Allahın bir boyunduruqda birləşdirdiyinə hörmət edin
«Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (MARK 10:9).
1, 2. İbranilərə 13:4 ayəsi bizi nəyə təşviq edir?
ŞÜBHƏSİZ, Yehova Allaha dərin hörmət bəsləyirsiniz! O, həqiqətən də, şərəfə, hörmətə layiqdir və Ona göstərdiyimiz hörmətin qarşılığında bizə hörmət edəcəyinə söz verir (1 İşm. 2:30; Məs. 3:9; Vəhy 4:11). Yehova həmçinin istəyir ki, biz müəyyən qrup insanlara, məsələn, hakimiyyət nümayəndələrinə hörmətlə yanaşaq (Rom. 12:10; 13:7). Lakin hörmət göstərməyimizin xüsusilə vacib olduğu bir sahə var — nikah.
2 Həvari Bulus yazır: «Qoy hər kəs nikaha hörmət etsin və nikah yatağı ləkəsiz olsun» (İbr. 13:4). Bulus sadəcə olaraq nikah haqqında ümumi fikir söyləmirdi. Bu, nikaha hörmətlə yanaşmaq, onu dəyərləndirmək üçün məsihilərə ünvanlanmış göstəriş idi. Siz də nikaha bu cür yanaşırsınız? Bəs öz nikahınıza necə?
3. İsa Məsih nikahla bağlı hansı vacib məsləhəti vermişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)
3 Nikaha hörmət göstərməklə siz ən gözəl nümunəni izləmiş olursunuz. İsa Məsih nikaha hörmətlə yanaşırdı. Fərisilər ona boşanma ilə bağlı sual verəndə o, Allahın ilk nikahla bağlı söylədiyi sözlərə istinad edərək demişdi: «Buna görə insan ata-anasını tərk edəcək və ikisi bir bədən olacaq». Sonra əlavə etmişdi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın». (Mark 10:2—12 ayələrini oxuyun; Yar. 2:24.)
4. Yehova nikaha dair hansı normanı təyin edib?
4 İsa Məsih bu sözləri ilə göstərirdi ki, nikah quruluşunu Allah təsis edib və bu quruluş daimi olmalıdır. Allah Adəmlə Həvvaya boşanaraq nikahlarına son qoymağın mümkün olduğunu deməmişdi. Yehovanın Ədəndə nikaha dair təsis etdiyi norma monoqamiya (təknikahlılıq), iki nəfərin əbədi ittifaqı idi.
NİKAHLA BAĞLI MÜVƏQQƏTİ DƏYİŞİKLİKLƏR
5. Ölümün nikah quruluşu üzərində hansı təsiri var?
5 Bildiyimiz kimi, Adəmin günahı müəyyən dəyişikliklərlə nəticələndi. Bunlardan biri olan ölüm nikah quruluşuna da təsirsiz ötüşmədi. Bunu həvari Bulusun Musanın qanunu altında olmayan məsihilərə yazdığı sözlərdən də görmək olar. O izah etmişdi ki, ölüm nikaha son qoyur, ona görə də həyatda olan tərəf yenidən ailə qura bilər (Rom. 7:1—3).
6. Musanın qanunu Allahın nikaha dair baxışını necə əks etdirirdi?
6 Yehovanın İsrail xalqına verdiyi Qanunda nikahla bağlı təfsilatlar qeyd olunub. Məsələn, Qanunda poliqamiyaya (çoxnikahlılıq) izin verilirdi. İsraillilər arasında çoxarvadlılıq Qanun verilməzdən öncə yayılmışdı. Lakin Qanun bu adəti tənzimləyir, qadınlara və uşaqlara qarşı pis rəftarı qadağan edirdi. Misal üçün, israilli kişi qarabaşı ilə evlənəndən sonra başqa arvad alardısa, birincini yemək, geyim və arvadlıq haqqından məhrum etməməli idi. Allah tələb edirdi ki, əri onun qayğısına qalsın və qorusun (Çıx. 21:9, 10). Bu gün Musanın qanunu altında deyilik, lakin onun vasitəsilə nikahın Yehovanın gözündə dəyərli olduğunu öyrənirik. Məgər bu bizi nikaha hörmət etməyə təşviq etmir?
7, 8. a) Qanunun təkrarı 24:1 ayəsinə əsasən, Qanunda boşanma ilə bağlı nə deyilirdi? b) Yehova boşanmaya necə baxır?
