TƏLİM MƏQALƏSİ 1
«Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz»
2022-Cİ İLİN AYƏSİ: «Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz» (ZƏB. 34:10).
NƏĞMƏ 4 «Yehova qayğıkeş Çobanımdır»
İCMALa
1. Davud hansı çətin vəziyyətlə üzləşmişdi?
İSRAİLİN qüdrətli padşahı Talut Davudu öldürmək istəyirdi. Buna görə də Davud canını qorumaq üçün qaçaq həyat yaşayırdı. Davudun yeməyə ehtiyacı olanda Nub şəhərinə gəlmişdi və orada kahindən cəmi-cümlətanı beş kömbə çörək istəmişdi (1 İşm. 21:1, 3). Sonra o, adamları ilə birgə mağaraya sığınmışdı (1 İşm. 22:1). Davud bu vəziyyətə necə düşmüşdü?
2. Talut padşah öz başına necə bəla açmışdı? (1 İşmuil 23:16, 17).
2 Talut padşah Davuda qazandığı qələbələrə, ad-sanına görə paxıllıq edirdi. Talut həmçinin bilirdi ki, itaətsizliyinə görə Yehova onu İsrailin padşahı kimi rədd edib və onun yerinə Davudu seçib. (1 İşmuil 23:16, 17 ayələrini oxuyun.) Amma hələ İsrailin padşahı olduğu üçün Talutun böyük ordusu və çoxlu tərəfdarları var idi. Buna görə də Davud canını qurtarmaq üçün qaçmalı olmuşdu. Doğrudanmı, Talut düşünürdü ki, Yehovanın Davudla bağlı niyyətinə qarşı çıxa bilər? (Əşy. 55:11). Müqəddəs Kitabda bu barədə heç nə deyilmir, amma biz bir şeyə əminik: Talut başına böyük bəla açmışdı. Allaha qarşı çıxanlar məğlubiyyətə məhkumdur!
3. Davud çətin vəziyyətinə baxmayaraq, hansı əhvali-ruhiyyədə idi?
3 Davud şöhrətpərəst insan deyildi. O, İsrailin padşahı olmağa can atmırdı. Davudu padşah kimi Yehova seçmişdi (1 İşm. 16:1, 12, 13). Talut isə ona qatı düşmən kimi yanaşırdı. Həyatı təhlükədə olsa da, Davud Yehovanı günahlandırmırdı. Onun yetərincə yeməyi yox idi, mağarada gizlənməli olurdu, amma o, Yehovaya gileylənmirdi. Bəlkə də, elə həmin mağarada gizləndiyi vaxt Yehovaya gözəl həmd nəğməsi bəstələmişdi; əsas ayədəki «Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz» sözlərini demişdi (Zəb. 34:10).
4. Hansı sualları araşdıracağıq və nəyə görə bu sualları araşdırmaq vacibdir?
4 Bu gün bir çox dindaşlarımız maddi sıxıntı çəkir. Bəzən onlar kifayət qədər yeməyə, yaxud digər zəruri şeylərə ehtiyac duyurlarb. Pandemiya dövründə isə daha çox bacı-qardaşımız bu kimi çətinliklərlə üzləşib. «Böyük müsibət» yaxınlaşdıqca, ola bilsin, daha böyük çətinliklərlə üzləşəcəyik (Mət. 24:21). Buna görə də gəlin növbəti dörd sualı araşdıraq: Davud hansı mənada «heç bir nemətdən korluq» çəkmirdi? Nəyə görə qane olmağı öyrənməliyik? Nə üçün əmin ola bilərik ki, Yehova qeydimizə qalacaq? İndidən gələcəyə necə hazırlaşa bilərik?
«MÖHTAC OLMARAM»
5, 6. Zəbur 23:1—6 ayələri Davudun «Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz» sözlərini başa düşməyə necə kömək edir?
5 Davud «Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz» deyəndə nəyi nəzərdə tuturdu? Bunu başa düşmək üçün gəlin 23-cü məzmuru araşdıraq. O, buna bənzər ifadəni bu məzmurda da istifadə etmişdi. (Zəbur 23:1—6 ayələrini oxuyun.) Davud bu məzmuru növbəti sözlərlə başlayır: «Yehova mənim Çobanımdır, möhtac olmaram». Növbəti ayələrdə isə Davud həqiqi dəyərə malik olan şeylərdən — Yehovanın onun Çobanı olması sayəsində aldığı bol ruhani nemətlərdən danışır. Deyir ki, Yehova onu «salehlik yolları ilə aparır», pis günündə də, yaxşı günündə də həmişə ona dayaq olur. Davud bilirdi ki, Yehovanın «yaşıl otlaqlar»ında onun həyatı çətinliksiz ötüşməyəcək. O, bəzən «qaranlıq dərədən» keçəcək, yəni kədərli anları olacaq, həmçinin bəzi insanlar ona düşmən kəsiləcək. Amma Yehova kimi qayğıkeş Çobanı olduğuna görə heç nə onu qorxutmayacaq.
