TƏLİM MƏQALƏSİ 31
«Əsil bünövrə üzərində tikilmiş şəhəri» gözləyirsiniz?
«O, memarı və inşaatçısı Allah olan, əsil bünövrə üzərində tikilmiş şəhəri gözləyirdi» (İBR. 11:10).
NƏĞMƏ 22 Qoy Padşahlığın gəlsin!
İCMALa
1. Yehovanın yolunda çoxları hansı qurbanları verib və onları buna nə təşviq edib?
BU GÜN Allahın milyonlarla xidmətçisi Onun yolunda çoxlu qurbanlar verib. Kimisi subay qalmaq qərarına gəlib, kimisi uşaq sahibi olmağı təxirə salıb. Bir çox ailə sadə həyat sürməyi seçib. Bəs onları buna nə təşviq edib? Hamısı Yehovaya bacardığı qədər çox xidmət etmək istəyir. Bu bacı-qardaşlar xoşbəxt həyat sürür, Yehovanın onları zəruri olan hər şeylə təmin edəcəyinə arxayındır. Bəs onlar bu qərarlarına görə peşman olacaqlar? Xeyr. Nəyə görə bunu əminliklə deyə bilərik? Çünki Yehova qədimdə sadiq xidmətçilərinin qayğısına qalmışdı, məsələn, «iman gətirənlərin atası» olan İbrahim peyğəmbərin başından nemətlər tökmüşdü (Rom. 4:11).
2. a) İbranilərə 11:8—10, 16 ayələrinə əsasən, nəyə görə İbrahim peyğəmbər tərəddüd etmədən Ur şəhərindən çıxdı? b) Bu məqalədə nələri müzakirə edəcəyik?
2 Yehovanın buyruğu ilə İbrahim peyğəmbər tərəddüd etmədən Ur şəhərindəki rahat həyatını qoyub çıxdı. Çünki o, «əsil bünövrə üzərində tikilmiş şəhəri gözləyirdi». (İbranilərə 11:8—10, 16 ayələrini oxuyun.) Bu hansı şəhər idi? İbrahim peyğəmbər bu şəhərin tikilməsini gözləyən müddətdə hansı çətinliklərlə üzləşmişdi? Biz ondan və onun nümunəsini izləyən məsihilərdən nə öyrənirik?
«ƏSİL BÜNÖVRƏ ÜZƏRİNDƏ TİKİLMİŞ ŞƏHƏR»
3. İbrahim peyğəmbər hansı şəhəri gözləyirdi?
3 İbrahimin gözlədiyi şəhər Allahın Padşahlığı idi. Bu Padşahlığa İsa Məsih və 144 000 məsh olunmuş məsihi daxildir. Bulus Padşahlığı «var olan Allahın şəhəri səmavi Yerusəlim» adlandırmışdı (İbr. 12:22; Vəhy 5:8—10; 14:1). İsa Məsih şagirdlərinə öyrətmişdi ki, duada Padşahlığın gəlməsini və bu Padşahlığın Allahın iradəsini göydə olduğu kimi, yerdə də yerinə yetirməsini diləsinlər (Mət. 6:10).
4. Yaradılış 17:1, 2, 6 ayələrinə əsasən, İbrahim peyğəmbər Allahın vəd etdiyi şəhər haqda nəyi bilirdi?
4 İbrahim peyğəmbər Allahın Padşahlığının necə təşkil olunacağı haqda təfərrüatları bilirdi? Xeyr. Əsrlər ərzində bu, «müqəddəs sirr» olaraq qalmışdı (Efes. 1:8—10; Kol. 1:26, 27). Amma peyğəmbər bilirdi ki, onun nəslindən bəziləri padşah olacaq. Bu vədi ona şəxsən Yehova vermişdi. (Yaradılış 17:1, 2, 6 ayələrini oxuyun.) İbrahim peyğəmbərin Allahın vədlərinə imanı o qədər güclü idi ki, sanki Allahın Padşahlığının Padşahı olacaq Məsihi görmüşdü. Bu səbəbdən İsa Məsih yəhudilərə demişdi: «Atanız İbrahim mənim günümü görəcəyi üçün çox sevinirdi. O, mənim günümü gördü və şadlandı» (Yəh. 8:56). Bəli, İbrahim bilirdi ki, onun nəslindən bəziləri Allahın qurduğu Padşahlığa daxil olacaq və Allahın bu vədini yerinə yetirməsini səbirlə gözləyirdi.
