‘İblisə qarşı durmaqda’ İsanı təqlid edin
«İblisə... qarşı durun və o, sizdən qaçacaqdır» (YAQ. 4:7).
1. İsa yer üzündə hansı müqavimətlə qarşılaşacağını bilirdi və bunun nəticəsi nə olacaqdı?
İSA MƏSİH bilirdi ki, İblisin müqaviməti ilə üzləşəcək. Bu fakt, ilan vasitəsilə danışan pis, üsyankar ruhani varlığa Allahın dediyi sözlərdən məlum idi: «Mən səninlə qadın [Yehovanın təşkilatının səmavi hissəsi] arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad [İsa Məsih] sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan» (Yar. 3:14, 15; Vəhy 12:9). İsanın dabanından sancılması yer üzündə olarkən öldürüləcəyini və bunun müvəqqəti zərər olduğunu bildirirdi, çünki Yehova onu səmavi izzət üçün dirildəcəkdi. İlanın başından vurulacağı isə İblisin ölüm zərbəsi alacağını və heç vaxt sağalmayacağını bildirirdi. (Həvarilərin işləri 2:31, 32; İbranilərə 2:14 ayələrini oxu.)
2. İsanın İblisə müvəffəqiyyətlə müqavimət göstərəcəyinə Yehova nə üçün əmin idi?
2 Yehova əmin idi ki, İsa yer üzündə olarkən Onun tapşırığını yerinə yetirməkdə və İblisə müqavimət göstərməkdə müvəffəqiyyətli olacaq. Yehova nə üçün belə əmin idi? Çünki O, İsanı çox illər öncə göydə yaratmış və müşahidə etmişdi, həmçinin bu ‘memarın’ və «bütün xilqətin fövqündə duran, ilk doğulan Oğul»un itaətkar və sadiq olduğunu bilirdi (Sül. məs. 8:22-31; Kolos. 1:15). Buna görə də, İsanı yer üzünə göndərəndə və İblis tərəfindən sınağa çəkilib öldürülməsinə yol verəndə Allah vahid Oğlunun qalib çıxacağına əmin idi (Yəh. 3:16).
Yehova Öz xidmətçilərini qoruyur
3. Yehovanın xidmətçilərinə İblis necə münasibət bəsləyir?
3 İsa İblisin «bu dünyanın rəisi» olduğunu dedi və şagirdlərini xəbərdar etdi ki, hətta onlar da onun kimi təqib olunacaqlar (Yəh. 12:31; 15:20). Həqiqi məsihçilər Yehovaya xidmət etdikləri və salehlik təbliğçiləri olduqları üçün Şeytan İblisin əlində olan bu dünya onlara nifrət edir (Mat. 24:9; 1 Yəh. 5:19). İblisin xüsusi hədəfi Məsihlə birgə səmavi Padşahlıqda rəhbərlik edəcək məsh olunmuşların qalığıdır. Həmçinin yerüzü Cənnətdə yaşamaq ümidi olan bir çox Şahidlər də Şeytanın hədəfidir. Allahın Kəlamı bizə xəbərdarlıq edir: «Düşməniniz olan şeytan, nərə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir» (1 Pet. 5:8).
4. Allahın xalqının İblisə müvəffəqiyyətlə qarşı durması nədən görünür?
4 Yehova Allahdan dəstək alan bir təşkilat olduğumuz üçün İblisə müvəffəqiyyətlə qarşı dururuq. Bu faktları nəzərdən keçirək: ötən yüzillikdə bəşər tarixinin ən qəddar diktatorlarının bəziləri Yehovanın Şahidlərini yer üzündən silməyə çalışmışlar. Buna baxmayaraq, Şahidlərin sayı artmaqdadır və hal-hazırda bütün dünyada 7 000 000-a çatır, yığıncaqların sayı isə 100 000-dən çoxdur. Amma Yehovanın xalqını təqib edən diktatorların izi-tozu qalmayıb!
5. Yeşaya 54:17 ayəsindəki sözlər Yehovanın xidmətçiləri üzərində necə yerinə yetdi?
5 Allah qədim israil yığıncağına müraciət edərək vəd etdi: «Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən hər bir kəsi təqsirkar çıxaracaqsan. Rəbbə qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir» (Yeşaya 54:11, 17). Bu vəd «axır günlərdə» Yehovanın bütün dünyaya səpələnmiş xalqı üzərində də yerinə yetdi (2 Tim. 3:1-5, 13). Biz İblisə müqavimət göstərməyə davam edirik və Yehova bizimlə olduğu üçün Onun xalqını yer üzündən silmək məqsədilə İblisin istifadə etdiyi heç bir silah işə yaramır (Məz. 118:6, 7).