6 Deməli, Davud hansı mənada «heç bir nemətdən korluq» çəkmirdi? Onun Yehova ilə möhkəm dostluğunu qoruması üçün lazım olan hər şeyi var idi. Davudun xoşbəxtliyi maddi şeylərdən asılı deyildi. O, Yehovanın verdikləri ilə qane olurdu. Onun üçün ən önəmlisi Yehovanın rəğbətini və müdafiəsini duymaq idi.
7. Luka 21:20—24 ayələrinə əsasən, birinci əsrdə Yəhudiyyədə yaşayan məsihilər hansı vəziyyətlə üzləşmişdilər?
7 Davudun sözlərindən maddi şeylərə tarazlı yanaşmağın nə qədər vacib olduğunu görürük. Düzdür, sahib olduğumuz mal-mülkdən istifadə etməkdə pis heç nə yoxdur, amma bu şeylər bizim üçün həddən artıq vacib olmamalıdır. Birinci əsrdə Yəhudiyyədə yaşayan məsihilər bu vacib həqiqəti başa düşdülər. (Luka 21:20—24 ayələrini oxuyun.) İsa onlara xəbərdar etmişdi ki, vaxt gələcək, qoşunlar Yerusəlimi mühasirəyə alacaq. Bu zaman onlar dağlara qaçmalı idilər. Bunun nəticəsində onlar çox şeylərini itirəcəkdilər, amma həyatlarını qazanacaqdılar. Bu hadisə ilə bağlı «Gözətçi qülləsi» jurnalının bir neçə il əvvəlki sayında belə deyilmişdi: «Onlar tarlalarını, evlərini, hətta evlərindəki əşyalarını qoyub qaçmışdılar. Əmin idilər ki, Yehova onları qoruyacaq və qayğılarına qalacaq. Ona görə də ibadəti vacib görünən istənilən şeydən üstün tutdular».
8. Birinci əsrdə Yəhudiyyədə yaşayan məsihilərin başına gələnlərdən hansı vacib dərsi öyrənirik?
8 Birinci əsrdə Yəhudiyyədə yaşayan məsihilərin üzləşdiklərindən hansı vacib dərsi öyrənirik? Həmin «Gözətçi qülləsi» jurnalında belə yazılmışdı: «Ola bilsin, maddi şeylərə münasibətimiz sınanacaq. Həmin vaxt məlum olacaq, bizim üçün daha vacib bunlardır, yoxsa Allaha sadiq kəslərə nəsib olacaq xilas. Bəli, biz “qaçarkən” müəyyən çətinliklərlə üzləşəcəyik, nələrdənsə məhrum olacağıq. Birinci əsrdə Yəhudiyyədən qaçan məsihilər kimi, biz də istənilən qurbanı verməyə hazır olmalıyıq»c.
9. Həvari Bulusun ibranilərə verdiyi məsləhət sizi nəyə əmin edir?
9 Təsəvvür edirsiniz, həmin məsihilər üçün hər şeylərini qoyub getmək, yeni həyata başlamaq nə qədər çətin idi? Bu məsihilər Yehovanın onların zəruri ehtiyaclarının qeydinə qalacağına etibar etdilər. Bunun üçün iman lazım idi. Onlara bu sahədə bir şey kömək etmişdi. Bu, həvari Bulusun ibranilərə verdiyi bəzi dəyərli məsləhətlər idi. Yerusəlim romalılar tərəfindən mühasirəyə alınmamışdan beş il əvvəl o yazmışdı: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun, çünki Allah deyib: “Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm”. Buna görə də biz cəsarətlə deyirik: “Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!”» (İbr. 13:5, 6). Şübhəsiz, o kəslər ki romalıların hücumundan əvvəl Bulusun bu məsləhətinə əməl etmişdi, onlar yeni ərazidə sadə həyata daha asan uyğunlaşdılar. Onlar əmin idi ki, Yehova onların əsas ehtiyaclarını təmin edəcək. Bulusun sözləri bizdə də bu cür əminlik hasil edir.
«BUNLARA QANE OLACAĞIQ»
10. Bulusun bizimlə bölüşdüyü «sirr» nədir?
10 Həvari Bulus Timutiyə də eyni məsləhəti vermişdi və bu bizə də aiddir. O yazmışdı: «Buna görə də yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq» (1 Tim. 6:8). Bu o deməkdirmi ki, gözəl evimiz, yaxşı yeməyimiz olmamalıdır və ya hərdənbir təzə paltar almamalıyıq? Bulusun çatdırmaq istədiyi fikir bu deyil. O deyir ki, biz maddi cəhətdən nəyimiz varsa, ona qane olmalıyıq (Filip. 4:12). Bulusun «sirri» bu idi. Bizim ən dəyərli xəzinəmiz sahib olduğumuz hansısa maddi şey yox, Yehova ilə münasibətimizdir (Həb. 3:17, 18).
