Odlu göl nədir?
Müqəddəs Yazıların cavabı
Odlu göl əbədi məhvin rəmzidir. Odlu göl və Hinnom dərəsi eyni şeydir?
Simvolik yerdir
Müqəddəs Kitabda «odlu göl» ifadəsinə beş ayədə rast gəlinir. Bu ayələr odlu gölün rəmzi məna daşıdığını göstərir (Vəhy 19:20; 20:10, 14, 15; 21:8). Müqəddəs Kitabda odlu gölə bunların atıldığı deyilir:
İblis (Vəhy 20:10). Ruhani varlıq olan İblisin həqiqi oddan zərər görməsi mümkün deyil (Çıxış 3:2; Hakimlər 13:20).
Ölüm (Vəhy 20:14). Ölüm mücərrəd anlayışdır, o, həyatın olmadığı fəaliyyətsizlik vəziyyətidir (Vaiz 9:10). Ölümün hərfi mənada yanıb külə dönməsi mümkün deyil.
«Vəhşi heyvan» və «saxta peyğəmbər» (Vəhy 19:20). Bunlar rəmzi məna daşıdığından məntiqli olaraq atıldıqları yer də rəmzi məna daşıyır (Vəhy 13:11, 12; 16:13).
Əbədi məhvin rəmzi
Müqəddəs Kitabda deyilir ki, «odlu göl ikinci ölümü bildirir» (Vəhy 20:14; 21:8). Allahın Kəlamında adı çəkilən birinci ölüm Adəmin günahı nəticəsində dünyaya girən ölümdür. Onun vurduğu ziyan dirilmə vasitəsilə aradan qaldırılacaq və sonda ölüm Allah tərəfindən məhv ediləcək (1 Korinflilərə 15:21, 22, 26).
Rəmzi odlu göldən qurtuluş yoxdur
Odlu göl isə başqa ölümü — ikinci ölümü təmsil edir. O da tam fəaliyyətsizliyin rəmzi olsa da, birinci ölümdən fərqlənir: Müqəddəs Kitabda ikinci ölümdən dirilmənin olduğu deyilmir. Məsələn, Müqəddəs Kitabda «Ölüm ilə Məzarın» açarının İsa Məsihdə olduğu yazılıb. Bu isə İsa Məsihin insanları Adəmin günahı nəticəsində dünyaya girən ölümdən xilas etmək səlahiyyətinin olduğunu bildirir (Vəhy 1:18; 20:13). Lakin odlu gölün açarı nə İsadadır, nə də bir başqasında. Bu simvolik göl əbədi məhv cəzasını təmsil edir (2 Saloniklilərə 1:9).
Odlu göl ilə Hinnom dərəsi eyni şeydir
Hinnom dərəsi (yunanca geenna) ifadəsi Müqəddəs Kitabda 12 dəfə istifadə olunur. Odlu göl kimi, Hinnom dərəsi də əbədi məhvin rəmzidir. Müqəddəs Kitabın bəzi tərcümələrində bu ifadə «cəhənnəm» kimi tərcümə olunsa da, aşağıda izah olunduğu kimi, Hinnom dərəsi də, odlu göl kimi, hərfi yer deyil.
Müqəddəs Kitabın yazıldığı dövrdə Yerusəlimdən kənarda Hinnom adlanan bir dərə vardı. Şəhər sakinləri bu dərədən zibilxana kimi istifadə edirdilər. Zibilin yanıb külə dönməsi üçün həmişə orda od yanardı. Yananı yanırdı, yanmayanı da qurdlar yeyirdi.
İsa Məsihin Hinnom dərəsinin adını çəkməkdə məqsədi onun timsalında əbədi məhvi vurğulamaq idi (Matta 23:33). O demişdi ki, Hinnom dərəsində «qurdlar ölmür və alov heç vaxt sönmür» (Mark 9:47, 48). Bununla İsa Hinnom dərəsindəki vəziyyətə və Yeşaya 66:24 ayəsindəki peyğəmbərliyə istinad etdi: «Onlar eşiyə çıxanda Mənə qarşı üsyankar olanların meyitlərini görəcək. Meyitləri yeyən qurd ölməyəcək, onları yandıran alov sönməyəcək». İsanın çəkdiyi bu nümunə əzabları yox, tam məhvi təsvir edir. Qurdlar və alov canlı insanları yox, cəsədləri məhv edir.
Müqəddəs Kitabda Hinnom dərəsinə düşənlərin diriləcəyi deyilmir. Həm «odlu göl», həm də «odlu Hinnom dərəsi» ifadələri əbədi məhvin rəmzləridir (Vəhy 20:14, 15; 21:8; Matta 18:9).
«Onlar əbədiyyət boyu, gecə-gündüz əzab çəkəcəklər» nə deməkdir?
Əgər odlu göl məhvin rəmzidirsə, niyə Müqəddəs Kitabda İblisin, vəhşi heyvanın və saxta peyğəmbərin orada «əbədiyyət boyu, gecə-gündüz əzab çəkəcəklər»i deyilir? (Vəhy 20:10). Bu əzabların fiziki əzab olmadığını göstərən dörd faktı nəzərdən keçirək:
Şeytanın əbədiyyət boyu əzab çəkməsi üçün gərək o sağ ola. Ancaq Müqəddəs Kitab onun məhv ediləcəyini deyir (İbranilərə 2:14).
Əbədi həyat Allahın cəzası yox, ənamıdır (Romalılara 6:23).
Vəhşi heyvan və saxta peyğəmbər rəmzidir. Buna görə də onların hərfi mənada əzab çəkməsi mümkün deyil.
Müqəddəs Kitabın konteksti göstərir ki, İblisin əzab çəkməsi onun əbədiyyən məhdudlaşdırılacağı, yəni məhv ediləcəyi deməkdir.
Müqəddəs Kitabda istifadə olunan «əzab» sözü «məhdud vəziyyətdə olmaq» mənasını da verir. Məsələn, Matta 18:34 ayəsinin orijinal yunan mətnində istifadə olunan «işgəncə verənlər» ifadəsi bir çox tərcümələrdə «dustaqxana gözətçiləri» kimi tərcümə edilib. Eynilə, Matta 8:29 və Luka 8:30, 31 ayələrində «əzab» tam fəaliyyətsizliklə, yəni ölümü bildirən məcazi bir yerlə — «dibsiz dərinlik»lə eyniləşdirilir (Romalılara 10:7; Vəhy 20:1, 3). «Vəhy» kitabında «əzab» sözü bir neçə dəfə rəmzi mənada işlədilib (Vəhy 9:5; 11:10; 18:7, 10).