Hər şeyin Sahibinə nə verə bilərik?
«Ey Allahımız, Sənə şükür edirik, gözəl adına mədh oxuyuruq» (1 SALN. 29:13).
1, 2. Yehova Allah bəndələrinə necə səxavət göstərir?
YEHOVA çox səxavətli Allahdır. Nəyimiz varsa, hamısını O, bizə verib. Yerin bütün sərvətləri, qızılı da, gümüşü də, bir sözlə, hər şey Ona məxsusdur. Məhz Allahın yaratdığı təbii sərvətlərin sayəsində yer üzündə həyat var (Zəb. 104:13—15; Həq. 2:8). Yehova dəfələrlə yerin sərvətlərindən istifadə edərək Öz xidmətçilərinə möcüzəvi şəkildə ruzi vermişdir. Bunu təsdiq edən hadisələri Müqəddəs Kitabdan oxumaq olar.
2 Gəlin bu hadisələrdən bir neçəsinə baxaq. Misal üçün, Yehova Allah İsrail xalqına 40 il səhrada su və manna yetirərək onların qida ehtiyacını təmin etmişdi (Çıx. 16:35). Beləcə, bu illər ərzində xalq «heç nədən korluq çəkmə»mişdi (Nəh. 9:20, 21). Yehova həmçinin evində bir küp yağdan başqa heç nəyi olmayan bir kasıb dul qadına ruzi vermişdi. Allah Əlyəsə peyğəmbərin əli ilə küpdəki yağı möcüzəvi şəkildə çoxaltmışdı. Qadın yağı satıb borclarını ödəmiş, hətta aldığı puldan özünün və oğullarının dolanışığı üçün də qalmışdı (2 Pad. 4:1—7). İsa Məsih də Yehovanın gücü ilə möcüzə göstərib insanları yeməklə təmin etmiş, hətta bir dəfə davamçılarından birinə möcüzəvi yolla pul yetirmişdi (Mət. 15:35—38; 17:27).
3. Bu məqalədə hansı sualları müzakirə edəcəyik?
3 Baxmayaraq ki, yerin bütün sərvətləri Yehovaya məxsusdur və Onun əlindədir, O, xidmətçilərini maddi ruziləri ilə təşkilatını dəstəkləməyə səsləyir (Çıx. 36:3—7; Məsəllər 3:9 ayəsini oxuyun). Nəyə görə Yehova istəyir ki, bizə verdiyi maddi ruzilərdən Onun yolunda xərcləyək? Qədimdə mömin insanlar Allahın nümayəndələrinin gördüyü işi maddi cəhətdən necə dəstəkləyirdilər? Bu gün təşkilatımız ianə edilən vəsaitləri necə istifadə edir? Məqalədə bu suallara cavab tapacağıq.
RUZİMİZDƏN ALLAHIN YOLUNDA SƏRF EDƏK
4. Biz Yehovanın işini dəstəkləyəndə nəyi dərk etdiyimizi göstəririk?
4 Yehovanın yolunda ruzimizdən sərf etməyə bizi sövq edən Ona olan sevgimiz, məhəbbətimizdir. Onun bizim üçün etdiyi yaxşılıqların həddi-hüdudu yoxdur. Allahın məbədinin tikilməsi üçün tədarük görmüş Davud padşah duasında bildirmişdi ki, nəyimiz varsa, hamısı Yehovanın verdiyidir və Onun yolunda nəyi isə sərf edəndə, əslində, Onun verdiyini Özünə qaytarmış oluruq. (1 Salnamələr 29:11—14 ayələrini oxuyun.)
5. Müqəddəs Kitab maddi imkanlarımızdan Allah üçün xərcləməyin vacib ibadətlərdən olduğunu necə göstərir?
5 Maddi imkanlarımızdan Allah üçün xərcləmək vacib ibadətdir. Çünki beləcə, biz Yaradanımızı şərəfləndirmiş oluruq. Sözsüz ki, Kainatın Sahibi əlimizdəkinin ən yaxşısına layiqdir. Həvari Yəhya vəhy alarkən göydə ruhani məxluqların Allaha mədh oxuduqlarını eşitmişdi. Onlar deyirdi: «Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı» (Vəhy 4:11). Tövratda İsrail xalqına buyurulmuşdu ki, ildə üç dəfə bayram vaxtı Yerusəlimə ibadətə gəlsinlər. Lakin «heç kim əliboş gəlməməli» idi (Qan. 16:16). Bu gün də Allahın təşkilatının qədrini bilib onu səxavətlə dəstəkləmək təməl ibadətlərimizdən sayılır.