6. Danielin peyğəmbərliyində İblisin hakimiyyətinin aqibəti haqda nə deyilir?
6 İndiki pis sistemin sonu sürətlə yaxınlaşır və o zaman Şeytan hakimiyyətinin bütün hissələri tamamilə məhv ediləcək. Daniel peyğəmbər Allahdan ilham alaraq qabaqcadan demişdi: «O [indi mövcud olan] padşahların dövründə göylərin Allahı [göydə] heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki [indiki] padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Dan. 2:44). Bu sözlər yerinə yetəndə Şeytanın və qeyri-kamil insanların hakimiyyətinə son qoyulacaq. İblisin sistemi əbədiyyən yox olacaq və bütün yer üzünü idarə edəcək yeganə hökumət Allahın Padşahlığı olacaq. (2 Peter 3:7, 13 ayələrini oxu.)
7. Haradan bilirik ki, Yehovanın xidmətçiləri ayrı-ayrılıqda İblisə müvəffəqiyyətlə müqavimət göstərə bilərlər?
7 Şübhə yoxdur ki, Yehova Öz təşkilatını qoruyub saxlayacaq və bu təşkilat daima Onun xeyir-duası altında çiçəklənəcək. (Məzmur 125:1, 2 ayələrini oxu.) Bəs bizim haqqımızda nə demək olar? Müqəddəs Kitab deyir ki, İsa kimi biz də İblisə müvəffəqiyyətlə müqavimət göstərə bilərik. Həvari Yəhyanın Məsihdən aldığı peyğəmbərlikdə göstərilir ki, Şeytanın müqavimətinə baxmayaraq, yerüzü ümidinə malik olan ‘böyük izdiham’ bu sistemin sonundan sağ-salamat çıxacaq. Müqəddəs Kitaba əsasən, onlar yüksək səslə: «Xilas, taxtda oturan Allahımıza və Quzuya [İsa Məsihə] məxsusdur!» — deyərək nida edirlər (Vəhy 7:9-14). Məsh olunmuşlar haqqında deyilir ki, onlar Şeytana qalib gəlirlər və onların əməkdaşları olan ‘başqa qoyunlar’ da ona müvəffəqiyyətlə müqavimət göstərirlər (Yəh. 10:16; Vəhy 12:10, 11). Amma buna nail olmaq üçün səy göstərməli və ‘şərdən [Şeytandan] xilas olunmamız’ üçün səmimi dualar etməliyik (Mat. 6:13).
İblisə müqavimət göstərməkdə mükəmməl nümunə
8. İblisin səhrada İsaya təklif etdiyi ilk şey nə idi və İsa necə cavab verdi?
8 İblis İsanın nöqsansızlığını sındırmağa çalışırdı. İsanı Yehovaya itaətsizliyə təhrik etmək üçün Şeytan səhrada onu imtahan etdi. Amma İsa Şeytana müqavimət göstərməkdə mükəmməl nümunə qoydu. İsa qırx gün, qırx gecə yemək yemədiyi üçün, təbii ki, bərk acdı. Şeytan ona dedi: «Əgər Sən Allahın Oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün». Lakin İsa Allahın verdiyi qüvvədən şəxsi mənafeyi üçün istifadə etməkdən imtina edib, dedi: «Yazılmışdır ki, “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar”» (Mat. 4:1-4; Qanun. t. 8:3).
9. Nəyə görə biz yol verməməliyik ki, İblis bizim təbii fiziki arzularımızdan öz mənfəəti üçün istifadə etsin?
9 Bizim günlərdə İblis Yehovanın xidmətçilərinin təbii fiziki arzularından öz mənfəəti üçün istifadə etməyə çalışır. Buna görə biz pozğun dünyada geniş yayılmış qeyri-qanuni seksual arzulara müqavimət göstərməkdə qəti qərarlı olmalıyıq. Allahın Kəlamında qeyd edilir: «Yoxsa bunu bilmirsinizmi ki, saleh olmayanlar Allahın Səltənətini miras almayacaqlar? Aldanmayın: nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə kişibazlar, nə uşaqbazlar... Allahın Səltənətini miras almayacaqlar» (1 Kor. 6:9, 10). Aydındır ki, əxlaqsız həyat tərzi sürənlərə və ondan əl çəkmək istəməyənlərə Allahın yeni dünyasında yer yoxdur.
