Yer üzündə əbədi həyat — yenidən əldə edilmiş ümid
«Ey Daniel, axır zamana qədər bu sözləri sirr saxla... Çox adam özünü ora-bura vuracaq və [«həqiqi», YD] bilik artacaq» (DAN. 12:4).
1, 2. Bu məqalədə hansı sualları nəzərdən keçirəcəyik?
BU GÜN milyonlarla insan aydın başa düşür ki, insanların yerüzü Cənnətdə əbədi yaşamaq ümidi Müqəddəs Kitaba əsaslanır (Vəhy 7:9, 17). Bəşər tarixinin başlanğıcında Allah aydın göstərdi ki, insan bir neçə il yaşayıb, sonra da ölmək üçün yox, əbədi yaşamaq üçün yaradılıb (Yar. 1:26-28).
2 İsraillilər ümid edirdilər ki, bəşəriyyət Adəmin itirdiyi kamilliyi yenidən əldə edəcək. Allahın insanların yerüzü Cənnətdə əbədi yaşamasını nəyin sayəsində mümkün edəcəyi Yunanca Müqəddəs Yazılarda izah edilir. Bəs nəyə görə bu ümidə yenidən aydınlıq gətirmək zərurəti yarandı? Bu məsələyə aydınlıq necə gətirildi və milyonlarla insanlara necə bildirildi?
Ümid ört-basdır edilmişdi
3. Nəyə görə təəccüblü deyil ki, yer üzündə əbədi yaşamaq ümidi ört-basdır edilmişdir?
3 İsa peyğəmbərlik etmişdi ki, yalançı peyğəmbərlər onun təlimlərini təhrif edəcək və çoxlarını aldadacaqlar (Mat. 24:11). Həvari Peter məsihçiləri ‘aralarında yalançı müəllimlərin olacağına’ dair xəbərdar edirdi (2 Pet. 2:1). Həvari Pavel isə yazmışdır: «Vaxt olacaqdır ki, [insanlar] səhih təlimə təhəmmül etməyəcəklər; lakin səsləri qulaqlarına xoş gələn və arzularına uyğun olan müəllimləri ətraflarına toplayacaqlar» (2 Tim. 4:3, 4). İnsanları aldatmaqda Şeytanın da əli var və o, dönük xristianlıqdan istifadə edərək Allahın bəşəriyyətə və yerə dair sevindirici niyyəti haqqında həqiqəti ört-basdır edir. (2 Korinflilərə 4:3, 4 ayələrini oxu.)
4. Dönük din rəhbərləri bəşəriyyət üçün hansı ümidi rədd etmişlər?
4 Müqəddəs Yazılarda izah edilir ki, Allahın Padşahlığı bütün insan hakimiyyətlərini yerlə yeksan edəcək səmavi hökumətdir (Dan. 2:44). Məsihin Minillik Hökmranlığı zamanı Şeytan dibsiz dərinliklərə atılacaq, ölülər diriləcək və bəşəriyyət kamilliyə yetişəcək (Vəhy 20:1-3, 6, 12; 21:1-4). Ancaq dönük Xristian dünyasının dini liderləri fərqli təlimlər yayırdılar. Məsələn, üçüncü əsrdə yaşamış kilsə atası İsgəndəriyyəli Origen Minilliyin yer üzünə xeyir-dualar gətirəcəyinə inananları mühakimə edirdi. «Katolik ensiklopediyası»na əsasən, katolik ilahiyyatçısı Hipponlu Avqustin (b. e. 354-430) «minilliyin olmayacağı» fikrini dəstəkləyirdi («The Catholic Encyclopedia»)a.
5, 6. Nəyə görə Origen və Avqustin Minillik Hökmranlıq təliminə qarşı çıxış edirdilər?
5 Nəyə görə Origen və Avqustin Minillik Hökmranlıq təliminə qarşı çıxış edirdilər? Origen yunanlardan ölməz ruh anlayışını mənimsəyən İsgəndəriyyəli Klementin şagirdi olmuşdur. Platonun ruh anlayışının güclü təsiri altına düşən Origen «xristianlığa Platondan götürdüyü... ruh anlayışını daxil etmişdir»,— deyə ilahiyyatçı Verner Yeger qeyd edir. Nəticədə, Origen Minillik Hökmranlığın gətirəcəyi xeyir-duaların yerdə yox, ruhani aləmdə olacağını öyrətməyə başladı.