11. Musa peyğəmbərin israillilərə dediyi sözlərdən qane olmaqla bağlı nə öyrənirik?
11 Bizim tələbatlarımıza olan baxışımızla Yehovanın baxışı fərqlənə bilər. Görün israillilər qırx il səhrada olandan sonra Musa peyğəmbər hansı sözləri yazmışdı: «Allahınız Yehova hər işinizi avand edib. Bu böyük səhrada atdığınız hər addım Ona agahdır. Bu qırx il ərzində Allahınız Yehova sizinlə olub, siz heç nədən korluq çəkməmisiniz» (Qan. 2:7). Qırx il ərzində Yehova israillilərə manna yetirmişdi. Onların paltarları — Misirdən çıxarkən əyinlərində olan paltarları heç süzülməmişdi (Qan. 8:3, 4). Bəlkə də, bu, kiməsə azlıq edirdi, amma Musa israillilərə xatırlatdı ki, onların ehtiyac duyduqları hər şeyləri var idi. Əgər biz qane olmağı öyrənsək — Yehovanın bizə yetirdiyi hətta xırda şeylərə görə minnətdar olsaq, bunlara Yehovanın bərəkəti kimi baxsaq və bunlara görə şükür etsək, Yehovanın qəlbini şad edəcəyik.
YEHOVANIN QAYĞINIZA QALACAĞINA ƏMİN OLUN
12. Davudun özünə yox, Yehovaya güvəndiyini nə göstərir?
12 Davud bilirdi ki, Yehova sədaqətli Allahdır və Onu sevənlərlə yaxından maraqlanır. Davud 34-cü məzmuru yazanda onun həyatı təhlükə altında idi. Amma o, iman gözü ilə Yehovanın mələyinin onun «ətrafında düşərgə» qurduğunu görmüşdü (Zəb. 34:7). Yəqin Davud Yehovanın mələyini düşərgə qurub keşiş çəkən əsgərə bənzətmişdi. Baxmayaraq ki, Davud özü şücaətli döyüşçü idi və Yehova ona tax-tac vəd etmişdi, o öz qabiliyyətinə güvənmirdi. Düşünmürdü ki, sapand ataraq, qılınc oynadaraq düşməni məğlub edə bilər (1 İşm. 16:13; 24:12). O, Yehovaya bel bağlayırdı və Yehovanın mələyinin «Ondan qorxanları xilas» edəcəyinə əmin idi. Düzdür, biz bu günləri möcüzəvi şəkildə müdafiə olunacağımızı gözləmirik. Amma bilirik ki, Yehovaya güvənənlərə heç kim və heç nə sağalmaz yara vura bilməz.
13. Məcuc ölkəsindən olan Yəcuc hücum edən zaman nəyə görə biz müdafiəsiz görünəcəyik? Bəs həmin vaxt qorxmamaq üçün hansı əsasımız olacaq? (Üz qabığındakı şəklə baxın.)
13 Yaxın gələcəkdə Yehovanın bizi qorumağa qadir olduğuna imanımız sınanacaq. Məcuc ölkəsindən olan Yəcuc, yəni xalqlar birliyi Allahın xalqına hücum edəndə, bəlkə də, bizə elə gələcək ki, həyatımız təhlükə altındadır. Həmin vaxt Yehovanın bizi qorumağa qadir olduğuna və bunu edəcəyinə əmin olmalıyıq. Xalqların gözündə biz müdafiəsiz görünəcəyik (Hizq. 38:10—12). Bizim nə silahımız olacaq, nə də döyüş təlimi keçmiş olacağıq. Onlar bizə rahat loğma kimi baxacaqlar. Onlar bizim iman gözümüzlə gördüyümüzü — Allahın xalqının ətrafında düşərgə salan və bizi qorumaq üçün hazır duran mələklər ordusunu görməyəcəklər. Necə görsünlər?! Axı, onların iman gözləri bağlıdır. Görün indi göylərin ordusunun bizim müdafiəmizə gəldiyini görəndə onlar necə dəhşətə düşəcəklər! (Vəhy 19:11, 14, 15).
İNDİDƏN GƏLƏCƏYƏ HAZIRLAŞIN
14. Gələcəyə hazırlaşmaq üçün indidən hansı addımları ata bilərik?
14 Gələcəyə hazırlaşmaq üçün indidən nə edə bilərik? Hər şeydən öncə, biz maddi şeylərə tarazlı yanaşmalıyıq. Başa düşməliyik ki, bir gün gələcək sahib olduğumuz şeylərdən vaz keçməli olacağıq. Həmçinin qane olmağı bacarmalıyıq və bizə ən böyük sevinci Yehova ilə münasibətlərimiz gətirməlidir. Allahımızı nə qədər yaxşı tanısaq, Məcuc ölkəsindən olan Yəcucun hücumu zamanı Onun bizi qoruyacağına əminliyimiz bir o qədər güclü olacaq.