6. Vermək bizə hansı faydanı gətirir? (Məqalənin əvvəlindəki şəklə baxın.)
6 Vermək bizim özümüzə də fayda gətirir. Çünki bu bizdə gözəl keyfiyyətlər tərbiyə etdirir. (Məsəllər 29:21 ayəsini oxuyun.) Məsələn, götürək valideynlərinin verdiyi cibxərcliyi ilə onlara hədiyyə alan uşağı. Yaxud da valideynləri ilə yaşayıb evin xərclərində kömək edən gənc öncülü. Ola bilsin, valideynlər uşaqlarından bunu gözləmir, amma yenə də bu töhfələri qəbul edirlər, çünki uşaq bu yolla valideyninə onun üçün çəkdiyi zəhmətə görə minnətdarlığını bildirmiş olur. Yehova da bilir ki, vermək bizim xeyrimizədir.
SƏXAVƏT NÜMUNƏLƏRİ
7, 8. Peyğəmbərlərin vaxtında Yehova Allahın xalqı a) konkret layihələri, b) ümumiyyətlə ibadəti dəstəkləmək üçün nə edirdilər?
7 Maddi ruzimizdən ibadət yolunda xərcləmək ənənəsi Müqəddəs Yazılara dayanır. Bəzi hallarda Allahın xidmətçiləri konkret layihələr üçün töhfələr verirdilər. Məsələn, Müqəddəs çadır tikiləndə Musa peyğəmbər bu iş üçün xalqı ianə verməyə çağırmışdı. Davud peyğəmbər də məbədin inşası üçün eyni şeyi etmişdi (Çıx. 35:5; 1 Saln. 29:5—9). Padşah Yuəsin vaxtında da məbədin təmiri üçün xalqdan vəsait yığılmışdı (2 Pad. 12:4, 5). Birinci əsrdə məsihilər xəbər tutanda ki, Yəhudiyyədəki dindaşları qıtlıq ucbatından ehtiyac içindədir, imkanları çatan qədər yardım yığıb onlara göndərmişdilər (Həv. 11:27—30).
8 Allahın xalqı həmçinin ibadətdə aparıcı rol oynayan şəxsləri də maddi cəhətdən dəstəkləyirdi. Tövrat qanununa görə lavililər digər qəbilələr kimi torpaq payı almamışdılar. Onlar xalqın verdiyi ondabir vergisinin hesabına yaşayırdı. Bu, onlara vaxtlarını Müqəddəs çadırda xidmətə həsr etməyə imkan yaradırdı (Say. 18:21). İsanın dövründə də mömin qadınlar peyğəmbərə və şagirdlərinə səxavət göstərir, «nələri vardısa onlarla bölüşürdülər» (Luka 8:1—3).
9. Allahın keçmişdə yaşayan xidmətçilərinin etdiyi ianələrə nələr daxil idi?
9 Keçmişdə Allahın işi üçün edilən ianələrə müxtəlif şeylər daxil idi. Məsələn, Müqəddəs çadırın inşası üçün edilən ianələrin içində çox güman ki, israillilərin Misirdən gətirdikləri qənimətlər də var idi (Çıx. 3:21, 22; 35:22—24). Birinci əsrdə bəzi məsihilər mülklərini satıb pulları həvarilərə verirdilər. Həvarilər də həmin vəsaitləri ehtiyacı olanlara paylayırdı (Həv. 4:34, 35). Digər imanlılar qırağa pul qoyaraq Allahın işini dəstəkləmək üçün mütəmadi ianə verirdilər (1 Kor. 16:2). Göründüyü kimi, ianə işində hamının, varlının da, kasıbın da payı var idi (Luka 21:1—4).
ONLARDAN NÜMUNƏ GÖTÜRƏK
10, 11. a) Allahın qədimdə yaşamış səxavətli xidmətçilərindən necə nümunə götürə bilərik? b) Padşahlığın işini dəstəkləmək şərəfinə malik olduğunuz üçün hansı hissləri keçirirsiniz?
10 Bu gün də Allahın xalqı konkret layihələri dəstəkləməyə təşviq olunur. Məsələn, ola bilsin, sizin yığıncaq üçün yeni ibadət evinin inşası, yaxud mövcud ibadət evinin təmiri planlaşdırılır. Həmçinin, bəzən ərazimizdəki filial binasının təmiri, toplantının keçirilməsi və ya təbii fəlakətdən zərər çəkmiş dindaşlarımıza yardımla bağlı ianə etməyə ehtiyac yaranır. Bundan başqa, biz baş idarənin və filialların fəaliyyətini dəstəkləmək üçün də ianə edirik. Xüsusi təyinatlı müjdəçilərin, xüsusi öncüllərin və səyyar xidmətdə iştirak edən bacı-qardaşların xidməti də ianələr hesabına həyata keçirilir. Sözsüz ki, sizin yığıncaq da bütün dünyada ibadət evlərinin və toplantı zallarının tikintisi üçün ianə etməklə bağlı qətnamə qəbul edib. Bildiyiniz kimi bu ianələr bütün dünyadakı bacı-qardaşların rifahı üçün xərclənir.