6 Xristianlığı qəbul etməzdən öncə, Avqustin 33 yaşında neoplatonist — Plotinin üçüncü əsrdə inkişaf etdirdiyi Platon fəlsəfi cərəyanının tərəfdarı oldu. Yeni dini qəbul etməsinə baxmayaraq, onun düşüncə tərzi dəyişməz olaraq qaldı. «Yeni Britaniya ensiklopediyası»nda deyilir: «Avqustinin şüuru Əhdi-Cədid dininin və yunan fəlsəfəsinin [bir hissəsi olan] Platon ənənəsinin tamamilə əriyib bir-birinə qarışdığı bir sobaya bənzəyirdi» («The New Encyclopædia Britannica»). «Katolik ensiklopediyası»nda qeyd edildiyinə görə, Avqustin «Vəhy» kitabının 20-ci fəslində təsvir olunan Minillik Hökmranlığı izah edərkən onun «alleqorik», yəni məcazi məna daşıdığını deyirdi. Orada əlavə edilir: «Bu izahat sonradan qərb ilahiyyatçıları tərəfindən qəbul edildi və artıq heç kəs minillik hökmranlıq təliminin erkən formasını dəstəkləmirdi».
7. Hansı yalan inanc insanların yer üzündə əbədi yaşamaq ümidini puç etdi və necə?
7 Əvvəlcə qədim Babildə, oradan isə bütün dünyaya yayılmış ölməz ruh anlayışı yer üzündə əbədi yaşamaq ümidini puç etdi. Xristian dünyası bu anlayışı mənimsədikdən sonra ilahiyyatçılar Müqəddəs Yazılarda göylər ümidinə aid olan ayələri təhrif edərək bütün yaxşı insanların göyə getdiyini öyrətməyə başladılar. Bu nöqteyi-nəzərə əsasən, insanın yer üzündəki həyatı müvəqqətidir, yəni onlar burada imtahan olunurlar ki, göylər həyatına layiq olub-olmadıqları müəyyən edilsin. Yəhudilərin yer üzündə əbədi yaşamaq ümidi də bu cür təhrifə məruz qalmışdı. Yəhudilər yunanlardan ölməz ruh anlayışını mənimsədikcə onların yer üzündə əbədi yaşamağa bəslədikləri əzəli ümidləri silinib yox oldu. Bu anlayış insanın Müqəddəs Kitabda təsvir olunmasından tamamilə fərqlidir. Çünki insan ruh deyil, cismani varlıqdır. Yehova ilk insana demişdi: «Yerin torpağısan» (Yar. 3:19). İnsanın əbədi məskəni göylər yox, yerdir. (Məzmur 104:5; 115:16 ayələrini oxu.)
Zülmət qaranlıqda işıltı
8. XVII əsrdə yaşamış bəzi alimlər Allahın bəşəriyyətə verdiyi ümid haqda nə demişlər?
8 Əksər xristian dinləri yer üzündə əbədi həyat ümidini rədd etsələr də, Şeytan həqiqəti ört-basdır etməyə həmişə müvəffəq olmamışdır. Əsrlər boyu Müqəddəs Kitabı diqqətlə oxumağın və Allahın bəşəriyyətə kamilliyi necə qaytaracağının bəzi yönlərini başa düşməyin sayəsində həqiqət işıltılarını görən azsaylı insanlar olmuşdur (Məz. 97:11; Mat. 7:13, 14; 13:37-39). Müqəddəs Kitabın tərcümə olunması və mətbəəçiliyin sayəsində artıq XVII əsrdə Müqəddəs Yazılar geniş yayıldı. 1651-ci ildə bir alim yazmışdır ki, insanlar Adəmin ucbatından «Cənnəti və yerüzü Əbədi Həyatı itirmişlər», buna görə də Məsihin sayəsində «bütün insanlar Yerdə yaşayacaqlar; itirilənin müqabilində başqa bir şey almaq imkansızdır». (1 Korinflilərə 15:21, 22 ayələrini oxu.) Məşhur ingilis şairi Con Milton (1608-1674) «İtirilmiş cənnət» və onun davamı olan «Qaytarılmış cənnət» əsərlərini yazmışdır. Bu əsərlərdə Milton sadiq insanların yerüzü Cənnətdə alacaqları mükafatdan bəhs edir. Milton həyatının böyük bir qismini Müqəddəs Kitabı tədqiq etməyə həsr etsə də, etiraf edirdi ki, Məsihin iştirakı başlamayınca Müqəddəs Kitab həqiqətləri tam başa düşülməyəcək.
