Quşlar bizə nümunədir
«Gəl... göydəki quşlardan soruş, onlar sənə danışar. Bunlardan hansı biri bilmir ki, bunu Yehovanın əli edib?» (Əyyub 12:7, 9).
GÖYDƏKİ quşlar Allahın əl işləri haqda bizə çox şey deyir. 3000 il bundan öncə yaşamış Həzrəti Əyyub da bu qənaətə gəlmişdi. Quşların bir-birindən fərqli cəhətlərinin olması onlar haqda məsəllərin, metaforaların yaranmasına səbəb olmuşdu. Allahın Kəlamında quşlar haqda yazılanlardan həyatla və insanların Allahla münasibətləri ilə bağlı çox şey bilmək olar. Gəlin görək onlardan nə öyrənə bilərik.
QARANQUŞLAR YUVA QURUR
Qaranquşlar qədim Yerusəlim sakinlərinə çox tanış idi. Onlar öz yuvalarını evlərin damında qururdular. Bu quşlar Süleyman peyğəmbərin tikdiyi məbəddə də yuva qurmuşdular. Görünür, onlar buranı balalarını bəsləmək üçün təhlükəsiz yer hesab edirdilər.
Məbəddəki bu yuvalar 84-cü məzmuru yazan Qarun oğullarından birinin diqqətini çəkmişdi. Bu məzmurçu hər altı aydan bir məbədə gəlib orada bir həftə xidmət edirdi. O istəyirdi ki, qaranquşların evi olan bu məbəd onun da evi olsun. Məzmurçu demişdi: «Ey ordular Allahı Yehova, əzəmətli məskənin necə də gözəldir! Bütün varlığım Yehovanın həyətlərinin həsrətindədir, həsrətdən saralıb-solmuşam... Ey ordular Allahı Yehova, ey Padşahım, Allahım, Sənin möhtəşəm qurbangahının yanında quşlar belə, məskən tapır, qaranquşlar yuva qurur, balalarını orada bəsləyir» (Zəbur 84:1—3). Bəs siz ailənizlə birlikdə həmişə Allahın xalqı arasında olmağa can atırsınız? (Zəbur 26:8, 12).
HACILEYLƏK KÖÇ VAXTINI BİLİR
«Göydəki hacıleylək köç vaxtını bilir», — deyə Ərəmya peyğəmbər yazmışdı. Hacıleyləklərin Vəd edilmiş diyar adlanan ərazinin üzəri ilə necə köç etmələrindən sözsüz peyğəmbərin xəbəri var idi. Bir məlumata əsasən, yaz aylarında 300 mindən çox ağ hacıleylək İordan vadisinin üzəri ilə Afrikadan Şimali Avropaya köç edir. Bioloji saatları onları təşviq edir ki, yay aylarında yumurta qoymaq üçün geri qayıtsınlar. Digər köçəri quşlar kimi, onlar da «öz vaxtında qayıdır» (Ərəmya 8:7).
Bir nəşrdə qeyd olunur: «Quşların köç etməsində maraqlı məqam odur ki, onlar bunu instinkt sayəsində edirlər» («Collins Atlas of Bird Migration»). Yehova Allah köçəri quşlara fəsilləri duymaq instinkti verib, vaxtı və fəsilləri dərk etmək qabiliyyətini isə insana bəxş edib (Luka 12:54—56). İnstinktlə idarə olunan hacıleyləkdən fərqli olaraq, insan Allah haqqında biliyin sayəsində yaşadığı dövrdə baş verən hadisələrin mahiyyətini anlaya bilir. Ərəmya peyğəmbərin dövründə yaşayan israillilər baş verən hadisələrin mənasını dərk etmirdilər. Bunun səbəbi isə Müqəddəs Kitabda belə izah olunur: «Yehovanın sözünü rədd ediblər, onlarda hikmət nə gəzir?» (Ərəmya 8:9).