10. Matta 4:5, 6 ayələrinə əsasən, İsanın nöqsansızlığını sındırmaq üçün Şeytanın növbəti sınağı nədən ibarət idi?
10 İsanın səhrada məruz qaldığı imtahanların biri haqda Müqəddəs Kitab deyir: «İblis Onu müqəddəs şəhərə gətirir və məbədin qülləsinə qoyub Ona deyir: “Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at; çünki yazılmışdır: “O, Sənin haqqında Öz mələklərinə əmr edəcək” və “Ayağın daşa ilişməsin deyə, Səni əlləri üzərində daşıyacaqlar”» (Mat. 4:5, 6). Ola bilsin, Şeytan düşünürdü ki, İsa belə etməklə insanlara özünün Məsih olduğunu nümayiş etdirəcəkdi. Əslində isə bu, Allahın bəyənmədiyi və dəstəkləmədiyi səhv və təkəbbürlü bir hərəkət olardı. İsa bir daha Yehovanın qarşısında nöqsansızlığını qorudu və cavabında bir ayəni sitat gətirdi: «“Allahın olan Rəbbi sınama”, — deyə də yazılmışdır» (Mat. 4:7; Qanun. t. 6:16).
11. Şeytan bizi necə şirnikdirə bilər və bunun nəticəsi nə ola bilər?
11 Şeytan bizi müxtəlif sahələrdə şan-şöhrət axtarmağa şirnikdirə bilər. O, həmçinin bizi geyim və xarici görünüşdə bugünkü dünyanın qəribəliyi ilə seçilən modasını təqlid etməyə və ya şübhəli əyləncələrdə iştirak etməyə meylləndirə bilər. Əgər Müqəddəs Kitab məsləhətlərinə məhəl qoymayıb dünyanı təqlid ediriksə, mələklərin bizi bu kimi şeylərin pis təsirindən qoruyacağına ümid edə bilərikmi? Padşah Davud Bat-Şeva ilə etdiyi günaha görə tövbə etsə də, öz əməlinin pis nəticələrindən müdafiə olunmadı (2 Şam. 12:9-12). Gəlin bu dünya ilə dostluq münasibətləri qurmaqla Yehovanı münasib olmayan tərzdə sınamayaq. (Yaqub 4:4; 1 Yəhya 2:15-17 ayələrini oxu.)
12. Matta 4:8, 9 ayələrinə əsasən, Şeytan İsanı daha hansı sınağa çəkdi və İsa buna necə cavab verdi?
12 Səhrada İsanı imtahan edərkən İblis ona siyasi hakimiyyət də təklif etdi. Şeytan ona dünyanın bütün ölkələrini və onların şan-şöhrətini göstərib dedi: «Əgər yıxılıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verərəm» (Mat. 4:8, 9). Yehovaya məxsus olan ibadəti mənimsəməyə və İsanı Allaha sədaqətsizliyə təhrik etməyə cəhd etmək necə də alçaq hərəkətdir! Vaxtilə sadiq olan bu mələk istədi ki, ona ibadət etsinlər və bu istəyi özündə inkişaf etdirərək günahlı, acgöz, pis və yoldan çıxaran Şeytan İblis oldu (Yaq. 1:14, 15). Amma bunun tam əksinə olaraq, İsa səmavi Atasına sadiq qalmaqda qəti qərarlı idi və buna görə də dedi: «Rədd ol, şeytan! Çünki yazılmışdır: “Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et”». Bununla İsa bir daha İblisə qətiyyətlə və birmənalı şəkildə müqavimət göstərdi. Allahın Oğlu Şeytanın dünyasının bir hissəsi olmaq istəmirdi və heç vaxt bu pis mələyə ibadət də etməzdi! (Mat. 4:10; Qanun. t. 6:13; 10:20).
«İblisə... qarşı durun və o, sizdən qaçacaqdır»
13, 14. a) İblis İsaya dünyanın bütün ölkələrini göstərməklə ona nə təklif etdi? b) Şeytan bizi pozmağa necə çalışır?
13 İblis dünyanın bütün ölkələrini İsaya göstərməklə ona indiyədək heç bir insanın malik olmadığı səlahiyyəti təklif etdi. Şeytan ümid edirdi ki, göstərdikləri İsa üçün cəlbedici olacaq və onu dünyanın ən güclü siyasi lideri ola biləcəyinə inandıracaq. Bu gün İblis bizə ölkələr təklif etmir, lakin gördüyümüz, eşitdiyimiz və üzərində düşündüyümüz şeylər vasitəsilə ürəyimizi korlamağa çalışır.