9, 10. a) İsaak Nyuton Allahın bəşəriyyətə verdiyi ümid barədə nə yazmışdır? b) Nəyə görə Nyuton düşünürdü ki, Məsihin iştirakına hələ çox var?
9 Müqəddəs Kitabla dərindən maraqlanan alimlərdən biri də məşhur riyaziyyatçı ser İsaak Nyuton (1642-1727) olmuşdur. O başa düşürdü ki, müqəddəslər göylər həyatı üçün dirildiləcək və gözəgörünməz şəkildə Məsihlə birgə səltənət sürəcəklər (Vəhy 5:9, 10). Padşahlığın təbəələri haqda isə yazmışdı: «Yer üzündə hökm günündən sonra da fanilər [insanlar] məskunlaşacaq və onlar burada yalnız 1 000 il yox, əbədiyyət boyu yaşayacaqlar».
10 Nyuton hesab edirdi ki, Məsihin iştirakı yüzilliklər sonra başlayacaq. «Nyutonun Allahın Padşahlığının uzaq gələcəkdə hökmranlıq etməyə başlayacağına inanmasının səbəblərindən biri dərin kök salan dönük Üç üqnum təliminin tərəfdarları üzündən onda bədbin əhval-ruhiyyənin yaranması idi»,— deyə tarixçi Stiven Snobelen yazır. O vaxt xoş xəbər hələ örtülü idi və Nyuton hesab edirdi ki, onu təbliğ edə bilən heç bir məsihçi cərəyanı yoxdur. O yazırdı: «Danielin və [sonradan «Vəhy» kitabında qələmə alınan] Yəhyanın peyğəmbərlikləri axır zamana qədər başa düşülməyəcək». Nyuton bunu belə izah etmişdir: «Danielin sözlərinə əsasən, sonralar “çox adam özünü ora-bura vuracaq və bilik artacaq”. Çünki böyük məşəqqətdən və dünyanın sonu gəlməzdən öncə, bütün dünyada Müjdə təbliğ edilməlidir. Müjdə təbliğ olunmadan hər millətdən olub əllərində palma budağı böyük məşəqqətdən çıxan böyük izdihamı toplamaq qeyri-mümkündür» (Dan. 12:4; Mat. 24:14; Vəhy 7:9, 10).
11. Nəyə görə Miltonun və Nyutonun günlərində Allahın bəşəriyyətə verdiyi ümid əksər insanlar üçün gizli idi?
11 Miltonun və Nyutonun günlərində kilsənin rəsmi ehkamlarına zidd fikir söyləmək təhlükəli idi. Buna görə də Müqəddəs Kitab haqqında yazdıqlarının əksəriyyəti onlar ölənə qədər dərc olunmadı. XVI əsrdə Reformasiya ölməz ruh təlimini aradan qaldırmağa müvəffəq olmadı və nüfuzlu protestant kilsələri Avqustinin yolunu davam etdirərək Minillik Hökmranlığın gələcəkdə başlayacağını yox, artıq keçmişdə qaldığını öyrədirdilər. Axır zamanda bilik artdımı?
