lumdursa, yaxud mə’lum olacağı yəqindirsə, yığıncağın adını təmiz saxlamaq üçün, ehtimal ki, bu barədə e’lan etmək münasib olacaq. Bundan əlavə, e’lan bu haqda yığıncağa xəbər vermək lazım gəldikdə də edilir. Müalicə zamanı xəstə hərəkətlərində məhdud olduğu kimi, ruhani müalicə zamanı hüquq komitəsi tərəfindən töhmət alan adamın da hərəkətlərinə məhdudiyyət qoyulur. Bir müddət ərzində tövbə edənin görüşlərdə şərh verməsi yox, dinləməsi faydalı olardı. Ağsaqqallar kimdənsə xahiş edə bilərlər ki, onunla Müqəddəs Kitab öyrənməsi keçirsin. Belə öyrənmənin məqsədi insanın ‘imanda sağlam olması’ üçün onun zəif cəhətlərini möhkəmləndirməkdir (Titusa 2:2). Bütün bunlar günah işlədən insanı cəzalandırmaq üçün deyil, məhəbbətdən irəli gələrək edilir.
21. Bə’zi günah işlətmə halları necə həll edilir?
21 Ağsaqqallar ruhani köməyi müxtəlif üsullarla göstərə bilərlər. Məsələn, əvvəllər spirtli içkidən sui-istifadə edən qardaş evdə tək olanda bir-iki dəfə həddindən artıq içir. Yaxud siqaret çəkməyi çoxdan atan adam heç kim görməyəndə zəifliyə qapılaraq bir-iki dəfə çəkir. Dua etməsinə və Allahın onu bağışladığını düşünməsinə baxmayaraq, günah vərdişə çevrilməsin deyə ağsaqqallardan kömək istəməlidir. Məsələni həll etmək üçün bir və ya iki ağsaqqal onunla görüşə bilər. Ancaq onlar bu haqda sədrlik edən nəzarətçiyə xəbər verəcəklər, çünki bu hadisə hansısa başqa məsələlərlə də bağlı ola bilər.
Allahın tərbiyəsini qəbul etməyə davam et
22, 23. Nəyə görə Allahın tərbiyəsini həmişə qəbul etməliyik?
22 Allahın iltifatını qazanmaq üçün hər bir məsihçi Yehovanın verdiyi tərbiyəni qəbul etməlidir (1 Timoteyə 5:20). Yehova səni Müqəddəs Kitab və məsihçi nəşrləri vasitəsilə islah edəndə, həmçinin yığıncaq görüşlərində və konqreslərdə məsləhət verəndə, bütün bunları səmimi qəlbdən qəbul et. Yehovanın iradəsini yerinə yetirmək üçün ayıq ol. O zaman Allahın tərbiyəsi sənin üçün möhkəm ruhani müdafiə olacaq və bir divar kimi günahdan qoruyacaq.
23 Allahın tərbiyəsini qəbul etməklə Onun məhəbbətində qala biləcəksən. Bəli, bə’ziləri məsihçi yığıncağından kənar edilmişlər, ancaq əgər ‘ürəyini qorusan’ və ‘hikmətli kimi yaşasan’, səninlə bu baş verməyəcək (Süleymanın məsəlləri 4:23; Efeslilərə 5:15). Əgər sən yığıncaqdan kənar edilmisənsə, nəyə görə bərpa olunmaq üçün addımlar atmayasan? Allah istəyir ki, həyatını Ona həsr edənlərin hamısı Ona sadiq olsun və «sevinclə» xidmət etsin (Qanunun təkrarı 28:47). Əgər Yehovanın tərbiyəsini daim qəbul etsən, əbədiyyət boyu sevinc içində olacaqsan (Məzmur 100:2).
Siz necə cavab verərdiniz?
• Bə’ziləri məsihçi yığıncağından nə üçün kənar edilir?
• Səmimi qəlbdən tövbə etmək nə deməkdir?
• Nəyə görə ciddi günahları e’tiraf etmək lazımdır?
• Ağsaqqallar tövbə edən günahkarlara necə kömək edirlər?
[17-ci səhifədəki şəkil]
Qədimdəki çobanlar kimi, ağsaqqallar da Allahın sürüsündən yaralı olanlara ‘sarğı qoyurlar’.