15. Gənc yaşında üzləşdiyi hansı hadisələr Davudu Yehovanın onu heç vaxt atmayacağına əmin etmişdi?
15 Gəlin görək Davuda başqa nə kömək etmişdi və bu bizə sınaqlara hazırlaşmağa necə kömək edə bilər. Davud deyir: «Dadın, görün necə gözəldir Yehova, Ona sığınan nə bəxtiyardır!» (Zəb. 34:8). Bu sözlər Davudun Yehovaya bel bağlamasının səbəbini göstərir. Davudun Yehovaya güvəndiyi vaxtlarda Yehova onu heç vaxt atmamışdı. Gənc yaşlarında Davud filiştli Calutla üz-üzə gəlmişdi və bu cəngavərə belə demişdi: «Bu gün Yehova səni mənə təslim edəcək» (1 İşm. 17:46). Daha sonra Davud Talut padşahın qulluğunda duran zaman padşah dəfələrlə Davudu öldürməyə cəhd etmişdi. Ancaq «Yehova Davudla idi» (1 İşm. 18:12). Keçmişdə Yehovanın köməyini gördüyü üçün Davud bilirdi ki, indiki çətinlikləri zamanı da Yehovaya arxalana bilər.
16. Biz Yehovanın necə gözəl Allah olduğunu hansı yollarla «dada» bilərik?
16 İndidən hər sahədə Yehovanın verdiyi rəhbərliyə etibar etsək, gələcəkdə Onun bizi xilas etməyə qadir olduğuna əminliyimiz bir o qədər möhkəm olacaq. Bizim ürəyimizdə iman və istək olmalıdır ki, Yehovaya etibar edib müdirimizdən toplantılarda iştirak etmək üçün icazə alaq, yaxud ondan bütün yığıncaq görüşlərinə qatılmaq və xidmətdə daha çox iştirak etmək üçün iş cədvəlimizdə dəyişiklik etməsini xahiş edək. Tutaq ki, müdirimiz bizim xahişimizi nəzərə almadı və işimizi itirdik. Belə vəziyyətdə Yehovanın bizi heç vaxt atmayacağına və zəruri ehtiyaclarımızı təmin edəcəyinə iman edəcəyik? (İbr. 13:5). Tamvaxtlı xidmətçilərin bir çoxu Yehovanın onların ən çətin anlarında necə dadına çatdığını öz təcrübələrindən deyə bilərlər. Yehova sədaqətli Allahdır.
17. 2022-ci ilin ayəsi hansıdır və nəyə görə bu ayə yerinə düşür?
17 Yehova bizimlədir, buna görə də gələcəkdə üzləşəcəyimiz sınaqlar bizi qorxutmamalıdır. Nə qədər ki Yehovanın iradəsini həyatımızda hər şeydən üstün tuturuq, O bizi heç vaxt tərk etməyəcək. Qarşıdakı sınaqlara indidən hazırlaşmağın və Yehovanın bizi heç vaxt atmayacağına etibar etməyin vacibliyini xatırlatmaq üçün Rəhbərlik Şurası Zəbur 34:10 ayəsini 2022-ci ilin ayəsi seçib: «Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz».
NƏĞMƏ 38 Allah səni güclü edəcək
a 2022-ci ilin ayəsi Zəbur 34:10 ayəsinə əsaslanıb: «Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz». Yehovanın bir çox xidmətçisinin maddi imkanı zəifdir. Bəs onda nəyə əsasən deyə bilərik ki, onlar heç bir nemətdən korluq çəkmir? Bu ayənin mənasını başa düşməyimiz bizə gələcəkdə üzləşəcəyimiz sınaqlara hazırlaşmağa necə kömək edir?
b «Gözətçi qülləsi» jurnalının 2014-cü il 15 sentyabr sayında yerləşən «Oxucuların sualları» rubrikasına baxın.
c «Gözətçi qülləsi» jurnalının 1999-cu il 1 may sayının 19-cu səhifəsinə (rus.) baxın.
d ŞƏKLİN İZAHI. Davud Talut padşahın əlindən qaçıb mağarada gizlənib. Hətta bu vəziyyətdə belə o, Yehovanın verdiklərinə şükür edir.
e ŞƏKLİN İZAHI. İsraillilər Misirdən çıxandan sonra Yehova onların qayğısına qaldı. Onlara yemək üçün manna yetirdi. Əyinlərindəki paltarlar süzülmədi.