5. İbrahim peyğəmbərin Allahın quracağı «şəhəri» gözlədiyini haradan bilirik?
5 İbrahim peyğəmbər Allahın quracağı şəhəri, yəni Padşahlığı gözlədiyini necə göstərirdi? Əvvəla, o, yer üzündəki heç bir padşahlığın təbəəsi olmadı. O, köçəri həyat yaşadı, heç yerdə kök salmadı, heç bir padşahı dəstəkləmədi. Həmçinin öz padşahlığını da qurmağa cəhd etmədi. Əksinə, Yehovaya itaətkarlıq göstərdi və vədlərini yerinə yetirməsini gözlədi. Bu, möhtəşəm imanın təzahürü idi. Bəs peyğəmbər hansı çətinliklərlə üzləşmişdi və biz ondan nə öyrənə bilərik?
İBRAHİM PEYĞƏMBƏRİN ÜZLƏŞDİYİ ÇƏTİNLİKLƏR
6. Ur şəhərini təsvir edin.
6 İbrahim peyğəmbərin qoyub çıxdığı şəhər təhlükəsiz, rahat şəraitli şəhər idi, orada ziyalı, varlı insanlar yaşayırdı. Şəhər böyük divarlarla və üç tərəfdən dərin su xəndəkləri ilə əhatə olunmuşdu. Əhali yazı və hesablama işində mahir idi. Ehtimal olunur ki, şəhər ticarət mərkəzi olub, çünki arxeoloqlar həmin ərazidə alış-verişlə bağlı çoxlu sənədlər tapıb. Evlər kərpicdən tikilmişdi, divarlar suvaqlanıb hamarlanmış və ağardılmışdı. Bəzi evlərin 13-14 otağı, daş döşəməli daxili həyəti var idi.
7. Nəyə görə İbrahim peyğəmbər Yehovanın müdafiəsinə etibar etməli idi?
7 İbrahim peyğəmbər Yehovanın onu və ailəsini qoruyacağına etibar etməli idi. Nəyə görə? Qeyd etdiyimiz kimi, İbrahim və Sara Ur şəhərində öz rahat və təhlükəsiz ev-eşiyini qoyub, Kənan çöllüyündə çadırlarda yaşamağa yollanmışdı. Daha onu və ailəsini qalın divarlar, dərin xəndəklər qorumurdu. Artıq onlar müdafiəsiz idilər, asanlıqla düşmən hücumuna tuş gələ bilərdilər.
8. İbrahim peyğəmbər hansı çətinliklə üzləşmişdi?
8 Peyğəmbər Allahın dediyini etdi. Amma Yehovanın onu göndərdiyi diyarda bir dəfə güclü aclıq baş qaldırmışdı və onun ailəsinin yetərincə yeməyi yox idi. Aclıq o qədər şiddətlənmişdi ki, İbrahim peyğəmbər bir müddətlik ailəsi ilə birgə Misirə köçmüşdü. Amma Misirdə olduğu müddətdə ölkəni idarə edən firon Saranı özünə arvad etmək üçün sarayına gətizdirdi. Təsəvvür edirsiniz, Yehova fironu cəzalandırana və o, Saranı geri qaytarana qədər İbrahim nə qədər fikir çəkmişdi? (Yar. 12:10—19).
9. İbrahim peyğəmbərin ailəsində hansı çətinliklər var idi?
9 İbrahim peyğəmbərin ailəsində böyük çətinliklər var idi. İstəkli arvadı Saranın uşağı olmurdu. Uzun illər bu dərd onları çox üzürdü. Axırda Sara kənizi Həcəri İbrahimə verdi ki, onlar üçün uşaq dünyaya gətirsin. Amma Həcər İsmayıla hamilə qalanda Saraya həqarətlə baxmağa başladı. Vəziyyət o həddə çatdı ki, Sara da Həcərlə pis rəftar etdi və Həcər evdən qaçmalı oldu (Yar. 16:1—6).
