Çıxış
3 Musa Mədyən kahini olan qayınatası Yətranın*+ sürüsünü otarardı. Bir gün o, sürünü səhranın qərb tərəfinə apararkən gəlib Huribə, Allahın dağına çıxdı.+ 2 Bu zaman Yehovanın mələyi kolun ortasından qalxan alovda ona göründü.+ Musa baxıb gördü ki, kol alov içində olsa da, yanıb kül olmur. 3 Musa dedi: «Gedim bu qəribə mənzərəyə yaxından baxım. Görüm kol niyə yanıb kül olmur». 4 Yehova Allah Musanın kola tərəf gəldiyini görüb kolun içindən onu səslədi: «Musa! Musa!» O: «Bəli!» — deyə cavab verdi. 5 Allah dedi: «Bura yaxınlaşma. Ayağından səndəli çıxar, çünki durduğun yer müqəddəsdir».
6 Allah sözünə davam etdi: «Mən atanın Allahı, İbrahimin Allahı+, İshaqın+ və Yaqubun Allahıyam».+ Onda Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu. 7 Yehova dedi: «Misirdəki xalqımın əzab-əziyyətini görürəm. Onları qul kimi işlədənlərin əlindən etdikləri fəryadları eşidirəm, nə çəkdiklərindən agaham.+ 8 Mən yerə enib onları misirlilərin əlindən qurtaracağam,+ onları o torpaqdan çıxarıb, gözəl, geniş məmləkətə, süd-bal axan bir diyara,+ kənanilərin, hetlərin, amorilərin, fərizilərin, hivilərin və yəbusilərin yaşadığı torpağa aparacağam.+ 9 Bəli, israillilərin ah-naləsi gəlib Mənə çatıb, misirlilərin onlara necə zülm verdiyini görürəm.+ 10 Buna görə də səni fironun yanına göndərirəm, sən xalqım İsraili Misirdən çıxaracaqsan».+
11 Musa isə Allaha dedi: «Mən kiməm ki, fironun yanına gedim, israilliləri Misirdən çıxarım?» 12 Allah dedi: «Mən səninlə olacağam.+ Səni Mənim göndərdiyimə əlamət bu olacaq: xalqı Misirdən çıxardıqdan sonra gəlib bu dağda+ birlikdə Mənə, tək olan Allaha ibadət edəcəksiniz».
13 Ancaq Musa Allahdan soruşdu: «Tutalım, israillilərin yanına getdim və onlara: “Məni sizin yanınıza ata-babalarınızın Allahı göndərib”, — dedim. Bəs onlar “Onun adı nədir?”+ soruşsalar, onda nə cavab verim?» 14 Allah Musaya dedi: «Kim İstəsəm, Olacağam*»+ və əlavə etdi: «İsraillilərə belə deyərsən: “Məni sizin yanınıza Olacağam göndərib”».+ 15 Allah Musaya təkrarən dedi:
«İsraillilərə belə söylə: “Məni sizin yanınıza ata-babalarınızın Allahı, İbrahimin Allahı,+ İshaqın Allahı,+ Yaqubun Allahı+ Yehova* göndərib”. Adım əbədilik budur,+ nəsildən-nəslə Məni bu adla yadda saxlayacaqlar. 16 İndi isə get, İsrail ağsaqqallarını toplayıb onlara de: “Ata-babalarınızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı Yehova mənə görünüb dedi: “Sizin halınız və Misirdə nələr çəkdiyiniz nəzərimdən yayınmayıb+. 17 Odur ki, sizi misirlilərin zülmündən qurtarıb+ kənanilərin, hetlərin, amorilərin+, fərizilərin, hivilərin və yəbusilərin torpağına,+ süd-bal axan diyara+ aparacağam”.
18 İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar.+ Birlikdə Misir padşahının yanına gedib padşaha deyərsiniz: “İbranilərin+ Allahı Yehova bizimlə danışdı. Rica edirik, izin ver, səhrada üç gün yol gedib Allahımız Yehovaya qurban gətirək”.+ 19 Amma bilirəm ki, Misir padşahı öz xoşuna sizi buraxmayacaq.+ 20 Buna görə də əlimi qaldırıb Misiri vuracağam, orada fövqəlbəşər hadisələr törədəcəyəm. Bundan sonra Misir padşahı sizi buraxacaq.+ 21 Elə edəcəyəm ki, misirlilər sizə yaxşı münasibət göstərəcək, oradan əlidolu çıxacaqsınız.+ 22 Qoy hər qadın qonşusundan və evində qalan qadından qızıl-gümüş əşyalar, pal-paltar istəsin. Bunları oğullarınıza, qızlarınıza geyindirəcəksiniz. Misirlilərin var-yoxunu əllərindən alacaqsınız».+