14 İblis bütün dünyanı idarə edir. Kütləvi informasiya vasitələri də onun əlinin altındadır. Buna görə də, bu dünyanın baxmaq, qulaq asmaq və oxumaq üçün təklif etdiyi materialların nə üçün əxlaqsızlıq və zorakılıqla dolu olması heç də təəccüblü deyil. Reklamlar bizdə əslində ehtiyacımız olmayan çox şeyləri almaq arzusunu oyatmaq məqsədini güdür. Belə etməklə İblis gözümüzə, qulağımıza və düşüncəmizə xoş gələ biləcək müxtəlif maddi şeylərin cazibədarlığından istifadə edərək bizi daima yoldan çıxarmağa çalışır. Ancaq Müqəddəs Kitab prinsiplərinə zidd gedən şeylərə baxmaqdan, qulaq asmaqdan və onları oxumaqdan imtina etməklə sanki: «Rədd ol, Şeytan!» — deyirik. Şeytanın natəmiz dünyasını rədd etməklə İsanın göstərdiyi əzmkarlığı və qətiyyəti təqlid etmiş oluruq. Yehovanın Şahidi və Məsihin davamçısı olduğumuzu işdə, məktəbdə, qohum və qonşularımıza nə qədər cəsarətlə göstərdiyimizdən də Şeytanın dünyasının bir hissəsi olmadığımız görünür. (Mark 8:38 ayəsini oxu.)
15. Nə üçün Şeytana müqavimət göstərmək daima ayıq-sayıq durmaq deməkdir?
15 İsanın Allah qarşısında nöqsansızlığını sındırmaq üçün İblisin üçüncü cəhdi boşa çıxanda «onu tərk etdi» (Mat. 4:11). Amma Şeytan İsanı sınağa çəkmək niyyətindən dönmədi, çünki yazılmışdır: «İblis [səhrada] hər imtahanı bitirdikdən sonra, bir müddətə Ondan ayrıldı» (Luka 4:13). İblisə müvəffəqiyyətlə müqavimət göstərəndə Yehovaya minnətdar olmalıyıq. Bununla yanaşı, Allahdan kömək də diləməliyik, çünki İblis ona münasib olan və ola bilsin, gözləmədiyimiz vaxtda bizi sınağa çəkmək üçün qayıdacaq. Buna görə hər zaman ayıq durmalı və üzləşdiyimiz sınaqlardan asılı olmayaraq, Yehovaya müqəddəs xidməti icra etməkdə qətiyyətli olmalıyıq.
16. Yehova bizə hansı böyük qüvvəni verir və nəyə görə onun üçün dua etməliyik?
16 İblisə qarşı durmaq üçün Allahdan kainatda ən böyük qüvvə olan müqəddəs ruhu istəməli və onu alacağımıza əmin olmalıyıq. Onun sayəsində öz qüvvəmizlə bacarmadığımız şeyləri edə biləcəyik. İsa davamçılarını Allahdan müqəddəs ruh almağın mümkün olduğuna əmin edərək dedi: «Madam ki, siz [qeyri-kamil və buna görə müəyyən dərəcədə] pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» (Luka 11:13). Gəlin hər zaman Yehovaya müqəddəs ruh üçün təkidlə dua edək. Bu böyük qüvvənin sayəsində biz İblisə qarşı durmaqda əzmimizi qorumağa və qalib çıxmağa müvəffəq olacağıq. «İblisin hiylələrinə qarşı dura bilmək üçün» müntəzəm və səmimi dua etməklə yanaşı, Allahın bütün ruhani zirehlərini də geyinməliyik (Efes. 6:11-18).
17. İblisə müqavimət göstərməyə İsaya hansı sevinc kömək etdi?
17 İblisə müqavimət göstərməkdə İsaya başqa bir şey də kömək etmişdi və bu bizim üçün də yararlı ola bilər. Müqəddəs Kitabda deyilir: «O, [İsa] qarşısına qoyulan sevinc uğrunda, rüsvayçılığa etinasızlıq göstərib, çarmıxa [«işgəncə dirəyinə», YD] təhəmmül etdi və Allahın taxtının sağında oturdu» (İbr. 12:2). Yehovanın hökmranlığını dəstəkləsək, müqəddəs adına ehtiram bəsləsək və əbədi həyat mükafatını yadımızda möhkəm saxlasaq, bizdə də eyni sevinc olacaq. Şeytan və onun bütün əməlləri məhv ediləndə və ‘məzlumlar [həlimlər] ölkəni mülk olaraq alanda, əmin-amanlığın bolluğundan zövq tapanda’ biz necə də sevinəcəyik! (Məz. 37:11). Buna görə də, gəlin İblisə qarşı durmaqda İsanı təqlid edək. (Yaqub 4:7, 8 ayələrini oxu.)
Necə cavab verərdiniz?
• Yehovanın Öz xalqını qoruduğunu nədən görürük?
• Şeytana qarşı durmaqda İsa necə nümunə verdi?
• Sən İblisə necə müqavimət göstərə bilərsən?
[29-cu səhifədəki şəkil]
Dünya ilə dostluq Allaha qarşı düşmənçilikdir
[31-ci səhifədəki şəkil]
Şeytan İsaya dünyanın bütün ölkələrini təklif edəndə o imtina etdi