10. İbrahim peyğəmbərin Yehovaya etibarı İsmayıl və İshaqla bağlı məsələdə necə sınandı?
10 Nəhayət, Sara hamilə qaldı və İbrahimə oğul bəxş etdi. İbrahim uşağın adını İshaq qoydu. O, hər iki oğlunu, İsmayılı da, İshaqı da çox istəyirdi. Amma İsmayıl İshaqla pis rəftar etdiyindən İbrahim məcbur qalıb, onu Həcərlə birgə evdən göndərməli oldu (Yar. 21:9—14). İllər sonra Yehova İbrahim peyğəmbərə buyurdu ki, oğlu İshaqı qurban gətirsin (Yar. 22:1, 2; İbr. 11:17—19). Hər iki vəziyyətdə peyğəmbər Yehovanın onun övladları ilə bağlı verdiyi vədi yerinə yetirəcəyinə etibar etdi.
11. Nəyə görə İbrahim peyğəmbər Yehovanı səbirlə gözləməli idi?
11 İbrahim peyğəmbər bütün bu vaxt ərzində Yehovanı səbirlə gözləməyi öyrəndi. Ailəsi ilə birgə Ur şəhərindən çıxanda, ehtimal ki, onun 70-dən çox yaşı var idi (Yar. 11:31—12:4). Təxminən yüz il ərzində o, Kənan diyarında çadırlarda köçəri həyat yaşadı. 175 yaşında peyğəmbər ömrünü başa vurdu (Yar. 25:7). Dolaşdığı torpaqları Yehova onun nəslinə verəcəyini vəd etmişdi, amma o, bu vədin gerçəkləşməsini öz gözü ilə görmədi. Həmçinin onun ömrü «şəhərin», Allahın Padşahlığının qurulmasını görməyə yetmədi. Amma yazılıb ki, o, «uzun ömür sürəndən sonra həyatdan doymuş halda dünyadan köçdü» (Yar. 25:8). Yaşadığı bütün çətinliklərə baxmayaraq, peyğəmbər möhkəm imanını qorudu və Yehovanı gözləməkdən bezmədi. O necə belə dözümlü qala bilmişdi? Çünki Yehova onu ömrü boyu hifz etmiş, ona dost olmuşdu (Yar. 15:1; Əşy. 41:8; Yaq. 2:22, 23).
12. Biz nəyi gözləyirik? Növbəti abzaslarda söhbət kimlərdən gedəcək?
12 İbrahim kimi, biz də əsil bünövrə üzərində tikilmiş şəhəri gözləyirik. Amma biz onun tikintisini gözləmirik. Çünki Allahın Padşahlığı 1914-cü ildə qurulub və göydə tam şəkildə idarə edir (Vəhy 12:7—10). Biz onun yer üzündə hər şeyi idarə etməsini gözləyirik. Ancaq bu müddətdə İbrahim və Saranın üzləşdiyi çətinliklərə bənzər çətinliklərə dözməliyik. Bəs bizim dövrdə kimlərsə onun nümunəsini izləyə bilib? «Gözətçi qülləsi»ndə yazılmış bioqrafiyalar göstərir ki, İbrahim və Sara kimi, bu gün də Yehovanın çoxlu xidmətçisi iman və səbir təzahür etdirib. Gəlin onlardan bəziləri ilə tanış olaq və görək onlardan nə öyrənə bilərik.