«Həqiqi bilik artacaq»
12. Həqiqi bilik nə zaman artmalı idi?
12 Daniel ‘axır zamanda’ hadisələrin müsbət məcrada inkişaf edəcəyini peyğəmbərlik etmişdi. (Daniel 12:3, 4, 9, 10 ayələrini oxu.) İsa demişdi: «O zaman salehlər... günəş kimi parlayacaqlar» (Mat. 13:43). Axır zamanda həqiqi biliyin artmasına gətirib çıxaran nə oldu? Gəlin axır zamanın başlandığı 1914-cü ilədək onilliklər ərzində hadisələrin necə cərəyan etdiyinə nəzər salaq.
13. Bərpaedilmə mövzusunu araşdırdıqdan sonra Çarlz Teyz Rassel nə yazdı?
13 XIX əsrin sonlarına yaxın bir neçə səmimi-qəlbli insan «səhih sözləri» başa düşmək məqsədilə tədqiqatlar aparmağa başladı (2 Tim. 1:13). Onlardan biri Çarlz Teyz Rassel idi. O və həqiqət axtarışında olan digər insanlar 1870-ci ildə Müqəddəs Kitabın tədqiqi üzrə dərnək təşkil etmişdilər. 1872-ci ildə onlar bərpaedilmə mövzusunu araşdırdılar. Bir qədər sonra Rassel yazdı: «O vaxta qədər biz hal-hazırda təqiblərə məruz qalan kilsə ilə (məsh olunmuş məsihçilər yığıncağı) ümumilikdə dünyanın sadiqlərinin alacağı mükafat arasındakı fərqi aydın başa düşmürdük». Sonuncuların mükafatı «vaxtilə ulu babamız ...Adəmin malik olduğu insan kamilliyinin bərpası» olacaq. Rassel Müqəddəs Kitabı araşdırmaqda başqalarının ona köməyi dəydiyini etiraf edirdi. Onlar kimlər idi?
14. a) Henri Dann Həvarilərin işləri 3:21 ayəsini necə başa düşürdü? b) Henri Dannın sözlərinə əsasən, yer üzündə kimlər əbədi yaşayacaq?
14 Onlardan biri Henri Dann olmuşdur. O, ‘Allahın qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin ağzı ilə söylədiyi hər şeyin yenilənəcəyi [«bərpa ediləcəyi», YD] vaxt’ haqqında yazmışdı (Həv. iş. 3:21). Dann bilirdi ki, bu bərpaedilməyə Məsihin Minillik Hökmranlığı zamanı insanların kamilliyə qovuşması daxildir. Dann həmçinin bir çoxlarını narahat edən sualı da araşdırdı: yer üzündə kimlər əbədi yaşayacaq? O izah etdi ki, milyonlarla insan diriləcək, onlara həqiqət öyrədiləcək və onlar Məsihə iman gətirmək imkanını əldə edəcəklər.
15. Dirilmə haqqında Corc Storrz nə öyrənmişdi?
15 Eynilə, 1870-ci ildə Corc Storrz da belə bir qənaətə gəlmişdi ki, qeyri-saleh insanlar dirildiləcək və onlara əbədi yaşamaq imkanı veriləcək. O həmçinin Müqəddəs Yazılardan öyrənmişdi ki, dirilənlərdən kimsə bu fürsəti əldən verərsə, ‘yüz yaşında’ olsa belə, ‘öləcək’ (Yeşaya 65:20). Storrz Bruklində (Nyu–York) yaşayırdı və «Müqəddəs Kitab tədqiqatçısı» adlı jurnal dərc edirdi.
16. Müqəddəs Kitab Tədqiqatçılarını Xristian dünyasının əksər dinlərindən fərqləndirən nə idi?
16 Rassel Müqəddəs Kitabdan öyrənmişdi ki, xoş xəbəri bütün dünyada bəyan etməyin vaxtı artıq gəlib çatıb. Buna görə də o, 1879-cu ildə hal-hazırda «Gözətçi Qülləsi Yehovanın Padşahlığını elan edir» adlanan «Sion Gözətçi Qülləsi və Məsihin iştirakının carçısı» adlı jurnalın dərcinə başladı. Əvvəllər bəşəriyyət üçün ümid haqqında həqiqəti çox az insan başa düşdüyü halda, indi bir çox ölkələrdə təşkil olunan Müqəddəs Kitab Tədqiqatçıları qruplarının «Gözətçi Qülləsi» jurnalını əldə edib öyrənmək imkanı vardı. Milyonlarla insanın kamilliyə yetişərək yer üzündə yaşayacağına, yalnız az sayda insanların isə göyə gedəcəyinə inanmaları Müqəddəs Kitab Tədqiqatçılarını Xristian dünyasının əksər dinlərindən fərqləndirirdi.