7 Qanunda boşanma ilə bağlı nə deyilirdi? Yehova nikah quruluşuna həmişə böyük ehtiram bəsləsə də, Qanunda boşanmağa izin vermişdi. (Qanunun təkrarı 24:1 ayəsini oxuyun.) İsrailli kişi arvadında «ləyaqətsizlik» görərdisə, onu boşaya bilərdi. Qanunda ləyaqətsizlik deyiləndə nə nəzərdə tutulduğu izah olunmurdu. Hər halda, söhbət adi inciklikdən yox, ciddi və ya biyabırçı bir hərəkətdən gedirdi (Qan. 23:14). Əfsus ki, İsa Məsihin yaşadığı dövrdə yəhudilərin əksəriyyəti artıq «hər səbəbə görə» boşanırdı (Mət. 19:3). Əlbəttə, biz nikaha onlar kimi yanaşmaq istəmərik.
8 Məlaki peyğəmbər Yehovanın nikaha münasibətinə aydınlıq gətirir. Həmin dövrdə kişilərin cavanlıqda evləndikləri arvadlarını xaincəsinə boşayıb bütpərəst millətdən olan daha cavan qadınla evlənməsi geniş yayılmışdı. Peyğəmbər Allahın buna necə yanaşdığı haqda yazır: «Mən boşanmaya nifrət edirəm» (Məl. 2:14—16). Bu, Allahın Kəlamında ilk nikahla bağlı yazılanlarla vəhdət təşkil edir: «[Kişi] arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yar. 2:24). İsa Məsih də Atasının nikaha baxışını əks etdirirdi. O demişdi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mət. 19:6).
BOŞANMAĞA YALNIZ BİR ƏSAS VAR
9. İsa Məsihin Mark 10:11, 12 ayələrində yazılmış sözlərini necə başa düşmək olar?
9 Kimsə sual verə bilər: «Məsihinin boşanmağa və yenidən evlənməyə hər hansı əsası var?» İsa Məsih boşanmaya münasibəti ilə bağlı demişdi: «Arvadını boşayıb başqası ilə evlənən boşadığı arvada qarşı zina edir. Eynilə də ərindən boşanıb başqasına ərə gedən qadın zina etmiş olur» (Mark 10:11, 12; Luka 16:18). Göründüyü kimi, Məsih nikaha hörmət edirdi və başqalarının da hörmətlə yanaşmasını istəyirdi. Hər hansı bəhanə ilə sədaqətli həyat yoldaşından boşanan və başqası ilə ailə quran ər və ya arvad zina edir. Bu məntiqlidir, çünki boşanmaq öz-özlüyündə nikaha son qoymur. Allahın gözündə onlar yenə də bir bədən olaraq qalır. Üstəlik, İsa Məsih demişdi ki, günahsız arvadını boşayan kişi onu zinaya sürükləyir. Hansı mənada? Həmin dövrdə boşanmış qadın bəzən dolanışıq üçün yenidən evlənməyə məcbur olurdu. Onun yenidən ərə getməsi isə zinaya bərabər sayılırdı.
10. Məsihi hansı səbəbə görə boşana və yenidən evlənə bilər?
10 İsa Məsih nikahın pozulmasına əsas verən səbəb barədə demişdi: «Bilin və agah olun, kim arvadını əxlaqsızlıq [yunanca, porneya] etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir» (Mət. 19:9). O, Dağüstü vəzində də bunu vurğulamışdı (Mət. 5:31, 32). İsa Məsih hər iki vəziyyətdə əxlaqsızlığın adını çəkmişdi. Bu söz altında nikahdankənar hər növ cinsi əlaqə nəzərdə tutulur. Buraya həyat yoldaşına xəyanət, fahişəlik, həmçinin nikahdan xaric cinsi əlaqə, eyni cinslər arasında və ya heyvanla cinsi əlaqə daxildir. Məsələn, əgər evli kişi əxlaqsızlıq edərsə, qadın ondan boşanıb-boşanmamağı qərarlaşdırmaqda sərbəstdir. Əgər qadın boşansa, artıq onların nikahı Allahın gözündə sona çatmış olur.