Axırzamanda yaşadığımıza dair kifayət qədər dəlil var (2 Timutiyə 3:1—5). Bəs siz hansı dövrdə yaşadığınızı dərk edirsiniz?
QARTALIN GÖZLƏRİ UZAQLARI GÖRÜR
Müqəddəs Kitabda qartalın adı çox çəkilir. «Vəd olunmuş diyar» kimi tanınan ərazidə bu quşları tez-tez görmək olar. Allahın Kəlamında yazılıb ki, qartal yüksək qayalarda qurduğu yuvasından öz şikarını axtarır, «gözləri uzaqları görür» (Əyyub 39:27—29). Onun gözləri o qədər itidir ki, bir kilometr məsafədən dovşanı görə bilir.
Qartala uzağı görmək qabiliyyətini verən Allah Özü gələcəyi görə bilməz? Allah-Taala bəyan edir: «Axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən xəbər verirəm» (Əşiya 46:10). Allah çox hikmətlidir və gələcəyi görməyə qadirdir. Buna görə də Onun öyüdlərinə qulaq assaq, xeyir taparıq (Əşiya 48:17, 18).
Müqəddəs Kitabda deyilir ki, Allaha güvənən insanlar müəyyən mənada qartala bənzəyir. Orada yazılıb: «Yehovaya bel bağlayanların gücü təzələnər. Qartaltək qanad açıb süzər» (Əşiya 40:31). Qartal isti hava axınının köməyilə yuxarı qalxa bilir. Hava axınına daxil olan qartal qanadlarını açıb dövrə vurur və bu axın onu yüksəyə qaldırır. O, uzun məsafələri öz gücü sayəsində qət etmir. Yehova Allaha güvənənlər də əmin ola bilərlər ki, Allah insan onlara gücündən üstün olan gücü verəcək (2 Korinflilərə 4:7, 8).
TOYUQ CÜCƏLƏRİNİ QANADININ ALTINA TOPLAYIR
İsa peyğəmbər ölümündən bir az öncə Yəhudiyyənin paytaxtına baxıb ah çəkmişdi: «Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən, sənə göndərilənləri daşa basan Yerusəlim! Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də dəfələrlə sənin övladlarını bir yerə yığmaq istədim. Amma siz istəmədiniz!» (Mətta 23:37).
Quşlarda balalarını qorumaq instinkti güclüdür. Uça bilməyən quşlar, məsələn, toyuqlar təhlükəyə qarşı xüsusilə diqqətli olmalıdırlar. Toyuq başının üstündə hansısa yırtıcı quşun uçduğunu görəndə bərkdən qaqqıldamağa başlayır. Bunu eşidən cücələr tez toyuğun qanadları altına qaçırlar. Cücələr toyuğun qanadı altına həmçinin günəşin qızmar şüalarından və leysandan müdafiə olunmaq üçün də sığınırlar. İsa peyğəmbərdə də Yerusəlim sakinlərinə kömək etmək istəyirdi ki, ibadətlərinə heç nə mane olmasın. Bu gün isə İsa peyğəmbər bizi onun ardınca getməyə çağırır. O istəyir ki, bizi qayğılardan və narahatçılıqlardan qoruyub canımıza təravət versin (Mətta 11:28, 29).
Həqiqətən, biz quşlardan çox şey öyrənə bilərik. Quşları müşahidə edərkən çalışın Müqəddəs Kitabdan onlar haqda yazılan metaforaları, məsəlləri yadınıza salasınız. Allahın məbədində yuva quran qaranquşlar kimi, qoy sizin də sığınacağınız ibadət evi olsun. Qartala havada süzməyə kömək edən Yehova Allaha güvənin. Toyuğun qanadları altına sığınan cücələr kimi, siz də İsa peyğəmbərin ardınca gedin. Necə ki hacıleylək köç vaxtını bilir, siz də dünya miqyasında baş verən hadisələrin mahiyyətini anlamağa çalışın.