Ölənlər üçün həqiqi ümid
«ANALIĞIM 1981-ci ildə xərçəng xəstəliyindən həyatını itirdi. Onun ölümü həm mənim üçün, həm də ögey qardaşım üçün böyük zərbə idi. Mənim 17, qardaşımın isə 11 yaşı vardı. Anam üçün çox darıxırdım. Mənə demişdilər ki, o, indi göydədir. Buna görə də onunla olmaq üçün öz həyatıma son qoymaq istəyirdim. O, mənim ən yaxşı dostum idi». 25 yaşlı bir qız bu sözlərlə keçirdiyi hissləri bölüşür.
Ölümün sevdiyimiz insanı əlimizdən alması çox ədalətsiz görünür. Bu baş verəndə daha onunla heç vaxt gülüb-danışmayacağımızı, yaxud ona sarılmayacağımızı bilmək insanı daha da qəmgin edir. Ölən əzizimizin göydə olduğunun deyilməsi isə bu ağrını zərrə qədər də azaltmır.
Lakin Müqəddəs Kitabda tam başqa bir ümiddən danışılır. Yuxarıda qeyd etdiyimiz kimi, Müqəddəs Kitab göstərir ki, yaxın gələcəkdə ölən əzizlərimizlə yenidən görüşmək imkanımız olacaq və bu, naməlum göylərdə yox, elə burada, sülhün, salehleyin hökm sürəcəyi yer üzündə olacaq. Həmin vaxt insanların mükəmməl sağlamlığı olacaq və onların qarşısında ölümü bir daha dadmamaq imkanı açılacaq. Lakin kim isə deyə bilər: «Bu, sadəcə olaraq bir arzudur».
Bunun həqiqi ümid olmasına sizi nə inandırardı? Vədə inanmaq üçün insan əvvəlcə əmin olmalıdır ki, vədi verən bunu etməyi həm istəyir, həm də bunu etməyə qadirdir. Belə isə, ölülərin yenidən yaşayacağı vədini verən kimdir?
Eramızın 31-ci ilinin yazında İsa Məsih tam əminliklə vəd etmişdi: «Ata ölüləri dirildib onlara həyat verdiyi kimi, Oğul da ürəyi istədiyi adamlara həyat verir. Buna heyrət etməyin, çünki elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun səsini eşidəcək,.. diriləcəklər» (Yəhya 5:21, 28, 29). Bəli, İsa Məsih vəd etmişdi ki, ölən milyonlarla insan yer üzündə sülh və cənnət şəraitində əbədi yaşamaq üçün həyata qaytarılacaq. (Luka 23:43; Yəhya 3:16; 17:3; Zəbur 37:29 və Mətta 5:5 ayələri ilə müqayisə edin.) Əgər İsa bu vədi verirsə, deməli, tam əminliklə deyə bilərik ki, onun bunu etməyə istəyi də var. Bəs o, bunu edə bilərmi?
Bu vədin üstündən iki il keçməmiş, İsa insanları diriltməyi həm istədiyini, həm də bunu etmək qüvvəsində olduğunu möhtəşəm surətdə nümayiş etdirdi.
«İlazər, çölə çıx!»
Bu, ürəyi riqqətə gətirən bir hadisə idi. İlazər bərk xəstə idi. Onun iki bacısı, Məryəm və Marta İordan çayının o tərəfində olan İsaya xəbər göndərib dedilər: «Ağa, əziz dostun xəstədir» (Yəhya 11:3). Onlar bilirdilər ki, İsa İlazəri çox sevir. Belə isə o, xəstə dostunu görmək istəməzdimi? Qəribədir ki, İsa yubanmadan Beytaniyyəyə getmək əvəzinə, hələ iki gün də olduğu yerdə qaldı (Yəhya 11:5, 6).
Xəstəliyi haqqında xəbər göndəriləndən bir qədər sonra İlazər öldü. İsa İlazərin öldüyünü bilirdi və bununla bağlı bir tədbir görmək niyyətində idi. İsa Beytaniyyəyə gəlib çatanda onun əziz dostu artıq dörd gün idi ki, ölmüşdü (Yəhya 11:17, 39). İsa bu neçə günü ölü olan adamı həyata qaytara biləcəkdimi?