11. Nəyə görə boşanmağa Müqəddəs Kitab əsası olan məsihi boşanmamaq qərarına gələ bilər?
11 Qeyd etmək lazımdır ki, İsa Məsih ər-arvadların əxlaqsızlığa (porneya) görə hökmən boşanmalı olduğunu demirdi. Misal üçün, qadın ərinin əxlaqsızlıq etməsinə baxmayaraq, nikahını qorumaq qərarına gələ bilər. Ola bilsin, o, hələ də ərini sevir, onu bağışlamağa və əl-ələ verib nikahlarını möhkəmləndirməyə hazırdır. Reallıq ondan ibarətdir ki, əgər qadın boşanıb yenidən ailə qurmasa, müəyyən çətinliklərlə üzləşəcək. Onun maddi və cinsi tələbatlarını kim ödəyəcək? Bəs tənhalıq hissi? Uşaqların axırı necə olacaq? Boşanmaq uşaqlarını həqiqətdə böyütməyi çətinləşdirməyəcək ki? (1 Kor. 7:14). Aydındır ki, günahsız tərəf boşandıqdan sonra ciddi problemlərlə üzləşəcək.
12, 13. a) Huşənin nikahında nələr baş vermişdi? b) Nəyə görə Huşə Güməri geri gətirdi və bundan nikahla bağlı nə öyrənirik?
12 Huşə peyğəmbərin yaşadıqları məsələyə daha da aydınlıq gətirir. Allah ona Gümər adlı qadını almağı buyurur və deyir ki, «o, zinakar olacaq və sənə bic övladlar doğacaq». Gümər «hamilə qalıb [Huşəyə] bir oğul» doğur (Huşə 1:2, 3). Sonra onun bir qızı və bir oğlu da olur. Görünür, onların ikisi də zina nəticəsində dünyaya gəlmişdi. Gümərin dəfələrlə zina etməsinə baxmayaraq, Huşə onunla nikahda qalır. Sonra qadın Huşəni tərk edir və qul olur. Amma Huşə gedib onu geri alır (Huşə 3:1, 2). Yehova Huşənin vasitəsilə dəfələrlə Ona xəyanət edən İsrail xalqını necə bağışladığını göstərirdi. Biz bu hadisədən nə öyrənirik?
13 Əgər məsihi ər və ya arvaddan biri əxlaqsızlıq edərsə, günahsız tərəf qərar qarşısında qalacaq. Məsih demişdi ki, günahsız tərəfin boşanmağa əsası var və o, yenidən ailə qura bilər. Digər tərəfdən, günahsız tərəf həyat yoldaşını bağışlaya da bilər, bu, qəbahət deyil. Huşə Güməri geri gətirmişdi. Gümər geri qayıdandan sonra heç bir kişi ilə yaxınlıq etməməli idi. Huşə bir müddət Gümərlə yaxınlıq etmədi (Huşə 3:3). Lakin müəyyən vaxtdan sonra onunla ər-arvadlıq münasibətlərini bərpa etdi. Bu hadisə Yehovanın xalqını geri qaytarmağa və onlarla münasibətini bərpa etməyə hazır olduğunu simvolizə edirdi (Huşə 1:11; 3:3—5). Bunu bugünkü nikahlara necə aid etmək olar? Günahsız tərəf nikahını qorumaq qərarına gəlib günahlı tərəflə cinsi yaxınlıq etsə, qarşı tərəfi bağışladığını göstərəcək (1 Kor. 7:3, 5). Beləcə, boşanmaq üçün olan əsas qüvvədən düşəcək. Artıq bundan sonra onlar ər-arvad kimi Yehovanın nikaha baxışını əks etdirməyə çalışmalıdırlar.
ÇƏTİNLİKLƏRƏ RƏĞMƏN NİKAHINIZA HÖRMƏTLƏ YANAŞIN
14. 1 Korinflilərə 7:10, 11 ayələrinə əsasən, nikahda nələr baş verə bilər?
14 Bütün məsihilər Yehova Allah və İsa Məsihdən nümunə götürərək nikaha hörmət bəsləməyə çalışmalıdır. Lakin qeyri-kamillik ucbatından bəziləri bu sahədə çətinlik çəkir (Rom. 7:18—23). Buna görə də birinci əsrdə yaşayan bəzi məsihilərin nikahda böyük problemlərlə üzləşməsi təəccüblü deyil. Həvari Bulusun onlara «arvad ərindən ayrılmasın» deməsinə baxmayaraq, bəzən belə şeylər baş verirdi. (1 Korinflilərə 7:10, 11 ayələrini oxuyun.)
15, 16. a) Nikahdakı problemlərə baxmayaraq, məqsəd nə olmalıdır və nəyə görə? b) Həyat yoldaşları imanda olmayanlar bu məsləhəti necə tətbiq edə bilər?