İBRAHİM PEYĞƏMBƏRDƏN ÖRNƏK ALANLAR
13. Bil Volden qardaşdan nə öyrənirik?
13 Qurbanlar verməyə hazır olun. Allahın şəhərini, yəni Padşahlığı həyatımızda hər şeydən üstün tutmaq üçün biz İbrahim peyğəmbər kimi Allahın yolunda qurbanlar verməyə hazır olmalıyıq (Mət. 6:33; Mark 10:28—30). Gəlin Bil Voldenb adlı qardaşdan danışaq. 1942-ci ildə Yehovanın Şahidləri ona dərs keçməyə başlayanda o, ABŞ universitetlərinin birində memarlıq və inşaat mühəndisliyini bakalavr dərəcəsi ilə bitirmək üzrə idi. Bir professor Bilin məzun olduqdan sonra işləməsi üçün iş təşkil etmişdi. Amma Bil imtina etdi və izah etdi ki, həyatını karyera qurmağa yox, Allaha ibadətə həsr etmək istəyir. Çox keçməmiş, Bili hərbi xidmətə çağırdılar. O, hörmətcil şəkildə imtina etdi və buna görə ona cərimə olaraq 10 000 ABŞ dolları və beş il həbs cəzası kəsdilər. Üç ildən sonra o, azadlığa buraxıldı. Bir müddət sonra Bil Gilad məktəbinə dəvət aldı və xüsusi təyinatlı müjdəçi kimi Afrikaya təyin olundu. Sonra o, İva adlı bir bacı ilə ailə qurdu və onlar birgə Afrikada xidmət etdilər, bu isə heç də asan deyildi. Bir neçə il sonra Bilin anasının qayğısına qalmaq üçün onlar Birləşmiş Ştatlara qayıtmalı oldular. Bil Volden qardaş həyatına geri boylanaraq deyir: «Mənə 70 ildən çox Yehovaya xidmət etmək şərəfi nəsib olub, bu haqda düşünəndə biixtiyar gözlərimdən yaş süzülür. Xidməti karyera etməkdə mənə bələdçi olduğu üçün Yehovaya həmişə minnətdarlığımı bildirirəm». Bəs siz tamvaxtlı xidməti həyat yolunuz edə bilərsiniz?
14, 15. Aristotelis qardaşın və Eleni bacının həyatından nə öyrənirik?
14 Həyatınızın dərdi-sərsiz olacağını gözləməyin. İbrahim peyğəmbərin nümunəsindən öyrəndiyimiz kimi, hətta bütün ömrünü Yehovaya xidmətə həsr edənlərin həyatı çətinliksiz ötüşmür (Yaq. 1:2; 1 But. 5:9). Aristotelis Apostolidisc qardaşın yaşadıqları buna bir sübutdur. O, 1946-cı ildə Yunanıstanda vəftiz olundu. 1952-ci ildə Eleni adlı bir bacı ilə nişanlandı. Onların ruhani məqsədi üst-üstə düşürdü. Amma Eleni bacı xəstələndi, ona beyin şişi diaqnozu qoyuldu. Şişi götürdülər, ancaq ailə qurandan bir neçə il sonra şiş yenidən yarandı. Həkimlər Eleni bacını yenidən əməliyyat etdilər, amma o, qismən iflic qaldı və bu, danışıq qabiliyyətinə zərər vurdu. Xəstəliyinə və həmin vaxt dövlət tərəfindən təqiblərə baxmayaraq, Eleni bacının xidmətdəki şövqü heç zaman sönmədi.
15 Aristotelis qardaş 30 il arvadının qayğısına qaldı. Bu illər ərzində o, ağsaqqal kimi xidmət edib, toplantı komitəsində olub və toplantı zallarının tikintisinə kömək edib. 1987-ci ildə təbliğdə olarkən Eleni bacının başına bədbəxt hadisə gəldi. O, üç il komada qaldıqdan sonra vəfat etdi. Aristotelis qardaş başına gələnlər barədə bioqrafiyasının sonunda belə sözlər deyir: «İllər ərzində üzləşdiyim ağır vəziyyətlər, çətinliklər və gözlənilməz sınaqlar hədsiz dərəcədə təmkin və dözüm tələb etdi. Amma Yehova həmişə mənə bütün bunlara sinə gərməyə güc verirdi» (Zəb. 94:18, 19). Yehova Onun yolunda çətinliklərə rəğmən əlində gələni edən xidmətçilərini çox sevir!