İsanın gəlişini eşidən kimi zirək qadın olan Marta onu qarşılamağa qaçdı. (Luka 10:38—42 ayələri ilə müqayisə edin.) Martanın kədərindən təsirlənən İsa onu arxayın etdi: «Qardaşın diriləcəkdir». Marta gələcək dirilməyə imanını bildirəndə İsa aydın şəkildə dedi: «Dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də, həyata qayıdacaq» (Yəhya 11:20—25).
İsa sərdabəyə yaxınlaşanda onun ağzındakı daşı qırağa çəkməyi əmr etdi. Sonra ucadan dua edib dedi: «İlazər, çölə çıx!» (Yəhya 11:38—43).
Hamının gözü sərdabədə idi. Birdən qaranlıqdan kimsə göründü. Onun əl-ayağı sarğılarla bağlanmış, üzü isə dəsmalla örtülmüşdü. «Kəfənini açın, azad olsun», — deyə İsa əmr etdi. Və budur, sonuncu sarğı açıldı və yerə düşdü. Bəli, bu İlazər idi — dörd gün bundan qabaq ölən adam! (Yəhya 11:44).
Doğrudanmı bu baş verib?
Yəhyanın Müjdəsində İlazərin dirilməsi haqqındakı məlumat tarixi fakt kimi təqdim olunub. Verilən təfsilatlar elə aydın təsvir olunur ki, bu, sadəcə nağıl ola bilməz. Onun doğruluğunu şübhə altına almaq, İsa Məsihin dirilməsi də daxil olmaqla, Müqəddəs Kitabda olan bütün möcüzələri şübhə altına almaq deməkdir. İsanın dirilməsini inkar etmək isə, bütün məsihiliyi inkar etmək deməkdir (1 Korinflilərə 15:13—15).
Əslində, Allahın varlığına inanan insan üçün dirilməyə inanmaq çətin olmamalıdır. Məsələn, kimsə son istəyini və vəsiyyətini videolentə yaza bilər və öləndən sonra qohumları və dostları həmin lentdə mirasın necə bölüşdürüldüyünə baxarkən onu görüb eşidə bilərlər. Yüz illər bundan əvvəl bu cür şeylər ağlasığmaz idi. Planetimizin ucqar yerlərində yaşayan insanlar üçün indi də video çəkilişi möcüzə kimi görünə bilər. Əgər Yaradan tərəfindən əsası qoyulan bu elmi prinsiplərdən istifadə edərək insanlar görünən və eşidilən səhnələr yaradırlarsa, Yaradanın Özü daha çox şey edə bilməzmi? Bəs belə isə, həyatı bir dəfə yaradanın onu yenidən yaratmağa qadir olması məntiqəuyğun deyilmi?
İlazərin dirilməsi İsaya və dirilməyə imanı möhkəmləndirmişdi (Yəhya 11:41, 42; 12:9—11, 17—19). Bu hadisə Yehovanın və Onun Oğlunun dirilməni həyata keçirməyə həm hazır olduqlarını, həm də bunu arzuladıqlarını aydın şəkildə göstərir.
Allah həsrətini çəkəcək
İlazərin ölümünə münasibəti Allahın Oğlunun zərif hisslərini üzə çıxarır. Bu hadisə baş verərkən onun keçirdiyi dərin hisslər aydın göstərir ki, o, ölüləri diriltməyi çox arzulayır. Biz oxuyuruq: «Məryəm İsanın durduğu yerə gəldi və onu görəndə ayaqlarına yıxılıb dedi: “Ağa, sən burada olsaydın, qardaşım ölməzdi”. İsa Məryəmin və onunla gəlmiş yəhudilərin ağlaşdığını görəndə bərk qəhərləndi və dərindən ah çəkib soruşdu: “Onu hara qoymusunuz?” Ona dedilər: “Ağa, gedək bax”. İsa ağladı. Onda yəhudilər dedilər: “Gör onu necə çox istəyirdi!”» (Yəhya 11:32—36).
İsanın ürəkdən şəfqət göstərdiyi üç şeydə təzahür olunur: İsa «qəhərləndi», «dərindən ah çəkdi» və «ağladı». Orijinal mətndə bu təsirli səhnənin təsviri üçün istifadə olunan sözlər göstərir ki, əziz dostu İlazərin ölümünə və onun bacısının ağlamasına görə İsa o qədər mütəəssir olmuşdu ki, bərk qəhərlənmişdia.