17. Həqiqi bilik necə çoxaldı?
17 Qabaqcadan haqqında deyilən ‘axır zaman’ 1914-cü ildə başladı. Bəşər üçün ümid haqqında həqiqi bilik artdımı? (Dan. 12:4). 1913-cü ildə Rasselin moizələri 15 000 000 oxucusu olan 2 000 qəzetdə çap olunurdu. 1914-cü ilin sonlarında dünyanın müxtəlif ölkələrində 9 000 000-dan çox insan Məsihin Minillik Hökmranlığı zamanı baş verəcək hadisələrin təsvir olunduğu rəngli slayd və kinokadrlardan ibarət «Yaradılış fotodramı»na baxdı. 1918-1925-ci illərdə yer üzündə əbədi həyat ümidini izah edən «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» adlı məruzə Yehovanın xidmətçiləri tərəfindən bütün dünyada 30 dildə təqdim edildi. 1934-cü ildə Yehovanın Şahidləri anladılar ki, yer üzündə əbədi yaşamağa ümid edənlər vəftiz olunmalıdırlar. Bunu başa düşdükdən sonra onlar Padşahlıq haqqında xoş xəbəri daha böyük səylə bəyan etməyə başladılar. Yer üzündə əbədi yaşamaq ümidi bu gün milyonlarla insanların ürəyində Yehovaya qarşı minnətdarlıq hissi oyadır.
Qarşıda gözlənilən ‘izzətli azadlıq’!
18, 19. Yeşaya 65:21-25 ayələrindəki peyğəmbərliyə əsasən, yer üzündə həyat necə olacaq?
18 Yeşaya peyğəmbər Allahın xalqının yer üzündə hansı şəraitdə yaşayacağını təsvir etmişdir. (Yeşaya 65:21-25 ayələrini oxu.) 2 700 il əvvəl Yeşayanın bu sözləri qələmə aldığı zaman mövcud olan bəzi ağaclar hələ də yaşayır. Sən də özünü güclü və sağlam olaraq bu qədər yaşayan təsəvvür edə bilərsənmi?
19 Artıq həyat beşikdən qəbrədək qısa səfər olmayacaq, əksinə, tikinti işləri ilə, əkin-biçinlə və öyrənməklə məşğul olmaq üçün insanların vaxtları heç zaman tükənməyəcək. Orada olacaq yeni dostların haqda fikirləş. Bu xoş münasibətlər əbədiyyət boyu möhkəmlənəcək. Yer üzündə yaşayacaq ‘Allahın övladlarını’ necə də ‘izzətli azadlıq’ gözləyir! (Rom. 8:21).
[Haşiyə]
a Avqustin iddia edirdi ki, Allahın Padşahlığının Minillik Hökmranlığının gələcəyə heç bir aidiyyəti yoxdur, çünki o, kilsə yaranandan artıq idarə etməyə başlayıb.
İzah edə bilərsinizmi?
• Bəşəriyyət üçün yer üzündə yaşamaq ümidi necə ört-basdır edilmişdi?
• Müqəddəs Kitabın bəzi oxucuları XVII əsrdə nəyi başa düşdülər?
• 1914-cü ilə yaxın bəşəriyyət üçün həqiqi ümid necə açıldı?
• Yerüzü ümid haqqında bilik necə artdı?
[13-cü səhifədəki şəkil]
Şair Con Milton (solda) və riyaziyyatçı İsaak Nyuton (sağda) yer üzündə əbədi həyat ümidi haqqında bilirdilər
[15-ci səhifədəki şəkil]
Erkən Müqəddəs Kitab Tədqiqatçıları Müqəddəs Yazılardan anladılar ki, bəşəriyyət üçün həqiqi ümidi bütün dünyaya bəyan etməyin vaxtı gəlib çatıb