11 Axırzaman adlanan bu dövrdə Yehovanın həyata keçirdiyi işi ianələrimizlə dəstəkləməyə hər birimizin gücü çatar. Adətən ianələrin çoxu anonim şəkildə edilir. Məsələn, ianələr ibadət evlərindəki ianə qutularına atılır, ya da jw.org saytı vasitəsi ilə edilir. Bəzən, bizə elə gələ bilər ki, etdiyimiz kiçik ianələrin elə də böyük əhəmiyyəti yoxdur. Amma nəzərə alın ki, yığılan ianənin böyük qismi bir neçə böyük ianənin yox, məhz bu kiçik ianələrin payına düşür. Hətta kasıb bacı-qardaşlarımız belə, «yoxsul olmalarına baxmayaraq», müqəddəslərə yardım işində könül xoşluğu ilə iştirak edən makedoniyalı məsihilər kimi, səxavət göstərirlər (2 Kor. 8:1—4).
12. Təşkilatımız ianələrdən düzgün şəkildə istifadə etmək üçün nə edir?
12 Rəhbərlik Şurası ianə edilən vəsaitlərin xərclənməsində sadiq və ağıllı şəkildə davranmağa çalışır (Mət. 24:45). Şuraya daxil olan qardaşlar dua edərək Yehovadan bu vəsaitlərdən düzgün şəkildə istifadə etmək üçün kömək istəyir, ianələrin hara və necə xərclənəcəyini yaxşı-yaxşı götür-qoy edirlər (Luka 14:28). Qədimdə ianələrə baxan insanlar nəzarət edirdilər ki, bu vəsaitlər sırf Yehovanın işinə xərclənsin. Məsələn, Üzeyir peyğəmbər Yerusəlimə qayıdanda Fars şahı Yehovanın məbədi üçün bugünkü ölçü ilə 100 milyon dollar dəyərində bəxşiş — qızıl, gümüş və sair əşyalar ianə etmişdi. Yolları təhlükəli ərazidən keçdiyi üçün bu bəxşişlərin Yehovaya həsr olunduğunu dərk edən peyğəmbər ianələrin Yerusəlimə itkisiz çatdırılması üçün müəyyən tədbir görmüşdü (Üzr. 8:24—34). Həvari Bulus da Yəhudiyyədəki məsihilərə yardım məqsədi ilə vəsait toplamışdı. O, tədbir gördü ki, bu yardımı bacı-qardaşlara çatdıranlar «təkcə Yehovanın gözündə yox, insanların gözündə də hər cəhətdən dürüst» olsunlar. (2 Korinflilərə 8:18—21 ayələrini oxuyun.) Təşkilatımız da ianələrin istifadəsi ilə bağlı məsələlərə Üzeyir peyğəmbər və həvari Bulus kimi ciddi yanaşır.
13. Bu yaxınlarda təşkilatda baş verən dəyişikliklərə nə səbəb olmuşdu?
13 Ailə öz xərclərini gəlirə uyğunlaşdırmaq, həmçinin Yehovanın işini daha çox dəstəkləmək üçün sadə yaşamaq və xərcləri azaltmaq qərarına gələndə müəyyən dəyişikliklər etməli olur. Təşkilatımız da eyni prinsiplə davranır. Son bir neçə il ərzində təşkilatda bir sıra yeni layihələr həyata keçirilmişdi. Lakin hərdən bu layihələrə xərclənən vəsait toplanan ianələrin miqdarını aşırdı. Odur ki, sizin ürəkdən etdiyiniz ianələrdən səmərəli şəkildə istifadə etmək məqsədilə təşkilat xərcləri azaltmaq və işi sadələşdirmək üçün müəyyən tədbirlər gördü.
İANƏLƏRİN BƏHRƏSİ
14—16. a) İanələrin hesabına hansı layihələr həyata keçirilir? b) Bu layihələrin şəxsən sizə hansı faydası olub?
14 Yehovaya uzun illərdir xidmət edən məsihilərin əksəriyyəti qeyd edir ki, ruhani qida hələ heç vaxt bu qədər bol olmamışdı. Bu, həqiqətən də, belədir. Son bir neçə il ərzində bu sahədə xeyli nailiyyətlər əldə olunmuşdur. Misal kimi, jw.org saytının və JW televiziyasının istifadəyə verilməsini, «Yeni Dünya Tərcüməsi»nin çoxlu dillərdə dərc olunmasını çəkmək olar. Həmçinin 2014, 2015-ci illərdə dünyanın 14 şəhərinin ən böyük stadionlarında keçirilən «Allahın Padşahlığını hər şeydən üstün tutun!» adlı beynəlxalq toplantını da bu siyahıya daxil etmək olar. Bu toplantıda iştirak edən bacı-qardaşlar özlərini çox xoşbəxt hiss edirdilər.