Qeyd etmək lazımdır ki, İsa bundan qabaq iki nəfəri həyata qaytarmışdı. O, İlazər üçün də eyni şeyi edəcəkdi (Yəhya 11:11, 23, 25). Buna baxmayaraq o «ağladı». Beləliklə, insanları həyata qaytarmaq İsa üçün sadəcə bir iş deyil. Bu hadisə zamanı göstərdiyi zərif və dərin hisslər onun ölümü məhv etməyi arzuladığını aydın göstərir.
İlazəri dirildərkən İsanın göstərdiyi zərif hisslərdən aydın olur ki, onda ölümün vurduğu zərəri aradan qaldırmaq üçün güclü istək var
İsa Yehova Allahın varlığının dəqiq əksi olduğu üçün haqlı olaraq səmavi Atamızdan da bütün bunları gözləyə bilərik (İbranilərə 1:3). Dirilməni həyata keçirməyə Yehovanın istəyi olduğu barədə sadiq Əyyub demişdi: «İnsan ölsə, bir də yaşarmı?... Sən çağıracaqsan, mən hay verəcəyəm, əllərinin işinin həsrətini çəkəcəksən» (Əyyub 14:14, 15). Orijinal mətndən «həsrətini çəkəcəksən» kimi tərcümə olunan söz Allahın bunu ürəkdən gözlədiyini və arzuladığını göstərir (Yaradılış 31:30; Zəbur 84:2). Aydındır ki, Yehova dirilməni intizarla gözləyir.
Dirilmənin olacağı vədinə həqiqətən də inana bilərikmi? Bəli, şübhə yoxdur ki, Yehova və Onun Oğlu insanların dirilməsini həm istəyirlər, həm də bunu etməyə qadirdirlər. Bu, sizin üçün hansı mənanı daşıyır? Sizin ölən əzizlərinizlə gələcəkdə burada, yer üzündə, lakin tam başqa şəraitdə yenidən qovuşmaq imkanınız var!
İlk dəfə insanları gözəl bir bağda yerləşdirən Yehova Allah vəd verib ki, izzətlənmiş İsanın rəhbərliyində olan səmavi Padşahlığın hakimiyyəti altında Cənnəti bərpa edəcək (Yaradılış 2:7—9; Mətta 6:10; Luka 23:42, 43). Həmin bərpa olunmuş Cənnətdə bəşər ailəsi həyatdan daim həzz alacaq, dərdlərdən və xəstəliklərdən azad olacaq. (Vəhy 21:1—4; müqayisə et: Əyyub 33:25; Əşiya 35:5—7.) Bütün nifrət, irqi ayrı-seçkilik, etnik ədavət və iqtisadi çətinlik arxada qalacaq. Pisliklərdən təmizlənmiş həmin yer üzündə Yehova Allah İsa Məsihin vasitəsilə ölüləri dirildəcək.
İsa Məsihin fidyə qurbanlığına əsaslanan dirilmə xalqlara sevinc gətirəcək
Bu hissənin başlanğıcında haqqında danışılan məsihi qadın məhz bu ümidlə yaşayır. Anası öləndən bir neçə il sonra Yehovanın Şahidləri ona Müqəddəs Kitabı dərindən araşdırmağa kömək etdilər. O xatırlayır: «Dirilməyə olan ümidi biləndə mən ağladım. Anamı yenidən görəcəyimi bilmək çox sevindirici idi».
Əgər siz də ölən əzizlərinizi yenidən görmək həsrəti ilə yaşayırsınızsa, Yehovanın Şahidləri səmimi-qəlbdən kömək edə bilərlər ki, bu ümid sizin üçün də real olsun. Siz ərazinizdə olan ibadət evində onlarla görüşə və ya 32-ci səhifədə göstərilən ünvanlardan sizə yaxın olanına yaza bilərsiniz.
a «Qəhərləndi» kimi tərcümə olunan yunan feili (embrimáomai) kədərlənmək, yaxud dərindən təsirlənmək mənasını verir. Bir Müqəddəs Kitab alimi qeyd edir: «Burada yalnız o nəzərdə tutula bilər ki, İsanı çulğayan hisslər çox güclü olduğu üçün onun ürəyindən qeyri-iradi bir inilti qopmuşdu». «Dərindən ah çəkdi» kimi tərcümə olunan yunan sözü (tarásso) daxili iztirabı bildirir. Bir dilçinin fikrincə, bu ifadə «kiməsə daxili sarsıntı vermək... onu dərin kədər və qüssəyə qərq etmək» deməkdir. «Ağladı» sözü «göz yaşı tökmək, sakitcə ağlamaq» mənasını verən yunan feilindən (dakrío) əmələ gəlib.