16. Neytan Norr qardaş həyat yoldaşına hansı gözəl məsləhəti vermişdi?
16 Diqqətinizi gələcəyə cəmləyin. İbrahim peyğəmbər bütün diqqətini Yehovanın ona gələcəkdə verəcəyi nemətlərə cəmləmişdi; bu ona çətinliklərə dözməyə kömək edirdi. Odri Haydd bacı daim özündə nikbin əhvali-ruhiyyəni qorumağa çalışırdı. Onun birinci həyat yoldaşı Neytan Norr xərçəngdən vəfat etdi, ikinci həyat yoldaşı Qlen Hayd isə Alsheymer xəstəliyinə tutuldu. Bacı deyir ki, Norr qardaşın ölümündən bir neçə həftə öncə dediyi sözlərin ona çox köməyi dəyib. Bacı bölüşür: «Norr mənə xatırlatdı: “Ölüm bizim üçün son deyil. Bizim ümidimiz gerçəkdir, biz daha heç vaxt əzab çəkməyəcəyik”. Sonra o məni təşviq etdi: “İrəli bax, mükafatının olduğu yerə bax... Boş durma, insanlar üçün daim nəsə et. Bu sənə həyatda sevinc bəxş edəcək”». Necə də gözəl məsləhətdir: boş durma, insanlar üçün yaxşılıq et, ümidinə sevin! (Rom. 12:12).
17. a) Nəyə görə gözümüzü gələcəyə dikmək üçün əsaslı səbəblərimiz var? b) Mikə 7:7 ayəsində yazılan əhvali-ruhiyyəyə sahib olmaq bizə gələcək nemətləri dadmağa necə kömək edəcək?
17 Bu gün gözümüzü gələcəyə dikmək üçün həmişəkindən daha çox səbəbimiz var. Dünyadakı hadisələr açıq-aşkar göstərir ki, biz axırzamanın axırında yaşayırıq. Çox tezliklə intizarımız bitəcək, artıq «əsil bünövrə üzərində tikilmiş şəhəri»n, Allahın Padşahlığının bütün yer üzünü idarə etməsini gözləməyə ehtiyac qalmayacaq. Aldığımız nemətlər saya-hesaba gəlməyəcək; bir intizar da bitəcək, dirilən doğmalarımıza qovuşacağıq. Həmin vaxt Yehova İbrahim peyğəmbərə imanına və səbrinə görə mükafat verəcək: onu və ailəsini yer üzündə həyata qaytaracaq. Bəs siz onları qarşılayanların arasında olacaqsınız? Ola bilərsiniz, əgər İbrahim peyğəmbər kimi Allahın Padşahlığı naminə qurbanlar verməyə hazır olsanız, problemlərə baxmayaraq, imanlı qalsanız və Yehovanı səbirlə gözləməyi öyrənsəniz. (Mikə 7:7 ayəsini oxuyun.)
NƏĞMƏ 74 Gəl Padşahlıq nəğməsini oxuyaq!
a Yehovanın vədlərinin gerçəkləşəcəyini gözləmək səbrimizi tükədə bilər, hətta imanımızı sınaya bilər. Səbirlə gözləməklə bağlı İbrahim peyğəmbərdən nə öyrənə bilərik? Bəs bizim dövrdəki Yehovanın xidmətçiləri bu sahədə hansı nümunəni qoyub?
b Bil Volden qardaşın bioqrafiyasını «Gözətçi qülləsi»nin 2013-cü il 1 dekabr sayının 8—10 səhifələrində (rus.) tapa bilərsiniz.
c Aristotelis Apostolidis qardaşın bioqrafiyasını «Gözətçi qülləsi»nin 2002-ci il 1 fevral sayının 24—28 səhifələrində (rus.) tapa bilərsiniz.
d Odri Hayd bacının bioqrafiyasını «Gözətçi qülləsi»nin 2004-cü il 1 iyul sayının 23—29 səhifələrində (rus.) tapa bilərsiniz.
e ŞƏKLİN İZAHI: Yaşlı ər-arvad çətinlikləri olmasına baxmayaraq, Yehovaya sədaqətlə xidmət edir. Onlar diqqətlərini Yehovanın gələcəklə bağlı vədlərinə cəmləməklə imanlarını möhkəm saxlayırlar.