15 Həvari Bulus ayrılmağa gətirib çıxaran səbəbləri izah etməmişdi. Məsələ ərin əxlaqsızlıq etməsi və arvadının boşanmaq və yenidən ailə qurmağa əsasının olması deyildi. Həvari Bulus yazırdı ki, əgər qadın ərindən ayrılarsa, «onda ərə getməsin, ya da əri ilə barışsın». Çünki onlar hələ də Allahın gözündə bir bədəndirlər. Həvari qeyd edirdi ki, problemin nədən qaynaqlanmasından asılı olmayaraq, əgər zina olmayıbsa, məqsəd barışmaq olmalıdır. Bu zaman ər-arvad yığıncağın ağsaqqallarından kömək istəyə bilər. Ağsaqqallar da öz növbəsində tərəf tutmadan Müqəddəs Kitaba əsaslanan məsləhət verməlidir.
16 Lakin imanda olan və Allahın qanunlarına uyğun yaşamağa çalışan təkcə bir tərəfdirsə, vəziyyət çətinləşə bilər. Bəs problemlər yarananda məsələnin həlli ayrılmaq olmalıdır? Müqəddəs Kitabda cinsi əxlaqsızlığın boşanmağa əsas verdiyi qeyd olunsa da, orada ayrılmağa əsas verən müxtəlif səbəblər barədə heç nə yazılmayıb. Həvari Bulus demişdi: «Hər hansı bir qadının əri imanda deyilsə, lakin onunla yaşamağa razıdırsa, qoy qadın ondan ayrılmasın» (1 Kor. 7:12, 13). Bu bizim dövrümüzdə də keçərlidir.
17, 18. Nəyə görə bəzi məsihilər problemlərə baxmayaraq, nikahlarını qoruyurlar?
17 Bəzən imanda olmayan ərin hərəkətlərindən görünür ki, o arvadı ilə «yaşamağa razı» deyil. Məsələn, ər ona qarşı fiziki güc tətbiq edir, hətta iş o yerə çatır ki, qadının sağlamlığı və ya həyatı üçün təhlükə yaradır. Yaxud arvadını və ya ailəsini dolandırmaqdan imtina edir və ya onun ruhaniliyi üçün ciddi təhlükə yaradır. Belə hallarda ərinin nə deməyinə baxmayaraq, qadın şəxsən qərara gələ bilər ki, yoldaşı «onunla yaşamağa razı» deyil və ayrılmaları zəruridir. Lakin bəzi məsihilər bu kimi çətin vəziyyətlərdə ayrılmamağa qərar verirlər, onlar dözüm göstərərək vəziyyəti düzəltmək üçün əllərindən gələni edirlər. Nəyə görə?
18 Bu vəziyyətdə ayrılan cütlüklər hələ də ər-arvad sayılır və onlar ayrılarsa, yuxarıdakı abzaslarda danışdığımız çətinliklərlə üzləşəcəklər. Həvari Bulus birgə yaşamağa davam etmək üçün başqa səbəb də vermişdi: «İmanda olmayan ər arvadı ilə ittifaqdan bəhrələnir, eynilə də imanda olmayan arvad qardaşımızla ittifaqdan bəhrələnir. Belə olmasaydı, sizin uşaqlarınız natəmiz olardılar, ancaq bu halda onlar müqəddəsdirlər» (1 Kor. 7:14). Bir çox sadiq məsihilər nikahlarında ciddi problemlərin olmasına baxmayaraq, imanda olmayan həyat yoldaşlarından ayrılmayıblar. Sonralar həyat yoldaşları həqiqətə gələndə onlar vaxtilə bu cür qərar verdiklərinə görə çox seviniblər. (1 Korinflilərə 7:16 ayəsini oxuyun; 1 But. 3:1, 2.)
19. Nə üçün yığıncaqda xoşbəxt nikahların sayı çoxdur?
19 İsa Məsih boşanma ilə bağlı, həvari Bulus isə ayrı yaşamaqla bağlı Allahdan ilham alaraq məsləhətlər vermişdi. Hər ikisi də Allahın xidmətçilərinin nikaha hörmət etməsini istəyirdi. Bu gün bütün dünyadakı məsihi yığıncaqlarında uğurlu nikahların sayı çoxdur. Yəqin sizin yığıncaqda da bu cür nikahlar az deyil. Bir-birini sevən bu vəfalı ər-arvadlar nikaha hörmətlə yanaşmağın mümkün olduğuna dair gözəl nümunədirlər. Nə xoş ki, milyonlarla insan Allahın Kəlamındakı növbəti sözlərin doğruluğunun canlı sübutudur: «Buna görə də kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq» (Efes. 5:31, 33).