15 Təşkilatımızın təqdim etdiyi bu ənamlara görə çoxlu minnətdarlıq sözləri eşidirik. Misal üçün, Asiyadan olan bir cütlük yazmışdı: «Biz kiçik bir şəhərə təyinat almışıq. Bacı-qardaşlardan uzaq düşdüyümüz üçün hərdən özümüzü çox yalqız hiss edirik. Bəzən Yehovanın işinin geniş miqyasda həyata keçirildiyi nəzərimizdən qaçır. Amma JW televiziyasındakı proqramlara baxandan sonra beynəlxalq qardaşlığın bir üzvü olduğumuzu xatırlayırıq. Buradakı bacı-qardaşlar JW televiziyasını çox sevirlər. Çox vaxt onlar qeyd edirlər ki, televiziyanın aylıq proqramına baxandan sonra özlərini Rəhbərlik Şurasındakı qardaşlara daha yaxın hiss edirlər. Onlar Yehovanın təşkilatının bir üzvü olduqları üçün indi daha çox fəxr duyurlar».
16 Hal-hazırda təxminən 2500 ibadət evinin tikintisi və ya əsaslı təmiri həyata keçirilir. Hondurasdakı bir yığıncağın üzvləri yeni ibadət evini istifadə etməyə başlayandan sonra yazmışdılar: «Yehova Allahın bu böyük ailəsinin və beynəlxalq qardaşlığın üzvü olduğumuz üçün özümüzü xoşbəxt sayırıq. Onların sayəsində bizim çoxdan arzuladığımız ibadət evimiz var». Öz dilində Müqəddəs Kitab və sair nəşrlərin çap olunduğunu görən, təbii fəlakətdən sonra kömək alan, xüsusi ictimai şahidlik işinin gətirdiyi bəhrələrin şahidi olan bacı-qardaşlar da öz minnətdarlıqlarını bildirirlər.
17. Təşkilatımızdakı nailiyyətlərin arxasında Yehovanın durduğu nədən görünür?
17 Yehovanın Şahidi olmayan insanlar təşkilatın gördüyü işlərin yalnız ianələrin hesabına həyata keçirildiyinə inana bilmir. Misal üçün, böyük bir şirkətin nümayəndəsi çapxanalarımızdan birini ziyarət edərkən oradakı bütün işlərin könüllülər tərəfindən həyata keçirildiyini, üstəlik bu iş üçün əlavə gəlir yerinin olmadığını, yalnız ianələrin hesabına ərsəyə gəldiyini biləndə heyran qalmışdı. O demişdi ki, biz mümkünsüz bir işi həyata keçiririk. Bəli, bu həqiqətdir. Biz dərk edirik ki, bu iş bizim yox, Yehovanın sayəsində ərsəyə gəlir (Əyy. 42:2).
YEHOVA ÜÇÜN VERƏNLƏRİN ALDIĞI NEMƏTLƏR
18. a) Maddi ruzilərindən Padşahlığın işi üçün xərcləyənlər hansı nemətləri dadır? b) Uşaqlara və Müqəddəs Kitabı yeni öyrənənlərə əliaçıq olmağı necə aşılamaq olar?
18 Yehova Allah bizə çox böyük şərəf nəsib edib, bizə maddi ruzimizlə Onun işini dəstəkləmək imkanı verib. Yaradanımız bizi əmin edir ki, Padşahlığın işini dəstəkləyənlərin başından bol nemətlər tökəcək (Məl. 3:10). O söz verir ki, əliaçıq adam bolluğa yetişəcək. (Məsəllər 11:24, 25 ayələrini oxuyun.) Əliaçıq olmaq, həmçinin insanı bəxtiyar edir, çünki «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35). Biz, eləcə də sözümüz və əməlimizlə övladlarımıza və Müqəddəs Kitabı yeni öyrənənlərə paylaşmağı aşılaya bilərik. Qoy, onlar da səxavət göstərib əvəzində Allahdan nemətlər alsınlar.
19. Bu məqalə sizi nəyə təşviq edir?
19 Həyatda nəyimiz, varsa Yaradanımızın bizə ərməğan etdiyi nemətlərdir. Bu nemətlərdən Onun işi üçün sərf etməklə Ona məhəbbətimizi və minnətdarlığımızı izhar etmiş oluruq (1 Saln. 29:17). Qədimdə Allahın xalqı məbədin işi üçün «könüllü təqdimələri gətirdiyinə görə sevinirdi, çünki bunları Yehovaya ürəkdən vermişdilər» (1 Saln. 29:9). Gəlin biz də Yehovanın bizə bəxş etdiyi nemətlərdən Onun yolunda xərcləyərək bol sevinc və xoşbəxtlik dadaq!